Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11
-

«Vaxtilə ev tikdiyim, çoxlu ağaclar əkdiyim bağıma gedə bilmirəm. Oğlum qolumdan tutub çölə atır. Deyir, bağı bağışlamısan, mənimdir, buralara gəlmə».

«BAĞ OĞLUMUN ADINA KEÇƏNDƏN SONRA MƏNİ QAPIDAN QOVDU»

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən Dövlət İqtisad Universitetinin təqaüddə olan müəllimi, 80 yaşlı Qabil Həsənov 4 il əvvəl oğlu Qalib Həsənova bağışlanma müqaviləsi ilə hədiyyə etdiyi bağ evini geri tələb edir:

«Bir oğlum, bir qızım var. Düşündüm ki, qocalıb əldən düşmüşəm, sağ ikən nə mülküm varsa övladlarımın arasında bölüşdürüm. Müqavilə ilə Badamdardakı bağ sahəsinin yarısını oğluma, yarısını qızıma bağışladım. Ancaq bağ oğlumun adına keçəndən sonra oğlum məni qapıdan qovdu. Evin açarlarını dəyişdi ki, qapını aça bilməyim. Sonra da gördüm ki, dostlarını başına yığıb bağın ortasında tonqal qalayır, kabab çəkir, vaxtilə əkdiyim nadir ağacları yandırır. Hara şikayət etdimsə dedilər ki, mülki məsələdir, məhkəməyə get».

OĞUL NƏ DEYİR?

Bakı şəhəri Səbail rayon məhkəməsi

Bakı şəhəri Səbail rayon məhkəməsi

Qabil Həsənov oğluna bağışladığı bağ evini geri almaq üçün məhkəməyə müraciət edib. Oğlu Qalib Həsənov isə atasının dedikləri ilə razılaşmayıb. Məhkəmədə bildirib ki, bağ sahəsinin yarısı ona bağışlanandan əvvəl də, sonra da atası ilə münasibəti yaxşı olub. Atası hazırda elə Badamdarda başqa bir ünvanda yerləşən evlərində ailə üzvləri ilə birlikdə 5 otaqlı mənzildə yaşayır. İstədiyi vaxt bağ evinə gedib-gəlir. Oğul bildirib ki, hazırda atası başqa bir qadınla qeyri-qanuni əlaqədədir. Həmin qadın bağ evini ələ keçirmək üçün ata ilə oğulu üz-üzə qoyub.

Qabil Həsənov oğlunun dediklərini yalanlayıb.

Səbail rayon məhkəməsi atanın bağ iddiasına heç də onun istəyinə uyğun nöqtə qoymayıb. Çünki məhkəmə iddianı təmin etməyib. Qabil Həsənovun yuxarı instansiya məhkəməsinə etdiyi şikayətlər də nəticə verməyib.

HÜQUQŞÜNAS ATANIN İDDİASINI HAQLI HESAB ETMİR

Ata iddiasına niyə nail ola bilməyib? Hüquqşünas Səbuhi Axundov onun iddiası ilə bağlı məhkəmənin verdiyi hüquqi qiyməti düzgün hesab edir:

«Bağışlama müqaviləsi əgər qanunvericiliklə nəzərdə tutulmuş qaydada - yəni şərtlərlə bağışlanıbsa və qarşı tərəf o şərtlərin icrasından yayınırsa, əmlakı bağışlayan tərəf məhkəmə qaydasında müqavilənin xitamına nail ola bilər. Əgər bağışlanma müqaviləsində hər hansı şərtlər qoyulmayıbsa, atanın bu iddiasının məhkəmə perspektivi yoxdur».

Hüquqşünas deyir ki, qanunvericiliklə bağışlanma müqaviləsində göstərilməli olan şərtlər bunlardır:

- Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;

- hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;

- o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Səbail rayon Məhkəməsi Qabil Həsənovun iddiasını təmin etməməkdə elə onu əsas götürüb ki, əmlak oğula bağışlanarkən 4 il əvvəl bağlanmış müqavilədə hədiyyənin sonradan geri tələb olunması ilə bağlı şərtlər göstərilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG