Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:41
-
«Biz onlardan artıq heç nə istəmirik. Bizdən aldıqları torpaqların real dəyərini ödəsinlər» – Kuzun kənd sakini Mirzəbəy Mirzəbəyevin sözləridir. O, 80 həmkəndlisi ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Qusar rayon Məhkəməsində hakim Telman Məmmədovun iddianı dəfələrlə ertələməsi kəndliləri hövsələdən çıxarıb. Bu üzdən mayın 31-də məhkəmə binasının önünə toplaşmışdılar. Onlar xeyli gözləyəndən sonra içəridən xəbər gəldi ki, cavabdeh nazirliyin nümayəndələri prosesə gəlmədiyinə görə iclas yenə ertələnir.

«KOMPENSASİYA ARTIRILSIN»

Kuzunlular nə istəyirlər? İstəyirlər ki, onlardan «Şahdağ» Qış-Yay Turizm Kompleksi üçün alınmış pay torpaqlarına görə hökumətin təklif etdiyi kompensasiyanın məbləği artırılsın.

Mirzəbəy Mirzəyev narazılığını belə ifadə edir:

«O boyda turizm mərkəzi tikiblər, ancaq bizə təklif etdikləri kompensasiya torpağın hər sotuna görə 24 qəpikdir. Bizim kənddə torpağın sotu 2 min 400 manata satılır. Bizə isə torpağın hektarına görə 2 min 400 manat təklif ediblər».

Dediyinə görə, ondan alınmış 4.5 hektar torpaqdan örüş və əkin sahələri kimi yararlanır, beləcə, dolanışığını təmin edirmiş.

«BU, SÜRÜNDÜRMƏÇİLİKDİR»

Kuzunluların vəkili Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, məhkəmə prosesinin əvvəl Bakıda, sonra Qusarda keçirilməsi, üstəlik, cavabdeh tərəfin məhkəmə iclaslarına gəlməməsi süründürməçilik məqsədi güdür:

«Kuzunlular keçən ilin martından məhkəmə yollarındadırlar. İşə əvvəl Bakıdakı 1 saylı İnzibati İqtisad Məhkəməsində baxılması nəzərdə tutulmuşdu. Kuzunlular bir müddət Qusar-Bakı yollarında qalandan sonra hakim qərar çıxardı ki, iddiaya ərazi üzrə rayon məhkəməsi baxmalıdır. İş materialları Bakıdan Qusar rayon Məhkəməsinə göndərildi. İndi də süründürməçiliyin daha bir mərhələsi yaşanır. Bu yolla adamları məcbur edirlər ki, bezib iddialarından əl çəksinlər».

Anar Qasımlı

Anar Qasımlı

Vəkilin fikrincə, kuzunlular haqlı iddia irəli sürüblər:

«Hələ Bakıdakı məhkəmə iclaslarında sübut etdik ki, təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun deyil. Biz məhkəməyə həmin ərazidə sotu min-iki min manata satılan torpaqların alqı-satqı müqavilələrini də təqdim etmişdik. Bundan sonra hakim qərar çıxardı ki, iddiaya ərazi üzrə məhkəmə baxsın».

HÖKUMƏT NORMATİV QİYMƏTLƏRƏ ƏSASLANIB?

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Bakıdakı 1 saylı İnzibati Məhkəmədə keçirilən iclasda bildirmişdilər ki, kənd sakinlərindən torpaqları normativ qiymətlər əsasında alıblar.

«Şahdağ» Qış-Yay Turizm Kompleksi bu sahənin ən iri layihələrdən sayılır. Kompleks 2 min 45 hektardan çox sahəni əhatə edir. Plana görə, tikinti 4 mərhələdə aparılmalı və 8-10 ilə başa çatdırılmalıdır. İnşaat işlərini yerli və xarici şirkətlər gerçəkləşdirir. Bütövlükdə 2 milyard avroluq kompleksin bir bölümü artıq istifadəyə verilib. Bu məbləğin 400 milyonunu Azərbaycan dövləti, qalan vəsaiti özəl investorlar yatırmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG