Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50
-

Ölə bilməzdim. Ayağa durmalı idim. Çətinliklə ayağımı tərpətmək istədim, tərpənmədi. Vəli qapını tez-tez döyürdü, adımı səsləyirdi.


İran Azərbaycanından olan yazar Ruqiyyə Səfərinin "Ədəbi Azadlıq-2013" müsabiqəsinə göndərdiyi bu hekayə münsiflərdən bal alsa da, bu, əsərin 20-liyə düşməsi üçün yetərli olmayıb.


Ruqiyyə Səfəri


TAVANA QƏDƏR



Deyirlər, insan öləndə ruhu bədəndən ayrılır, yuxarı gedir və oradan özünü seyr edir.

Bir gün ruhumun bədənimdən ayrılıb yavaş-yavaş göyə qalxacağına inanmazdım.

Bahadır yuxarı baxıb məni səslədi. Başımı damdan sallayıb ona baxdım. Ucadan:

- Topu tulla gəlsin, - dedi.

Dedim ki, top damda deyil, həyətə düşüb.

Damın qırağında çömbəlib küçəyə atıldım. İbrahimin qapısını heç bir uşaq döyə bilməzdi. Top nədir, həyətinə can dərmanı belə düşsə idi, onu almaq üçün heç birimizdə cəsarət yox idi. Oğlu müharibədə itkin düşəndən sonra arvadı Səkinə xəstələnib öldü. Deyirdilər, oğlunun dığına gəldi. Oğlu Qadirin itkin düşməsi ilə arvadının ölümü İbrahimin əsəblərini zəiflətmişdi. O az qala dəli olmuşdu. Arada dəlixanaya da salmışdılar. Amma sonralar çıxıb gəlmişdi. Çox vaxtlar evində qalardı.

Neçə gün səs-sorağı çıxmayanda məhəllənin qadınları ərlərini onun qapısına göndərib, sağ olduğundan xəbər tutardılar. Amma bir gün evində ölüsünü tapmışdılar.

Bütün uşaqlar həyətə girmişdilər. Hər yerə baş çəkdik. Toplardan əsər-əlamət yox idi. Kişilər İbrahimin meyitini evdən çıxaran gündən sonra o həyətə düşən topları aşıb rahatca götürə bilirdik.

Mən və Vəli yataqxananın beşinci mərtəbəsinin 516-cı otağında qalırdıq. Səmimi dostlardıq. Bir məhəllədə doğulub-boya başa çatmışdıq. Üç gün məndən kiçik idi və nədənsə əvvəldən onu bic Vəli deyə səslərdik. Universiteti də bir şəhərdə oxumağa başladıq. Heç zaman İbrahimin həyətinə düşən topların yox olmalarının səbəbkarı olduğunu dilə gətirmədi. Xatirə dəftərini oxumamışdan qabaq İbrahimin itkin düşmüş oğlunun kitablarını oğurladığını da bilmirdim.

Qapı yumruq zərbələri ilə düz dörd yol döyüldü: - Vəli, aşağıda səni çağırırlar.
Oturduğum yerdən qalxmadım. Vəli otaqdan çıxmışdı. Nəyimə lazım idi bic Vəlini nədən çağırırlar.

Fikrə cummuşdu. Nə əynindəki yarı sport, yarı klassik geyimlərini gen pijaması və asqılı köynəyi ilə dəyişdi, nə də ki səhərdən dəmlənmiş köhnə çayını içdi. Deyirdi, nədənsə nigaranam.

Mən də elə bil Vəliyə bir pislik eləmiş kimi hiss keçirirdim. Ağzımı açıb, "Vəli, səni aşağıdan çağırırdılar, heç qapını açıb nə üçün çağırdıqlarını belə soruşmadım" demək istəyirdim. Zəhrimara qalsın mənim hər şeyə görə şəxsi anlayışlarımı "deyim pis olum, deməyim pis olum" fərziyyəsi.

Sözüm ağzımda anam şaqqa çəkib güldü: o bir məsəldir, havaxdan sənin fərziyyən oldu? Özü də ki, dəyişib deyirsən. Düzü "verim pis olum, verməyim pis olum"dur.
Əlbəttə, anam da düz deyirdi. Hələ mənim başqaları ilə danışanda dəyişib öz adıma dediyim məsəllərdən heç bilmirdi.

- Nasir səfsətə qutar görax.

Dəli kimi yerimdən qalxıb Vəlinin üstünə cumdum. Sanki ətrafdan məni tutub ondan uzaqlaşdıracaqlarını bilirdi. Sakit və təmkinlə yerində oturmuşdu. Mənə, havada atılıb-düşən qol-qıçıma baxıb gülürdü. Kişilərin əllərində tutulub qırağa çəkilən bədənimin şıltaq və ərköyün atılıb düşməsi milçəyi tora salan hörümçəyin əl-ayaq hərəkətlərinə oxşayırdı. "Şərq millətləri şimal qütbü ölkələrində nədən yaşaya bilməz?" sualını özüm Vəliyə vermişdim.

Dedi, çünki 12 saat gecə və 12 saat gündüzü bütün həyatı boyu yaşayıblar. 6 ay gecə və 6 ay gündüz şərq millətlərini havalıxlı eləyər.

Başımı buladım: - Bilmədin. Buna görə ki, şərq millətləri bir gün işləsə, on gün yatmaq istəyər. Əgər birisini tutub qütbdə olan ərazilərə buraxsan, altı ay gecədə ayı kimi girib yatar, "Allah kərimdir" deyər. Mənim şəxsi fikrimə görə şərq milləti...

Vəlinin sözümü kəsib “Nasir səfsətə” deməyindən acığım gələrdi. Bəlkə o gün döysəydim, bir daha bu adla səslənməzdim.

Vəli başını bir-birinin üstünə qalanmış yorğan-döşək bağlamasına dayaq verdi: - Ürəyim darıxır. Bu gün yaman nigaranam, – dedi.

Vəliyə ürəyim yandı. Ayağa qalxdım. Stəkanına çay süzüb qabağında yerə qoydum. Yerimdə oturmamışdan qapı neçə yol yumruq zərbələri ilə döyüldü. Tez durub qapını açdım. Yataqxananın qoruqçusu qapının ağzında idi. Tez-tez dərindən nəfəs alırdı.

Pilləkənləri sürətlə yuxarı qalxmışdı. Necə adam olduğunu bilmək olmurdu. Hər şeyə görə pul gözləyərdi. Ancaq kiməsə pis hadisə baş verəndə insanlığı sanki gül edərdi. Nəfəsini dərib ağzını açmamışdan Vəli də qapının ağzına çatmışdı. Baxışını gözlərimdən çəkib Vəliyə dikdi: -Vəli, səni telefonda istəyirlər. Deyəsən, anandır.

Vəli qapının ağzında dağınıq çıxardılmış ayaqqabıların birini ayağına alıb aşağı qaçdı.

Nərgiz otağa girəndə hamımız otaqda idik. Atam, Sara nənəm, Bahadır, mən. Anam Nərgizdən qabaq içəri girmişdi: - Gəl otur, Nərgiz, deyib əliylə otağın yuxarısını göstərdi. Nərgiz oturmamışdan ağ çadrasını üzünə çəkib ağlamağa başladı. İncə və cansız qolları ilə çiyninin titrəməsi çadıra altında nə qədər də cazibəli görünürdü.

Soyuqdan özünə büzüşüb titrəyən ağ əlquşuna bənzəyirdi. Sanki yaxınlaşsaydın, rahatca tutub iki əllərinin ortasında saxlaya biləcəkdin. Anam bizə baxıb qaş-göz işarətləri ilə eşiyə çıxmağımızı istədi. Mən Bahadırla durub otaqdan çıxdıq. Üç il evlilikdən sonra hələ də uşağa qalmamışdı. Anamın da neçə illər uşaqsız qaldığını bilirdi. Ona görə də anamın getdiyi həkimlərdən müalicə almaq istəyirdi. Evlərində əri ilə ancaq sonsuzluğuna görə dalaşardılar. Bizə də əri ilə dalaşanda gələrdi. Əvvəlcə bir az ağlayar, sonra atam ilə anamın sözlərindən sakitləşərdi. Anam deyərdi: - İrad Nərgizdə deyil. Əsəd müharibədə qorxub, ona görə uşaqları olmur. Müharibədə qaranlıqda dostunun qırılmış qolunu tüfəng yerinə əlinə alanda bərk qorxmuşdu.

Deyirdilər, üzü sap-sarı saralmışdı. Neçə saat quruyub bir nöqtəyə zillənmişdi.

Deyirdilər, kişinin üzünə ölüm tozu qonmuşdu. Allah sonradan üzünə baxmışdı, canına can gəlmişdi.

Tələsik su gətirib Vəliyə içirtmək istədim. Ağzını açmadı. Sandım, üzünə ölüm tozu qonub. Sap-sarı saralmış üzü, meydan çayının sarı qumlarının rəngində idi. Yağış yağanda çayın suyu qalxardı. Şəhər boyu qabağında olan bütün zir-zibili qabağına alıb yuyub aparardı. Yağışdan sonra məhəllənin uşaqları ilə toplaşıb çay qırağına gedərdik. Çayın üzündə sürətlə gəlib keçən zir-zibillərə baxardıq. Süpürgə, sələ, ağac, ayaqqabı tayı, bəzən taxta körpülərin sınıqları, hətta qadın alt paltarından bir tikə. Neçə gün sonra artıq nə çayın suyundan əsər qalardı, nə də zir-zibildən. Sapsarı yuyulmuş narın qum nazik arxa dönmüş çayın qırağını əhatə edərdi. Neçə saat bir nöqtəyə zillənəndən sonra Vəlinin gözləri sulandı. Ərdəbil zəlzələsində bacısı əri və uşaqları ilə bir yerdə dam altında qalıb ölmüşdülər. Sabahısı gün Vəlini terminaldan Təbriz maşınları ilə yola saldım. Bir gecədə başının tüklərinə ağ düşmüşdü. Bəlkə Əsədin də saçları elə dostunun qırılmış qolunu tüfəng yerinə əlinə aldığı gecədə ağarmışdı.

Yavaş-yavaş göyə qalxırdım. Uzanmış şəkildə. Tavana bir az qalmış dayandım. Özüm istəmədən dayandım. Bir anda özümün bir tayımı da taxtın üstündə gördüm. Uzanmış şəkildə gördüm. Vəlinin xatirə dəftəri sinəmin üstündə idi. Sıra ilə düzülmüş kitablarının arxasından götürmüşdüm. Bacısının yas törəninə görə neçə gün Təbrizdə olduğu vaxtda hamısını oxuya bilərdim. Artıq bütün gizlətdiklərini bilirdim. Uşaqlıqdan indiyə kimi. İbrahimin həyətinə düşən topları götürməsini, itkin Qadirin kitablarını oğurlamasını, divar bir qonşuları Abbasın ikinci arvadı Nahidə ilə gizlin sevgibazlıqlarını və anasının keçəl olduğunu və ... Yüngüllük hissim var idi. Sanki quş lələyi kimi rahatca havaya qalxıb aşağını seyr edirdim. Bir anda öldüyümü düşündüm. Şübhəsiz, göydən ruhsuz cismimə baxırdım. Əlbəttə! Yəqin birinci qapı açan da Vəli olacaqdır.

Neçə dəfə qapını döyüb mən açmadığıma görə özü açıb içəri girəcəkdir. Yenə sinəmin üstündə açıq şəkildə sərilmiş xatirə dəftərini birinci görəcəkdir və dəftəri üstümdən götürüb, qırağa atıb yaxamdan yapışaraq çığıra-çığıra sıxacaqdır. Həm də söyə-söyə. Məhəlləmizin qəliz söyüşləri ilə. Birdən əli üzümün dərisinə dəyəndə yaxamı buraxıb neçə addım arxaya çəkiləcəkdir. Bəlkə öldüyümü biləndə narahat olmayacaqdı: birinci dəftərini götürüb, sıra ilə düzülmüş kitablarını qaldırıb arxalarında gizlədərək yenidən səliqə ilə düzəcəkdir və tələsmədən ayaqqabılarını geyib koridora çıxıb saxta çığır-bağırla kömək çağıracaqdı. Bir ömür də yuxumu görüb nədən xatirə dəftərini oxuduğum üçün danlayacaqdı. Aşağı düşmək istəyirdim. Bütün gücümlə özümü aşağı itələdim. Heç bir hərəkətim yox idi. Birdən özümü yarı göydə - tavanın yanında hiss etdim, yarı taxtın üstündə - uzanmış cismimdə. Qapı yumruq zərbələri ilə döyülməyə başladı. Bir-birinin ardınca. Arası kəsilmədən döyülürdü. Çiyinlərim sanki taxtın üstünə mıxlanmışdı. Ağır və hərəkətsiz idim. Qapının arxasından Vəlinin səsi gəldi. Məni çağırırdı. Aşağıdan tavana baxdım. Çarəsiz baxışlarla aşağı baxırdım. Həm göydə idim, həm də taxtın üstündə. Hər ikisi də özüm idim. Bəs nə üçün ruhum olduğunu düşündüm, elə bil tavanın yaxınlığında duran özümün güzgüdəki şəklimdir. Gözlərim acışdı. Çarəsizlikdən idi. Ölə bilməzdim. Ayağa durmalı idim. Çətinliklə ayağımı tərpətmək istədim, tərpənmədi. Vəli qapını tez-tez döyürdü, adımı səsləyirdi. Arada bir qapının arxasında kimlərləsə danışırdı. Bir az aşağı düşdüyümü bildim. Yavaş-yavaş aşağı düşürdüm. Taxtda yatmış cismimin yaxınlığına qədər gəldim. Tamamən taxtda yatmış cismimə yaxınlaşsaydım, ya da biri əllə mənə toxunub tərpətsəydi, dura bilərdim sanırdım. Əllərimi, ayağımı, çiyinlərimi tərpətməyə çalışırdım. Bir anda bəlkə də bir saniyənin içində ancaq özümü taxtın üstündə bildim. Bədənimin hər tərəfi qurumuşdu. Yavaşca tərpənə bildim. Bədənimin hər tərəfinə gizilti gəldi. Təpədən dırnağa qədər narın-narın sancılırdı. Çətinliklə ayağa qalxdım. Vəlinin xatirə dəftərini yerinə qoydum. Divara yapışa-yapışa qapıya sarı getdim. Qapının işgilini çəkən kimi qapı bərkdən açıldı.

- Muştuluğumu ver, Sona xanım! Muştuluğumu ver!

Nərgiz idi. Sevincək qapının ağzından həyətə soxuldu. Qapını arxasınca bağladım.

Otağa sarı qaçdı. Evdən bir səs çıxmadı. Pəncərədən içəri baxdı. Dedim: - Evdə kimsə yoxdur. Nə olub, Nərgiz xanım?

Nərgiz mənə sarı döndü. Gözlərinin tam bəbəyini gördüm. Yaşıl ilə bal rənginin ortasında bir rəngə çalırdı. Gözləri uzun kipriklərinin ortasından xüsusi parıltı ilə görünürdü. Xumar və şıltaq.

Dedi: - Anan hardadı? Xoş xəbərim var. Həkim deyib, uşağız ola bilər.

Divara dayandım. Təpədən-dırnağa kimi gizilti bürüdü.

- Bəs Əsəd müharibədə qorxmayıb?

Nərgiz üzümə baxıb gülümsədi. Gülümsədi və sürətlə həyət qapısına tərəf yeriyib qapını açıb getdi.

Qapının işgilini çəkən kimi qapı bərkdən açıldı. Vəli içəri girdi. Arxasınca da qonşu otaqdakılar. Vəli üzümə baxdı:

- Nəyə açmırdın? Dedim bəs başıva nəsə gəlib. Açarımı da Təbrizdə itirmişdim, qapını aça bilmirdim.

Bədənimin giziltisi yavaş-yavaş azalıb ayaq barmaqlarımın ucunda itirdi. Vəlinin qarşısında oturmuşdum. Öz-özümə dedim: Vəli məni səsləməsə idi, bəlkə də lap yuxarıya gedə bilərdim. Tavandan da yuxarıya.
XS
SM
MD
LG