Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01
-

- Nə bazar? Hansı bazar? Ağlınız çaşıb, ya nədir? Bu bilik və bacarıqla bazarda işləmək? Qulaq as mənə! Günü sabahdan dərsə gəlirsən. Bildin?


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Elşən Tarıverdiyev


SEÇİM QARŞISINDA



Rəcəbov! Dərsə niyə gəlmirsən? – Neft Akademiyasının müəllimi İlkin Dadaşov öz tələbəsindən soruşdu.

Əhməd Rəcəbov bütün auditoriya qarşısında sakit-dinməz başını endirib durmuşdu.
Hə, niyə susursan, Əhməd? Deməyə sözün yoxdur? De görüm, bəlkə sənə kimsə mane olur və yaxud, nəsə səni dərslərdən yayındırır?

Əhməd hərdən başını qaldırıb günahkar nəzərini qəzəbli professora yönəldib sanki üzr istəyirdi.

Qızlara bu “səhnə” gülməli gəlirdi. Utandığından yanaqları qızarmış Əhmədin çox kasıbyana əyin-başı var idi. Ayağındakı köhnə ayaqqabıların ölçüsü ona çox böyük idi. Göy rəngli qısa pencəyindən nazik biləkləri görünürdü. Kobud toxunulmuş qırmızı sviteri isə açıq rəngli şalvarı ilə heç uyğunlaşmırdı.

Professor gördü ki, tələbənin gözləri dolub və bu, oğlanın mənliyinə toxuna bilər.
“Yaxşı. Dərsdən sonra qalarsan, danışarıq”, - deyərək Dadaşov gərginliyi soyutmaq üçün səsini yumşaltdı.

Seminar sona yetdi və hamı auditoriyanı tərk etdikdən sonra Dadaşov Əhmədi yanına çağırdı: “Oğlum, yaxın gəl.”

Əhməd başını qaldırmadan, barmaqlarını əzə-əzə professora yaxınlaşdı.

- Hə. İndi burda bizdən başqa heç kəs yoxdur. De görüm, nə olub, nə baş verib?
Əhməddən səs çıxmırdı.

- Susma! İstəyirəm dərslərə gəlməməyinin səbəbini bilim.

- Gələ bilmirəm.

- Gələ bilmirəm? – professor güclə eşitdiyi sözləri təkrar etdi. – Bu nə deməkdir, "gələ bilmirəm". Bəs nə ilə məşğulsan? – Dadaşovun qəzəbi yenidən artdı. – Sən axı kursda mənim ən qabiliyyətli tələbəmsən. Həmişə səni başqalarına nümunə göstərirəm: adi uşaq, sadə bir ailədən, öz biliyi ilə pulsuz fakültəyə... Sən isə... Sən isə dərslərə gəlmirsən. Bunu necə başa düşək?"

"İlkin müəllim, mən... mən..." - Əhməd bilmirdi nədən başlasın sözünü.

"Hə, de görüm, axı nə olub!” - professor özünü saxlaya bilməyib qışqırdı, - “Dərsləri buraxmağının səbəbini deyəcəksən, ya yox?”

Bir neçə anlığa hər ikisi sakit durdular. Professorun qoca ürəyi həyəcandan bərk döyünməyə başladı, gənc tələbənin ürəyi isə qorxudan və düşdüyü vəziyyətdən utandığından sanki tam dayanmışdı.

- Mən dərslərə gələ bilmirəm. İşləyirəm. Və yəqin ki institutu atacam.

- Necə yəni atacam?- professor çaşıb qalmışdı.

- Atam insult olub. Yataqdan durmur. Mən də bazarda əmimin yanında işləyirəm.

- Nə bazar? Hansı bazar? Ağlınız çaşıb, ya nədir? Bu bilik və bacarıqla bazarda işləmək? Qulaq as mənə! Günü sabahdan dərsə gəlirsən. Bildin?

Əhməd səsini çıxarmadı. O, belə tərbiyə almışdı: böyüyün dediyini inkar edə bilməzdi.

- Kimdir əmin? Nə işin sahibidir? - Dadaşov zəhmlə soruşdu.

- Briqadir.

- Briqadir? Nə briqadir? Bazarda da briqadir olur?

- Bizim bazarda var.

- Hm. Belə də şey olar? Oğlum, sən heç təsəvvürünə də gətirə bilmirsən ki, təhsil almaq sənin üçün nə qədər vacibdir. Axı məşhur riyaziyyatçı ola bilərsən. Sənsə bazarda alver edirsən. Çox güman ki, kartof satırsan.

- Yox, müəllim, mən heç nə satmıram! Biz heç nə satmırıq. Biz..., biz...

- Sus! Heç bir şey artıq eşitmək istəmirəm. Sabah hökmən gələrsən dərsə, vəssalam! Əminlə isə mənim söhbətim olacaq. Çox ciddi söhbətim.

...Hava yağmurlu idi. Akademiyadan çıxan kimi Dadaşov çətirini açıb kitab mağazasına tərəf yönəldi. Kitabxanaya tez-tez gedirdi. Neft Akademiyasının hörmətli pedaqoqu gənclik illərindən buna bir növ, adət etmişdi. Professor mənəvi qidanı hər şeydən üstün tuturdu.

Mağazaya hələ xeyli yol qalmışdı. Professor birdən dayandı. Gördüyünə əvvəlcə inanmadı: -"Bu ki Əhməddir?! Vaxt- bivaxt o, bu küçədə neynir, görəsən?"
"Əhməd! Əhməd!" - professor əlini qaldırıb yelləyərək tələbəsini çağırdı.

Əhməd öz adını eşidən kimi müəllimini uzaqdan tanıdı və özünü itirməyərək dərhal görkəmsiz geyimli bir qrup adamın arasında gözdən itdi. Professor özünü həmin yerə çatdırdı və həyəcan içində o tərəf-bu tərəfə baxa-baxa onu axtarmağa başladı.
"İlkin müəllim, salam! Mən Əhmədin əmisiyəm. Hamlet" - deyə ortaboylu, zahirən
Əhmədə oxşayan bir kişi özünü nəzakətlə təqdim etdi.

"Əleyküməssalam, Hamlet", - deyə Dadaşov "əmini" başdan-ayağa nəzərdən keçirdi.
Əminin çoxdan dəbdən düşmüş açıq boz rəngli yun paltosu professorun yadına gənclik illərini saldı.
- Əhmədin dediyinə görə, siz mənimlə görüşmək istərdiz?
- Bura bax, Hamlet,- söhbətin ciddi olacağını professor bu başdan bildirdi. - Neynirsiz burda? Əhmədin bu vaxt burda nə işi ola bilər?
- İşləyirik biz burda", - təəccübünü Hamlet gizlətmədi.
- Bəs Əhmədin dediyinə görə, siz bazarda işləyirsiz…
- Bəli, bizim işlədiyimiz bazar buradır.
- Bura? Bazar? Bu küçədə nə bazar?" - Dadaşov lap çaşıb qalmışdı.
Hamlet paltosunun yaxalığını qaldırıb gülümsündü: - "Eee, professor. Neçə ildir ki, şəhərdə yaşayırsız, amma bilmirsiz ki, bura bazardir.
- Nə bazar, a kişi?
- Qul bazari.
Eşitdiyi sözlərdən Dadaşov səksəndi və qəzəblə: "Bu zəmanədə nə qul? Siz nə danışırsınız?"
- Hə də. Siz hardan biləsiz axı. Hər gün görürük: Sizin üçün yalnız institut və kitabxana var. Ətrafınızı isə görmürsünüz, - deyə Hamlet üzündə təbəssümlə professoru bu məsələdən agah etməyə cəhd etdi. - Artıq altı ildir ki, mən qardaşımla - Əhmədin atasıyla- hər səhər işimizə burda başlayırıq. Ermənistandan gəlmişik. Qaçqınıq biz.
- Mən başa düşə bilmirəm. Necə yəni qul? - professor lap özünü itirmişdi.
- Qul - sözün məcazi mənasında. Burda müxtəlif peşə sahibləri: dülgər, bənna, yükdaşıyan və sairə kasıb-kusub istənilən işi kiçik bir haqqa yerinə yetirməyə hazırdır. Bax, hamı öz növbəsini gözləyir.
- Aldada da bilərlər? Yəni, demək istəyirəm, qazancı verməyə də bilərlər?
- Əlbəttə. Ümumiyyətlə, fəhlələrlə çox kobud davranırlar.
- Bəs Əhməd nə işlə məşğul olur?
- Mənə kömək edir. Mən bənnayam.
- Oğlum, mənə qulaq as! - professor hələ də şok vəziyyətində idi. O, ömründə bu qədər hüquqsuz adamların bir yerə toplanmasının şahidi olmamışdı. - Xəbərin var ki, qardaşın oğlu institutdan çıxmaq fikrinə düşüb?
Hamlet başını endirdi.
- Bilirsən ki, Əhməd istedadlı uşaqdır? Ona burda durub iş axtarmaq yox, oxumaq lazımdır. O, riyaziyyatçı qabiliyyətinə malikdir. Anlamalısan ki, allah bunu hər adama qismət eləmir. Xahiş edirəm səndən, onu bu cəhənnəm yerə gətirmə. Qoy oxusun. Bura onun yeri deyil.

Hamletin üzündəki təbəssüm itdi, qaşları yığıldı: - "Yaxşı, bəs çörəkpulu kim qazanacaq? Ailəni kim dolandıracaq? Xəstə atası üçün də dərman almaq lazımdır. Bütün bunları siz bilmirsiz axı! Qardaşımın Əhməddən əlavə dörd uşağı var. Sağalmasa, allah eləməsin, kim onları boya-başa çatdıracaq?"
Hamlet siqaretini yandırıb sözünə davam etdi: "Mən də vaxtında oxuya bilərdim. Amma atamız dünyasını dəyişəndən sonra məcburiyyət qarşısında qalıb işə getdim. Sonra da bu lənətəgəlmiş hadisələr... camaatı didərgin elədi. Bəs qardaşımın yatağa düşməyinin səbəbi nə idi, sizcə?"
Dadaşov lap dilxor oldu. Ətrafına bir də baxdı və küçədə toplaşmış hər bir kişinin faciə dolu həyatını bir an içində sanki özü yaşadı.
"Hər nə olursa- olsun, amma, bura Əhməd kimi uşağın yeri deyil”, - professor qəti qərara gəldi. – “Və yenə də mən israr edirəm ki, Əhməd təhsilini davam etdirsin."
Hamlet qaşaltı Dadaşova baxıb, dedi: "Bilmirəm. Özü bilər. Ya ac qalıb atasını da ölümə düçar edər, ya da ki... "
Sözünü tamamlamamış Hamlet dönüb , öz həmtayları tərəfə yönəldi.
"Sən bir buna bax!” - professor fikirləşdi, - “Mənim ki təhsilim yoxdur, qoy o da oxumasın. Qoy dilənçilik etsin", - deyə Dadaşov Hamletin sözlərindən bu cür məntiqi yekun çixardı.

…Yağış artıq yağmırdı. Hava aydınlaşırdı. Amma İlkin Dadaşovun qəlbini qara buludlar almışdı. Ömrü boyu tənbəllik və səriştəsizliyin əleyhinə olan pedaqoq çox yaxşı anlayırdı ki, Əhməd kimi istedadlı tələbəyə kömək lazımdır.
Birdən professor ciblərini eşələməyə başladı. Mobil telefonunun zəngi isə kəsilmirdi.
- Eşidirəm!
- İlkin, mənəm, Dönməz.
- Eşidirəm, qardaş.
- Zəng edirəm ki,... bir sözlə, problemimiz var. Nəvən instituta getmir. Soruşuram, niyə getmirsən. Deyir, dərslərə vaxtım qalmır. Nəqliyyat nazirliyində işə düzəlmişəm. İşləyirəm.
- Nə işə baxır o orada?- Dadaşovun ürəyi bərk döyünməyə başladı.
- Deyir, nazir köməkçisiyəm.
- Nə? Nazir köməkçisi? On doqquz yaşında nazir köməkçisi? Yaxşı, Dönməz, mən onun atasıyla danışaram”
- Amma, İlkin, mənim adımı çəkmə, xahiş edirəm. Sənin İlhamının xatirini mən öz oğlum kimi çox istəyirəm. Qorxuram, sonra deyər ki, Dönməz əmi xəbərçilik edir. İlkin, məni düzgün başa düşməlisən. Səni də, məni də elmi mühitdə hamı tanıyır. İstəmirəm söz-söhbət olsun. Bizimkiləri ki tanıyırsan. Qeybət eləməyi xoşlayırlar.
- Narahat olma, qardaş, mən hər şeyi həll edərəm.
Dadaşovun qanı qaraldı. İri addımlarla yeriyərək, -“Avara! Tənbəl! Lap ağını çıxarıb. Ata-ananın əziyyətinə tamam qiymət qoymur. Heç eybi yoxdur. Mən sənə göstərərəm..., nazir köməkçisi” – deyə burnunun altında mızıldayırdı. Professorun hirsi aşıb-daşırdı. Torqovı küçəsində tanınmış butikin vitrinləri qarşısında qəflətən ayaq saxladı.

Dadaşov nəvəsini görmüşdü.
Cabir butikin qapısı ağzında əlində tanınmış markalardan olan paketlərlə durmuşdu. Açıq-aydın, o, kimisə gözləyirdi. Vaxtaşırı mağazanın salonuna boylanırdı.
- Cabir, burda niyə durmusan? Əlindəki bu paketlər kimindir? - deyərək Dadaşov öz nəvəsinə yaxınlaşdı.
Cabir üçün bu görüş çox gözlənilməz oldu. Özünü itirmişdi.
- Dədə? Bəs sən burda neynirsən?
- Mən evə gedirəm. Bəs sən də axı indi evdə oturub sessiyaya hazırlaşmalı idin.
Cabir butikin çıxışına tərəf yönəlmiş qadını görən kimi: "Dədə, mən iş görürəm, işdəyəm", - deyə cavab verdi.
"Cabik, qollarım qırıldı. Bu paketləri al məndən”, - deyə dəbdəbəylə geyinmiş balacaboy bir qadın Cabirə yaxınlaşdı, -“ O söhbət elədiyin kişi kimdir? Maşınlara baxır?”
- Yox. O mənim ...- Cabir bilmədi nə cavab versin.
İlkin Dadaşov həssas və nəzakətli adam idi. Oğul-nəvələrini çox istəyirdi. Nəvəsinin çıxılmaz vəziyyətə düsdüyünü anladı. Hərəkət-davranışında yersiz qürur və təkəbbür əlamətləri olan qadını da görən kimi bildi ki, nazirin arvadıdır.
"Bəli, xanım, mən parkovka işçisiyəm", - professor məcbur olub etiraf etdi.
- Yaxşı, bəs onda niyə durmuşuq, Cabik? Pulunu ver, yola düşək.

...“İlham! Sən bu uşağı nə işə düzəltmisən?!” - professor Dadaşov evin qapısından içəri girən kimi salamsız-kəlamsız oğlunu sorğu-suala tutdu. Mağazadan evə gəldiyi yol ərzində hirsi hələ soyumamışdı.

“Nazirlikdə dostum Rüstəmin yanında köməkçi işləyir" - deyə İlham Dadaşov sakit və tərəddüdsüz cavab verdi.

- Görürəm, necə köməkçidir. Nazir arvadı üçün nökərçilik edir. Butiklərdə onunçün paket-sumka daşıyır.
- Axı nə baş verib, ata?
- Oğul, iş ondadır ki, indi onun oxumaq vaxtıdır. O isə qulluqçuluq edir. Vaxtlarını boş-boşuna mağazalarda keçirən qayğısız nazir arvadlarına. Bu gün mən onları Torqovıda görmüşəm.
- Ata, Nairə xanım heç də qayğısız deyil. O, işgüzar adamdır.
- Mən bilirəm. İşi-gücü bütün gününü mağazalarda keçirməkdir. Təsəvvür edirsən, məni parkovka işçisi kimi qəbul etdi.
İlham üzündə kiçik təbəssümlə: "Ay papa, sənin özündə də axı var. Üst-başın, görkəmin elə bil ki... Eh, onu deyim ki, mama gedəndən sonra sən heç özünə fikir vermirsən."
Oğlunun axırıncı sözləri artıq qocalmış atanın qəzəbini soyutdu. Ürəyindən tutub divana əyləşdi.
-"Bunu sən tamamilə doğru deyirsən, oğul”, - sakitləşərək professor dedi, - “Yəqin doğrudan da mən zahirən parkovka işçisinə oxşayıram, bəlkə də, ondan da pis, moykada maşın yuyanlara."
“Yox, ata, ağ eləmə daha”, - gülümsəyərək İlham dedi və stəkanda əvvəlcədən hazırladığı ürək dərmanını əlində tutaraq oturdu atasının yanında.
“Oğlum, belə olmaz. Cabir oxumalıdır, nökərçilik etməməlidir", - bir qədər sonra professor təkid etdi.
- Ata, o, dərslərindən geri qalmaz. İnstitut heç yerə qaçmır ki. Onu da deyim ki, ata, yalnız dərsə gedib-gəlmək ona nə verəcək axı? Bütün günü oturur auditoriyada, dostları ilə boş-boş söhbətlər edir. Mən deyirəm, qoy işləsin, həyat təcrübəsi yığsın, hər şeyin yerini bilsin: kimə "baş üstə" demək, kiminsə "ağzından vurmaq." Yoxsa ki mən. Siz məni ev uşağı kimi böyüdüb tərbiyə etmisiz. Amma indiki həyata uyğunlaşmaq üçün mən nə əziyyətlər çəkmişəm, bir allah bilir.
- Eee, oğlum, düzgün deyil axı. Bilik həmişə lazımdır. Ağılsız adam kimə gərəkdir? O ki qaldı bacarıqlı və zirək əllərə... Həyatda hərənin öz yeri!
- Yaxşı, ata, əsəbiləşmə. Danışaram Cabirlə. Mütləq gedəcək dərslərə. Amma sən narahat olma, xahiş edirəm.

...Ertəsi gün İlkin müəllim evdə öz kabinetində dincəlirdi. Daha doğrusu, müxtəlif hadisələrlə dolu dünənki günü araşdırırdı. Mətbəxdən isə professorun gəlini Aygünün və nəvəsi Cabirin səsləri gəlirdi.
- Cabir, pullarını vermişəm. Qaldırmaq lazımdır evə. Başa düş ki, mağazada bu gün fəhlə yox idi, mən də bu cür bahalı soyuducunu dükanda saxlamaq istəmədim. Qorxuram, əzərlər, sındırarlar və yaxud başqa bir şey ola bilər. Çox xahiş edirəm səndən, kömək elə sürücüyə, qaldırın onu yuxarı.
- Eee, mama, əl çək, vaxtım yoxdur, mən gedirəm. Bəs sonra istəyirsən ki, belim zədə alsın?
Bu zaman professor kabinetdən çıxıb mətbəxə gəldi. Nəvəsini görməməzliyə qoydu. Sərt baxışını gəlininə yönəldib soruşdu:
- Maşın nə vaxt gəlir?
- Artıq gəlməlidir.
“Gələn kimi məni çağır”, - deyib, professor kabinetinə qayıtdı.
Bir az sonra Dadaşovların mənzilinin qapısı bərkdən örtüldü. Kimsə pillələrlə aşağı yönəldi.
Professor Dadaşova məlum oldu ki, onun mətbəxə yürüşü xeyirsiz olmadı. Rahat divana uzandı. Yuxu onu təzəcə aparırdı ki, qulağına iki cavanın söhbəti çatdı. Daha dəqiqi, pul söhbəti.
- Təkbaşına beş mərtəbə qaldırmışam. İnsafın olsun. Bir-iki manat da ver.
“Bura bax, ey, mən nə isə başa düşmədim. Biz necə danışmışdıq? Dörd manat, düzdür?" - nəvəsinin səsini professor tanıdı.
- Sən deyirdin, dörd mərtəbə. Bu isə beşinci mərtəbədir. Demişdin hələ köməkçilər də olacaq.
- Yaxşı, bəsdir! Dörd mərtəbə, ya beş mərtəbə - fərq böyük deyil.
- Sən nə danışırsan, əzizim?! Fərq böyük deyil? Maraqlı fərziyyədir. Bəs mənim belim, ayaqlarım? Elə bilirsən bu ağırlıqda yükü beşinci mərtəbəyə qaldırmaq asandır?

“Bax, al, götür bu dörd manatı və az danış!” - Cabir sanki əmr etdi. – “Hələ "çox sağ ol" deməlisən, sənə iş vermişəm. Yoxsa bütün günü küçədə avaraçılıq edəcəkdin."
“"Yox, qardaş, belə olmaz, beş manat verməlisən"- qətiyyətlə o birisi dedi.
"Əşi, rədd ol burdan. Rədd ol, avaranın biri, avara."

Əlbəyaxa oldular. Professor öz gəlininin ucadan gələn səsini eşitdi: "Cabir, Cabir, neynirsən? Dava eləməyin! İlkin müəllim, kömək edin!"

Professor çıxıb gördü ki, Cabiri anası bir tərəfə çəkib, dəhlizin ortasında isə soyuducunun yanında əynində qırmızı sviter, açıq rəngli şalvar və bədəninin ölçüsünə uyğun olmayan göy rəngli qısa pencək olan bir gənc durub.

İlkin Dadaşov hələ öz otağında olarkən Əhmədi də səsindən tanımışdı. Amma, kabinetdən çıxmaq fikri yox idi. Ümidi var idi ki, cavanlar özləri münaqişəni sülh yoluyla həll edib ayrılacaqlar. Lakin olan artıq olmuşdu. Gənclərin heç biri güzəştə getmək istəmədi və nəticədə Dadaşovun nəvəsi və sevimli tələbəsi razılığa gəlmədilər.
"Onun qazancını ver, özün də keç mətbəxə" - deyə Dadaşov nəvəsinə əmr etdi.
Cabir pulu yerə atıb dəhlizdən çıxdı.

"Oğlum, gəl alnına buz qoyaq, yoxsa şişəcək" - deyərək Aygün Cabirin ardınca getdi.

Dəhlizdə təzə soyuducunun yanında professor və onun tələbəsi qaldılar. Əhməd öz müəlliminin qarşısında durub barmaqlarını "sayırdı". Onun bu köhnə şakərinə dişlərinin qıcırtısı da əlavə olunmuşdu.

Professor pulu döşəmədən qaldırıb, Əhmədə uzatdı: "Al, götür!"

"İstəmirəm"

"Götür, qazanmısan, götür. Bunu sən mənim əlimdən alırsan, başqasının yox. Götür!" - professor pulu Əhmədin ovcuna qoydu.

- İndi sən anladın ki, alın təri hesabına qazandığın pulu yerdən qaldırmaqdansa, oxuyub təhsil almaq yaxşıdır? Niyə axı başa düşmək istəmirsən ki, bu cür məcburiyyət qarşısında qalaraq alçalıb pul qazanmaqdan və qoşulduğun o adamlardan uzaqlaşmaq üçün sənin imkanın var. Əhməd, qulaq as, gör nə deyirəm: əgər təhsilini davam etdirib bir mütəxəssis olsan, heç kim, heç bir vaxt səni belə alçalda bilməz. Bu qabiliyyətlə sən nəinki mütəxəssis, alim ola bilərsən.
Əhmədin burnu axdı, gözləri yaşardı.

"Yaxşı, bəsdir, get evə. Amma sabah gəl dərsə."

Əhməd dönüb çıxışa tərəf yönəldi. Qapını açıb bir anlığa dayandı. "Sabah mən gələcəyəm, İlkin müəllim, mütləq gələcəyəm,"- deyib evi tərk etdi.

İlkin Dadaşov evin pəncərəsinə yaxınlaşdı. Təəssüf hissi ilə başını yellədi. Onun şagirdi Əhməd küçəni keçirdi. Zahirən görkəmsiz istedad hara tələsirdi? Yəqin ki, əczaxanaya dərman almağa. Bəlkə də qayıdırdı "bazara".

Bu gün o, öz taleyini həll etməlidir. Gələcək həyat yolunu müəyyənləşdirməlidir: ya həmin küçədə qalmalıdır, ya da özünün və ailəsinin gələcəyi naminə kitabları götürüb dərslərə hazırlaşmalıdır.

«Günü sabah rektorla danışaram. Uşağı tələbələr mübadiləsi proqramı ilə Amerikaya göndərmək lazımdır. Qoy oxusun. Bəlkə alındı. Mənə elə gəlir ki, o, düzgün yol seçəcək.»

Professor kabinetə qayıdıb, yazı stolu arxasında əyləşdi. O, tələbələrin kurs işlərini yoxlamalı idi. Bir neçə anlığa fikri yayındı. Stolun üstündəki fotoşəkli əlinə götürdü. Gülərüzlü dörd gəncin şəkli: İlkin və onun üç dostu. Qırx beş il əvvəl çəkilmiş şəkildə dörd nəfər kənd uşağının pal-paltarından məlum olurdu ki, şəhərə yenicə gəliblər. Onlar qarşılarına qoyduqları məqsədə nail oldular. Hərə öz iş sahəsində tanınmış mütəxəssis və alim olmuşdu.

"Əhmədə kömək etmək lazımdır! Hökmən kömək etmək lazımdır!"- sanki dostları ilə birlikdə qəbul etdiyi qərarı səsləndirərək, professor şəkli yerinə qoydu.

Rus dilindən tərcümə: Hicran Qulu-Zadə.
Moskva şəhəri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG