Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Günel Eminlinin 20-liyə düşməyən hekayəsi


Günel Eminli
Günel Eminli
-

Qucaqlaşdılar, sevgilisinin kefsiz olduğunun fərqinə varsa da, üzünə vurmadı, öpmək istədi...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Günel Eminli


DİRİJOR


Bul, bul, bul.
Bul, bul, bul,
Bul, bul, bul.
Dzaaaaaanq, dzaaaaaaaaanq.

Çarpayıda tərpəniş oldu, əlini qaldırıb, zəngli saatın başından bir qapaz vurdu.
“Eeeeh, hardadır e, bunlar”, çarpayının altından o biri çəkələyini də tapıb, şap, şap, şap, hamam otağına tərəf getdi.

Bul, bul, bul.
Bul, bul, bul,
Bul, bul, bul.

Zəhrimar, gecədən açıq qalıb, bəlkə də bak boşalıb, fikirləşdi, kranı açıb, Şıııırrrr, şıııııııııır, şıııııııııır, əl üzünü yumağa başladı.

Şııııııııııııııır, şıııııııır, şıııııııııır, kran hələ açıqdır, burnundakı tükü qopartmağa çalışır.
Qopartdı.
Şııııııııııııır, şııııııııııııır,

Nəhayət, kranı bağlayıb, mətbəxə gedib, qəhvədanı danq, qazın halqalı dəmirlərinə dəyib, qaza qoyub, ozünə qəhvə dəmləməyə başladı. Fyuuuuuu, Fyuuuuuuuuuuuu, qəhvədan qaynayıb fit çalmağa başladı.

İşə tələsirdi. Amma özünü o yerə qoymurdu, asta-asta işlərini görür, qəhvəni kökəsiz içib, iş yolunda almağı planlaşdırdı.

Xüsusilə binanın sol tinində balaca şirniyyat dükanı vardı, təzə sobadan çıxardılmış isti kökələrini almaq üçün gedirdi, kökədən çox, o bir səsin dalınca ora gedirdi, əlləri bəyaz, birdəfəlik əlcəklərdə olan təmiz geyimli satıcı kökəni əyilib, vitrindən götürür və çığ-çığ şəffaf alüminium rəngli kağıza bükürdü, təsəvvür edirsiz, isti kökə bu kağızda bu yana, o yana sürüşür, və təxmini djjjjjjjjjjjjjjıııııııı djjjjıııı kimi səslər çıxarırdı, sonra şharhhhhhhhh, şurrrrrhhhhhhhh kağız bağlama hazırdır, kassaya pul ödəndi və isti kökələr sənindir.

Çayını içə içə telefonu əlində oynatmağa başladı, elə bu an mesaj gəldi “ qapını aç”, durub qapıya yaxınlaşdı, heç gözlüyə baxmadan qapını açdı, sevgilisi idi, ətri bütün bloku bürümüşdü, mesaj yazmasaydı da, onun ətri bir azdan yəqin onun mənzilini də öz həbsinə alacaqdı. Qucaqlaşdılar, sevgilisinin kefsiz olduğunun fərqinə varsa da, üzünə vurmadı, öpmək istədi. Dodağını qaçırtdı, əllərini deyəsən yumaq üçün hamam otağına tərəf getdi, dözməyib çantasına cumdu, telefonunu qapıb, mesaj qutusuna baxmağa başladı, bilinməyən bir nömrədən saysız-hesabsız mesajlar var idi, sonuncu elə 5 dəqiqə bundan qabaq yazılmışdı: “Səni həmişəki yerdə gözləyirəm”.

Telefonu yerə çırpdı, sevgilisi səsinə hamam otağından hövlnak çıxıb, üzünə əsəbiliklə baxdı, kağız-qələm dalınca getməyə həvəsim yox idi, mizin arxasından bir kətili götürüb var gücüylə dəhlizdəki güzgüyə çırpdı, bu onun aqressiyasının və hər şeyin bitdiyinin anlamını ifadə edən səs idi. Əliylə qapını göstərib, mətbəxə getdi.

Deyəsən, telefonun qırıntılarını yığırdı, bu qədər yubanmazdı, yoxsa, lənət şeytana, ona bu gün evlənmək təklifi edəcəkdi, evlənmək təklifi. Üzük də almışdı, onu sığallamaq istəyirdi, onu elə nəvazişlə əlləri ilə oxşayırdı ki, qulağına pıçıldamaq istədiyi kəlmələri toxunuşuna köçürdürdü, toxunuşunu iki dilli edirdi, həm səsin funksiyasını özündə birləşdirdiyinə görə nəvazişləri ecazkar olurdu. Sevgilisi də həmişə bu nəvazişlərdən sonra yumşalırdı. İndi bu nəvazişləri kimə edəsiydi?
İşə tələsirdi, geyinib çölə çıxdı.

Yuxu dərmanı almaq üçün yaxınlıqdakı heç bir aptekə girməzdi, ancaq xüsusi aptekinə gedərdi, çünki qapısına rüzgarın səsi adlanan və əslində rüzgar və ya hər hansı hərəkət dəydikcə zınqırov səslərini xatırladan musiqini dinləmək üçün ora üz tutardı, dzınqaruzınqa, dzınqacuğaaaaaaaaaaaaa. Bu musiqinin sədaları altında hər dəfə apteki tərk edəndə özünü başqa ölçüdə olan həyata addımlamış kimi hiss edirdi. Bu dəfə köhnə və təzə resepti birdən göstərdi, yuxu dərmanının dozasını bir qədər artıq aldı. Məlum idi ki, son hadisədən sonra yuxusu yenə onunla çilingağac oynayasıydı.

Yolu parkdan keçirdi, parkdakı çəmənlikdə uşaqlar oynayır, gülüşür, qaçışırdılar, harayları eheeeeeeey, haaaahaaaay, uhaaaaaay, dünyanı başına götürmüşdü. Sevgililər skamylarda əyləşib, şirin-şirin mızıldaşır, bir-birlərinin saçını sığallayır, qucaqlayır, itələyir, öpməyə çalışırdılar.

Həftədə iki dəfə getdiyi, səslə dolu küçələr onu yormurdu, bu qarışıq səslərdən ibarət simfoniyanı o öz əsl dirijor kimi beynində nota otuzdurmağa çalışırdı, bu xaosun hansı oktavada, hansı tonallıqda, major və ya minor kökləməsini fikirləşirdi. Onun üçün hər səs, hər xışlıtı, hər pıçıltı, hər tərpəniş, hər hənirti vacib idi, onun üçün səsin rəngi, ahəngi, dadı belə var idi. Maşın tormozu – şhuuuşap moderato aha, bu deyəsən minor si bemoldur, ya da yağış damlası tap-tap bu dəqiq, tap, tap alleqro, hamı elə bilirdi qar səssiz yağır, amma qarın torpağa qonan vaxtı çıxardığı səsi yalnız o, eşidirdi, hhhhhhhhhhaaah əlbəttə bu səs bu yəqin ki andantedir, elə bil dənəcik torpağı sığallayır.

O dirijor idi, ancaq anadangəlmə eşitmə qüsurlu, bu dünyaya səssiz gəlmişdi, ağlamayaraq, dünya da onu səssiz qarşılamışdı, sükut içərisində, xaotik dünya onun üçün səssiz gəmi idi, hamının səsini almışdılar, yəni yaşayırsan, amma elə bil lal filmi izləyirsən, içindəki səsi heç kim duymur, sənsə sükutu duyursan.

Hər gün bu keçdiyi yol, karlar cəmiyyətinin mədəniyyət mərkəzinə tərəf gedən yol idi, orda onun kimi qulaqları eşitməyən, lakin musiqini, səsi uyduran adamlar var idi, onlar həftədə iki dəfə bir yerə yığışır, 7-8 nəfərdən ibarət orkestr qrupu çalmağa başlardı, səsləri, notları uydurduları dünyada hamısı bir alətə sahiblənmişdi, bu alətlər onların eşitmədikləri, duymadıqları dünyanın açarları, qulaqları idi. Bu qulaqla, bu açarla onlar eşidənlərin dünyasından nə isə anlamağa çalışır, anlamadıqlarını isə uydurudular.
Əslində dünya onlara Pandoranın qutusu kimi öz səs dərdləri ilə, küyləri ilə bağlı idi, onlar dünyada olan səs payından məhrum idilər. Bir kainat səs qədər ömrünü sən sükutda keçirirsən, və sən səsi eşidə bilən adamın səs-küydən sonra sükütu özlədiyi kimi özləyirsən. Onun səsindən sonra sükutun var, amma sənin sükutundan sonra səsin yoxdur.

Bu dəfə daha az həvəslə işə başladı, artıq səs-küydən, insanların alqış səsləri onu yormağa başladı, uydurduğu səsdən özü yorulurdu, amma qaranlıq düşəndə evə getmək istəyirdi, bu günkü planları pozulmuşdu. O isə gecə gəzintisi istəyirdi, gedəcəyi adam yox idi, daha doğrusu var idi, amma indi o adam səslər dünyasında öz səs sahibi biri ilə söhbət edirdi, mesajlaşmırdı, jestikadan istifadə etmirdi, mesajlaşmaqdan bezmişdi bəlkə, dayan, dayan ona bayaq mesaj gəlmişdi, telefonunun işığı yanıb sönmüşdü, mesaj qutusunu açdı, tanımadığı nömrə idi, və belə bir yazı var idi: “Siz bu gün ecazkar çalırdınız... Aysel”...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG