Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

ABŞ-ın «ən yaxşı oyunçular komandası» Bakıda


Bakıda «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu - 29 may 2013

Bakıda «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu - 29 may 2013

-
Bakıda keçirilən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» forumuna mülki cəmiyyət üzvlərinin, hüquq müdafiəçilərinin, müstəqil medianın çağırılmaması birmənalı qarşılanmayıb.

Foruma Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, parlamentarilər və ekspertlər qatılıblar. «Azərbaycan Şərqlə Qərb arasında», «Avrasiya Təhlükəsizliyi və Əməkdaşlıq: Azərbaycanın Regional Sülh və Sabitlikdə Rolu» və digər mövzularda müzakirələr olub.

Prezident İlham Əliyev forumda ABŞ-Azərbaycan əlaqələrindən söz açaraq, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələlərinin ön planda dayandığını söyləyib.
O, siyasi islahatların da gündəmdə olduğunu, bu islahatların uğurlu sosial və iqtisadi nailiyyətlərlə tamamlanması zərurətini vurğulayıb.

«BİZ İRAQDA BİR YERDƏYİK»

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov forum iştirakçılarını «ən yaxşı oyunçular komandası» («dream team»- arzular komandası - AK) adlandırınca, dəfələrlə alqışlanıb (Çıxışdan bu hissəni «Heritage» Fondunun aparıcı tədqiqatçısı Ariel Cohen «Facebook» səhifəsində paylaşıb - A.K.):

«Əsgərlərimiz çiyin-çiyinə Əfqanıstanda terror və şərə qarşı savaşırlar. Ona görə biz İraqda bir yerdəyik (alqış səsləri). Ona görə bu gün Azərbaycan ABŞ-la birlikdə bütün dünyada enerji təhlükəsizliyi barədə düşünür. Bu, Azərbaycan və ABŞ-ın böyük nailiyyətidir. Xanımlar və cənablar, mən bu gün çox fəxr edirəm ki, ABŞ-dan «ən yaxşı oyunçular komandası» ölkəmə gəlib. Səməd Seyidov

Səməd Seyidov

Bu, doğrudan da böyük tədbirdir. Çünki böyük məqsədlər barədə düşünürüksə, yaddan çıxarmamalıyıq ki, böyük məqsədlərə böyük ölkələrlə və böyük dostlarla çatmaq olar. Buna görə bu gün rəsmən elan edə bilərik ki, böyük məqsədlərə, uğurlara çatmaq iqtidarındayıq. Çox iş görmüşük, ancaq gələcəkdə daha çox işləməliyik. Biz aydın gələcək uğrunda mübarizənin hələ başlanğıcındayıq».

İNSAN HAQLARI BİRCƏ SAAT DA MÜZAKİRƏ OLUNMAYIB

İnsan haqlarının müzakirəsinə vaxt ayrılmaması və müstəqil çevrələrin tədbirə çağırılmaması narazılıq yaradıb.

«ABŞ-Azərbaycan münasibətləri insan hüquqlarına hörmət və qanunun aliliyi prinsiplərindən asılı olmalıdır» – Bu bəyanatla Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) çıxış edib. Qurumun fikrincə, Azərbaycanda insan hüquqları ilə bağlı narahatlıq doğuran məqamlara 10 sessiyada bircə saat da vaxt ayrılmaması məyusluq doğurur.

RATİ sədri Emin Hüseynov:

«Azərbaycan bu gün təkcə silahlanmamalıdır. Bu silahlara ayrılan pullardan Azərbaycan elminə, əhalinin sosial qayğı proqramlarına vəsait ayrılsaydı, ölkənin demokratik inkişafı üçün daha ciddi yatırım və sabitliyə bir töhfə olardı».

Emin Hüseynov

Emin Hüseynov

Emin Hüseynovun dediyinə görə, Barack Obama prezident seçiləndən sonra lobbiçi şirkətlərin fəaliyyətini minimuma endirməyi öncəlikli məsələlərdən biri saymış və demişdi ki: kimlərinsə, nəyinsə müqabilində, gəlib Vaşinqtonda gözəl zallarda, qaraya «ağ», ağa «qara» söyləməklə çirkli niyyətlərini həyata keçirməsi onun üçün qəbulolunmazdır. RATİ rəhbəri bu baxımdan ABŞ siyasətçilərinin səfərini Ağ evin demokratiyanın təşviqi proqramına tam zidd hesab edir. ABŞ nümayəndə heyətinin insan haqları məsələsində Azərbaycan hökuməti ilə qarşı-qarşıya gəlmək istəməməsindən təəssüf hissi keçirdiyini deyir.

Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə insan haqlarının acınacaqlı durumda olduğunu bildirir, diqqəti siyasi fəalların həbsinə, diffamasiyaya – qarayaxmaya görə cəzanın internetə də şamil olunmasına, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanun dəyişikliklərinə yönəldirlər.

SƏFİRLİK İSLAHATLARA ÇAĞIRIR

ABŞ-ın Azərbaycandakı missiyası bu tədbirin təşkilində iştirak etməyib.

Tədbirdəki amerikalı qonaqlar fərdi şəkildə qatılıblar. ABŞ Administrasiyasının tədbirdə rəsmi iştirakı səfir Richard Morningstar-ın qonaq kimi çıxışı ilə məhdudlaşıb.

Bunu ABŞ səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirir.
Bakıda «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu - 29 may 2013

Bakıda «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu - 29 may 2013


Çıxışında səfir Morningstar bildirib ki, Azərbaycanda böyük potensial var. Onun fikrincə, bu potensialın reallaşması, eləcə də Azərbaycanın uzunmüddətli sabitliyi uğurlu demokratik və iqtisadi islahatlardan asılıdır.

Səfir əlavə edib ki, Azərbaycana hökumətin tərəfdaş kimi davrandığı sağlam mülki cəmiyyət lazımdır; eləcə də bu ölkənin müstəqil və məsuliyyətli mediaya ehtiyacı var.

«Bunlar xalqı hökumətə yaxınlaşdıra bilən və onların öz problemləri barədə vacib dialoqda iştirakına imkan yaradan islahatlardır. Bu dəyişiklik mühümdür», - səfir bildirib.

Forumun təşkilatçısı Amerikalı və Avrasiyalıların Türk Şurasıdır. Sponsorlar arasında ARDNŞ, BP, «Chevron», «McDermott» neft şirkətləri də var. Amerikalı və Avrasiyalıların Türk Şurasının missiyası ABŞ daxilində olan amerikalı, türk və avrasiyalı icmaları bir araya gətirmək üçün tədbirlər keçirmək və mədəni, elmi, təhsil, biznes, ictimai və incəsənət əlaqələrini irəlilətməkdir.

Şərhləri göstər

XS
SM
MD
LG