Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Vkontakte.ru bağlanır?


Vkontakte.ru saytı
Vkontakte.ru saytı
-
Ötən həftə Vkontakte.ru saytı Rusiya hökumətinin rəsmi qara siyahısına – qapadılacaqlar siyahısına düşmüşdü və qapadılmışdı. Bu xəbər yayılandan sonra Dövlət Telekom Agentliyinin rəhbəri elan elədi ki, bəs sayt “uşaq pornoqrafiyası” yayanlar siyahısına texniki xəta üzündən düşüb və hazırda xəta düzəldilib. Vkontakte.ru da qısa fasilədən sonra fəaliyyətini bərpa elədi.


VKONTAKTE.RU NİYƏ BAĞLANMIŞDI?

Vkontakte.ru saytında Facebook kimi insanlar bir biriylə əlaqəyə girə, qruplar yarada, filmlər və musiqilər paylaşa bilərlər. Ancaq bütün sosial şəbəkələr kimi burada da insanlar, xüsusən də müxalif fikirli fəallar fəaliyyətlərini əlaqələndirə, hətta uzaq regionlardakı insanlarla da təşkilatlana bilirlər.

Bu üzdən media araşdırmaçısı və müxalifət bloqqeri olan Oleg Kozyrev deyir ki, əslində hökumətin saytı qısa müddətə də olsa bağlaması, təsadüfi deyildi:

“Baş verən bir dərs idi, xəbərdarlıq idi. Bununla Rusiyadakı onlayn istifadəçilərə demək istəyirdilər ki, daha üzüyola, daha az müstəqil və daha ağıllı olsunlar”.

Kozyrev kimi fəallar uzun müddətdir iddia edirlər ki, rəsmən uşaq pornoqrafiyasına qarşı qəbul edilən qara siyahı qanunundan hökumətə qarşı çıxan istənilən saytı tez bir vaxtda qapamaq üçün sui-istifadə edilə bilər.

Bu qısa da olsa qapanmanın Vkontakte saytının başına gələn ilk qəribəlik olmadığını biləndə, bu cür iddialar inandırıcı da səslənir.


SAYTIN RƏHBƏRİNƏ QARŞI TƏZYİQLƏR

2006-cı ildə yaradılan bu şəbəkənin hazırda 47 milyon fəal istifadəçisi var. Saytı 2006-cı ildə 28 yaşında olan iş adamı Pavel Durov yaradıb. Uzun müddət sayt kimsənin pis mənada yadına düşməyib.

Ancaq 2011-ci ilin dekabrında, Dövlət dumasına mübahisəli seçkilərdən sonra Kreml əleyhinə nümayişlər bütün Rusiya boyu yayılanda FSB saytın rəhbərliyindən müxalif qrupların bura çıxışını bağlamasını istədi. Durov imtina elədi və heç bir şəkildə cəzalandırılmadı.


Ancaq 2013-ci ilin aprelində Durova qarşı ittiham irəli sürüldü. Onu şəxsi avtomobiliylə yol polisini vurub qaçmaqda ittiham elədilər. Bununla bağlı videolar internetdə yayıldı.

Aprelin 16-da isə Vkontakte.ru şirkətinin St.Peterburqdakı ofisinə polis reyd keçirdi. Durov özü isə iddiaları yalan adlandırdı, hətta avtomobilinin də olmadığını bildirib Rusiyadan qaçdı.


VK SƏHMLƏRİNİ KİM ALIB?

Eyni gündə United Capital Partners (UCP) adlı səhmdar şirkət Vkontakte-nin səhmlərinin 48 faizini Durovun digər tərəfdaşlarından aldı. UCP uzun müddət idi ki, bu səhmləri almağa çalışırdı. Amma Durov bu cür cəhdlərə qarşı çıxırdı və 2011-ci ildə hətta rəsmən bu cür cəhdlərə boyn əyməyəcəyinə dair yazı da yayımlamışdı

Maraqlısı odur ki, UCP-nin prezidenti Ilya Sherbovich həm də Rosneft dövlət şirkətinin İdarə Heyətinin üzvü və Rosneftin İcraçı Direktoru Igor Sechin-in dostudur. İgor Sechin isə Prezident Vladimir Putinə yaxınlığıyla tanınır.

Vkontakte.ru saytının hissələrinin 39.9 faizi Mail.ru şirkətinə məxsusdur. Mail.ru-nun da sahibi Kremlə yaxın biznesmen Alisher Usmanovdur. Usmanov daha əvvəl “Kommersant” Mətbuat Evini satın almışdı və bundan sonra tənqidçi redaktorlarını ya işdən çıxarıb, ya da susdurmuşdular.

Vkontakte-yə gəlincə, hələ də Durovun şirkətdə 12 faizlik səhmi var və nizamnaməyə görə, Mail.ru-nun səslərinə də sahibdir.

İndi Vkontakte-nin 48 faizini alan UCP şirkətindən deyirlər ki, onlar Durovu uzaqlaşdırmaq istəmirlər.

Amma Kozyrev kimi media şərhçilərinin fikrincə, vəziyyət fərqlidir.

"Bütün bunları internet saytlarının gözünü qorxutmaq üçün edirlər. Fikrimcə, Rusiya internet resurslarının menecerlərinə qarşı təzyiqlər daha da artacaq".


RUSİYA HÖKUMƏTİ NƏ İSTƏYİR?


Rusiya hüquq-mühafizə orqanları isə heç vaxt interneti nəzarətə almaq niyyətlərini gizlətməyiblər. Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bu ayın əvvəlində İnterfax agentliyinə bildirib ki, “ölkədə baş verən siyasi, iqtisadi və sosial proseslərə bloqosferanın təsir imkanları ciddi səviyyələrə gəlib çatıb. Orada vətəndaşların hökumətə, o cümlədən hüquq-mühafizə orqanlarına etimadını sarsıtmaq uğrunda informasiya müharibələri gedir və bu kampaniyaları bəzi oliqarxlar və ya xaricdəki qüvvələr idarə edirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG