Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

Rasim Qaraca: "Qan Turalı deyirdi ki, güneyli yazarlar mənasızdı" (Debat)


Sayman Aruz (sağda) və Qan Turalı

Sayman Aruz (sağda) və Qan Turalı

-

"Rasim Qaraca:

- Ən qəribəsi də budur ki, mən güney ədəbiyyatını jurnalda çap edəndə bizim yaxın dost çevrəsindən çoxlu qınaqlar eşidirdim. Yəni “güneyliləri çox çap edirsən, onlar mənasızdır” deyənlər vardı. Onlardan biri də Qan Turalı idi.

Qan Turalı:

- Rasim bəy bir balaca səhv xatırlayır..."



Azərbaycanda belə düşünənlər də var ki, İrandakı azərbaycanlı yazarlar yüksək səviyyəli əsərlər yarada bilmirlər və Azərbaycanda milli hisslər önə çəkilərək onlara layiq olduqlarından artıq dəyər verilir.

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata bu günlərdə sözləri çəp gələn iki yazar - İran Azərbaycanından olan Sayman Aruz və onun güneyli yazarlara yer ayırmamaqda suçladığı kulis.az saytının baş redaktoru Qan Turalı, eləcə də yazıçılar Rasim QaracaSeymur Baycan qatıldılar.


Sayman Aruz:

- Mən durumdan razı deyiləm. Ancaq bu o demək deyil ki, müəyyən qrupdan, müəyyən adamdan narazıyam. Yox, mən xalqın içində indi olmayan o milli ruhdan, xüsusilə də Cənubi Azərbaycanla bağlı durumdan narazıyam. Yazarlar Cənubi Azərbaycan mövzusuna az diqqət göstərirlər. Xüsusən də 1990-cı illərdən bu yana, müstəqillik qazanıldıqdan sonra ədəbiyyatda boşluq yaranıb. Bu boşluğu doldurmağa çalışan gənclər bir o qədər də Cənubi Azərbaycan və yaxud bütöv Azərbaycan ədəbiyyatına, mövzusuna biganədir. Cənubi Azərbaycan isə buna baxmır, gün-gündən azadlığı və müstəqilliyi uğrunda vuruşur və irəli gedir. Orda saysız-hesabsız gənc yazarlar var. onlara yiyə durmaq lazımdır. Onlara kimsə yiyə durmasa, müəyyən qüvvələr onlara yiyələnib özümüzə qarşı istifadə edə bilərlər. Buna görə də o gənclərə diqqət göstərməklə, çap etməklə yiyələnməliyik, Azərbaycanımızın, dövlətçiliyimizin xeyri naminə istifadə etməliyik.

Ş.Bəylərqızı:

- Dediniz ki, 1990-cı illərdən sonra İran Azərbaycanı mövzusu unuduldu. Sovet dövründə bu mövzuda yazan çoxsaylı yazıçı və şairlər vardı. Həmin vaxt bu siyasi sifarişlə yazılırdı. Belə çıxır ki, indi bu mövzuya sosial sifariş olmadığından unudulub?

S.Aruz:

- Sovet dövründə bu mövzuya diqqət var idi, qonorar verilirdi, amma bu yalnız Cənubi Azərbaycan mövzusuna aid deyildi. Dövlətə qulluq edən ədəbiyyatın bir hissəsində də cənub mövzusu dururdu. Azərbaycan müstəqillik qazandıqdan sonra ona təzyiqlər də artdı. Siyasi təzyiqlərin çoxluğu Azərbaycana mane olur ki, istədiyi formada hərəkət etsin. Artıq burda xalq ortaya girməlidir. Bu gün müstəqil insanların ruhu, qanı bunu istəməlidir. Mənə elə gəlir ki, cənub mövzusu gözəl mövzudur. Ona diqqət göstərən yazıçı öz yaradıcılığını da irəli aparacaq. Səbəb nədir? Şimali Azərbaycanda ədəbi prosesləri izləyirəm, orda acı və kədər azdır. Burdakı acı, kədər yalnız oğlan-qız münasibəti, üzdə olan adi problemlərdir. Ona görə də burda ədəbiyyat o qədər də dərinə getmir.

Ş.Bəylərqızı:

- Amma bu cəmiyyətin Qarabağ itkisi də var və bu ədəbiyyatda ara-sıra əksini tapır.

S.Aruz:

- Sözsüz. Ancaq bu gün xalq Qarabağ problemində iştirak etmir axı. Cənubi Azərbaycanda hər kəs hər saniyə təhlükə altındadır. Bu da onu yaradıcılıqda yeni yollar axtarmağa vadar edir, məhbus olan kəs azadlıq yolunu axtarar.

Qan Turalı

Qan Turalı



Qan Turalı:

- Hər bir Azərbaycan yazıçısı bilməlidir ki, Azərbaycan parçalanmış coğrafiyadır, böyük bir dövlətin zərrələridir, bizim respublika onun kiçik hissəsində yaranıb. Tarixən Azərbaycan dilində danışan etnos var. Bizim dövlətin 80 faizi işğal altındadır, bunun böyük hissəsi İrandadır, bir hissəsi Gürcüstanda, Rusiyada və Ermənistandadır. Hər bir Azərbaycan yazıçısı məmləkətin nə qədər böyük olduğunu bilməlidir. Bu böyük ərazidə onun yazdığı oxunula, anlaşıla bilər. Ancaq reallıq da var. Mən özüm iki dəfə İranda olmuşam və ordakı vəziyyəti az-çox bilirəm. Bəzi millətçilər, Sayman bəy kimi İrandan gələn millətçi gənclər var. Bunlar İrandakı vəziyyəti olduğu kimi təsvir etmirlər. Onlar elə təqdim edirlər ki, orda sanki bütün xalq milli azadlıq mübarizəsinə köklənib. Orda sanki hamı milli azadlıq, dil uğrunda mübarizə aparır. Belə deyil. Rahat bilirəm ki, orda da insanlar totalitarizm boyunduruğu altında əziyyət çəkirlər. Bizim ultra-millətçilər “İran adlanan dövlət” ifadəsini tez-tez işlədirlər, həqarətli münasibət var. Halbuki rəhmətlik Azərbaycan prezidenti Əbülfəz Elçibəy də deyirdi ki, ordakı azərbaycanlıların İran adlı dövlətə sevgisi var, bu dövlətin adı İrandır və tarixən onu türklər idarə ediblər. Ordakı soydaşlarımız həmin dövlətdə sıx birləşiblər, hətta Amerika təhlükəsinə qarşı farslarla, kürdlərlə bəluclarla bir yerdədirlər. Yəni orda milli azadlıq uğrunda mübarizə yoxdur, reallıq budur, ayrı-ayrı fərdlər mübarizə aparır. Könül istərdi ki, həmin mübarizə daha geniş kütlələr arasında yayılaydı.

Ş.Bəylərqızı:

- Ədəbiyyat mövzusuna gələk.

Q.Turalı:

- İstər güney mövzusu olsun, istər başqa, mən yazıçıya hansısa mövzudan yazmırlar deməyi düz saymıram, etik saymıram. Qarabağ mövzusu ilə bağlı da belədir, bu, yazıçının şəxsi təşəbbüsüdür, mətbəxi ilə bağlıdır. Sovet dövründə İran mövzusunda yazılanlar da siyasi sifariş idi. İslam inqilabına qədər orda hakimiyyət uğrunda iki qüvvə mübarizə aparırdı: ayətullahlar və Tudə kommunist partiyası. Tudə partiyasına təbliğat vasitəsinə çevrilmək üçün Azərbaycanda Cənubi Azərbaycan mövzusunda makalatura da yaranıb, ciddi ədəbiyyat da. Ona görə indi Azərbaycan yazıçısından niyə yazmırlar - deyə nəsə tələb etmək düz deyil, o, siyasi məsələ idi. İstər Azərbaycan olmur, istər Vyetnam olsun, ədəbiyyatın siyasi mübarizə aparacağına inanmıram. Ədəbiyyatın siyasi mübarizə aparmaq kimi funksiyası yoxdur. Kim məsələni bu cür qoyursa, özü siyasi mübarizədən qaçır. Burda bütün günü Qarabağ haqda dil deyib ağlayırlar, yüzlərlə roman yazılır, Ağdamın bir kəndi azad olunurmu? Və ya bu, Azərbaycan ordusunun hərbi rəşadətinə bir qram təsir edirmi? Qarabağı alası olan Azərbaycan ordusur, Azərbaycan ədəbiyyatı deyil.

S.Aruz:

- Vallah, mən bu münasibətə təəssüf edirəm. Görünür, Tural bəy yalnız eşitdiklərini deyir. Yaxşı müşahidə qabiliyyəti də yoxdur. Cənubi Azərbaycanda milli dəyərlərinə bağlı hər kəs görür ki, xalqı özü kimi yaşamır. Xalq basqı altındadır. Bu durumda olan xalq hər adama da öz ürəyini açmır ki... Mən 34 il orda yaşamışam, sonra gəlmişəm bura. Bəs biz o xalqdan deyilikmi? Biz Amerikadan düşmüşük, ya göydən düşmüşük? Qayıdaq sovet dövrünə. Söhrab Tahir yazdığına görə qonorar alıb, bəli. Amma o, Pişəvəri döyüşçülərindən olub, nə qədər ora bağlı olub. İstər ədəbiyyatçı olsun, istər siyasətçi olsun, xalqın maraqlarını müdafiə etməyə borcludur. Əlirza Oxtay olmasaydı, bu gün mübarizə ədəbiyyatı yaranmazdı. Bu gün burda 9 milyon Qarabağ uğrunda döyüşmür ki? Müəyyən qrup adamların məsuliyyətidir ki, xalqı oyatsın. Biz Qan Turalının dediyi kimi işğalda olan Azərbaycan torpaqlarını ən azından mədəni baxımdan birləşdirməyə məcburuq və məhkumuq. Burda 5 nəfər zindana düşəndə hamı yazır demokratiya belə oldu, elə oldu. Cənubi Azərbaycanda mənim 7 dostumun hərəsinə 7 il iş veriblər, günahları ana dilləri uğrunda vuruşmaqdır. Bu sənin soydaşın deyil? Yaz da dərdindən.

Rasim Qaraca

Rasim Qaraca



Rasim Qaraca:

- Yazıçıların müstəqil qərarıdır, istəsələr Güney Azərbaycan məsələsini əsərlərində əks etdirərlər, istəməsələr yox. Heç kəsə sifariş vermək olmaz. Belə bir aktuallığı varsa, yazıçının içində belə yara varsa, istərsə, yazar. Bu məsələdə yazıçılar sərbəstdirlər. Amma mən başqa məsələ haqda, güneyli yazarların burda çap olunmasından danışmaq istəyirəm. 2000-ci illərin əvvəlində “Alatoran” jurnalı çıxırdı. Şəxsən mən bunu özümə borc bildim ki, Güneydə mövcud olan yeni imzaları tapıb burdakı oxuculara təqdim edim. Sovet dövründə bəzi əlaqələr vardı, bir sıra yazarlar burda tanınırdı - başda Şəhriyar olmaqla. Amma yeni nəsillə əlaqə yox idi. Yeni imza sahibləri ilə əlaqə yaratmaq, onları üzə çıxarmaqdan ötrü uzun müddət axtarış aparmalı oldum. Məlum oldu ki, orda böyük xəzinə var. Jurnalın bir sayını Cənubi Azərbaycan ədəbiyyatına həsr etdik, səhv etmirəmsə, orda 52 imza təqdim etdik. Ondan sonra da hər sayda Güneydəki gənc imzalara yer ayırmışam. Çox gözəl də imzalar kəşf etmişəm - istər yaşlılardan, istər cavanlardan. Yaşlılardan Nasir Mənzurinin adını çəkə bilərəm. Avropada yaşayan Güntay Gəncalp, Vali Gözatan, Süleymanoğlu kimi imzalar var. Nigar Xiyavinin, İsmayıl Ülkərin, Hamid Əhmədinin adlarını çəkə bilərəm.

Ş.Bəylərqızı:

- Həmin ədəbiyyatda başlıca mövzu nədir? Siyasi mövzulara daha çox üstünlük verirlər, yoxsa başqa?

R.Qaraca:

- Ədəbiyyatın belə təyinatı yoxdur ki, sırf siyasi olsun. Müxtəlif mövzularda yazan müəlliflərdir, həyat gerçəklərini yazırlar. Hər halda yazıçı missiyası öz gerçəyini, içində bulunduğu gerçəyi başqalarına, dünyaya tanıtdırmaqdısa, onlar bu missiyanı çox gözəl bacarırlar. Bizim üçün dil orijinallığı baxımından gözəl xəzinədir. Çox təəssüf ki, biz bu xəzinəni tamamən burdakı oxucuya və ədəbi çevrəyə təqdim etməmişik. Ən qəribəsi də budur ki, mən güney ədəbiyyatını jurnalda çap edəndə bizim yaxın dost çevrəsindən çoxlu qınaqlar eşidirdim. Yəni “güneyliləri çox çap edirsən, onlar mənasızdır” deyənlər vardı. Onlardan biri də Qan Turalı idi. Əminəm ki, bu məsələdə yanlışa yol verməmişəm. Bu gündə bu yolda davam edirəm.

Şahnaz Bəylərqızı

Şahnaz Bəylərqızı



Ş.Bəylərqızı:

- Bu işin faydası nə oldu?

R.Qaraca:

- Bizim o tayda 30 milyon nüfusumuz var, bütün haqq və hüquqlardan məhrum olunublar. Onların çap olunmaq imkanı yoxdur. Burda sayt işlədən, qəzet-jurnal buraxan hər kəsin ordakı imzalara yer ayırması müqəddəs borcudur.

Q.Turalı:

- Rasim bəy bir balaca səhv xatırlayır. “Alatoran”da güneyliləri çap etməklə bağlı iradı bizim yoldaşlardan biri yazmışdı, mən deyildim bu. Əlbəttə, İran Azərbaycanı ədəbiyyatı burda çap olunmalıdır. Amma tək “Alatoran”la bağlı demirəm, bizdə elə ovqat vardı ki, sanki iranlı olmaq çap olunmaq üçün bəs idi. yəni bu materialların bədii keyfiyyətinə çox fərq qoyulmur. Mənim güneylə bağlı nə problemim ola bilər? Çox sevirəm oranı. Ora gedəndə yüz il qabağı, Azərbaycanın keçmişini görürəm. orda Cəlil Məmmədquluzadənin dilində danışırlar. Sadəcə, materialların seçimində tələsiklik oldu. Rasim abi onu düz dedi ki, yazıçıya demək olmaz elə yazma, belə yaz. Həqiqətən də biz Azərbaycan xalqı - o taylı-bu taylı ədəbiyyatın ictimai funksiyasını həddən artıq şişirdirik. Çox adam deyir ki, sovet belə, marksizm elə. Bu, marksizm təzahürüdür, ədəbiyyatdakı marksizm çox eybəcərdir. Sanki bütün problemləri ədəbiyyat həll edəcək, bunlar boş-boş şeylərdir... Yenə deyirəm, biz İrandan gələn marginal qrupların dediklərinə çox inanmışıq. İran adlı dövləti ordakı azərbaycanlılar öz dövləti sayır. O dövlətin yaratdığı iqtisadi azadlıqlardan, rejimdən məmnundurlar. Onların, bəli, ana dilində təhsil problemi var, yazmaq problemi var, ifadə azadlığı problemi var. Bu da əhalinin bir faizini narahat edir. İranın üstünə düşmək düz deyil.

S.Aruz:

- Tural bəy elə danışır ki, sanki ana dili məsələsi, milli kimlik məsələsi çox adi məsələdir. o xalq guya öz halından məmnundur. Xalqı məhv etmək üçün elə onun dilini əlindən alarlar. Bizim xalq tam assimilyasiya təhlükəsi ilə üzləşib. Şəhərlərimizin adını dəyişdirirlər. Onları farslaşdırmağa çalışırlar. Türk adı qoymağa haqqın yoxdur. Bu az təhlükədir? İnsanın problemini yalnız yemək-içmək, iqtisadi azadlıqlar səviyyəsinə endirmək bir ziyalıya yaraşmaz. Biz öz evimizin içində əsir düşmüşük. Bizi əsir saxlayan diktatorun dilində danışmağa, yazmağa məcburuq. Bir də mən demirəm ki, burdakı yazarlar şeirlərini Araza-zada həsr etsinlər. Bu, ən nifrət etdiyim şeydir. Mən deyirəm ki, Cənubi Azərbaycan ədəbiyyatı təhqiq olunsun, mən özüm də hamının çapının əleyhinəyəm.

Seymur Baycan

Seymur Baycan



Seymur Baycan:

-
Mən belə qənaətə gəlmişəm ki, bu bir jurnalın, bir ədəbi mühitdəki qruplaşmanın işi deyil. Bəlkə də Güney Azərbaycan ədəbiyyatı yeganə mövzudur ki, bütün ədəbi qruplaşmaları birləşdirir. insafən hər ədəbi jurnal bacardığı qədər bu mövzuya diqqət göstərməyə çalışır. Ancaq effekt yoxdur. Məncə, mövzuya bir az dərindən yanaşmaq lazımdır, konkret işlər görülməlidir. Yəni araşdırılmalıdır ki, kimlər var orda, nə yazırlar, yazdıqları nə qədər aktualdır və yenidir. Bunu bilmədiyimizdən bəzən problemlər yaranır. Bir məqamı da deyim, 200 illik ayrılıq da öz işini görüb. Bizim aramızda söhbət, polemika o qədər də asanlıqla baş tutmur. Açıq danışmalıyıq, burda söylənənlər də xoş niyyətlə deyilir. Mən şəxsən cənublu qardaşlarımızla dil tapa bilmirəm. mənim üçün cənublularla ədəbiyyat, mədəniyyət haqda danışmaq çətindir, alınmır. Səbəb? Yəqin baxışlar dəyişib. Bəlkə də onları orda o qədər çox sıxıblar, o qədər problemləri var ki, bu ünsiyyətin alınmasına mane olur. Ordan gələnlərdə burdakıları öyrətmək yanğısı görürəm. Adi söhbət etmək istəyirsən, görürsən çox uzaqdan, çox dərindən başlayır. Bəlkə də bu onunla bağlıdır ki, adamlar söhbət etməyə kimsə tapmırlar. Bir ildə, bir ayda ediləcək söhbəti bir saatda etmək istəyirlər, bu da maneə yaradır. Mən düzü, dialoqun tərəfdarıyam, amma baş tutmayıb. Bəlkə də bu mənimlə bağlı problemdir.

S.Aruz:

- Seymur bəy haqlıdır. Cənubi Azərbaycanda o qədər sıxıntılar, tənhalıqlar görmüşük ki... Bir var gedə görəsən ki, çörək ucuzdu, "pesok" ucuzdu, deyəsən, hə, burda insanlar rahatdırlar. Amma bilməyəsən ki, bu rahat görüntüyə rəğmən insanlar sıxıntı içindədirlər, sözlərini sinələrində gizlətməyə məcburdurlar. Eyni zamanda, bizim orda oxuduğumuz ədəbiyyat - fəlsəfə, dindir. Təbii ki, yazıçı ondan çıxıb dünya ədəbiyyatına girəndə özünəməxsus yazısı, şəxsiyyəti olur. Mövlanə orda simvoldur, bu məktəbdən çıxan sözlü insan olar. Amma xarici yazıçını, Cəlil Məmmədquluzadəni oxusan, təbii ki, səni Mövlanə qədər düşündürməyə, fəlsəfəyə aparmır. Sən Seymur demişkən, ədəbi dialoqa girib fikrini də rahatca izah edərsən. Ancaq dərdimiz o qədər çoxdur ki, xalq öz dərinliyində batıb. Mən də ona görə deyirəm ki, cənublu azərbaycanlı da sözünü deməyə yer tapsın. Biz farsca oxuyuruq. Məktəbdə oxuyanda türkcə danışdığıma görə mənə 50 çubuq vurublar...

DİNLƏ

izlə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG