Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45
-

O, Nəsiminin bu misrasında olan möcüzədən qorxmuş və mənə təəccüblə baxaraq pıçıldamışdı:

- Bu gecə vaxtı Quran oxuma, bala. Sonra gözünə yuxu getməz.



Bu hekayə "Ədəbi Azadlıq-2013" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, əsərin 20-liyə düşməsi üçün yetərli olmayıb. (Müəllifin sonradan redaktəsi ilə çap edilir)


Mətləb Muxtarov


Öldürülən Gün


Telefon zəngi məni elə bil yuxudan oyatdı. Tanımadığım bir nömrə idi. Əvvəlcə cavab vermək istəmirdim, amma zəng eləyənin inadkarlığına məğlub olub cavab verdim.

Telefonu qulağıma yaxınlaşdıran kimi qarşı tərəfdən ilk eşitdiyim söz “Yatmışdın?”- oldu. Sonra cavabımı gözləmədən danışmağa başladı.

Qurduğu uzun cümlələrin bəzilərini başa düşmədim. Hardasa iki dəqiqə danışdı. Əvvəlcə nə dediyini anlamağa çalışsam da, sonradan onu dinləmədim.

Kim olduğunu yadıma salırdım, çünki səsi mənə çox doğma gəlirdi. Elə bil bu səsi hardasa eşitmişdim.

Mən nəsə xatırlamağa çalışarkən, o elə hey danışırdı. Öz-özümə sual verirdim ki, axı bu səsi harda eşitmişdim? Heç nə yadıma düşmədi və onun danışığını kəsib adını soruşdum. Bu sual elə bil onun xətrinə dəydi. Susdu. Güldüyünü eşitdim. Sonra mənə bir adres verib axşam saat yeddidə orda görüşməyimizi təklif elədi, amma adını demədi.

Mən yenə də onun adını soruşdum. Bu dəfə dedi ki, axşam mənim kim olduğumu bilərsən. Sonra isə sağollaşdı. Sağollaşanda mənə “Fransız ədəbiyyatı oxu!” dediyini eşitdim. Adresi bir vərəqə yazdım. Son vaxtlar yaddaşsızlıqdan əziyyət çəkirdim, nəsə xatırlamamağım normal idi.

“Fransız ədəbiyyatı oxu” - bu nə demək idi axı? Nəyə görə fransız ədəbiyyatını oxumalı idim? Bir az fikirləşdikdən sonra cibimdəki vərəqi çıxardıb, adresə baxdım: Kimyaçılar Sarayının qabağı. Bir anlıq, özümdən asılı olmadan hirsləndim. Axı Kimyaçılar Sarayı Sumqayıtdadır?! Bu adam bilmir ki, mən Bakıda qalıram? Kimyaçılar Sarayının qabağında görüşmək nəyə lazımdır? Axı bu uşaqlıqdır...

Sonra hirsli-hirsli,”Uşaqlıqdır” sözünü bir neçə dəfə təkrarladım. Hardasa otuz saniyə hərəkətsiz dayanıb,”uşaqlıq” sözünü nə üçün təkrarladığımı dərk eləməyə çalışdım. İstər-istəməz gülümsədim.

Əlbəttə, uşaqlıq... Kimyaçılar Sarayı... Fransız ədəbiyyatı... uzun cümlələr... Mən necə unuda bilərəm axı?! Yaddaşsızlıq məni yaman çətinliyə salmışdı. Səsindən tanımalı idim. Bir telefon zəngi nələri dəyişdirə bilərdi? Əslində heç nəyi… Amma bir çox şeyi yenidən öz yerinə, aid olduğu yerə qaytara bilərdi.

Yavaş-yavaş dostlarım, oxuduğum məktəb, uşaqlıq illərim, böyüdüyüm mühit yadıma düşdü... Və həmin günü xatırladım. Heç vaxt yadımdan çıxmayan günü… Mətləbin öldürüldüyü günü…

***


O günü unuda bilərdimmi? Və ya o günü heç unutmuşdummu? Bu cür yaddaşsızlıq, huşsuzluq çirkabında boğularkən, hərdənbir xatırladığım o gün, məni unutqanlıq bataqlığından xilas edirdi.

Aradan uzun illər keçsə də, hər dəfə televizorda cinayət xəbərləri eşidərkən istər-istəməz doxsan səkkizinci ilin isti may günlərinə qayıdırdım. O günlərin istisində soyuq su kimi başımıza tökülən bu ölüm xəbərini mən əvvəlcə çox adi qarşılasam da, sonralar yaddaşımda dərin bir iz buraxmışdı. Yaddaşsızlığımın belə məğlub edə bilmədiyi bir gün: Mətləbin öldürüldüyü gün.

Əslində o günün tək yaddaqalan hadisəsi bu deyildi. Həmin gün məktəbdə ilk dərsimiz tarix dərsi idi. Mən, bütün gecə, dünya tarixi kitabını ötəri də olsa, təkrarlayaraq sabahki dərsə hazırlaşmışdım. Müəllimimiz imtahan qabağı bizi bir daha sorğu-suala çəkəcəkdi.

Axşam işıqlar sönsə də, lampa işığında dərsi oxumağa məcbur olmuşdum. Oliver Kromvelin İngiltərəsindən başlayıb Fransa inqilabının ən qızğın vaxtlarını, Bastiliya qalasının fəthini, Napoleonun Rusiyadakı məğlubiyyətini təkrar-təkrar oxumuşdum. Sonra dünya tarixinin bu qaniçən hökmdarının böyük rus xalqı qarşısında məğlub olmağına sevinib, onu və bütün generallarını söyməyə başlamışdım ki, söydüyüm söyüşləri nənəm eşitmiş, həm məni, həm də Napoleonu allaha tapşırmışdı.

Mətləbin öldürüldüyü gün həm də Şuşanın işğalı günüydü. Nadir müəllim tarix dərsinin ilk on beş dəqiqəsini buna həsr etmiş, bizlər də, bu dəqiqələr uzansın, qırx beş dəqiqə bitsin deyə ona çoxlu suallar vermişdik. Ən çox sual verən, yəqin ki kitabın heç üzünü açmayan, Rasim idi. Rasim sualları ilə Nadir müəllimi bezdirmiş, o isə dözməyib, ona, o dövrdə ən dəbdə olan sualı vermişdi: Haralısan? - demişdi.

Rasim də fəxrlə cavablamışdı:

- Qubadlı qaçqınıyam…

Biz ilk dəfə o vaxt Nadir müəllimin necə kədərləndiyini görmüşdük. Rasim ‘’Qubadlı qaçqınıyam’’ deyəndən sonra,Nadir müəllimin gözləri dolsa da, gülümsəyərək ona baxmışdı:

- Rasim, bala, qaçqın yox! Məcburi köçkün. Siz məcburi köçkünsüz. Qaçqın Ermənistandan gələnlərdir. Qaçqın mənəm, ay oğul! Torpaqlar qaytarılan kimi siz qayıdacaqsız Qubadlıya, amma biz heç vaxt qayıtmayacayıq.

Rasim dinməzcə yerində oturduqdan sonra,parta yoldaşım Elşad, mənə balaca bir vərəq uzatmışdı. Vərəqin üstündə böyük hərflərlə ‘’OXU VƏ CIR’’ yazılmışdı. Vərəqin içində isə beş cümləlik bir yazı vardı: ’’Elə Rasim də qaçqındır. Atam deyir ki, torpaqlar satılıb. Onsuz da qayıtmayacaq. Vərəqi cır! Nadir görsə, ağzımızı…’’ Mən isə vərəqi cırmağı unutmuş, onu tarix kitabının arasına qoymuşdum. Bir neçə gün sonra qonşuluqdakı qız (Adını unutmuşam. İlahi, gör üstündən neçə il keçib) tarix kitabını məndən alıb oxuyanda bu vərəqi tapmışdı. Əvvəlcə vərəqi anasına, anası da nənəmə göstərmişdi. Nənəm isə vərəqi mənə göstərərək heç vaxt unutmadığım sözləri demişdi:

- Bir də belə şeylər yazma! Onsuz da zəmanə pis zəmanədir…

Mətləbin ölüm xəbərini eşidərkən heç bir hiss-həyəcan keçirtməsəm də, vərəqə çəkdiyim lüt qız şəklinin döşlərini daha da böyütmüşdüm. Xəbəri isə mənə həmişəki kimi Prust demişdi.

O, sonuncu dərsdə, arxa partadan mənə kağız uzatmışdı. Kağızın içində üç cümlə vardı: ’’Gözün aydın. Mətləbi öldürüblər. Vərəqi cır!’’

Sanki bu xəbəri çoxdandır gözləyirdim, çünki nədənsə Mətləbə nifrət edirdim. Onunla heç bir problemim olmamışdı. Əksinə, həmişə mənə yaxşı davranmağa çalışardı. Ona nifrət eləməyim səbəbsiz idi. Axı hər bir insanın heç bir səbəb olmadan nifrət elədiyi biri olmalıdır. Prustun verdiyi kağızı cırarkən içimdə böyük bir boşluq əmələ gəlmişdi.

Bundan sonra heç kəsə boş-boşuna nifrət edə bilməyəcəkdim. Yeri gəlmişkən, Prustun əsl adı Zeynalabidin idi. Həm adı çox uzun olduğu üçün, həm də uzun cümlələr qurduğu üçün ona Prust deyərdilər. Bu ləqəbi ona ədəbiyyat müəllimimiz Bayram müəllim qoymuşdu. Bayram müəllim həmişə deyərdi ki, Prust adı sənə yaraşır. Prustun kim olduğunu biz o vaxtlar bilməzdik. Sonralar (deyəsən 11-ci sinifdə oxuyurduq) Bayram müəllim bizə demişdi ki, bəs Prust Fransız yazıçısıdır. Dediyinə görə, o Prustun da bizim Prust kimi uzun cümlələri varmış.

Mən isə çox sonralar, o vaxtlar Bayram müəllim artıq ölmüşdü, Prustun bir kitabını güc-bəla ilə oxumuş və müəllimimizin necə də düz dediyini görmüşdüm. Bəzən kiminsə haqqında nəsə öyrənmək istəsəydik, Prustdan soruşardıq. O da bütün cümlələrində ‘’amma’’, ’’ancaq’’, ’’lakin’’ sözlərindən istifadə edərək bizə həmin adam haqqında uzun məlumat verərdi. Onun ən yaxşı bacardığı iş cümlə qurmaq idi. O, müəllimlərin önündə özünü itirməz, uzun cümlələrdən istifadə edib, dərsi oxumadığını da ört-basdır edərdi.

Mətləbi səhər tezdən, binalarının tinində bıçaqlamışdılar. Onu bıçaqlayanı heç kəs görməmişdi. Şahidlərin olmamağı polisi çətin vəziyyətə salmışdı. Əslində şahidlərin olmaması çox təbii idi, çünki bizim tərəflərdə belə hadisələri görənlər adətən susardılar. Həm də ölən axı Mətləb idi. Hamımız onun polislərə “işlədiyini” bilirdik və bilirdik ki, çayxanada oynanılan qumarı satanların arasında Mətləb də vardı.

Məhəllədə olan bütün hadisələrdən polisin xəbəri olurdu. Təbii ki, Mətləbin köməkliyi ilə… Polis belə adamları bir müddət istifadə edər, sonra da taleyin,daha doğrusu “satdığı” insanların insafına buraxardı. Onun kimilər ya yaltaq kimi yaşayar, ya öldürülər, ya da məhlədən köçərdilər.

Dərsdən çıxarkən Prust bizə demişdi ki, bəs polislər bütün mikrorayonu mülki geyimdə dolaşırmışlar. Mətləb haqqında kimsə ağzından nəsə qaçırarsa, tutub aparırmışlar bölməyə. Artıq iki nəfər bölmədə idi. O iki nəfərdən biri isə Elçin idi. Hamımızın tanıdığı, bizim qapı qonşumuz olan Elçin… Deyilənə görə o, içkili vəziyyətdə Mətləbin goruna söyübmüş, bunu da polislərə Mətləbin “dostları” xəbərləyib. Amma hamı, elə polislər də bilirdi ki, Elçinin heç bir günahı yoxdur. Yəqin yenə də yadına Rəşad düşüb.

Mən məktəbdən evə gələrkən məhlədəki sükuta çaşıb qalmışdım. Bu sükut mənə Elçinin qardaşı Rəşadın öldüyü günü xatırlatmışdı. Rəşadı əsgərlikdə öldürmüşdülər. O, əsgərliyə getməyə hazırlaşarkən məhlədə hamı onunla zarafatlaşardı. Ən çox zarafat edən də Elçin idi. Elçin Qarabağda olması ilə fəxr edərdi və Rəşada da ancaq müharibədən danışardı. Döyüşlərdən,yaralanan insanlardan, ölənlərdən…

Rəşad bu söhbətləri eşidərkən qorxsa da, gülümsəyərək qorxduğunu gizlətməyə çalışardı. Elçin isə,atəşkəs olduğunu deyərək, onu sakitləşdirərdi. Amma ölüm üçün atəşkəs və ya müharibənin fərqi yox idi. Ölüm elə ölüm idi, birdən gəlirdi və kimisə özü ilə aparırdı. Elçin bəzən müharibə haqqında bizə də danışardı. Biz onu maraqla dinləsək də, qorxardıq. Sonralar mən Prustdan öyrəndim ki, Elçin əslində arxa cəbhədə olub, hətta komandirlərin çaydaşıyanı olubmuş.

Bütün dedikləri də yalan imiş. Rəşadın öldüyü gün Elçinin məhlədəki skamyada oturub ağladığını, arada bir başını yuxarı qaldırıb, söyüş söydüyü indiyədək yadımdadır. Mən ilk dəfə onda allahı söyən birini görmüşdüm.

Rəşadın necə öldüyünü isə heç kəs dəqiq bilmədi. Bilən bir Elçin idi, o da susurdu. Bəzən deyirdilər ki, intihar edib. Bəzən də atışmada öldüyünü deyirdilər. Hərdən qonşu arvadlar Rəşadın əsgərlikdə döyülərək öldürüldüyündən də danışardılar. Cürbəcür fərziyyələr vardı. Bu barədə heç Prust da düz-əməlli nəsə bilmirdi. Atəşkəs idi,və bir insan ölmüşdü. Bu ölüm sanki heç kəsin vecinə deyildi, təkcə Elçin allahı günahlandırırdı. Onun da gücü allaha çatırdı.

Rəşadın ölümündən sonra isə Elçin məhv oldu. Daha doğrusu özü-özünü məhv elədi. (Bəlkə də Allah cəzalandırdı… nə bilim?) O, əvvəlcə içkiyə qurşandı, sonra isə narkoman oldu. Hətta damarına iynə vurduğunu öz gözümlə görmüş, sonra da bu xəbəri Prust kimi hamıya demişdim. O,günü-gündən iynələrdən asılı hala düşdü. Mən universitetdə oxuyan vaxtlarda Elçini iki dəfə Rusiyaya müalicəyə göndərdilər, o isə düzəlmədi ki,düzəlmədi… Bəzən çox içərdi və içəndən sonra bizi çənəsinin altına salar, eyni hadisələri təkrar-təkrar danışardı. Hər dəfə də müharibə barəsində danışıb qurtarandan sonra bir siqaret yandırar (bəzən siqareti olmazdı, bizdən istəyərdi) və ağlamağa başlayardı.

Yemək yedikdən sonra evdə iki saat boş-boşuna oturmuşdum. Adam öldürmüşdülər deyə bizimkilər məni bayıra buraxmırdılar. Qorxurdular ki, ağzımdan nəsə qaçırdaram. Həyətə düşmək üçün nə qədər and-aman eləmişdim. İki saatın tamamında anamdan güc-bəla ilə icazə alıb, evdən sevinə-sevinə qaçmışdım. Nə üçün sevindiyimi başa düşmürdüm. Bəlkə də bütün bu hadisələrin içində olmaq, olanları və olacaqları yaxından izləmək bir maraq idi, amma sonralar bu maraq böyük bir əziyyətə, hətta iztiraba çevrildi.

Mən məhlədəki sükutdan qorxaraq birbaşa çayxanaya getmişdim. Çayxana bizim binanın arxasında, qaçqınlar qalan yataqxananın düz yanında idi. İçəri girəndə Bayram müəllimi kənardakı stolda oturub çay içdiyini görmüş, o isə məni görən kimi yanına çağıraraq hirsli-hirsli sorğu-suala tutmuşdu:

- Burada nə işin var? Görmürsən hər yan polis qaynayır? Səni də tutub aparacaqlar şöbəyə…

Mənim susduğumu görən Bayram müəllim yenə də dillənmişdi:

- Sabaha mənim dərsim var?

- Var…

- Nə vermişəm oxumağa ?

- Nəsimi… bir də, ‘’Sığmazam’’ qəzəlini əzbərləmək…

- Bəs niyə gedib oxumursan ?

- Axşam oxuyacam…

- Axşam oxuyacaqsan??? Bax ha, Axşam yenə işıqlar sönəcək. Sonra da sən deyəcəksən ki, işıqlar sönmüşdü deyə dərsi oxuya bilmədim…

- Yox, Bayram müəllim… vallah, oxuyacam!

- İndidən deyirəm, xəbərin olsun. Sabah dərsi birinci səndən soruşacam.

Mən başımla Bayram müəllimə ‘’oldu’’ deyib getmək istəyərkən, o mənim qolumdan tutub,qorxa-qorxa soruşmuşdu:

- Sən bilərsən… Mətləbi kim öldürüb?

- Yox,bilmirəm… - deyə cavab versəm də, Bayram müəllim hirslənmişdi:

- Bilirsən… çox yaxşı bilirsən. Amma deməyəcəksən, çünki…

- Vallah, mən heç nə bilmirəm… - deyib onun sözünü ağzında qoymuş, sonra da birtəhər əlindən qurtulub, tez-tələsik bayıra çıxmışdım.

Çayxanada qumar oynayanlar arasında Bayram müəllim də vardı. Mən onun qumar oynadığını bildiyim üçün məktəbdə mənlə zarafatlaşar, bəzən də güzəştə gedərdi. Amma bu dəfə yüz faiz Nəsiminin qəzəlini soruşacaqdı. Mətləb ölən gündən sonra isə o, bir daha çayxanaya ayaq basmadı. Sonralar Prust bizə deyərdi ki, bəs
Bayram müəllim özünə başqa çayxana tapıb.

Müəllimimdən birtəhər canımı qurtarıb, binamıza tərəf qaçanda Eldar dayı ilə rastlaşmışdım. Eldar dayı bizim tərəflərin ən məşhur qumarbazı idi. O, bəzən cibindən bir ovuc pul çıxardıb, çayxanada hamının hesabını ödəyər, bəzən də bütün pulunu qumarda uduzar, sonra bizdən siqaret alıb çəkərdi. Polis onu da sorğu-sual eləmişdi. Mənə tərs-tərs baxsa da, ona gülərək salam vermişdim. Sözün düzü, mən Eldar dayıdan şübhələnirdim. Axı həmin gündən təxminən üç ay öncə Mətləbi öldürməklə hədələyən Eldar dayı idi. Mən onun dediyi sözləri də xatırlayıram. Mətləbin ölümündən üç ay qabaq çayxanaya yenə də Bakı kəndlərindən qumarbazlar gəlmişdilər. Bu qumar oyunları hər üç-dörd aydan bir olardı. Həmişə də gizlin keçirilərdi.

Çayxanada ofisant işləyən Ədalət and-aman edərdi ki, belə oyunlarda ilk gedişlər beş şirvandan başlayır. Bu oyunlara böyük oyunlar deyərdik, çünki pulu olmayanlar qumar masasının ətrafına belə yaxınlaşmazdılar. Həmin günü tam olaraq xatırlamasam da, Eldar dayının sözləri sırğa kimi həmişə qulağımdan asılı qalıb.

Yadımda qalan çox az hadisələrdən biri də odur ki, nə bizi, nə də başqalarını (bir-iki “məmmədə” qumar oynayanları) çayxanaya buraxmamışdılar. Çox az adam bilirdi ki, böyük oyun var və polisin yenə də xəbəri yox idi. Polislər çayxanadan keçirilən digər oyunlara görə öz “dolya”larını alardılar, amma bu oyunların “dolya”sı böyük olduğu üçün gizlin keçirilərdi.

Bizlər də məhlədə və çayxanaya yaxın yerlərdə qoruq çəkərdik. Əziyyətimiz qarşılıqsız qalmazdı. Qumar bitəndən sonra çayxananın yiyəsi bizə cib xərcliyi verərdi.

Həmin gün mən binanın tinində dayanıb, gələn-gedəni diqqətlə gözdən keçirirdim. Qumar başlayandan bir saat sonra çayxananın qapıları açılmış, qumarbazların bəziləri bayıra, siqaret çəkməyə çıxmışdılar. Elə bu anda Mətləb öz binalarının tinində görünmüşdü.

O, əvvəlcə mənim yanıma gəlmiş, biz bir az söhbət etmişdik. (Nə barədə danışdığımızı xatırlamıram) Sonra o harasa yoxa çıxmışdı. Biz onun hara getdiyini təxmin etmişdik, amma Mətləbin bu qədər risk eləyəcəyini gözləmirdik. Hardasa yarım saat sonra çayxananın önündə üç dənə maşın saxlamış, maşınların içindən polislər və mülki geyimli bir-neçə nəfər töklüşmüşdü. Bu hadisə baş verəndə isə Mətləb yenə də bizim binanın tininə,mənim yanıma gəlmiş, bir siqaret yandırıb, olan-bitəni izləməyə başlamışdı. Çayxanadan bir-bir çıxardılan qumarbazlar başlarını aşağı salıb utana-utana maşınlara minsələr də, təkcə Eldar dayı qıyıq gözləri ilə ətrafda Mətləbi axtarmışdı. Onu görən kimi də,ucadan qışqırıb hədə-qorxu gəlmişdi.

- Səni elə orda, binavızın tinində öldürəcəm, əclaf.

Mətləb isə ona zarafatca:

- Bura bizim bina deyil, Eldar dayı. Bizim bina, bax, oradır -deyib, öz binalarını göstərmişdi.

Eldar dayının mənə tərs-tərs baxması ona görə idi ki, həmin gün Mətləbin yanında bir tək mən vardım. Amma mənim heç bir günahım yox idi. Özü yanıma gəlmişdi.

Eldar dayı ilə üz-üzə gələndən sonra mən ölüm sükutu ilə boğuşan məhəlləmizə gəlib, birbaşa evə yollanmaq istəyərkən, binamızın önündəki uşaq bağçasının həyətində,gizlincə siqaret çəkən Prustu və digər dostlarımı görmüş, özüm də onlara qoşulmuşdum.

Öz aramızda söhbət edərkən Mətləbi kimin öldürüdüyü sualını hamımız bir-birimizə vermişdik. Səs çoxluğu ilə Eldar dayı qalib gəlsə də, Prust bununla razılaşmamış, o razılaşmadığı üçün, biz də, ”Eldar dayı” variantından vaz keçmişdik. Mən fikirləşmişdim ki, Prust yəqin nəsə bilir. O bilməyən şeyə qurd düşər. Prust isə yenə də uzun cümlələr qurub, bütün şübhəlilərdən danışmış, axırda isə Mətləbin əslində öldürülmədiyini demişdi.

Onun dediyinə görə bütün bunları Mətləb özü düz-qoş eləmişdi. Bununla da o, onu xəbərçilikdə günahlandıranlardan və bütün məhlədən qisas alırmış. Təbii ki, heç kəs buna inanmamışdı. Prustun bu boş fərziyyələri,onun uzun cümlələrinə olan hörmətimizi yerlə bir etmişdi. Bir az söhbət etdikdən sonra isə çayxanada ofisant işləyən Ədalət binanın qabağında görünmüşdü. Biz ona bu ölüm barədə çoxlu suallar versək də, doğru-düzgün bir cavab eşitməmişdik. O da nədənsə qorxurdu.

Həyətdə bir az laqqırtı vurduqdan sonra bir polis maşını düz qabağımızda saxlamışdı. İçindən iki polis düşmüş, bizi sorğu-suala tutmuşdular. Təxminən bir saatlıq əziyyətdən sonra,onlar başa düşmüşdülər ki, biz heç nə bilmirik, daha doğrusu, bilsək də deməyəcəyik. Susmaq əsas şərt idi.

Polislər gedəndən sonra Prust mənə bir siqaret uzatmışdı. O vaxta qədər siqaretin iyindən zəhləm getdiyi üçün onu çəkən dostlarımdan uzaq durardım. Amma nədənsə o gün, siqaretin dadına baxmaq istəmişdim. İlk tüstüdən sonra öskürsəm də, çəkməyə davam eləmişdim. İki-üç qullabdan sonra başım yüngülcə gicəllənmiş, özümdə bir qeyri-adilik hiss eləmişdim. Dayanmadan güldüyümü, əllərimi göyə qaldırıb mahnı oxuduğumu, mahnı oxuyarkən oynadığımı və dostlarımın mənə baxıb güldüyünü xatırlayıram. Axşam saat səkkizə kimi belə davam eləmişdi. Axırda Prust, bir butulka su ilə üzümü yuyaraq, məni o “qeyri-adilikdən” ayırıb, yenidən bu dünyaya, gülmədiyim, mahnı oxumadığım dünyaya qaytarmışdı. Sonralar ondan nə qədər siqaret alıb çəksəm də, ilk dəfəki kimi gülmədiyimi, demək olar ki, siqaretin mənə təsir etmədiyini hiss eləmişdim. Prust isə hər dəfə mənə baxıb, oğrun-oğrun gülərək-sənin çəkdiyin ayrı siqaretlərdən idi - deyirdi.

Axşam evdə televizora baxa-baxa Prustla telefonda danışmış, bütün variantları yenidən götür-qoy elədikdən sonra Mətləbin qatilini tapa bilməmişdik. O iddia edirdi ki, əgər Eldar dayı onu öldürsəydi, kişi kimi etiraf edərdi. Telefon danışığımızdan heç bir nəticə çıxmamışdı.

Mətləbin öldürüldüyü günün axşamı mən ədəbiyyat dərsinə hazırlaşarkən işıqlar yenə də sönmüşdü. Mətbəxdə, lampa işığında,“Sığmazam” qəzəlini bərkdən oxuyub əzbərləyəndə qəzəldəki ərəb-fars sözlərinə görə Nəsimini söyməyə başlamışdım ki, səsimə nənəm oyanmışdı. Onun hirsli-hirsli mətbəxə gəldiyini görəndə mən qorxumdan “Ərşlə-fərşü kafu nun” sözləri ilə başlayan misranı daha da ucadan demişdim. Bu misranı deyəndən sonra birdən-birə işıqlar yanmış, nənəm yerində donub qalaraq, uzun müddət, gur yanan elektrik lampasına baxmışdı. O Nəsiminin bu misrasında olan möcüzədən qorxmuş və mənə təəccüblə baxaraq pıçıldamışdı:
- Bu gecə vaxtı Quran oxuma,bala. Sonra gözünə yuxu getməz.


***


Saat yeddi idi. Kimyaçılar Sarayının qabağında Prustu gözləyirdim. Görəsən onu görsəydim tanıya biləcəkdimmi? Hava soyuq idi. Ağzımla əllərimi isidərək, ətrafa göz gəzdirirdim. Fikirləşirdim ki, gəlib məni kənardan izləyə bilər. Görəsən ona Prust desəm necə qəbul edərdi? Artıq otuzdan çox yaşı vardı və yəqin ki bütün tanışları onu öz adıyla çağırırdılar. Mən bütün bunları fikirləşərkən uzaqdan boyu məndən bir az balaca, nisbətən dolu olan bir nəfərin gəldiyini gördüm. Deyəsən o idi. On ilə yaxın idi ki,onu görmürdüm,və nədənsə həyəcanlanmışdım. Hava təzəcə qaralmağa başlayırdı.

***

Dəyişilməmişdi. Eyni adam idi, eyni cümlələr idi, uzun cümlələr… Bir mövzunu bitirmədən digərinə başlayırdı, mən də susub, onu dinləyirdim. Çünki yaddaşsızlığım nəyisə xatırlamağıma icazə vermirdi, təbiiki o gündən başqa… Mən həm marağımdan, həm də içimdə olan bu mənasız boşluğu doldurmaq üçün Prustdan o gün barəsində nəsə soruşmaq istəyirdim. Bir az özümüzdən, nə işlə məşğul olduğumuzdan danışdıq, sonra mən özümdə cəsarət tapıb, Mətləb ölən günü,rəhmətlik Bayram müəllimin mənə verdiyi sualı Prusta verdim:

- Sən bilərsən… Mətləbi kim öldürmüşdü?

O donub qaldı, gözünü məchul bir boşluğa dikərək gülümsədi. Amma bu gülümsəmədə sevinc yox, kədər var idi. Sonra üzünü mənə tutaraq dedi:

- İnan ki, mənim bəlkə də ən çox öyrənmək istədiyim şey budur. Hər dəfə öz-özümə sual verirəm ki, görəsən Mətləbi kim öldürmüşdü? Vallah bir cavab tapa bilmirəm. Həqiqətən də çox qəribədir e. Uşaqlardan kimsə bilsəydi, mənə deyərdi. Amma heç kəs heç nə bilmirdi. Yadına gəlirsə, Mətləbin ölməyini hamımız tez unutduq. Elə bil belə bir insan olmamışdı. Amma deyəsən Mətləb mənim kimi sənin də yadına düşür. Bilirsən, sonra mən öyrəndim ki,polis də bu işin üstünə çox düşməyib. Qəribədir… Özümə də gülməli gəlir, amma hərdən fikirləşirəm ki, bəlkə o özü-özünü öldürüb?

O bu sözləri deyəndən sonra mən çaşıb qaldım. Cavab vermək istədim, amma nə deyəcəyimi unutdum. Sonra bu gün bura nə üçün gəldiyimi, qarşımda oturan bu insanın kim olduğunu xatırlamağa çalışdım. Heç nə yadıma düşmədi… heç nə…

Günün bütün mövzuları

XS
SM
MD
LG