Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:09

Bakıda 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir


Mayın 30-da Bakıda 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dünyanın müxtəlif ölkələrindən qonaqlar, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, dini icmaların nümayəndələri, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, forumun keçirilməsi 2008-ci ildə başlanmış Bakı prosesinin davamıdır: «Bakı coğrafi körpü rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır. Artıq Bakı prosesi inkişaf edir».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub: «Azərbaycanın uğurlu inkişafında bu amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və mili zəmində qarşıdurmalar baş verir».

Azərbaycanın müsəlman aləminin bir parçası olduğunu deyən prezident, eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsirinin də özünü göstərdiyini vurğulayıb.

Bu gün və sabah davam edəcək Forumun plenar sessiyalarında müxtəlif məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının «İnkişaf etməkdə olan Liderlər» proqramının 1-ci Məzunlar Sammiti, Ümumdünya Forumunun 1-ci Nazirlər Görüşü, «Sülh Təsvir Edək» adlı UNESCO sərgisi də keçiriləcək.
XS
SM
MD
LG