Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22
-

- Anna Qasparyan sizi axtarır.

Çox səbrli görünən Təhməz həkim heç barmağını da tərpətmir. Amma düz gözlərinin içinə baxdığım üçün, göz bəbəklərindəki ani çırpıntıları, rəngin ağarmasını, tüklərinin biz-biz durmasını hiss edirəm...



Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Ramil Ələkbərov


AXTARIŞDA



Xırp, xırp, xırp... Əladı... Qış vaxtı, hamının yatdığı vaxt, sakitlikdə qarda gəzmək əladı. Amma indi buna vaxtım yoxdur. Özümü dərsə çatdırmalıyam. Mütləq çatmalıyam. Bu dəfə də "ssenari" dərsində iştirak edə bilməsəm, heç yaxşı olmayacaq. Müəllim heç bir bəhanəyə baxmayacaq. Görəsən, bu dəfə nə bəhanə uydura bilərəm? "Ssenari" müəlliminə yaradıcı bəhanə yəqin ki, xoş gələr... Nə bilim... Amma qışın oğlan çağında Moskva kimi şəhərdə səhər tezdən dərsə çatmaq asan deyil.

Özümü birtəhər 3-cü mərtəbədə yerləşən auditoriyaya çatdıra bildim. Səhər tezdən başladığı üçün tələbələrdən bəziləri dərsə gəlib çata bilmirdilər. Mən bu dərsin müəllimi - İrina İvanovnanı yaxşı tanıyırdım. Amma İrina İvanovna məni yaxşı tanımırdı. Hardan tanısın, o qədər tələbəsi var. Rəngimin bir balaca qarabuğdayı olmağı bəlkə də məni digər tələbələrdən bir az ayıra bilərdi.

- Sən, ad-familyan nədi?

Yan-yörəmə baxıb İrina İvanovnanın düz mənə tərəf baxdığını yəqin edəndən sonra dilləndim:

- Mən? Xalid Qasımov.

- Hardansan?

- Bakıdan. Azərbaycandan.

- Sən, deyəsən, birinci dəfədi dərsimə gəlirsən...

Dərs sona çatmışdı. Digər dərs üçün başqa auditoriyaya keçmək lazım idi. Elə təzəcə ayağa qalxıb otaqdan çıxmaq istəyirdim ki, arxadan İrina İvanovnanın səsi məni getməyə qoymadı.

- Xalid Qasımov. Sən qal.

Qal deyir, qalım da. Amma bu qalmaq məsələsi mənim xeyrimə olmaya bilər ha...

***

Yeri gəlmişkən... İrina İvanovna 35-40 yaşlarında, kinonu həddindən artıq çox sevən pedaqoq idi. Ərə getməmişdi. Əslində əsas ixtisası sosiologiya olsa da, kinoya olan sevgisi onu ölkədə ssenarist və kino tənqidçisi kimi məşhur etməyə yetmişdi. Sonradan heç vaxt dərsindən qalmadığım üçün İrina müəllimənin mənim üzərimdə olan təsirinin peşəkar və şəxsi həyatımda yer tutacağını başa düşmüşdüm. Hər hansı bir filmdən ən ciddi kino tənqidçisinin belə müzakirəyə lüzum görmədiyi xırda bir fraqment haqqında İrina müəllimə tükləri biz-biz edən, gözlərindən yaş gəlincəyə qədər təsirləndirən açıqlamalar verə bilər.

***

İrina müəllimə mənə yaxınlaşdı.

- Xalid Qasımov, mən İran kinosu haqqında araşdırma aparmaq istəyirəm.

Mən bunun mənə nə dəxli olduğunu əvvəlcə anlamasam da, İrina müəllimə İranla sərhəd olduğu üçün azərbaycanlılarla yaxşı anlaşdığını zənn eləyirdi.

- İrina İvanovna, mən sizə kömək eləməyə hazıram, amma mən özüm də fars dilini bilmirəm.

- Siz fars dilində danışmırsız?

- Xeyr, biz Azərbaycan dilində danışırq. İranda çox azərbaycanlı yaşasa da, onların rəsmi dili fars dilidir.

- Hımm... Bəs siz mənə necə kömək eləyə bilərsiz?

- İranda mənim dostlarım var. Onlara deyərəm, sizə kömək eləyərlər.

- Onlar rus dilini bilirlər?

- Xeyr... ingilis dilini...

- Yaxşı, danışarıq, gedə bilərsiz...

Auditoriyadan çıxmaq üçün qapıya tərəf gedirdim ki, birdən arxaya çevrildim.

- İrina İvanovna, istəsəniz İran filmlərinin DVD-lərini sizin üçün təşkil eləyə bilərəm. Ancaq subtitrsiz.

İrina İvanovnanın əvvəlcə gözləri parıldadı. Sonra birdən nə fikirləşdisə...

- Yaxşı, lazım olsa mən sizə deyərəm...

***

Bir gün yataqxanada mobil telefonuma tanımadığım nömrədən zəng gəldi.

Zəng eləyən İrina İvanovna idi. Məni şəhərə çağırırdı. Bir nəfərlə tanış etmək istəyirdi. Dedim yəqin İran kinosu haqqında araşdırmalara başlamaq istəyir. Vaxtı itirmədən görüş yerinə tələsdim.

Vədələşdiyimiz kafedə İrina xanımın qarşısında 45-50 yaşlarında bir qadın oturmuşdu. Qadının saçı sarı olsa da, bədən rənginin qarabuğdayı olmağı və burnunun qeyri-mütənasibliyi onu qafqazlılara oxşadırdı. Saçı da yəqin ki, sonradan rənglənmə idi.
Yanılmamışdım. Qadın Qafqazdan idi, Cənubi Qafqazdan. Erməni... Anna Qasparyan. Sən demə, illər əvvəl o, Moskvada Tibb Universitetində təhsil alıb. Onunla birlikdə Qafqazdan daha bir qrup yoldaşı var imiş. Kəlbəcər rayonundan olan Təhməz. Elə ilk kursdan Təhməzlə Anna arasında yaranan sevgi məzun olduqdan sonra evliliyə qədər gedib çıxıb. Universitetdən məzun olan kimi, Azərbaycana, Kəlbəcərə gedən cütlük adətlərə uyğun şıdırğı toy eləyiblər. Annanın valideynləri əvvəlcə razı olmasalar da, azərbaycanlılardan ziyan gəlməz deyib qızlarının qonşu məmləkətə ərə getməyinə göz yumublar. Amma müasir Romeo və Cülyettanın sevgi hekayəsi uzun çəkməyib. 1988-ci ildə onların ilk övladları - Gündüz dünyaya gələndə ermənilərlə azərbaycanlılar arasında narazıçılıqlar baş qaldırmağa başlayıb. Annanın Təhməzə olan sevgisi hədsiz olsa da, o, özünün və körpəsinin həyatından narahat olmağa başlayıb. Bir ildən sonra artıq onların Leyla adında gözəl-göyçək bir qızları da dünyaya gəlmişdi. Amma hadisələr səngimək bilmirdi.. Artıq kənddə də hamı erməni qızına düşmən kimi baxmağa, bütün ermənilərin nadanlıqlarını Annadan görməyə başlamışdılar. Anna nə qədər təkid eləsə də, Təhməz hər şeyin müvəqqəti olduğunu ömür-gün yoldaşına başa salmağa çalışır, böyük və qüdrətli Sovet İttifaqının bu narazıçılıqları tezlikə yoluna qoyacağına inanırdı. Mənəvi təzyiqlərin artıq dözülməz olduğunu anlayan Anna soyuq bir qış günündə, 1989-cu ilin dekabrında körpə qızı Leylanı da qucağına alaraq taksi ilə Gürcüstan sərhədinə gedir, bəlkə bir də görə bilməyəcəyi ömür-gün yoldaşı Təhməzi və ciyərparəsi Gündüzü də Kəlbəcərdə qoyaraq qaçır. Valideynlərinin yanında bir neçə il qalmaq istəsə də, Ermənistanda da rahat yaşaya bilmir. Nəhayət, bir gün rəfiqələrinin də köməyi ilə Moskvaya köçür. Artıq o vaxtdan 20 il ötüb. Anna Moskvada Tibb Universitetinin kafedra müdiridir. Bütün Rusiyada adla tanınan mütəxəssisdir.

Annanın söhbətini maraqla dinləyirdim. Artıq 20 il keçib. Bəs Annanın məndən istədiyi nədir, məni maraqlandıran əsas bu məqamdır.

Anna hələ xahişini səsləndirməyə tələsmir. Amma narahatçılıq çəkdiyi davranışlarından, əlinin əsməyindən hiss olunur. Bayaqdan masanın üstündə qalıb soyumuş çayı birnəfəsə başına çəkir. Fincanı nəlbəkiyə qoyan kimi düz mənim gözlərimin içinə baxır.

- Ərimi axtarıram.

Çətin vəziyyətə düşmüşdüm. Həm də sevimli müəllimim İrina İvanovnanın rəfiqəsidir, mütləq nəsə kömək etməliyəm.

***

Universiteti bitirənə qədər tətillərdə bir neçə dəfə Bakıya qayıtmışdım. Hər dəfə də Annanın ərini axtarmaq üçün soraqlaşırdım. Həqiqətən ona kömək eləmək istəyirdim. Ən azından İrina İvanovnanın xətrinə. Amma kəlbəcərli həkimi tapa bilmirdim. Təhməz Məmmədov adlı həkim elə bil göyə çəkilib. Amma Bakıya son səfərlərimdən birində bəxtim gətirdi. Televizorda tüğyan edən klinika reklamlarından birində məşhur ultra-səs müayinə həkimi Təhməz Məmmədovun adını eşitdim. Klinikadan soraqlaşıb öyrəndim ki, axtardığım elə həmin kəlbəcərli Təhməz Məmmədovdur.

Klinikanın yaxınlığındakı çayxanalardan birində görüş təyin etdim. Qarşımda 50 yaşlarında, saçlarının çox hissəsi artıq ağarmış, orta çəkili, qarabuğdayı bir kişi oturmuşdu. Sözə necə başlayacağımı bilmirdim. Təhməz həkim də yəqin ki, ilk dəfə gördüyü bu cavan oğlanın onunla nə işi ola biləcəyini fikrində götür-qoy edirdi. Maraqla ağzımdan çıxacaq sözü gözləyirdi. Ən kəsə yolla başlamağı qərara aldım:

- Anna Qasparyan sizi axtarır.

Çox səbrli görünən Təhməz həkim heç barmağını da tərpətmir. Amma düz gözlərinin içinə baxdığım üçün, göz bəbəklərindəki ani çırpıntıları, rəngin ağarmasını, tüklərinin biz-biz durmasını hiss edirəm. Uzun sükutdan sonra Təhməz həkimdən səs çıxır.

- Mənim xoşbəxt ailəm, 1 oğlum, 2 qızım var.

Söhbət əsnasında öyrəndim ki, Anna gedəndən sonra uzun müddət, 10 il ərzində Təhməz evlənməyib. Siyasi vəziyyətin dəyişəcəyini, ömür-gün yoldaşının qayıdıb gələcəyini ümid edib.

Qısa görüşümüz başa çatır. Biruzə vermək istəməsə də, Təhməz həkim bu hadisədən dəhşətli dərəcədə təsirlənir. Bunu hiss edib onu ötürməyi təklif edirəm. Amma Təhməz həkim heç bir şey olmamış kimi görünmək istəyir. O, görüşə öz maşını ilə gəlmişdi. Özündən arxayın şəkildə maşınına minib sürür. Mənim də yolum eyni tərəfdən olduğu üçün təbii ki, arxasınca gedirəm. Təxminən 100 metr aralandıqdan sonra Təhməz həkim maşınını kənara verib saxlayır... Əlbəttə... Asan deyil... Qəflətən doğma qızından və həyat yoldaşından xəbər almaq...

***

Bir neçə gündən sonra diplomumu almaq üçün Moskvaya gedirəm. Aeroporta getmədən son dəfə Təhməz həkimə zəng edirəm.

Təhməz həkimin telefonda dediyi yeganə söz bu olur:

- Nə siz məni görmüsüz, nə də mən sizi.

***

Dörd illik universitet həyatım bitdi. Diplomumu aldıqdan sonra oradan öyrəndiklərimi, həyat təcrübələrimi tətbiq etmək üçün Vətənə qayıdıram. Aeroportdan Anna Qasparyana zəng vururam. Ona axtarışlarımın nəticə vermədiyini başa salıram.

Dəstəyin o biri tərəfində uzun səssizlik olur. Hıçqırıq səsindən sonra telefonun dəstəyi asılır. Yenidən Annaya zəng etməyi fikirləşirəm. Amma əlimi tez dəstəkdən çəkirəm. Yəqin ki, bu hadisə gələcəkdə gəlib öz məntiqi nəticəsini tapacaq. Ya real həyatda, ya da mənim ssenarisini yazacağım filmdə.

Deyirlər bu yay Bakıda havalar yaman isti olacaq. Nə dənizin vaxtıdı...

Çantamı götürüb aeroportdakı gözləmə zalına yaxınlaşıram. Azərbaycan Hava Yollarına aid reysə minik başlanır...

fevral 2013

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG