Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

Bəzən ən çox sevdiyi adamı incitməlidir insan...


Lalə Məhərrəmli
Lalə Məhərrəmli
-

Bu şeirlər "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün kifayət etməyib.


Lalə Məhərrəmli


BƏZƏN...

Bəzən məğlub olmaq üçün çalışmalıdır insan.
Öyrənmək üçün sıranın sonunda kim olduğunu.
Ömrünün bir köşəsinə oturub düşünməlidir.
Qazanmaq üçün qaçdığında nə qədər yorulduğunu.
Bəzən bağıraraq ağlamalıdır insan.
Boğmamalıdır hisslərini içinə topladığı göz yaşlarıyla.
Hıçqırıqlar əvəz edə bilməlidir sözləri.
Və insan danışa bilməlidir baxışlarıyla..
Bəzən əcəl gəlmədən ölməlidir insan.
Utanmamalıdır “qorxaq min dəfə ölər” deyildiyində.
Bəzən ölümün qucağında yaşamalıdır israrla.
Düyünləməlidir son nəfəsini ciyərlərində.
Bəzən gecənin sinəsini yarmalıdır insan.
Gecənin ürəyində gizlətməlidir günahlarını.
Qaranlığın qanına bulaşdırmalıdır əllərini
Və əllərindəki zülmətlə açmalıdır sabahlarını.
Bəzən ən çox sevdiyi adamı incitməlidir insan.
Bəzən ən çox nifrət etdiyinə verməlidir ürəyini.
Bəzən dostdan qəpiyin də gizlətməlidir.
Bəzən insan düşməniylə bölməlidir çörəyini.
Belə...Bəzən dəyişməlidir insan öyrəşdiklərin.
Yeri gəlsə özündən də çıxmalıdır.
Ya cızığın söyə - söyə yaşamalı.
Ya da bəzən cızığından çıxmalıdır.


ŞEİR MÖCÜZƏSİ

Sən heç şeir yazdınmı?
Gəzdinmi sözlərlə əl-ələ dodaqların sahilində?
Duyğuların ağırlıq edəndə köksündə
Yüklədinmi onları şeirlərə?
Və sinəni gərə-gərə gəzdirdinmi hisslərini vərəqlərdə?
Yaşadınmı, yaratdınmı şeirlərdə?

Sən heç şeir yazdınmı?
Dolaşdımı fikirlərin vergüllərə?
Bitən fikrin həsrətilə ağladınmı, incidinmi nöqtələrdən?
Hər səhifəyə bir parçanı qoyub getmək
Azaltdımı səni səndən?
Ya da təkrar yarandınmı öz yazdığın şeirlərdə?

Sən heç şeir yazdınmı?
Rəqs etdimi barmaqların ürəyinin havasına?
Yana-yana hər kəlimənin ağrısına
Dözdünmü heç, dişlərini sıxdınmı heç?
Axıtdınmı qanlarını qələmlərin?
Mürəkkəbin bitirdiyin qələmlərə
Bir caninin qurbanına baxdığı tək baxdınmı heç?
Qorxdunmu heç qələmlərdən?
Yaşatdınmı, öldürdünmü şeirlərdə?

Sən heç şeir yazdınmı?
Insanların arasında təkləşdinmi, yadlaşdınmı?
Gözlərini yumduğunda heç açdınmı gözlərini
Başqa yerdə?
Yaşıl-yaşıl hecalarda, qıp-qırmızı kəlimələrdə,
Mavi-mavi cümlələrdə dincəldinmi?
Heç tapdınmı belə rəngli dünyaları?
Itirdinmi insanların arasında insanları?

Sən heç şeir yazdınmı?
Insanların gözlərindən oxudunmu
Şeir olmaq həvəsini?
Və yazılmaq istəyini hiss etdinmi küləklərin, dalğaların?
Incidimi yaxınların
Fikirlərin uzaqlaşıb yadlaşdıqca yaxınlara?
Ayaqların yüyürdümü uzaqlara?
Boşluqlara dolu-dolu baxdınmı heç?
Şeirlərlə dolub – dolub öz içindən çıxdınmı heç?

Sən heç şeir yazdınmı?
Sevdiyinə şeir kimi baxdınmı heç?
Ağladınmı şeir kimi, şeir kimi güldünmü heç?
Şeir kimi xoşbəxt olan insanları gördünmü heç?
Budur şeir möcüzəsi..
Sən də belə oldunmu heç?
XS
SM
MD
LG