Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10
-

Lerik rayonunun 22 km-lik Piran-Veri dağ yolu yarasız hala düşdüyündən, yarım saatlıq yolu 2 saata getməli olursan. İşdir, bir sürücüyə yaxınlaşıb, onu Lənkərandan-Veriyə və ya əksinə aparmasını istəsən, dinməz-söyləməz 15-20 manat yol haqqı istəyəcək. Üstəlik, bu yolun çala-çuxurları səni nehrə kimi çalxalayacaq.

Həmin yolla gedirik. Sakinlərin müraciəti ilə əlaqədar səmtimiz Veri, Küsəkəran, Babaküçə kəndlərinədir. Dağ kəndlərinə uzanan bu kələ-kötür yolla irəliləyən «Niva»nın sürücüsü Elsevər Məmmədov söhbətinə yol problemindən başlayır.

Deyir, yay aylarında bu yolla mənzil başına saat yarım, iki saata gedib çatmaq olursa, qışda bu da mümkün deyil:

«Biri xəstələnsə, ölümcül halda olsa onu xəstəxanaya çatdırmaq müşkül məsələdir. Siz də şahid olursunuz ki, yollarımız bərbad vəziyyətdədir».

Yolun elə yerləri var ki, ordan keçmək ürək və bacarıq tələb edir. Sürücü «bir anlıq sayıqlığımı itirsəm dərəyə düşərik» deyir. Yol boyu irəlilədikcə çalaların sayı da artır. Bir neçə xırda dağ çayını keçməli, bu çayların birində dayanmalı oluruq. Çayın ortasında iki maşın xarab olub qaldığından, yolu keçmək mümkün olmur. Yolun çaydan keçən hissəsi o qədər dardır ki, qarşı-qarşıya gələn maşınlar yolu keçmək üçün bir-birini gözləməli olurlar.

YOLLARDA BİTƏN ÖMÜR

Veri kənd orta məktəbinin müəllimi İlham Əliyev yola görə bir neçə dəfə bədbəxt hadisənin baş verdiyini xatırlayır:

«Yağış vaxtı bu çaydan keçmək mümkün deyil. Qışda 3-4 saata çatırıq. Neçə xəstəmiz yolda keçinib. Qışda doğuşa aparılan qadın elə yolda rəhmətə getdi, uşaq da öldü. Bundan başqa ürək xəstəsi olan bir gənci də xəstəxanaya vaxtında çatdırmaq mümkün olmayıb, o da yolda vəfat edib. Elə bu yol üzündən əksər cavanlar köçüb, Bakıda daş karxanalarında işləyirlər. Məşğuliyyət yox, iş yox, güc yox. Bizim vəziyyət belədir. Ərzağı Lənkərandan alıb gətiririk».

100 MANATA MAŞIN TUT O DA...

Yolda daha bir nasaz vəziyyətdə olan «UAZ»a rast gəlirik. Lənkərana gedib-gəlmək üçün 100 manat pul ödəyən ailə maşın sıradan çıxdığından yolda qalıb. Sürücü də sərnişinlər də bizi görən kimi yoldan gileylənir:

«Dəvrədibidən Veriyə qədər yol çox pisdir. Yola görə əziyyət çəkirik. İstəyirik ki, yol düzəlsin. Arzumuz bu yolun asfaltlanmasıdır».

Veri kəndinə az qalmış, dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən Küsəkəran kəndinə çatırıq. Kənddə tək-tük adam gözə dəyir. Onlar da qocalar və uşaqlardır. İlk rastlaşdığımız kənd sakini 70 yaşlı Əliməmməd Məmmədov olur. Hal-əhvaldan sonra o söhbətə başlayır:

«Siz bu yolla gəldiniz, gördünüz vəziyyətimiz necədir. Bu kəndin 800-ə yaxın əhalisi var. Çox istəyərdik bu vəziyyətimiz prezidentimizə çatdırılsın. Bizə köməklik eləsin».

KƏNDLƏRİ TƏRK EDİB GEDƏNLƏR

Yolla bağlı kənd sakinlərinin təlaşını sonra başa düşdük. Babaküçə kənd sakini, Veri bələdiyyəsinin sabiq sədr müavini Ağaddin İbrahimov son 10-15 ildə Vilvan ərazi vahidindən 3500 adamın köçüb getdiyini deyir.

Təkcə Babaküçə kəndində 26 ev boşdur. Sakinlərin köçməsinə səbəb kimi yolun və işin olmaması göstərilir.

Atılmış evlərin birini ziyarət edirik. Şüşələri qırılmış, hər an uçmaq təhlükəsində olan evin tavanından hörümçək torları sallanır, qırıq dam örtüyündən içəriyə süzülən yağış suları döşəməni çürüdüb.

Ağaddin İbrahimov bu evdə yaşayanların da iş dalınca paytaxta üz tutduğunu deyir:

«Bu da işsiz idi, köçüb Bakıya. İşsizlik problemi var. Bizim kənddə 26 belə ev boşdur. 76 evdən hal-hazırda 50 evdə yaşayış var. Yarısı Rusiyaya köçüb, yarısı Bakıya. Daş sexlərində işləyirlər. Evlər də baxımsızlıqdan dağılır».

PUL OLSA BAXILACAQ

Bir müddət əvvəl bir qrup kənd sakini yolun təmir edilməsi üçün ölkə prezidentinə müraciət edib.

Sakinlər müraciətlərinə cavabı isə «Azəryolservis» acıq səhmdar cəmiyyətdən alıblar. Qurumun sədr müavini Vaqif Hacıyev sakinlərə maliyyə ayrılmasından asılı olaraq bu məsələyə baxılacağını deyib.

Şərhləri göstər

XS
SM
MD
LG