Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11
-

«MƏN MEYXANANIN GÜDAZINA GETDİM»

«Bizim yol» qəzeti yazır ki, bunu «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov dünənki məhkəmə prosesində deyib.

Hilal Məmmədov ifadəsində bildirib ki, əslində onun həbsinə səbəb İnternetdə yerləşdirdiyi, xaricdə, xüsusilə Rusiyada qısa zamanda böyük populyarlıq qazanan «Tı kto takoy, davay, do svidaniya» meyxanası olub: «Bu meyxanadan sonra Astara rayonunun Ərçivan kəndində Rusiyanın NTV telekanalının çəkiliş qrupunun da iştirakı ilə talış mədəniyyəti axşamını təşkil etdik. Bundan sonra mənə qarşı təzyiqlər artdı. Yaxşıdır ki, məni həbs ediblər, öldürə də bilərdilər».

Baş redaktorun sözlərinə görə, polisdə də ona qarşı fiziki təzyiq göstərilib: «Daha sonra məni axtarış həyata keçirmək üçün evə apardılar. Masanın üzərində ərəb-fars lüğəti və «Lənkəran xanlığının tarixi»ni görən polis zabiti dedi ki, səni elə buna görə həbs ediblər. Daha sonra şifonerdə asılmış pencəyimin cibindən də narkotik tapıblar. Amma bilin ki, üzərimə 5 ton narkotik atsalar da, mən öz vətəndaş mövqeyindən və mübarizəmdən əl çəkməyəcəm».

H. Məmmədov dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə və narkotik maddə saxlamaqda təqsirləndirilir.

ELŞAD ABDULLAYEVİN YENİ VİDEOSU...

«Azadlıq» qəzeti yazır ki, keçmiş rektor, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev daha bir video yayıb.

Qəzet yazır ki, yayılan kadrlarda Elşad Abdullayevlə iş adamı, hazırda həbsdə olan Arzu Kazımovun qaynı Hüseyn Səfərov arasında söhbət öz əksini tapıb:

«Elşad Abdullayevin sözlərinə görə, Arzu Kazımov qardaşının geri qaytarılmasına yardımçı olmaq adıyla ondan üst-üstə 3 milyon dollar pul alıb. Amma üstündən illər keçsə də, nə Mahir Abdullayev geri qaytarılıb, nə də verilən pullar».

EYFORİYADAN REALLIĞA GEDƏN YOL

«Yeni Müsavat» qəzetində Milli Şura yaradılmasına həsr olunan məqalədə deyilir ki, «Bu dəfə iqtidarın təbliğatı da nəticə vermədi. Milli Şuranın Rusiya ilə bağlılığı barədə deyilənlər ictimai rəyə təsir etmədi. Hətta millətçi-vətənpərvər qüvvələr də hakimiyyətin Kreml tərəfindən devrilməsinə belə tərəfdar çıxaraq, ictimai rəyə hakim kəsilən «təki bu hakimiyyət getsin» devizinə üstünlük verməli oldular.

Baş verənlər bir həqiqəti üzə çıxartdı - əhalinin olduqca önəmli bir hissəsi iqtidarın getməsini arzulayır və heç bir amil, hətta ümummilli maraqları gözləyən təhlükə insanları iqtidarın ətrafında birləşdirə bilməyəcək. Nə pul kisələrinin ağzının açılması, nə özbaşınalıq müəllifi olan harın məmurların vurulması ilə «yeni qan çıxarılması» kütləvi narazılıqların qarşısını almağa qadir deyil. İqtidar ideoloqları və texnoloqlarının səriştəsizliyi nəticəsində bu illər ərzində basdırılan «gec partlayan minalar» özünü göstərməyə başlayıb».

«MİLLİ ŞURA» İDEYASININ CİDDİ SİYASİ AMİLƏ ÇEVRİLMƏSİ MÜMKÜN DEYİL

«Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibi Əli Əhmədovun Milli Şura haqqında dediklərinə yer ayırıb.

Əli Əhmədov deyib ki, «Azərbaycanın ənənəvi müxalifəti parçalanmağı birləşməkdən daha yaxşı bacarır. Neçə ilin təcrübəsi göstərir ki, müxalifətdaxili inteqrasiyanın potensialı çox zəifdir. Bu potensialla müxalifətin hər hansı birlik yaratmaq şansı demək olar ki, yoxdur. Ona görə də Milli Şura ideyasının ciddi siyasi amilə çevrilməsi mümkün deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG