Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59
-

Yoxsa olimpiya çempionları, Avroviziya qalibləridi onlar? Yox, onlar da deyil. Başqaları var, ancaq onlar da deyil.


Pərviz Cəbrayıl


Əli Həsənovun “parlaq gənc”i, sən hardasan?


Işlər müdiri, YAP Gənclər Birliyinin keçirdiyi seminarda deyib ki, yazıçı və şairlərimiz hələ də nümunəvi Azərbaycan gəncinin obrazını yarada bilməyib.

Çox ciddi söhbətdi bu. Zənnimcə, bu fikri Azərbaycanda mövcud olan polis rejiminin, totalitar sistemin xəstəlik tarixçəsində yekun nöqtə hesab eləmək olar. Yəni... Yeşilcam filmlərində deyildiyi kimi: “Malesef, tıbbın yapacağı bir şey yok!..”.

Ya Azərbaycan ədəbiyyatı o qədər miskin bir günə düşüb ki, bir məmur ədəbiyyata bu cür direktiv verməyə cəsarət edir, ya da adam kələfin ucunu itirib, yazıçıları məmur sayır, nə dediyini düşünmür.

Məncə, əvvəlcə bir şeyi müəyyən eləmək gərəkdi: nümunəvi gənc deyiləndə nəzərdə tutulan nədi?

Hər kəs bədii əsərlərdə yaradılan gənc obrazlarını az-çox tanıyır. Bu tip obrazlar adətən bir neçə fərqli şəraitdə təsvir edilir, lakin elə bir ümumiləşmiş, bütün şəraitlərə aid nümunəviliyi özündə cəmləyən obraz əsrlərdi ədəbiyyata gələ bilməyib, çünki belə obraz üçün prototip heç vaxt olmayıb. Ola da bilməz. Knyaz Mışkin belə, o ada iddialı deyil (“Idiot”). O cür ideal obrazları ancaq sovet totalitar təfəkkürü yetişdirə bilərdi.
Şəraitlərdən biri qurtuluş savaşlarıdı. Belə əsərlərdə adətən cəbhə təsvir olunur və rəşadətli əsgər canını vətən yolunda qurban verir. Məsələn, Mixaylo. Belə qəhrəmanlar mütləq həlak olurlar. Yəni qəhrəmanın ölmüşü gözəldi, dirisi yox. Çünki o tip qəhrəmanlara mülki cəmiyyətdə heç vaxt yer olmur.
Polis icazəsiz elan edilmiş aksiyada gənc fəalı həbs edir. 12 mart 2011

Polis icazəsiz elan edilmiş aksiyada gənc fəalı həbs edir. 12 mart 2011


Siyasi, korrupsiyalaşmış, vətən anlayışının ən sonda və ya ancaq sərf edərkən yada düşdüyü Azərbaycan tipli rejimlərdə qəhrəman olaraq həlak olmayanların cəmiyyətə qayıtdıqdan sonra yaşadığı adaptasiya cəhənnəmini hər birimiz yaxşı bilirik. Onlar gördükləri iyrəncliklərə susa bilmədiklərinə görə şərlənərək türmələrə atılır, yaxud rejimin murdarlıq xələtini əyninə taxıb parazit həyat sürür, ya da ümumiyyətlə, həyatın çətinlikləri içində boğulurlar. Tanıdığım onlarla qazi var ki, döyüşə könüllü gedib, şikəst olub sağ qayıdıblar, üstündən illər keçəndən sonra hələ də müharibə veteranı və ya əlillik statusu almaq üçün çalışır, sonunda ən yaxşı halda rüşvət verərək halal adlarını alırlar - təki övladları acından ölməsin. Yəni bu tip nümunəvi gəncin obrazını yaradan ciddi yazıçı mütləq bu məsələləri də əsərində təsvir eləməlidi ki, yazdığı ədəbiyyat sayılsın. Onun da Həsənova sərf edəcəyini güman eləmirəm.

Başqa tip “nümunəvi” obrazlar adətən inqilabçı, ölkəsini hansısa rejimdən xilas etmək üçün gəncliyini və ya həyatını qurban verənləri təsvir edir. Bu gün bu tiplərdən Azərbaycanda kifayət qədər var. Ancaq elə Həsənovun hakimiyyəti həmin gənclərə divan tutmaqla məşğuldu. Yəni onun dediyi nümunəviləri bu təbəqənin içində axtarmağa dəyməz. Yeni nəsrimizdə az da olsa onlar var, ancaq Həsənovun rejimi onlara “ünsür” deyir.

Başqa bir tip Kafkanın “Çevrilmə”sindəki Qreqor Zamza və onun mənəvi varisi, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanındakı Holden Kolfilddi. O, həsənovkimilərin yaratdığı qəddar dünyada ruhdan düşmüş və amorallaşmış, hər şeyə - vətənə, sevgiyə, bir sözlə hər nəmənəyə biganələşmiş tipdi. Dediyim kimi, o da sərfəli deyil, çünki diktatorlara çəpik çalan qalstuklu gənclərdən deyil.
Inanmıram ki, bu gün Səməd Vurğunun ekskavatorçusu da ədəbiyyata düşə bilə (əmək qəhrəmanları). Indi onlar traktorlarının tırtıl səsinin eşidilməzliyində hakimiyyəti söyə-söyə, balalarına it zillətiylə ruzi qazanırlar və qəhrəmanlıq, nümunəvilik ağıllarının ucundan belə keçmir.

Yoxsa olimpiya çempionları, Avroviziya qalibləridi onlar? Yox, onlar da deyil. Başqaları var, ancaq onlar da deyil. Bu dar macalda onların təsvirinə imkanımız yoxdu. Lakin qısacası, deyəsən, işlər müdirinin dediyi “nümunəvi”lər elə YAP-ın həmin seminarında əyləşənlər olub. Onları isə təkrar yaratmağa gərək yoxdu. Zira hakimiyyət onları çoxdan yaradıb. O obrazların qocalığı isə rayonlarda müxalifət partiyasının üzvlərinə əlində yumurta hücum çəkən zəhmətkeşlərdi. Məncə, ədəbiyyatlıq iş qalmayıb. Yox, ədəbiyyat bu işə əlini bulasa, onda Həsənov heç razı qalmayacaq... Ən yaxşısı belə sözləri bir də ağzına almamaqdı.

azadliq.info

Günün bütün mövzuları

XS
SM
MD
LG