Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36
-

Hər şey birdən baş verdi: işimi itirdim, olan-qalan pulumu xərcləyib qurtardım, satılacaq hər şeyi də satdım. Yaş keçdi, bədənim yavaş-yavaş mənə xəyanət eləməyə başladı...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Cavid Ramazanov


SƏRXOŞLUQ


Xırda bir iş üçün dekanın qəbul otağına girmişdim. Katibə məni görüb gülərüzlə salamlaşdı – aramız yaxşı idi. Elə bu vaxt dekanın kabinetindən Kamil müəllim çıxdı. Tərs-tərs mənə baxıb: “Sən dərs vaxtı burda neynirsən?” - deyə soruşdu. Lazım olan sənədləri gətirdiyimi dedim, amma onunku irad tutmaq xatirinə irad tutmaq idi, cavabımı axıracan gözləməyib dilxor sir-sifətlə otaqdan çıxdı. Kabinetin azca aralı qalmış qapısından kobudluğu, zəhmi murdarlıq dərəcəsində olan dekanın vahiməli səsi gəlirdi, kimisə danlayırdı.

“Bunlar niyə itə dönüblər?” - astaca katibədən soruşdum.

- Bilmirsən?

- Nəyi?

- Sizin jurnal uşaqların kəsirləriylə, qaibləriylə dolub, bu semestr ümumiyyətlə, ağını çıxarmısız...

- İçəridəki bizim qrupdandı?

- Həə...

- Kimdi ki?

- Nədi o balaca, sakit oğlanın adı?

- Kərim?

- Həə..

Döşəmə cırıldadı, addım səsləri yaxından eşidildi, Kərim kabinetdən çıxırdı ki, dekan yenidən onu içəri çağırdı. Qapı açıq qaldı, indi dekanın səsi daha aydın eşidilirdi: “Mən səni universitetdən qovacam! Sən başa düşürsən ki...”.

Sənədləri verdim, sağollaşıb, katibənin yanından ayrıldım.

5-10 dəqiqədən sonra Kərim dərs otağına qayıtdı, gecikməyinin səbəbini izah edib, yerinə keçdi. Altdan-altdan ona baxırdım, həmişəki kimi ən arxa partada tək, heykəl kimi dinməz oturmuşdu, gözlərində həyəcan və pərtlik varıydı. Bir anlıq mənə baxdı, tez gözlərimi yayındırıb, özümü guya başqa iş görürmüş kimi göstərdim...
Səhəri gün Kərim mənə yaxınlaşdı. Mühazirənin başlamasına hələ 5-10 dəqiqə vardı. Universitetin həyətindəki skamyada oturub, siqaret sümürür, gəlib-gedənlərə baxırdım. Uzaqdan mənə tərəf gəldiyini gördüm. Salamlaşıb yanımda oturdu. Nə danışacağını bilirdim. Əvvəlcə bir-iki mənasız sual verdi. Mətləbə girmək üçün əziyyət çəkdiyi hiss olunurdu. Vəziyyətindən xəbərdar olduğuma tam əmin deyildi, mənsə susurdum. Nəhayət, neçə qaibimin, kəsirimin olduğunu soruşdu. Suallarını cavablandırdım, məndə hər şey qaydasında idi. Onun vəziyyətinin necə olduğunu soruşdum. Həyəcanını gizlətməyə çalışaraq, sualımı elə cavablandırdı ki, sanki əhəmiyyətsiz bir şeydən danışır. Diqqətlə üzünə baxıb: “Sənin başın xarabdı?”, - soruşdum.

- Nə olub ki?

- Necə nə olub? Niyə bu qədər dərs buraxmısan? Üstəlik, kəsirlərinin də sayı-hesabı yoxdu.

- Turalın, Səbuhinin də kəsirləri, qaibləri çoxdu da...

- Sən niyə özünü onlarla müqayisə edirsən? Onlar pul verib məsələni həll edəcəklər. Sənin pulun var?
- ...

Sualıma cavab verə bilmədi. Söhbəti davam etdirməmək üçün özümü həvəssiz göstərdim. Mühazirənin vaxtı idi, binaya daxil olub, yavaş-yavaş dərs otağına tərəf gedirdim. Kərim yanımda səssiscə addımlayırdı...

Semestrin son günləri yaxınlaşdıqca Kərimin vəziyyəti ağırlaşırdı. Onu tez-tez dekanlığa çağırırdılar. Günlər keçdikcə daha çox dalğın, həyəcanlı və təlaşlı görünürdü. Deyəsən, mən universitetdə onun pənah gətirə biləcəyi yeganə adam idim. Yaxınlaşmağa tərəddüd etdiyini bilirdim, amma sonuncu dəfə yanıma gəlib, problemini danışmağa cəsarət tapdı və məsləhət istədi. Dedim, necə kömək edəcəyimi bilmirəm, amma istəsə, onunla birgə dekan müaviniylə danışa bilərəm. Etiraz eləmədi. Tənəffüs vaxtı dəhlizdə dekan müavini Kamil müəllimə yaxınlaşdıq. Kamil müəllim universitetin ən ötkəm və zalım dekanının buyruq qulu idi. Kərimlə ona yanaşıb, onun problemini həll etməyin mümkünlüyü barədə soruşdum. O da üzünü Kərimə tutub izah eləməyə başladı: “Qardaş, mən sənə hər şeyi başa saldım, axı. Sənin vəziyyətin xarabdı, bu qədər dərs buraxmısan, bu qədər kəsirin var. Sən nəyə güvənib, belə eləmisən?”

- Müəllim, xəstəydim...

- A kişi, nağıl danışma, bəhanə uydurma. Dərsə gəlməmisən, indi də deyirsən, xəstəydim. Xəstəydin, bəs arayışın, ərizən hanı? Semestr qurtarır, sənsə xəstəlikdən danışırsan...

- Turalın, Pərvizin də qaibləri, kəsirləri çoxdu da...

Kərimin mızıldanaraq, özünəinamsız şəkildə gətirdiyi arqumentlər dekan müavinini özündə çıxardı: “Sən Turalla, Pərvizlə, o biriləriylə özünü bir tutursan? Onlar pul verəcəklər, “adamları” var. Sən neyləyəcəksən? 3 ildi dərsə qoyun kimi gəlib, qoyun kimi getmisən. Yola vermişik səni? Sual verirəm, yola vermişik?... İndi təpəmizə çıxma da...”.

Vəziyyətin gərginləşdiyini görüb, aradan çıxdıq. Dərsdə Kərimin yanında oturdum. O, bir anlıq ehtiyatı əldən verib, özünü digər uşaqlarla bir tutmuşdu, indi isə tələdəydi. Arxayınlığı ona baha başa gəlmişdi, heç kimin ona güzəşt eləmək fikri yoxuydu, problemi həll etmək üçün isə xeyli pul lazımıydı...

Kərimin daxilindəki gərginlik üzünə vurmuşdu, qızarmışdı. Ona yazığım gəldi, çiyninə əlimlə astaca 3 dəfə vuraraq, “düzələr” dedim...

Amma düzəlmədi, Kərim 4-cü kurs dərsə gəlmədi, onu universitetdən qovdular...

***

İndi yaşım otuzu keçib. Və mən indi fərqinə varıram ki, aradan 10 ildən də çox zaman keçməsinə baxmayaraq, Kərimi tez-tez olmasa da, hər halda xatırlamışam. Bu qəribə, fağır adam necəsə olub, mənim hafizəmdə ilişib qalıb. O, qrupumuzda ən yüksək balla universitetə daxil olanlardan idi, amma oxumadı. Boyu balaca olduğuna görə, belinin azca donqarlığı o qədər də gözə çarpmırdı, çəlimsiz olsa da, sifətdən suyuşirin idi. Ətrafa həddindən artıq inamsızlıqla baxırdı, amma gözləri həssas və ağıllıydı. Cır, incə səsi vardı. Kefi istəyən adam onu rahatca dolayırdı. Pərt olmaqdan qorxan adamın daim belə vəziyyətə düşməsindən işgəncəli bir şey ola bilməz. Onun çox ağıllı olduğuna əminiydim. Ancaq yöndəmsiz bədəni, cır, eybəcər səsi, özünəinamsız jestləri onu ələ verir, ağzından nə söz çıxsa, gülməli vəziyyətə düşürdü. Sanki bu qədər həssas gözlər, ağıllı beyin səhvən başqa bir bədənə qoyulmuşdu. Bu vücud onun üçün çox ağır yük idi və o, bundan utanırdı.

Kərim kasıbıydı. Universitetdə oxuduğu 3 il ərzində mən onun təzə paltar geyindiyini görmədim, həmişə nimdaş paltarda olardı. Əyləncələrdən, məclislərdən, gəzintilərdən uzaq durar, kimsəyə qaynayıb qarışmazdı. Həyat ona dostla, tanışla, yad adamlarla birlikdə qəhqəhə çəkmək, şənlənmək kimi bir çox haqqı tanımamışdı.

Onu bəzən oğrun-oğrun müşahidə edirdim, bunu maraq xatirinəmi, yoxsa yazığım gəldiyi, onun nə hisslər keçirdiyini bilmək üçün elədiyimi bilmirəm. Kimsə onu dolayanda, danlayanda Kərimi izləyərdim.

O, sanki kölgəydi, tələbə izdihamının içində kölgə kimi sürünüb dərs otağına girər, sakitcə oturub, aradan çıxacağı vaxtı gözləyərdi. Dərsdə saatlarla eyni pozada oturub, qımıldanmazdı. Mən onun dinc görünən vücudunun içindəki qəlbin sonsuz darıxmaq hissindən şiddətlə çırpındığını duyurdum.

Onu müşahidə edərkən, hərdən qəfildən mənə baxardı. Narahat gözləri mənim ona nə məqsədlə baxdığımı bilmək istəyərdi, sanki o, kiminsə onun kölgə yox, real adam olmasından, üstəlik də bu vəziyyətdə olmasından xəbər tutacağından, ifşa olunacağından qorxardı...

Qovulandan sonra hamı Kərimi rahatlıqla unutdu. Amma xırda bir istisna oldu.
Universiteti bitirdiyim təxminən, 2-3 il olardı, sərnişin avtobusundaydım, Elmlər Akademiyası metrosunun yaxınlığında sürətlə şütüyən avtomobil yolu keçməyə çalışan bir nəfəri vurdu. Adam 2-3 metr göydə uçub, qan içində yerdə qaldı. Möhkəm hay-küy düşdü. Mən baş verənləri yaxından görürdüm. Vurulan adamı Kərimə oxşatmışdım. Amma avtobusdan düşüb, hadisə yerinə yaxınlaşmağa özümdə cəsarət tapmadım, qorxdum, gözümün qarşısında baş verən hadisədən sarsılmışdım.
Mən o gün istiqanlı, ünsiyyətcil, qrup yodaşlarının əksəriyyətilə əlaqəsini qoruyub-saxlayan Orxana zəng edib, baş verən hadisəni danışdım. Orxan da məsələni araşdırdı, hamıya zəng vurdu. Ancaq heç kimdə Kərimin ünvanı, telefon nömrəsi yoxuydu. Orxan universitetlə əlaqə saxlayıb, Kərimin ev telefonunun nömrəsini tapdı. Amma bəlli oldu ki, o evdə artıq belə bir adam yaşamır. Bundan sonra Kərim yenə unuduldu, hamının başı özünə qarışdı.

***

Yaşamaq dağa çıxmağa bənzəyir, aylar, illər sənin addımlarındır, dağın təpəsinə doğru irəlilədikcə, çönüb arxaya, öz həyatının mənzərəsinə baxa bilirsən, çıxdıqca mənzərə genişlənir. İndi, müəyyən yaşa çatdıqdan sonra kölgələrin aydınlaşdığını sezirəm, amma hər şeyi tam dərk etməyə mənzərə imkan vermir.

Mən, deyəsən, həmişə həyatı yaşaya bilməməkdən, soxulcan kimi sürünməkdən qorxmuşam, ona görə də gördüyüm minlərlə, milyonlarla adamın içərisində məhz belə bir adam, Kərim hafizəmdə özünə daha yaxşı yer tapa bilib. İndi mən öz həyatımın mənzərəsinə nəzər salıram və başa düşürəm ki, qorxduğum başıma gəlib, mən artıq soxulcana çevrilmişəm. Bəlkə də faciəyə çevirməli bir şey yoxdur, bəlkə də, indi ağır depressiyada olmağım məni bu qənaətə gətirib, amma nəyinsə düzgün getmədiyini bilirəm.

Daim gözəl yaşamağa can atmışam, həyatın şirəsini canıma çəkməyə çalışmışam. Şöhrətpərəstəm: məşhur adam olmaq istəyirdim, bu mənim həyatdakı ən böyük arzum idi. Məşhurluğun həm də bir yerdə oturmaq sənəti olduğunu bilirdim, ancaq dalımı stula qoya bilməməyim, ləngliyim, tənbəlliyim həyata olan marağım bunu gerçəkləşdirməyə imkan vermədi. Bəlkə də, heç istedadım yoxdur, amma heç cəhd də eləmədim, mən ləng xəyalpərəst olaraq qaldım.

Həmişə çölə can atırdım. İçki məclislərində deyib-gülmək, qəhqəhə çəkmək, əlimə düşən pulu eyş-işrətə xərcləmək xoşuma gəlirdi. Yayın isti günəşi, mavi səması, dəniz qoxulu axşamları; payızın xəzəli, sərinliyi, yağışları; qışın qarı, soyuğu, tənbəlliyi; yazın yaşıllığı, təravəti, çiçəklərin qoxusu məni vəcdə gətirirdi. Gözəl qızların isti qoynunda yatmaq, yeni bədənlər kəşf etmək istəyirdim. Bunlar olmayanda da şəhərin küçələrinə düşüb, izdihama qarışıb yoxa çıxır, tənhalıqdan qaçırdım. Mən çəyirtkə kimi ordan-ora, burdan-bura atılır, yenilik, əyləncə axtarırdım. Bəzən ayılırdım, belə həyatın düzgün olmadığını, vaxtımı xərclədiyimi anlayırdım, həyatdan ödəyə bilməyəcəyim borc götürdüyümü hiss edirdim. Amma gəncliyin nəşəsi beynimi dumanlandırmışdı, o, məni yenə əyləncəyə, eyş-işrətə itələyirdi...
Qəfildən ayıldım. Ayıldım və gördüm ki, artıq yaşım keçib, daha ətrafdakılar üçün o qədər də maraqlı deyiləm, tay-tuşlarım evlənib, uşaq sahibi olublar, tamam başqa həyat yaşamağa başlayıblar. Mənsə ortada çapalayıram.

Hər şey birdən baş verdi: işimi itirdim, olan-qalan pulumu xərcləyib qurtardım, satılacaq hər şeyi də satdım. Yaş keçdi, bədənim yavaş-yavaş mənə xəyanət eləməyə başladı, saçlarım sürətlə töküldü, özümə inamım itdi, depressiyaya yuvarlandım.

Evə qapanmağa başladım, ancaq sıxılırdım, üzərimə zillənən düşmən baxışlar məni çölə qovur, çöldə axtardığımı tapa bilmir, tənhalıqdan bezir, yenə evə qaçırdım.
Bu aralar iş tapmağa çalışsam da, alınmırdı, yüz yerə baş vurmuşdum, ancaq hamı “əlaqə saxlayacağıq”, - deyib, məni yola verirdi.

Kərimlə də növbəti iş axtarışlarından birində rastlaşdım.

Bir firmadan iş müraciətimə cavab verib, məni görüşə dəvət etmişdilər. Firmanın ofisinə getdim, orta yaşlı bir adam məni sorğu-suala tutandan sonra “sizinlə əlaqə saxlayacağıq”, - deyib yola saldı. Ümidsiz halda ofisin qapısından çölə çıxırdım ki, arxadan kimsə məni çağırdı. Çevriləndə qarşımda Kərimi gördüm. Şıq geyinmişdi, əlində çanta varıydı. Heyrətimdən donub qaldım. Salamlaşdıq, ofisdən birlikdə çıxdıq.
Yay ayıydı, quduzlaşmış günəşin şüaları adamın təpəsini deşirdi. Kərim vaxtımın olub-olmadığını soruşdu, məndə indi vaxtdan bol heç nə yox idi. Saatına baxıb, “Yarım saat vaxtım var, gəl, bir çay içək”, - dedi. Yaxınlıqdakı kafeyə girdik. Gözlərimi ondan çəkə bilmirdim, çox canlı, ünsiyyətcil görünürdü, o ölüvay baxan gözlərdən əsər-əlamət yoxuydu, eybəcər səsi də sanki dəyişmişdi. Üz-üzə oturduq.

- Həə, danış görüm necəsən? – dedi.

- Belə də, həyatdı da, sürünürük. Sən necəsən?

- Normal. Səni ofisdə gördüm, tanış gəldin, sonra bildim sənsən. Orda neynirdin?

- Heç nə, iş üçün gəlmişdim...

- Nə dedilər?

- Nə deyəcəklər, həmişəki kimi, “əlaqə saxlayacağıq”, - dedilər...

- ... düzələr, qəbul eləyərlər, narahat olma...

Ordan burdan danışdı - uşaqlarla əlaqəmin olub-olmadığını, evlənib-evlənmədiyimi - bu qəbildən bir xeyli sual verdi. Mənsə hələ də təəccübümü gizlədə bilmir, qırıq-qırıq cavablar verirdim. Axırda özümə gəlib, mən də ona suallar verməyə başladım, hətta o gördüyüm avtomobil qəzasını da gülə-gülə ona danışdım, onu ölmüş kimi bildiyimi dedim. Fikri bir anlıq harasa getdi, sadəcə gülümsəməklə kifayətləndi...

Kafedən çıxdıq, sağollaşıb ayrılanda özümü saxlaya bilməyib soruşdum:

- Kərim, necə oldu?

- Nə necə oldu?

- Sən tamam dəyişmisən, mənim tanıdığım adam deyilsən.

- ... həə ... mən zibil kimi həyat yaşayırdım, adam zibilliyin içində çox yaşaya bilməz, axı

- Necə yəni?

- Uzun söhbətdi, indi tələsirəm getməliyəm – gülümsəyərək əlini uzatdı, sağollaşıb getdi.

Arxadan ona baxırdım. Yolu keçib, qarşı tərəfdə park edilmiş maşınlardan birinə mindi və sürüb getdi.

İsti olmasına baxmayaraq, şəhərin küçələrində key-key gəzdim. Heç nədən baş açmırdım: “Bu nə demək idi, yəni belə şey mümkündü?”

Axşamtərəfi evə getmək üçün avtobusa minib, ən arxa oturacaqda oturdum. Başımda hardansa eşitdiyim bir fikir fırlanırdı, o barədə düşünürdüm: insanların əksəriyyəti sərxoş kimi ömür sürür, həyatı, ətrafda baş verənləri anlamadan, başa düşmədən, görmədən yaşayırlar. Və insanın həyatında elə bir an olur ki, qəfildən ayılaraq, bir anlıq da olsa hər şeyin fərqinə varır. Sanki hansısa qatil qarşında peyda olur və tapançasını sənin gicgahına dayayır. Sən o ana qədər sərxoş kimi yaşadığını başa düşürsən və həyatı yalnız onda anlayırsan. Kərimlə qarşılaşmağımı da məhz bu ana bənzədirdim, sanki ayılmışdım. Qəfil ayılmağım barədə fikirlər məni uzaqlara aparmışdı. Birdən fərqinə vardım ki, 3 dayanacaq artıq yol getmişəm, düşəcəyim yer xeyli arxada qalıb. Tez avtobusdan enib, piyada evə doğru istiqamət götürdüm...

***

Bir-iki gün keçəndən sonra mənə həmin firmadan zəng gəldi və işə qəbul olunduğumu dedilər. İşdə keçirdiyim bir həftə müddətində gözlərim Kərimi axtardı, amma onu görə bilmədim. Sonda məcbur qalıb iş yoldaşlarımdan onu soruşdum, qəribə olsa da, heç kim onu tanımadı. Bir neçə gün də gözləyəndən sonra cürət edib, müdiriyyətə yaxınlaşdım, orda mənə nəinki Kərimi tanımadıqlarını, hətta ofisdə bu adda adamın işləmədiyini dedilər. Aləmi bir-birinə vurdum, hər yerə soraq saldım, Kərimi tanıyan olmadı...

Sonradan yadıma düşdü ki, o, qısa söhbətimiz zamanı mənə özü haqqında heç nə deməmişdi: nə telefon nömrəsini vermiş, nə bu firmada işlədiyini demiş, nə də həmin qəzaya düşüb-düşmədiyini təsdiq etmişdi...

Bu qəribə adam yenə kölgə kimi görünərək yox olmuş, arxasınca böyük bir müəmma qoyaraq qeybə çəkilmişdi. Və kim bilir, bəlkə də bu adamın kölgəsi bir ömür boyu yenə mənim hafizəmdə fırlanacaqdı...

Günün bütün mövzuları

XS
SM
MD
LG