Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Cəlil Cavanşirin 20-liyə düşməyən hekayəsi: "Xəyanət"


Cəlil Cavanşir
Cəlil Cavanşir
-

Atası Rusiyada pul qazanmaq əvəzinə qumara qurşanır, günlərin bir günü də qumar borcunu verə bilmədiyi üçün öldürülür. Cənazəsi evlərinə çatmamış, borc sahibləri qapını döyür.

Anasına hədə-qorxu gəlib, borc əvəzinə Gülnarı aparacaqları ilə hədələyirlər.



Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Cəlil Cavanşir


XƏYANƏT


Soyuq bir qış günü idi.

Çayxanada saatlarla domino oynayıb vaxt öldürəndən sonra təmiz hava udmağa çıxmışdım. Bizim şəhərdə qar yağanda hava o qədər təmiz olur ki... Qarın üstündə iz sala-sala “Şah Abbas” məscidinin həyətində gəzişirdim. Qar yağanda soyuqdan büzüşə-büzüşə siqaret sümürməyin ayrı ləzzəti var. Bütün diqqətimi havada uçuşan qar dənələrinə cəmləşdirmiş, ətrafımda qartopu oynayan gənclərə demək olar ki baxmırdım. Qəfildən başıma dəyən qartopu məni elə diksindirdi ki, qışqırdım.

10-15 metr kənarda dayanıb qartopu oynayanlara baxan xanım şaqqanaq çəkib gülməyə başladı. Pərt halda növbəti siqareti yandırmaq istəyirdim ki, gülüşləri ilə məni əsəbiləşdirən xanıma da qəşəng bir qartopu “tutuzdurdular”. Məndən fərqli olaraq ağ şubasına bərk-bərk bürünən xanım qartopu oynayanlara qışqırmağa başladı. “Axmaqlar, sizin ananız, bacınız yoxdur? Utanmazlar, gedin öz tayınıza atın qartopunu.” Cəsarətimi toplayıb, ona doğru addımladım. Hirslənməyi mənə ləzzət eləmişdi. Siqaretin tüstüsünü havaya üfürüb, ona yaxınlaşdım. Hələ də güldüyümü görüb tərs-tərs üzümə baxdı:

-Nədi, nəyə gülürsən?

-Heeeeç.. Amma yaman dəydi ha...

-Heç incitmədi. Amma sənə babat vudular. Düz başından.

Hələ tanış olmağa imkan tapmadığım qadınla şirin-şirin danışır, onu gizli-gizli süzürdüm. Qartopu oynayanları yamanlaya-yamanlaya nəhəng çinar ağacının altına gəldik. Bu dəfə qartopu oynayanlar bizi yox, ağacı hədəfə götürdülər. Ağacdan tökülən topa-topa qarın altında ikimiz də ürəkdən gülüşdük. Özümü “Yeşil Çam” filmlərinin romantik qəhrəmanları kimi hiss edirdim.

Fürsəti əldən vermək olmazdı, adını soruşdum. Qışın soyuğunda tək-tənha gəzməyə çıxan bu gözəlin adı Gülnar imiş. Tez-tələsik ailəli olduğunu deyəndən sonra həvəsdən düşsəm də, söhbəti davam etdirdim. Belə bir gözəlin söhbətindən qaçmaq axmaqlıq olardı. Qardan, qışın gözəlliyindən danışdıq. Özüm haqqında qısaca məlumat verdim. Söhbətimə bir az romantika, səsimə hüzn qatıb keçmişdən, gələcəkdən, gözəllikdən, həyatın faniliyindən danışdım.

Telefon nömrəmi istədi. Verdim. Nömrəni yazan kimi, sağollaşdı. Birlikdə kifayət qədər dayanmışdıq, bir az da bir yerdə dayansaq, ətrafdakıların diqqətini çəkə bilərdik. Ailəli adamlar üçün namünasib hal idi. Ətrafdakıların gözündə namuslu və sadiq görünmək öhdəliyimiz vardı. Bunu valideyinlərimiz, qohumlarımız, qonşularımız və cəmiyyət tələb edirdi.

Ayrıldıq. Uzaqdan müşahidə eləməyə başladım. Uzaqlaşıb tənbəl-tənbəl dayanacağa tərəf yönəldi. Qəfil rastlaşdığım bu qadının məndən telefon nömrəsi istəməsi mənə çox maraqlı gəlmişdi.

Dayanacaqda ikimiz də eyni marşruta mindik. Təsadüfə bax... Yaşasın!!! Yehuuuuuuuuu!!!! Biz qonşu idik.

Evdə tək idim. Həyat yoldaşım küsüb atasının evinə getmişdi. Divanda uzanıb televizora baxırdım. Otaq isti, divan rahat olsa da, əhvalım qaydasında deyildi. Səbəbsiz kədər, mənasız depressiya... Gülnarı düşünürdüm...Sonra bir az içdim və ondan zəng gəldi. Məncə, insanlar telefonla danışanda sizin içkili olduğunuzu anlayır, amma üzə vurmur. Nəzakət icabı. Çünki gələn sadəcə səsdir. O səsin təsiri altında sizin ən ayıq vəziyyətiniz canlanır göz önündə. Hamımız səhv xatirələrə sahibik. Sadəcə, ömrümüzü uzatmaq üçün danışdığımız və yazdığımız xatirələri uzadırıq. Beləcə, ömrümüzün uzanmağına inanırıq.

Onu çay içməyə dəvət elədim. Amma bilirdim ki, gecə vaxtı onun bizə gəlməsi mümkün deyil. Bir xeyli ordan-burdan danışdıq, sağollaşanda Gülnar çəkinə-çəkinə məni evlərinə dəvət elədi:

- Gələ bilərsən bizə?

Etiraz eləmədim. Zatən dörd divarda özümü çox tənha hiss edirdim. Əynimi qalın geyinib evdən çıxdım. Gülnarın axşamüstü avtobusdan düşdüyü yeri tapmaq o qədər də çətin olmadı. Bir siqaret yandırıb gecənin soyuğunda titrəyə-titrəyə bir az gəzinib Gülnara zəng elədim. Gülnarın telefonu məşğul idi. Geriyə qayıtmağı düşünürdüm ki, telefonuma mesaj gəldi. “45 nömrəli qapı. Açıqdır. İçəri keç və qapını üstündəki açarla bağla”

Qorxa-qorxa darvazaya yaxınlaşıb qapını itələdim. Həyətdə işıq yanmırdı. İçəri keçib alışqan işığında qapını bağladım. Evin qarşısında Gülnar xəyal kimi dayanmışdı.

Evdə gurhagurla qaz peçi yanır, ev kinoteatrında hansısa türk serialının neçəncisə seriyası gedirdi. Bir kənarda dayanıb Gülnarın təklifini gözləyirdim. Gülnar həyəcandan əsə-əsə mənə kresloda yer göstərdi. Gülnara bu dəfə daha diqqətlə baxdım. Mütənasib bədəni, ağ dərisi, qapqara saçları, geyindiyi dar xalat onu çox cazibədar göstərirdi. Diqqətlə gözlərinin içinə baxdım. Hələ də həyəcandan əsirdi. Aradakı buzu əritmək, onun həyəcanına son vermək üçün siqaret çıxardıb söhbətə başladım.
- Gülnar, tək qalırsan bu boyda evdə?
- Yox, bacımla. Bu gün bacım anamın yanına gedib, ona görə təkəm.
Gülnar danışa-danışa keçib üzbəüz kresloda əyləşdi. Danışdıqca həyəcandan tez-tez boğazı tutulur, sözünü kəsib döyükürdü. Hiss eləyirdim ki, həyəcanlıdır. Özümü toxtaq aparsam da, mən də qorxurdum. Söhbətindən başa düşdüm ki, əri özündən 25 yaş böyükdür. Rusiyada ailəsi, Gülnarla yaşıd övladları var. Atası da Rusiyada öldürülübmüş.

Gülnar əri Eldarı elə təriflədi ki, narahat olmağa başladım. Eldar Gülnarla ailə qurmaqla onların həyatını xilas edibmiş. Atası Rusiyaya gedəndə Gülnar Universitetin son kursunda təhsil alırmış. Atası Rusiyada pul qazanmaq əvəzinə qumara qurşanır, günlərin bir günü də qumar borcunu verə bilmədiyi üçün öldürülür. Cənazəsi evlərinə çatmamış, borc sahibləri qapını döyür. Anasına hədə-qorxu gəlib, borc əvəzinə Gülnarı aparacaqları ilə hədələyirlər.

Eldar dostunun cənazəsini evlərinə gətirib çıxaranda baş verənləri eşidir. Tez-bazar Gülnarın anasıyla danışıb, qızın barmağına nişan üzüyü taxır. Atasının dəfnindən 3 gün keçmiş, borc üçün “razborkaya” gedən Eldar Rusiyadan gələnlərə başa salır ki, onun nişanlısını heç yana apara bilməzlər. “Oğru qanunları” qumarbazları zərərsizləşdirir. Eldar beş-altı yaxşı oğlanın yanında borcu qaytaracağına söz verir.

Beləcə, Gülnar özündən 25 yaş böyük Eldarla ailə qurur. Bir ay Gülnarla birlikdə yaşayandan sonra Rusiyaya işlərinin arxasınca qayıtmışdı. O gündən Gülnar ərinin ancaq səsini eşidir. Evləndiklərindən 2 il keçsə də, 24 yaşlı Gülnar əri ilə cəmi 1 ay birlikdə yaşayıb. Hər kəsin qəlbinin qırıldığı bir məqam var. Bəziləri də bu qırıqlığın qisasını alır, Gülnar kimi...

Gülnar danışdıqca hönkürüb ağlayır, qorxduğunu, məni çağırmağa peşman olduğunu deyirdi. Onu sakitləşdirib bir çay istədim. Çayı dəmləyib gətirənə qədər, Gülnar xeyli sakitləşmişdi. Əclafcasına ona haqq qazandırdım. Mənim yerimə hansı vicdansız kişi olsaydı, eyni hərəkəti edərdi. Çayı süfrəyə qoyanda göz-gözə gəldik. Sakitcə əllərindən tutub onu yanıma çəkdim. Bilirdim ki, Gülnarın gecə vaxtı məni çağırmaqda məqsədi kədərli hekayəsini danışmaq deyil. Heç mən də onun halına yandığım üçün təsəlli vermirdim. Onu qucaqlayıb başını sinəmə sıxdım. Sonra asta-asta dodaqlarından öpməyə başladım...

Gülnar müqavimət göstərmədən mənə sarıldı. Kreslonun üstündə öpüşə-öpüşə yataq otağına keçdik. Yataq əvvəlcədən açılmışdı. Gülnar öpüşə-öpüşə üstümdəki paltarları dartıb çıxarır, məni tələsdirirdi. Mən isə öz asta tempimlə onu soyundurur, boğazından, sinəsindən, döşlərindən öpürdüm. Qəfildən Gülnar məni üstündən kənara itələdi, divardakı toy şəklini çıxarıb üzü divara söykədi. Soyuna-soyuna çarpayıya yaxınlaşıb üstümə atıldı.

Gecə yarısına qədər Gülnarla sevişdik. Səhərə qədər qala bilməzdim. Paltarlarımı geyinib otaqdan çıxanda, çarpayıda uzanan Gülnar zəif səslə məni çağırdı. Geri qayıtdım. Yenidən uzun-uzun öpüşdük. Gülnar əyninə xalat geyinib soyuq havada mənimlə həyətə düşdü. Qapıdan məni yola salanda, çılpaq sinəsinə baxdım. Bədəni hələ də hərarətli idi.

Küçəyə çıxıb bir siqaret yandırdım. Həyat yoldaşıma mesaj yazdım: “Səni sevirəm və çox darıxıram. Həyatımda ilk dəfə tərk edilmək istəmirəm.” İndi də həyat yoldaşıma yazdıqlarımdan utanıram.

Sonra gödəkçəmin boğazını qaldırıb evə doğru addımlamağa başladım. Ayaz və şaxta iliyə işləyirdi. Amma ayaz və şaxta önəmli deyildi. Heç zamanın da, xəyanətin də önəmi yox idi. İçimdə xəyanət etmək istəyi baş qaldırdığı anda onunla rastlaşmışdım. Sadəcə, hər şey üst-üstə düşmüşdü. Bir neçə saatlıq yad qadının qoynuna qısılmaq dəyişmişdi məni. Bəlkə də sırf buna görə ömrüm bir neçə ay uzanmışdı. Özümü günahkar hiss eləmirdim. Çünki bunu eləməyə ehtiyacım vardı. Hərdən insanın xəyanətə və yalana da ehtiyacı olur.

Evdə işıqları yandırmadan divana uzanmışdım. Evdə məndən başqa kiminsə olub-olmadığını düşünmədən xəyala dalmışdım. Sanki ölülər diyarında, ölülərlə birlikdə idim. Qaranlıqda yanındakıları görmək üçün, sağ qalanların bir siqaret yandırmağı lazımdır.

Və aldatdığım qadının yandırdığı siqaretin közü gözümə ox kimi sancıldı. Yaşayırdı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG