Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Gəncə üsyanının qəhrəmanı Cahangir bəyin Azərbaycan xalqına Müraciəti


Arxiv foto: AXC ordusunun zabitləri (1918-1920)

Arxiv foto: AXC ordusunun zabitləri (1918-1920)

-

Gəncə üsyanının qəhrəmanı polkovnik Cahangir bəy Kazımbəylinin 1953-cü il mayın 28-də QURTULUŞ Radiosu ilə Azərbaycan xalqına Müraciəti

Əziz həmvətənlər,

35 il əvvəl Azərbaycan türklərinin mübarizəsi bəhrə verdi və 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Bu, bütün türk-müsəlman aləmində ilk demokratik cümhuriyyət idi.

İstiqlal Bəyannaməsində bu demokratik prinsiplər əksini tapmışdı:

1. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin suveren sahibidir.

2. Azərbaycan dövlətinin idarəçilik forması demokratik respublikadır.

3. Azərbaycan Xalq Respublikası qonşu xalqlarla xeyirxah qonşuluq münasibətləri qurur.

4. Azərbaycan respublikası milliyyətindən, irqindən, dini inancından və sinfi mənsubiyyətindən asılı olmayaraq özünün bütün vətəndaşlarını hər cür siyasi və digər vətəndaş haqları ilə təmin edir.

Azərbaycan tarixinin ən parlaq dönəmi yaşanırdı. O günlərdə Azərbaycan türkləri dünyanın ən bəxtəvər insanları idilər. O günlərdə Azərbaycanın üçrəngli bayrağı uca göylərə yüksəlmişdi. Bu gənc cümhuriyyət bir an da yubanmadan qurub-yaratmağa başlamışdı. Dost Gürcüstanla hərbi saziş bağlanmışdı. General Səməd Ağa Mehmandarovun rəhbərliyi ilə milli ordu yaradılmışdı. Xalqı maarifləndirmək üçün hər tədbirə əl atılmışdı. Xeyli ilkin təhsil məktəbi, gimnaziya və real tədris ocağı açılmışdı. Türk dili dövlət dili elan edilmiş və bir çox Azərbaycan türkü Avropanın universitet və ali təhsil müəssisələrinə göndərilmişdi.

Şairlər, yazıçılar, rəssamlar, bəstəçilər və bütün alimlər geniş yaradıcı imkanlarla təmin edilmişdilər. Nizamilərin, Füzulilərin, Mirzə Fətəli Axundzadələrin, Həsənbəy Zərdabilərin, Hacıbəylilərin övladları həvəslə qurub-yaratmağa başlamışdılar.

Böyük bədbəxtlikdən, bu qaynar həyat qəfildən durdu. Quzey Qafqaz Respublikasının qəhrəmanca dirənişini qırandan sonra bolşeviklər Azərbaycana soxuldu və onun müstəqilliyini məhv etdi.

Novxanıda 28 May - Respublika Günü qeyd olunur

Novxanıda 28 May - Respublika Günü qeyd olunur

Ancaq Atabəylərin, Şirvanşahların, Cavadxanların övladları – Azərbaycan türkləri
ata-babalarının müqəddəs ənənələrini çeynəyə və döyüşsüz təslim ola bilməzdilər. 1920-ci il mayın 22-də bolşeviklərə qarşı möhtəşəm Gəncə üsyanı başlandı. Silah daşımağa qadir bütün azərbaycanlılar üsyana qalxan 3-cü Gəncə alayına qoşuldu və son damcı qanınadək qəhrəmanca vuruşdu.

Xalqlarımızın bolşevizmlə mübarizəsi heç vaxt ara verməyib. Azərbaycanın hər küncündə qanlı üsyanlar olub.

Bir şeyə şadıq ki, bolşevizmə qarşı mübarizədə Azərbaycan, Ermənistan, Gürcüstan və Quzey Qafqaz oğulları çiyin-çiyinə çarpışırdılar.

Və bu gün – bu əziz günümüzdə Qafqazın bütün xalqlarını daha sıx birləşməyə, daha səmimi dostluğa, bolşevizmə qarşı sarsılmaz vahid cəbhə yaratmağa çağırıram.

Əziz həmvətənlər,

35 ildir vətənimizi əsarətdə saxlayan Kreml, istər İkinci Dünya Savaşı boyunca, istərsə ondan sonra kütləvi həbs və qətlləri bütünlükdə türk-müsəlman xalqlarının cismən və mənən öldürülməsi ilə əvəzləyib. Krım və Quzey Qafqaz müsəlman türklərdən təmizlənib.

Üç il əvvəldən, yəni filosof Heydər Hüseynov Stalin mükafatından məhrum ediləndən bəri, türk-müsəlman xalqlarının tarix, ənənə və mədəniyyətinə Kremlin yeni hücumu başlanıb. O hücum bu gün də alov saçmaqdadır.

Türk-müsəlman ölkələrindəki bütün milli-azadlıq hərəkatlarına «mürtəce» damğası vurulur, hərəkat rəhbərləri də xain və öz xalqlarının düşməni adlandırılır.

Belə cinayət əməlləri ilə Kreml türk-müsəlman xalqlarının ABŞ, Böyük Britaniya və Türkiyəyə nifrətini alovlandırmağa və bununla onları Azad Dünyadan, eləcə də azad müsəlmanlardan ayırmağa can atır.

Əziz həmvətənlər,

Parlamentin iclası -1918-ci il

Parlamentin iclası -1918-ci il

Biz – xaricdə sizin azadlığınız uğrunda mücadilə edən qardaşlarınız, Sovetlər Birliyində inildəyən türk, Qafqaz və bütün xalqların mühacirəti ilə birləşərək, vahid antibolşevik cəbhə yaratmışıq. Azad Dünyanın antikommunist ictimai təşkilatları mübarizəmizi dəstəkləyir. Amerika ictimaiyyətinin bolşevizmdən qurtuluş üçün yaratdığı Amerika Komitəsi ilə sıx əməkdaşlıq şəraitində mübarizəmizi sürdürürük.

Azad Dünya Stalinin dünənki kölələrinin - Malenkovların, Beriyaların, Molotovların, Bulqaninlərin sülhsevərlik çərən-pərənlərinə daha inanmır.

Bu müqəddəs gündə birləşmiş azad ölkələrin sovet imperialist təcavüzkarlarının önünü kəsməsinə sevinirik. Həmin ölkələr öz azadlıqlarını qorumaqda, apardıqları azadlıq mübarizəsində Sovetlər Birliyinin əsir xalqlarına yardım əli uzatmaqda və nəticədə Vahid Azad Dünya qurmaqda qərarlıdırlar.

Heç bir şübhə yoxdur ki, demokratiya və despotiya arasında gedən bu mübarizədən demokratiya qalib çıxacaq və bizim Azərbaycan köləyə çevrilən bütün sovet xalqları ilə birlikdə azadlıq və müstəqilliyini qazanacaq və onlarla birgə dünya azad xalqlarının vahid ailəsinə qovuşacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG