Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:14

Səxavət Sahil "Qadın köynəyi" (20-liyə düşməyən hekayə)


Səxavət Sahil

Səxavət Sahil

-

Onun pirojnalarını əvvəlcə öpüb, qoxulayıb sonra gözlərimi yumub yedim. Elə bil ki onun əllərini yeyirdim. İzaholunmaz xoş hisslərin içindəydim.


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Səxavət Sahil


QADIN KÖYNƏYİ



Ona belə bir SMS yazdım: “Salam. Özün məndən qaçırsan, heç olmasa, geyindiyin köynəyin birini mənə ver. Ürəyim səni istəyəndə üzümə sürtüm, qoxunu nəfəsimə çəkim...”

Gecə saat 4 olardı. Nəsə oyanmışdım. Yuxum qaçmışdı. Elə bil Hipnosun lənətinə gəlmişdim. Telefona tez-tez baxırdım. Deyirdim birdən o da mənim kimi ayıq olar.

Səhərə yaxın yatmasam da, mürgüləmişdim. SMS-in səsinə dik atıldım.

Tez telefona baxdım. “AAAAAA! Sən “manyaq”san. Bu nədi yazıbsan? Yooox, olmaz. Düzü, cavab tapıb yaza bilmədim. Özümü bir az aşağıladığıma utandım. Amma ona hədsiz bağlanmağıma görə peşmançılığım tez keçdi.

***

Onu tanıyanda ilk vaxtlar əhəmiyyət verməmişdim. Fikirləşirdim ki, sosial şəbəkənin imkanlarından “yararlanan”, gözünün qurdunu virtual aləmdə öldürən qızlardandır. Elə də çox yazmırdı. İlk dəfə idi ki, beləsinə rast gəlmişdim. Gic-gic suallar vermirdi. Artıq söz yazmırdı. Profilinə İçərişəhərin fotosunu qoymuşdu. Dostları da çox deyildi. Onun ciddi bir xanım olmasını hiss eləyirdim. Suallarıma da real cavablar yazırdı. Hətta özü ilə bağlı həqiqəti çəkinmədən yazmışdı. Bir dəfə söruşdum ki, məni hardan tanıyırsan? Dedi ki, şəklini qızlar mənə göstəriblər.

Hər kəs bilir ki, qadasını aldığım “Facebook”da, səhifənin sağ yuxarı tərəfində şəbəkəyə üzv olanların fotoları yayımlanır və altında da “dosluq göndər” sözləri yazılır. İş yoldaşları şəklimi ona elə göstərib. O da, məni bəyənib.

Səmimiyyəti xoşuma gəlmişdi. Buna görə mən də ona hörmətlə yanaşırdım. Özümün də ciddiliyimi qoruyub saxlamağa çalışırdım. Bu günə qədər kiməsə bağlanmağı ağlıma gətirməsəm də, münasibətimizin dərinləşdiyini başa düşürdüm. Qəribədir, daxilimdə hansısa bir qüvvə bunu istəyirdi. Görmədiyim, tanımadığım adamla virtual yaxınlıq, daxilimə sirayət eləyirdi. Artıq onu düşünəndə həyəcanlanmağa başlayırdım...

***

Ali təhsilliydi. Neftlə bağlı olan kompaniyaların birində işləyirdi. İşdən başı açılanda rəfiqələri ilə “Mado” restoranına gedirdi. Xüsusən də şənbə və bazar günləri istirahətə üstünlük verirdi. Kinoya getməyi xoşlayırdı. İşə isə atasının xidməti avtomobilində gedib-gəlirdi.

Şəklini istədim, tərəddüd elədi. Amma maraq məni üstələdiyindən əl çəkmədim. Uzun xahiş-minnətdən sonra dedi ki, müvəqqəti profilimə qoyub sonra götürəcəm. Bax, sonra pozum. Şəklini görəndə həqiqətən ürək döyüntülərimin sürəti artmağa başladı. Qaraqaş, qaragöz, şirin bir qızıydı. Əvvəlcə inanmadım. Amma daxilimdə həmin o quvvə ki varıydı, məni arın-arxayın elədi, özüdür ki, var. Çaşıb qalmışdım. Şəklin təsiri, aurası məni ovsunlayırdı. Sevinirdim, qəşəng və ciddi qıza rast gəldiyimə görə sevinirdim.

***

İnadından əl çəkmirdi ki, çəkmirdi. Mən də elə eynən onun özü kimi öz inadımdan ikiəlli yapışmışdım. Onu itirəcəyimdən qorxurdum. Ən azından imkanlı ailənin qızıydı. O hara, mən hara? Ona görə də münasibətlərimizin davam etdiyi müddətdə köynəyini ondan almaq istəyirdim. Əvvəlcə elə bilmişdi ki, zarafat eləyirəm. Amma nə zarafat? İlan dili çıxardırdım. Gecələr danışanda sağollaşmaqdan qabaq yenə köynəyini istəyirdim. O da keçi inadından keçmirdi, elə hər dəfə “yox” deyirdi. Deyirdim ki, burda nə var ki, adicə bir köynəkdir. Sənə bağlandığımdan deyirəm. Onsuz da məndən qaçırsan. Heç olmasa, səndən mənə nəsə qalsın.

Məndən qaçmağa o vaxt başladı ki, artıq məni özünə bağlamışdı. Bəlkə də özü istəmədən bağlamışdı, deyə bilmərəm. İçimdəki həmin o qüvvə ki varıydı, onun xeyirinə işləyirdi. Mən də əlacsız qalırdım.

Hə, onu deyirdim axı, ona bağlanandan sonra geriyə yol yoxuydu. 11-ci sinifdə oxuyan oğlanlar kimi, əməlli-başlı sevirdim. Səfeh səslənsə də, vurulduğumu özüm-özümə sübut eləmişdim. Bütün günü onu fikirləşirdim. Utandığımdan dost-tanışa açıb-ağarda bilmirdim. Qalırdım qırıla-qırıla. Sevgidən utanmaq buna deyirlərmiş...
Birtəhər dilə tutub nömrəsini aldım. Səsini eşitmək istəyirdim. İstəyimə çatdım. Ürəyəyatan, həlim səsi varıydı. Eşidəndə adama sakitlik gətirirdi. Əsas məsələ isə onu görmək idi. Deyirdi ki, darıxma, görüşərik. Mən isə darıxırdım.
Onu necə görəcəyimi götür-qoy edirdim. Şəklini görəndən sonra rahatlıq tapa bilmirdim.

Görüşməyimiz qəfil oldu. “Facebook”da yazışırdıq. Axşamtərəfi idi. Saat hardasa 7 olardı. O, işdən tez çıxırdı. Xidməti avtomobillə getdiyindən demək olar ki, saat 6-ya qalmış evə çatırdı.

Ordan-burdan yazışırdıq. Sözarası yazdı ki, pirojna bişirirəm. Mən də bir az sırtıqlığıma salıb yazdım ki, “Bəs mənim payım?”. Yazdı ki, sənin payını saxlayacam, sabah verərəm. Sevindiyimdən həyəcanlandım. İnana bilmirdim...

Səhəri gün, günorta iş yerinin qabağına gəlib əllərim əsə-əsə zəng elədim ki, gəlmişəm, burdayam. Dedi gözlə, gəlirəm.

İlk dəfə idi ki, onu görəcəkdim. Ürəyimin döyüntüsünü apaydınca eşidirdim, az qalırdı yerindən çıxsın. Bədənimə istilik gəlmişdi. Yaza bilmədiyim, izaholunmaz hisslərin əsirinə çevrilmişdim. Həyəcandan və utandığımdan yaxına gedə bilmədim. Yaxınlıqda dayanan sarı rəngli xidməti avtobusun tinində durub, gözləməyə başladım. Saniyələri ürək döyüntülərimlə ölçürdüm. On dəqiqəyə qədər gözlədim. Gördüm ki, xəbər çıxmadı. Elə bu vaxt zəng elədi ki, “Yoxsan axı orda, gəlib baxdım, görmədim”. Öz cəsarətsizliyimi lənətləyə-lənətləyə irəli yeridim. Özümü itirdiyimdən pis vəziyyətdə qalmlşdım. Öz-özümə ürək-dirək verib, qapıya sarı gəlib təzədən zəng vurdum. Dedi gəlirəm. Sən demə, gəlib qapıdan baxıb, görüb ki, yoxam, geri qayıdıb.

Buraxılış qapısı açıldı, durna boğazını qapıdan çıxarıb boylanmağa başladı. Qapıdan aralanıb 2-3 addım qabağa gəldi.

Üzünə baxdım, rəngi alınmışdı, o da mənim kimi həyəcanlıydı. Əvvəlcə salam verdi. Sonra əlindəki üstündə ürək şəkli olan qırmızı sellofan “klyok” u mənə uzatdı. Bu, elə bir qısa vaxt ərzində baş verdi ki, güclə çatdırıb salamına cavab verə bildim. Qapıdan içəri keçib gözdən itdi.

Şaftalı çiçəyi rəngli şalvar və eynən şalvarına uyğun şaftalı çiçəyi rəngli uzun ətəkli, ağ güllü köynək geyinmişdi. Ayağında yünğül idman ayaqqabısı varıydı. Bütün geyimi ona yaraşırdı desəm, az olar. Boyu uzun, beli incə, şax bədəni varıydı.

***

Onun pirojnalarını əvvəlcə öpüb, qoxulayıb sonra gözlərimi yumub yedim. Elə bil ki onun əllərini yeyirdim. İzaholunmaz xoş hisslərin içindəydim. Sonradan bildim ki, bu izaholunmaz, xoş hisslərin adı sevgidir.

Hər dəfə onunla yazışanda, danışanda söhbətimizn əvvəli də, axırı da köynəklə qurtarırdı. Razı sala bilmirdim. Köynəyi mənə hava, su kimi lazımıydı. Gecələr yatanda onun nəfəsini istəyirdim. Anlayırdım ki, özü mümkün deyil. Köynəyi olsaydı, hardasa bir az rahatlıq tapardım. Onun qoxusunu, tərini hiss eləyərdim...
Gecələr onu yuxuda görüb, sonra ayılırdım. Ayılanda da iztirablarım başlayırdı. Və ona mesajlar yazmağa başlayırdım. O da mənim kimi, yatmırdı. Səbəbini bilməsəm də, bildiyim odur ki, çox vaxt yuxusuz olurdu. Mesajlarım gecənin aurasına, qaranlığına qovuşub ehtirasa yuvarlanırdı. Gündüz vaxtı mən ona qətiyyən elə mesajlar yazmazdım. O da elə şeylərə meylli deyildi. Amma gecə vaxtı hər ikimiz incə duyğulara meyllənirdik. Yazdım ki, darıxıram, kaş yanımda olaydın, səni öpməkdən doymazdım. Sonra yazdım ki, düzünü de, dodağından yoxsa yanağından öpməyimi istəyirsən? Cavabında isə yazdı ki: “Boynumdan öpməyini istərdim...”
Görüşmək təkliflərimə də “yox” deyirdi. Onu heç cür yola gətirə bilmirdim. Nəinki hansısa bir kafeyə, restorana getməyi, heç 5 dəqiqəlik ayaqüstü görüşməyi də istəmirdi.

Bir gün mənə yazdı ki, istəyirsən kinoya gedək. Tez razı oldum. İstənilən halda onu görmək mənim üçün göydəndüşmə idi. Vaxt təyin edib “Nizami” kinoteatrına getdik. Saat 7-yə qalmış Natəvan heykəlinin yanında görüşdük. Bura gorüşdük yazıram, amma görüşə qədərki vəziyyəti də təsvir etmək istəyirəm. Əslində o vəziyyəti təsvir etmək bura bir-iki cümlə yazmaqdan ibarət deyil. Natəvanın heykəlinə çatana qədər yüz dəfə ölüb-dirildim, həyəcandan ürəyim az qalırdı ki, yerindən çıxsın. Sevinc dolu həyəcan, qəribə hisslər, xoş duyğular bir-birinə qarışmışdı. Bu dəfə də maraqlı geyinmişdi. “Gözələ al da yaraşır, şal da” məsəli nə qədər həqiqət imiş. Boz şalvar, eyni rəngli köynək, üstündən də bozdan bir az tünd qalın gödəkçə geyinmişdi. Məsum və həyəcanlı görünürdü. Öz geyimimi təsvir etməyə ehtiyac olmasa da, deyim ki, olanımı geyinmişdim. Salamlaşıb bir neçə dəqiqə danışmadan yanaşı getdik. Sonra söhbətə başladım. İşdən, havadan və uyğun olmayan şeylərdən danışdıq. Kinoteatrın kassasına yaxınlaşıb satıcının şüşəsinə yapışdırılmış kiçik elan lövhəsinə baxdıq. Seçimi ona həvalə etdim. “Girov-2” filmini seçdi.

Yanaşı oturduq. Həyəcanım azalmaq bilmirdi. Hiss elədim ki, o da məndən beş-betər gündədir. Yanaqlarımın qızartısı azalmaq bilmirdi. Film başladı. Əslində film mənə maraqlı deyildi. Mən ona baxırdım. Ona baxmağıma utancaq təbəssümlə cavab verirdi.

Yanımda ola-ola mesaj yazdım ki, icazə ver, əlindən tutum. Kobudluq eləmək istəmirdim. Onu incitmək qətiyyən olmazdı. Xətrinə dəysəm, məndən üz döndərsəydi, mənim üçün hədsiz çətin olardı. Yazdı ki, olmaz. İstədim qəfil əlindən tutum, ehtiyat elədim. Film isə davam edirdi. Ara-sıra maraqlı yerləri olanda ikimiz də ekrana baxırdıq. Əslində isə biz ora isinişməyə, yaxınlaşmağa, doğmalaşmağa getmişdik. Sonra ona etiraf etdim. Bura yazmağım düşüklük olar deyə yazmıram. Amma həyəcanla sevgi etirafımı etdim. Susdu, üzünə təbəssüm qondu. Bir az keçəndən sonra istər-istəməz əllərindən tutdum. Dartındı, buraxmadım. Bir neçə saniyədən sonra sakitləşdi, amma həyəcanlandı, nəfəs alması sürətləndi. Bir neçə dəfə dərindən ah çəkdi. Əllərini buraxmadım. Gözlərinə baxa baxa əllərini dodaqlarıma yaxınlaşdırdım. Nəfəsim əllərinə toxunanda gözlərini yumub kresloya sərildi.

Kinoteatrdan çıxanda, yolboyu dəfələrlə əlindən tutub, ona vurulduğumu, çox sevdiyimi təkrar elədim. Gətirib marşruta qədər ötürdüm. Avtobus gözdən itənə qədər gözlədim. Yazıyagəlməz şövq içindəydim, sevginin cazibəsindən qopa bilmirdim. Əslində heç qopmaq da istəmirdim.

***

Əsas dərdim onun köynəyini almaq idi ki, ona da nail ola bilmirdim. Birdən ağlıma gəldi ki, köynəyini hardan aldığını soruşum. Xüsusən də ilk dəfə onu görəndə geyindiyi köynək çox xoşuma gəlirdi. Axşamlar danışırdıq. Sözarası geyimlərini hardan aldığını öyrəndim. Hətta gülə-gülə dedi ki, sənin xoşuna gələn köynəyi “Miss bahar”dan almışam.

Ertəsi gün günorta özümü verdim “Tarqovı”dakı “Miss bahar”a. İçəridə təkcə qadın paltarları satıldığından bir az utandım. Satıcı xanımlar yaxınlaşıb seçimə kömək təklif etsələr də, əhəmiyyət vermədim. Nəhayət, axtarışlarım nəticə verdi. Tapdım. Amma qiyməti baha idi, cibimə cətinliklə uyğun gəlirdi. Utana- utana qiymətdə endirim etməyi xahiş etdim. Satıcı dedi ki, 40 faiz endirim var, amma ondan aşağı mümkün deyil. Düzü, buna çox sevindim. Sən demə, mövsümün sonu olduğundan burdakı mallara 40 faiz endirim ediblər. Endirimlə 85 manat verdim. Sevinə-sevinə düz evə gəldim. Dünya-aləm vecimə deyildi. Paltar şkafını açıb, köynəyi paltarlarımın içinə asdım.

Həmin günü əvvəlkilərdən daha tez yatdım. Yatdım deyəndə, yatağıma girib uzandım, onun köynəyini də sinəmin üstünə sərib, gözlərimi yumdum.

***

Hər axşam yatanda köynəyi böyrümə sərib yatmağa vərdiş eləmişdim. Köynəklə yatandan sonra rahatlıq tapmışdım, əvvəlki kimi iztirab çəkmirdim. Özümə də qəribə gəlirdi. Ona isə bu barədə heç nə demirdim. Qorxurdum ki, mənim səfeh olduğum qənaətinə gələr.

Köynəyi alandan bir gün sonra mənə mesaj yazdı ki, sənin xoşuna gələn köynəyi itirmişəm. Buna görə də üzülürəm. Zarafata salıb dedim ki, onu mən oğurlamışam.
Hər gecə köynəyi sinəmin üstünə sərib, telefonda onunla danışmaq xoşuma gəlirdi. Elə bil ki bununla gözümün qurdunu öldürürdüm. Bu, həm də qəribə aura ilə əhatələnirdi. Son vaxtlar onu tez-tez yuxuda görürdüm.

***

Bir neçə gün onunla danışa bilmədim. Üzülmüşdüm. Təsəllini köynəkdə tapmışdım. Adi gecələrdən biriydi. Həmişəki kimi köynəyi sinəmin üstünə sərib yatdım. Necə yuxuya getməyimdən xəbərsiz idim. Bir də gördüm ki, sıxılıram, nəsə mənə sarılıb sıxır. Qəflətən qan-tər içində dik atıldım. Gördüm ki, köynəyin qolları belimə sarılıb...

Günün bütün mövzuları

XS
SM
MD
LG