Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19
-

- Cənab, bura Nyu York ştatıdır, Amerikadır! Siz başa düşməlisiniz ki, burada belə iş tutmaq olmaz! Bunun üçün xüsusi insanlar var!


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Zinəddin Babayev


QARA


Vay zibil! Ə, tut ayaqlarını bərk! Zəhrimara bax ha, necə şıllaq atır?! Qanıb da! Qanıb! Heyvan başa düshür ha hər şeyi! Bax, bax! Gözlərinə bax! Görürsən? Ağlayır!

- A bala, baxma sən qana! Yenə yata bilməyəcək bir həftə, zəhləmizi tökəcək gecələri, a kişi!

- Qoy vərdiş eləsin! Necə yəni yata bilməyəcək!? Böyüyüb artıq, yekə kişidi! Sabah birigün məktəbə gedəcək! Qorxaqsan, ə, sən?! Hə? Qorxursan?! De görüm papaya! Papan həmişə yanındadı hey, qorxma sən heç nədən!

- Yoox, qorxmuram!..

- Ay malades! Qorxma! Kişisən sən! Heyvan qorxsun! Sən niyə qorxmalısan ki! Biz onu yeyəcəyik, o bizi yox! Qoy qanı axıra qədər axıb qurtarsın, sonra bax o mismardan ayaqlarından asacağıq qaldırıb. Sonra da dərisini soyub bogazınnan çıxaracağıq! Olacaqdır hazır! Sonra da bəh bəh bəh! Bir həftə kef, kabab-mabab… istəyirsən kabab?! Bişirsin papa sənə axşam?

- Hə, istiyirəm! Bişir!

- Onda tut dal ayaqlarını bağlayım!

- Bu qabaq ayaqları əlləridi qoyunun?

- Yox, o da ayaqlarıdı! Dörd ayağı olur, iki dalda, iki qabaqda... Aay sağol! Indi çəkil kənara, qoy papa qaldırsın leşi! Obbba! Hhh!.. Əla!.. Bax belə! Indi soymaq olar dərisini! O balaca bıçağı ver papaya! Yox, yox, o birisini! Ay sağol!.. Öyrən! Bax, öyrən! Bu rahat iş döyül haa, texnikası var! Əvvəlcə, arxa ayaqlarının üstündəki dərini biçaqla yavaş-yavaş soyursan, ayaqlarını dəridən çıxarırsan, sonra da qollarıvı çirmələyib düşürsən qoyunun canına! Indi göstərəcəm, diqqətlə bax! Ay sağol! Belə! Tut bıçağı! Bax indi! Qoy çirmələnim!.. Oob! Ha ha! Görürsən?! Necə rahat soyulur?! Texnikası budur bu işin! Mənə də sənin baban öyrədib! Həsən baba, kompüterdən danışırıq hey hər axşam?! Bax, o baban!

- A kişi! A kişi! Polislər gəlib! Nəsə danışırlar bayırda!

- Nə polis!? Niyə? Nə istəyirlər! Az, əlim qanlıdı, onsuz da yaxşı başa düşmürəm?!
Bizə olmaz, başqa şeyə gəliblər yəqin..

- A kişi, qoyun oğurluq-zad olar ha, biabir olariq!

- Az gicləmə! Qurban əmidən almişam ey! Nə oğurluq?!

Səhər tezdən atasının yaxın dostu Qurban kişidən almışdı qoyunu. O, çoxdan burada yaşayırdı və hər şeyin yerini yaxşı bilirdi. Yolun ortasında gorüşmüşdülər! Qurban kişi tərifləyə-tərifləyə “Linkoln” markalı köhnə maşının baqajını açdı və burda beləsini tapa bilməzsən dedi! “Düzdü, quyruğu yoxdu! Nə edək, quyruqsuz sortudu bu, amma əti dadlıdı! Yaxşı dolmalıq beli var! Ən təmiz ət bu sortlarda olur! Bilirsən bunların yemini ta hardan gətirirlər?!”

- Nə danışırsan!?

- Vallah!

O da qoyunu öz maşınının baqajına qoyub gətirmişdi evinə. 250 dollar da pul vermişdi Qurban kişiyə..


- Salam!

- Salam!

....Ouu!! Siz nə edirsiniz burda! Aman tanrım! Nə baş verir burda!.. Bəs bizə dedilər ki qaradır?! Sizdən başqa kimsə var burda?

- Xeyr, mənim qoyunumdur. Səhər almışam, sübut da edə bilərəm problem varsa. Nəsə olub? Nə axtarırsınız?

- Anlaşıldı! Başqa heç kəs yoxdur burda! Bizimlə gəlirsiniz! Haqqınızda şikayət var! Məhkəmədə cavab verəcəksiniz! Susmaq haqqına sahibsiniz! Vəkil tutmaq haqqına sahibsiniz! Götürün!

- Nə edirsiniz siz?! Dayanın görüm! Niyə axı! Nolub axı?! Ə yavaş! Səhv salırsınız!...

- Binadan şikayət ediblər, tutuqlusunuz! Qanunsuz iş görürsünüz burada!

- A kişi, nə deyirlər axı bunlar?!

- Az, qoyuna görədi, sonra danışarıq...

- Qoyun oğurluqdu yüz faiz, dedim də sənə! Qurban kişi, evin yıxılsın!!

- Ə, mədəniyyətiniz olsun! Heç olmasa əllərimi yuyardım! Qanıb-qandırmaq da olmur köpəy uşağını..

***

- Siz ölkənin ictimai asayiş qanunlarını pozaraq yaşadiğınız binanın zirzəmisində heyvana işgəncə vermisiniz! Binada yaşayan sakinlərin şikayəti əsasında sizi tutuqlayıblar. Törətdiyiniz əməlin qarşılığında cəza olaraq 4000$ cərimə ödəyəcəksiniz!

- Nə deyir? Hə!.. Hee?.. Vəkil, nə danışır, qardaş, bu hakim?! Denən ki, mən öz evimdə öz qoyunumu özüm kəsə bilmərəm ki? Bunun millətə nə dəxli var axı! Sən allah, düzgün tərcümə elə mən deyənləri!..

- Siz başa düşmürsünüz ki, olmaz?! Bu iş üçün xüsusi insanlar və xüsusi yerlər var!

- Cənab hakim, mənnən yaxşı kəsəcək?? Nə fərqi var axı, o, yoxsa mən! Mən, bilirsiz, nə qədər qoyun kəsmişəm cavanlıqda! İşimizin adı nə idi ki, qaraqoyunlulardanıq ey biz! Tarixdən xatırlıyırsız bəlkə! Bizim yeməklərimiz bir az fərqlidir, ona uyğun doğranmalıdır leş! Buranın qəssabları yaxşı kəsmirlər, zay olur bütün ət!

- Cənab, bura Nyu York ştatıdır, Amerikadır! Siz başa düşməlisiniz ki, burada belə iş tutmaq olmaz! Bunun üçün xüsusi insanlar var! Onların bu işi görmələri üçün lisenziyaları var, icazələri var. Və qanunlara görə, ancaq lisenziya almış şəxslər və qürumlar bu işlə məşğul ola bilərlər! 4 ilə yaxındır ki, burada yaşayırsınız, bunları öyrənməyiniz lazımdır artıq.

- Başa düşdüm! Bunun üçünmü mənim əlimi-qolumu burub arvad-uşagın qabağından götürdülər?! Nə deyim vallah! Mən bir şeyi başa düşə bilmirəm, bu məsələnin qonum-qonşuya nə dəxli var axı? Lisenziyadan-zaddan? Onların biznesinimi vurmuşam nədir!? Mən biləni oların içərisində lisenziyalı qəssab yoxdu! Sən allah, düzgün tərcümə elə!

- Siz başa düşmək istəmirsiz! Şikayət etməklərinin səbəbi qoyunu vəhşicəsinə kəsməyiniz və heyvana işgəncə verməyinizdir! Insanları bu narahat edir! Bu çox həssas mövzudur!

- Vəhşicəsinə niyə kəsirəm?! Mən kəsəndə işgəncə olur, lisenziyalı adam kəsəndə olmur?

- Yox! Elə ona görə onlara lisenziya verilir ki, bu qaydalara riayət eləsinlər. Əsas şərtlərdən biri budur!

Vəkil:

- Cənab hakim, mən şikayətin mətnində şikayət olunan şəxsin “qara” olduğu haqda
bir məlumat gördüm. Sizcə burada bir səhv anlaşılma ola bilərmi?

- Bəli, elə bizim də diqqətimizi ilk öncə bu fakt çəkdi. Ona görə də şikayətçiylə yenidən əlaqə qurub məsələni dəqiqləşdirmişık. Şikayətçi həyəcanla tələm-tələsik zəng edərək “qara” yox, “qaragötlü” deyə adlandırıb şübhəlini. Əməliyyatçılara da buna görə təhrifli təlimat verilib. Səbəb olaraq da Rusiyada el arasında qafqazlıları “qaragötlü” adlandırdıqlarını əsas gətirib. Çox təəcüblüdür, əslində isə biz “Caucasian” deyəndə ağ irqi nəzərdə tuturuq! Amma təəssüf etdiyini, üzr istədiyini və həyəcandan elə söylədiyini də qeyd edib şikayətçi. Başa düşdüyünüz kimi şikayətci rus əsllidir, yaşadığınız binanın əksər sakinləri post-sovet ölkələrindəndirlər, bilirsiniz.. Qeyd edim ki, şikayət mətni bizimlə şikayətçi arasında bir sirdir əslində. Bunu yalnız biz, hüquqi əsas kimi istifadə edə bilərik. Nəzərdə tutun ki, mənim bu məlumatı sizə verməyimin səbəbi, sadəcə, bu anlaşılmazlığı ortadan qaldırmaq istəməyimdir... Bu həqiqətən də belədir? Yəni Rusiyada qafqazlıları belə adlandırırlar? Niyə axı, bu ki təhqirdir?

- Belədir, hə! Təəssüf ki, belədir! Məni, bilirsiz, nə yandırır? Bizim nəslimizdə hər kəsin elmə, təhsilə çox ciddi hörməti olub. Amma, çörək dalınca qaçmaqdan təhsilə vaxt qalıb ki?! Mənim millətim neçə yüz ildir ki qul kimi işləyir. Bilirsiniz, elə mən də bura Tverdən köçmüşəm, Rusiyadan. Xurnik satırdım Azərbaycandan gətirib. Qoydular ki.. Yaxşı olsaydı, bura gəlməzdik də qaçıb. Heç olmasa uşaq oxusun adam olsun istədim! Burda da belə, məhkəmələrdən canımız qurtardı ki, nəyisə öyrənməyə vaxtımız olsun?! Ömür boyu qara işlərində çalışmışıq rusların. Neft çıxarmışıq, ən yaxşı üzümü, xurniyi, narı, pomidoru, xiyarı yetişdirib aparmışıq ağızlarının içinə kimi.. Yenə də xeyri olmayıb, sevmirlər ki, sevmirlər də bizi. Gül becərdik apardiq, yenə də könüllərini ala bilmədik! “Çernajopıy” olarıq də! Qara işləri biz görmüşük, ağ işləri də bular. Vaxt olub oxumağa?! Bizim hesabımıza “ağ adam” olublar! Mən bilirəm məndən kim şikayət eləyib. Güya indi onun qoyuna yazığı gəlir də! Güya heç qoyun kəsiləni görməyib Rusiyada!? Bah! Bah! Özlərini təmiz göstərmək üçün ayaq üstə durublar elə!...

- Baxın, cənab, mən istəmirəm ki, siz bu məsələylə bağlı bir daha mənim qarşıma gələsiniz! Bu məsələni burada bağlamağınızı istəyirəm! Ən əsası da, istəyirəm ki, anlayasınız ki, heyvanla elə davrana bilməzsiniz. Bunun şikayətçinin şəxsiyyətiylə heç bir əlaqəsi yoxdur, siz düzgün hərəkət eləməmisiniz! Bunu qəbul edin!

- Mən belə axmaqlığı qəbul edə bilmərəm!...

- Düşünmək üçün mən sizə Sovetlərdən fərqli olaraq vaxt verərəm, narahat olmayın! On beş sutka da əlavə edirəm cəzanın üzərinə! Səhərdən şikayət edirdin vaxtım olmayıb deyə...

ZİNN

Günün bütün mövzuları

XS
SM
MD
LG