Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

İslam Partiyasının üzvünün həbsxanada ölə biləcəyi deyilir


İslam Partiyası üzvlərinə qarşı irəli sürülən narkotik maddə saxlamaq, terror hazırlamaq, hakimiyyəti ələ keçirmək kimi ittihamlar, bununla bağlı məhkəmə qərarları əsassız və absurddur. İslam Partiyası Ali Məclisinin sədri Natiq Kərimov mayın 27-də mətbuat konfransında belə deyib.

«Turan»ın məlumatına görə, Natiq Kərimov partiya sədri Mövsüm Səmədov başda olmaqla, AİP-in 8 funksionerinin həbsdə, daha 5 üzvün isə istintaq altında olduğunu nəzərə çatdırıb. Bütünlükdə isə ölkə üzrə 90-dan çox dindarın həbsdə olduğunu bildirib.

Natiq Kərimov sədr müavini Vaqif Abdullayevin 2012-ci ildə həbsdə vəfatını xatırladaraq, bu ölümü, «müəmmalı» adlandırıb. O, hazırda partiyanın həbsdə olan, Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin ölümlə üz-üzə qaldığını da söyləyib.

Onun sözlərinə görə, mayın 10-da Ruhulla Axundzadənin ürək tutmaları kəskinləşib və Penitensiar Xidmətin müalicə mərkəzinə gətirilib.

Natiq Kərimov Axundzadənin müalicədən məhrum edildiyini, baxımsızlıq nəticəsində sağlıq durumunun pisləşdiyini, miokard infarktı keçirdiyini vurğulayıb:

«Xüsusi nəzarət altında olmalı ikən saxlanma şəraiti əlverişli deyil, 15 nəfərlik bir otaqda saxlanılır. Ruhulla Axundzadə tibbi xidmət personalı ilə təmin olunmayıb, belə ki, istənilən hərəkət onun ölümünə səbəb ola bilər».

Partiya rəhbərliyi belə münasibəti dindarlara qarşı qərəz və ayrı-seçkiliyin nümunəsi adlandırıb. AİP sədrinin müavini Akif Heydərli Axundzadənin ölkənin cənub bölgəsində böyük nüfuz sahibi olduğunu söyləyib. Bu şəxsin xəstəxanada ölümünün ölkədə sabitliyin pozulmasına səbəb ola biləcəyi haqda xəbərdarlıq edən sədr müavini onun tezliklə həbsdən azad olunmasını təklif edib.

Partiyanın sədr əvəzi Elçin Manafov dövlət başçısı İlham Əliyevə müraciət etməyi, nəticə verməzsə, kütləvi aksiya keçirməyi təklif edib.

Partiya rəhbərliyi üzvlərinin haqları uğrunda sona qədər mübarizə aparacağını bəyan edib.

AİP Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə partiya sədri Mövsüm Səmədovla eyni vaxtda həbs edilib. İslam partiyasının üzvləri terror aktına hazırlıq, hakimiyyəti ələ keçirmək və silah saxlanılması ilə bağlı maddələr üzrə ittiham olunublar. O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG