Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:30

Arzu Kazımovun cinayət işinin istintaqı yekunlaşıb


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun saytında yerləşdirilən məlumatda deyilir ki, iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Arzu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.

Məlumatda deyilir ki, istintaqla müəyyən edilib ki, Arzu Kazımov özünü Mənzil-tikinti kooperativinin rəhbəri kimi təqdim edib. Müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib. Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək, yaxın münasibətlərdə olduğu Elşad Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirib.

Elşad Abdullayev verdiyi pulun qarşılığında 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A. Kazımovun qardaşı Nizami Kazımova məxsus «KNF İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.

«Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilib».

Həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG