Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53
-

- ...Aferist, sən o gün qız gətirməmisən, - Kənan birbaşa əsas məsələyə keçdi. - Тоже мне инсценировщик. Ну, должен сказать, что ты у меня неудачный инсценировщик.


Gənc yazar Alpay Azərin "Ədəbi Azadlıq-2013" Müsabiqəsinə təqdim etdiyi bu hekayəsi münsiflərdən bal almayıb. 20-liyə keçən hekayələrlə müqayisə et! Müəllifin qeydləri aşağıda


Alpay Azər


DİVANDAKI ƏTİRDƏN KAMASUTRAYA


Sevindiyindən uçurdu Fariz, - dostu Kənan da onun kimi köçürülmə yoluyla BDU-dan MDU-nun tarix fakütəsinin ikinci kursuna qəbul olmuşdu...

İkicə ay əvvəl iyunun on ikisində ingilis dilindən müsahibədə dosent İnqa Nikolayevna Kənana demişdi: “Əzizim, incimə, amma bu cür biliklə sən çətin ki, bir il içində dil kursunu mənimsəyəsən. Ağır səslənsə də, Bakıya dönməyi sənə məsləhət görürəm... Ya da avqusta qədər ciddi hazırlaşmalısan”.

Müsahibədən keçməyən Kənan suyu süzülmüş halda Farizə bunları demişdi: “O keçəlbaş qancığı, - saçları seyrək qoca İnqa Nikolayevnanı nəzərdə tutaraq, - bu əllərimlə boğaram. Dəli şeytan deyir, belə bir təbrik məktubu yaz: «Уважаемый русский народ, поздравляю вас в связи с трагедией в Буденовске». (“Əziz rus xalqı, sizi Budyonovsk faciəsi münasibətilə ürəkdən təbrik edirəm” ). Sonda da yazasan ki, С глубоким уважением ваш Шамиль Басаев (Dərin hörmətlə, sizin Şamil Basayev), yapışdırasan kağızı rektoratda elanlar vurulan divara!”...
Kənan, müəllim tutub iyun-iyul ayları gecə-gündüz hazırlaşıb ingilis dilini öyrəndi və avqustun otuz birində İnqa Nikolayevnanın imtahanını adlayıb Bakıya, BDU-ya qayıdası olmadı. Bu dəfə Kənan sevindiyindən İnqanın “keçəl başından öpmək, qadasını almaq istəyirdi”. Elə Fariz də özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi, - Bakıdan başlayan dostluqları Moskvada da davam edəcəkdi...

Bir il idi MDU-nun tarix fakültəsində oxuyan tələbə oğlan və qızların bir yerdə olduqları yataqxanada qalmasına baxmayaraq, utancaqlığı, bacarıqsızlığı ucbatından hələ də bakir, oğlan uşağı qalan Farizin avqustun otuz birində ağlına belə bir ideya gəldi: şəhərə çıxıb gəzmək, nəyin bahasına olursa olsun, məhz bu gün ilk rastına çıxan bəyəndiyi bir qızla, qadınla tanış olmalı, alınsa, elə həmin gün, alınmasa, sonrakı günlərin birində həmin qızın sayəsində bakirliyinə ”əlvida” deməlidi.

İyirmi iki yaşlı Fariz hələ də oğlan uşağı olmağını dost-tanışdan gizlədirdi, hətta aralarından su belə keçməyən Kənandan da. Hələ BDU-da bir yerdə oxuduqları vaxt Kənan bir dəfə ondan “Düzünü de, indiyə qədər neçə qıznan olmusan?” - sualına “Hardasa yeddi-səkkiziynən,” - cavabını vermişdi. “Birinci dəfə neçə yaşında?” - “On altı yaşında, onuncu sinifdə” - “Harda, necə, düzünü de, elə o dəyqə alınmışdı?” Fariz uydurmuşdu ki, məhəllə uşaqları onu Muğan “qastinsasına” (mehmanxana) aparmışdı, - atasının hərdən verdiyi puldan yığıb ilk dəfə otuz beş-qırx yaş arasında olan bir xalaşkayla olmuşdu. “Əlbəttə, həyəcanlanmışdım, amma axırda alınmışdı,” - dostuna belə cavab vermişdi.

Fariz avqustun son günü, axşam saat yeddinin yarısı yataqxanadan çıxıb yaxınlıqdakı dayanacaqda arxa qapıdan 12 nömrəli trolleybusa mindi. Adamlar çox olduğundan pilləkənlərdəcə qapıya söykənib adamlara baxmağa başladı. Elə ilk baxışda dəmir tutacaqdan tutub pəncərədən laqeydcəsinə çölə baxan, saçlarını arxadan at quyruğu formasında yığmış, qısa, mavi yay donu geymiş uzunayaqlı, uzunkiprikli, balıqağızlı qızı gözaltı elədi. Qız bir dəfə ona ötəri baxdı. “Məncə, az-maz xoşuna gəlmişəm. Elə bunun dalınca düşəcəm”. Qızın əlinə baxdı, barmağında üzük yox idi. “Deyəsən, ərdə deyil, bu, yaxşı oldu,” - sevindi. Üç dayanacaq sonra qız, dalınca Fariz trolleybusdan düşdü.

On-on beş addım getmişdilər ki, Fariz utancaqlığına güc gəlib qıza yaxınlaşdı:

- Sizinlə tanış olmaq olar?

- Yox, - qız mədəni şəkildə cavab verdi.

Özünü eşidəcəyi “yox”a hazırlamışdı deyə tez əvvəlcədən hazırladığı fikri dedi:

- Xahiş edirəm, o dəyqə “yox” deməyin. Siz doğrudan, xoşuma gəlirsiz. Bayaqdan trolleybusda elə hey sizə baxıram. İnanın mənə, nə manyakam, nə cibgirəm, nə də Sonltsevski qruplaşmasının üzvüyəm. Sadəcə, tələbəyəm və sizi görən kimi vuruldum.

- Mən sizi başa düşürəm, amma bu mümkün deyil, mənim ərim var.

Buna da hazır idi Fariz:

- Mən də sizi gözəl başa düşürəm, yəni ola bilsin, düz eləmirəm, amma siz çox gözəlsiz axı. Yəni, gözəl yox, çox gözəl olduğunuz üçün hardasa günah sizdədi, - bic-bic qımışdı.

Bu dəfə qız qəşş edib güldü. “Gülür, uraa,” - Fariz uğuruna sevindi, xəfifcə gülümsədi, həm də uğurundan ruhlandı:

- Yəni sizi ancaq Puşkin, Lermontov vəsf edə bilərdi... Gümüş dövründən isə Blok, bir də yəqin ki, Pasternak, - sifətinə yazıq ifadə verdi.

- Yaxşı, siz özünüz şeir yazırsız? - qız bic-bic gülümsədi.

- Mən?... Yox... Hə... Daha doğrusu, yox. Amma elə bilirəm ki, yaxın günlərdə yazacam, yəni sizə şeir həsr edəcəm. Axı, şeir, yəqin bilirsiz, sehrli alma kimi göydən düşür, necə ki, siz bu gün sehrli alma, yox şaftalı kimi qabağıma düşmüsüz.

- Ha-ha-ha! Hardan bildiz ki, şaftalı ən sevdiyim meyvədir?

- Məndə, sadəcə, hissiyyat güclüdür.

- Mən hiss edirəm ki, siz şeir yazacaqsız, - qız dedi.

- Əlbəttə, yazacam. Mütləq yazacam. Yəni hissiyyatım özümü, elə sizi də aldatmayacaq. Yeri gəlmişkən, adınız nədi?

- Marina.

- Elə şeirin adını da qoyacam “Marina və şaftalı”... Yox, nəysə səslənmir...

- Səslənir, səslənir, qoy elə qalsın, - Marina güldü. - Sizin adınız nədir?

- Fariz.

- Siz ermənisiz?

- Yox, - boğazını arıtladı, - azərbaycanlıyam. Marina, məncə, biz “sənə” keçə bilərik, etiraz etmirsizsə.

- Etiraz etmirəm. Bilirsən, Fariz, hisslərinə hörmətlə yanaşıram, amma dediyim kimi, mənim ərim var.

“Bircə, deməyə ki, ərimi sevirəm”.

- ...Ona görə, bağışla, sənə heç cür kömək edə bilmərəm. Amma şeir yazmağa icazə verirəm.

“İcazə verir. Bu, indi mənə minnət qoyur?”

- Əlbəttə, Marina mən səni gözəl başa düşürəm. Bir də, biz, sadəcə, dost da ola bilərik, etiraz etmirsənsə. Yəni belə olmağıma baxma, mən nə qədər üzlüyümsə, bir o qədər utancağam.

Marina bu sözlərdən sonra ürəkdən güldü: - İndi isə, - qol saatatına baxıb, - mağazaya getməliyəm, üzlü oğlan (наглый парень).

- Vaxtım çoxdu, elə mən də səninlə, - üzlü oğlan evli qadının arxasınca düşdü.

Onlar ərzaq mağazasına girdilər. Marina iki kilo kartof, xiyar turşusu, kilo yarım soğan, bir baş kələm götürdü. Kassir “altmış üç rubl” - deyib çek vurdu, Fariz əlində tutduğu yüzlük və əlliliyi tez arxadan kassir qıza uzatdı.

- Ayy, neynirsən? - Marina çaşqınlıq içində tez geri çöndü.

- Boş şeydi, - pulun qalığını götürdü. Onlar çölə çıxıb beşmərtəbəli binalara tərəf addımlamağa başladılar.

- Niyə belə etdin? - Marina bir qədər sükutdan sonra dilləndi. - Sən axı, tələbəsən.

- Narahat olma, mən həm də tikinti şirkətində tərcüməçi işləyirəm, rus dilindən türk dilinə və əksinə, - uydurdu.

- Heç bilmirəm, sənə necə təşəkkür edim.

- Dəyməz, bunu dost jesti kimi qəbul et. Tam rahatlıqla.

Az sonra Marina beşmərtəbəli binanın ikinci blokunun qabağında dayandı: “Çatdıq”. - “Aaa,” - çaşqın, yazıq sifət alan Fariz qəsdən bu cür reaksiya verdi ki, deyəcəkləriylə Marinanın ona yazığı gəlsin:

- Marina, biz... bir daha görüşməyəcəyik ki? Necə deyim, təsəvvürünə gətir ki, mən lap yaxın günlərdə, bəlkə də elə bu axşam şeir yazacam və o şeiri sənə oxumaq mənə nəsib olmayacaq. Inanmırsan mənə? - qaşlarını qaldırdı.

- İnanıram, - qəşş edib güldü Marina.

- Hə, onu da əlavə edim ki, mən güzgüyə baxıb şeir deməyi sevənlərdən deyiləm.

- İnanıram.

- Onda biz... məsəlçün, bu bazar günü... Dondurmayla aranız necədi?

- Dondurmanı sevirəm.

- Mən əla dondurmalı tort verilən bir kafe bilirəm, bazar günü orda otura bilərik.

- Olar. Hə, başa düşdüm, telefonumu istəyəcəksən. Yaz.

Fariz tez pencəyin döş cibindən bloknot və qələmini çıxartdı.

- 421 52 43. Bu, mənim iş nömrəmdi, ev telefonumu verə bilmərəm.

- Yox, iş telefonu bəs edər. Beşinci gün... Yox, dördüncü gün nahara yaxın zəng edəcəm. Dəstəyi yəqin ki, özün götürəcəksən.

- Mən götürməsəm, deyərsən Marina Oleqovnanı, zəhmət olmasa.

- Aha, başqası götürsə, birdən sən həmin vaxt işdə olmasan, soruşsa ki, kimdi, nəsə çatdırmaq lazımdı, deyərəm keçmiş iş yoldaşıdı... Feliks... Serqeyeviç.

- Əla, - Marina yenə qəşş edib güldü. - Oldu, Feliks Serqeyiç, mən artıq getməliyəm.

- Oldu, Marina, səni saxlamayım. Hələlik, dördüncü günə qədər, - əlini yellədi.

- Hələlik, - deyib əlindəki dolu zənbillə bir yerdə ərli qadın blokda görünməz oldu.

“Demədi ki, ərini sevir... Görən, kimdən xahiş eləmək olar, üç-dörd kuplet qıza həsr olunmuş sevgi şeiri yazsın mənimçün? Şaftalını da bir-iki misraya soxuşdurmaq lazımdı,” - bu fikirlərlə Fariz avtobus dayanacağına tərəf getdi.

* * *
- ...Nətəər şeydi? - Kənan tortdan bir dişləm alıb çaydan bir qurtum içdi.
“İdealnaya çaşka” kafesində oturub Kənanın BDU-dan MDU-ya “keçməsini” hələ ki, çayla qeyd edirdilər.

- Can şeydi. Fiqura, ayaq yerində, dodaq da ki, Cəfər Cabbarlı demişkən, əmdikcə o bal ləblərin, ağzım dada gəldi.

- Onu əməndən sonra deyərsən. Нам еще чая пожалуйста… Да, зеленого (Bizə yenə çay gətirin... Hə, yaşıl çay.) - masaya yaxınlaşan ofisianta dedi.

- Bircə əri olmağı işləri korlayır.

- Di yaxşı, neçə dəfə bunu deyəssən. Elə deyirsən, elə bil əri əlində balta gəlib üstünüzə çıxacaq. “Karoçe” (“qısası”) dördüncü gün zəng elə, danış, görüşün, yəqin elə bura gələrsiz də?

- Hə, dondurma tort söz vermişəm. Bura gələcəyik.

- Düz eliyirsən, birinci dəfədən restoran, “vino” (şərab) lazım deyil. Hürkər, fikirləşər ki, qarşısındakı yanıq qafqazlıdı, məqsədi “piyan” (sərxoş) eliyib evə aparmaqdı. Yadında saxla, belə məsələlərdə tələsmək olmaz.

- Razıyam, elə ona görə mən əvvəldən fikirləşdim ki, ilk görüş üçün “sladkiy stol” (çay süfrəsi) daha düzdü, yəni vəziyyətə uyğun baxaram, sonra necə hərəkət etmək lazımdı. Bura bax, sənin rus dilində sevgi şeiri yazan tanışın-zadın yoxdu təsadüfən? Necə oldusa, qıza söz verdim ki, şeir həsr eliyəcəm ona.

- Düzü, elə bir tanışım yoxdu. Əşi, uzağı Puşkin, Lermontov... Yox, bilər onda. Daha az tanınan rus şairlərindən birinin şeirini tapıb, misralarını baş-ayaq eliyərsən, nə bilim, sözlərini dəyişdirib öz adından verərsən ona.

* * *

- Alyo... Gün aydın... Zəhmət olmasa, Marina Oleqovnanı... Necə?... Aaa, bağışlayın, - telefonun dəstəyini yerinə qoydu.

“Necə yəni işləmir... Ayy, o gün necə oldu ondan iş yerinin adını soruşmadım... Bəlkə telefona cavab verən arvad təzə işə düzəlib, heç Marinanın onlarda işlədiyini bilmir”.

Birinci gün yenə zəng elədi və eyni cavabı aldı: “Bizdə belə adda qız işləmir”. Bu dəfə cavab verən isə kişi idi... “Suka” (Qancıq)... Məni aldatdı, deyəsən,” – ürəyində
Marinanı söydü.

* * *

- Nooldu, görüşdüz, söhbət elədiz?
- Hə... Elə burda görüşdük, məhəbbət yapdıq.
- Məhəbbət yapdız? - Kənan təəccüblə (yəni “belə tez?”) Farizə baxdı.
- Boyunu yerə soxum, türk dilini bilmirsən, məhəbbət yapdıq, yəni, sən deyən kimi söhbət elədik.

* * *
“Atalar üçdən deyib. Son dəfə zəng eliyim. Bəlkə bu dəfə bəxtim gətirdi”. Nömrəni yığa-yığa əl dəsmalını dəstəyin ağzına qoydu, biz az da səsini dəyişdi ki, onu tanımasınlar.
- ...Cavan oğlan, siz artıq neçənci dəfədir zəng edib Marina Oleqovnanı soruşursuz, - birinci dəfə dəstəyi götürən qadının səsi idi, - bizdə belə birisi işləmir. Nə bu il, nə də iki il bundan qabaq... Siz, ümumiyyətlə, hara zəng eliyirsiz?...
Fariz cavab vermədən pərt halda dəstəyi yerinə qoydu. “Mən nə bilim hara zəng eliyirəm!”- öz-özünə deyindi.

* * *

- Hə Feliks.... Nəydi dədənin adı?
- Serqeyiç.
- Serqeyiç yox, ay savadsız. Felikslər Rabinoviç, ya da Aronoviç olur. Neynədiz, danış görək, - Kənan qaşıqla napaleon piroqunu iki yerə bölüb, balacasını ağzına apardı.
- Getdik Golden Dollsa. Танцы-шманцы. (“Rəqs-məqs”.)
- Medllenni? (“Həzin rəqs?”)
- Hə.
- Neçə dəfə?
- Deyirəm, tərsliyə bax da. Təsəvvürünə gətir, hardasa beş saat olduq o klubda. Dijey dədəsi gorbagor olmuş cəmi iki dəfə “medlenni tanets” qoydu. O da bəxtimdən birində tualetdəydim, - belə detallara qədər uydurmağı bacarırıdı “Feliks Aronoviç”.
- Bir dəfə oynamısan, bəsindi. “Rastoyaniya” (məsafə) saxlamışdın?
- Necə?
- Qızla medlenni rəqs eliyəndə aranızda məsafə saxlamışdın?
- Ağ eləmə də. Məni xam bilirsən?
- Ay sağ ol, yadında saxla, belə işlərdə tələsmək əsas işə ziyan vurur, - Kənan həlim səslə, yeniyetmələrin tərbiyə işlərinə baxan pedaqoqlar kimi dedi.
- Bilirəm, bilirəm. Mənə ağıl öyrətmə.
- Bəs, belindən tutanda əlini...
- Yox, aşağı sürüşdürmədim. Daha doğrusu, masaj eləmədim belini.
- Sonra?
- Sonra heç nə, rəqs qutardı, əlindən tutdum, getdik oturduq öz yerimizdə, - Fariz həvəslə goplamağındaydı.
- Əlini çəkmədi ki?
- Yox.
- Ay sağ ol, то есть все получилось естественно. (Yəni hər şey təbii alındı.) Bax, yenə deyirəm, bu işdə tələsmək olmaz.
- Ee, mənə deyirsən bir şeyi on dəfə təkrar eləmə, artıq yüzüncü dəfədi bunu deyirsən.

Əslində, Farizi hirsləndirən Kənanın “belə işlərdə tələsmək olmaz” məsələsini tez-tez təkrar eləməyi yox, Marinanın mədəni şəkildə onu, ruslar demişkən, “poslat” eləməsi (başından eləməsi), hardasa barmağına sarıması, aldandığına görə bütün bunları uydurmaq məcburiyyətində qalması idi.

Ömrü boyu bu məsələdə dostuna yalanlar demişdi: ”Yeddinci sinifdə oxuyanda paralel sinifdə oxuyan qızla “Moskva” kinoteatrının arxa cərgələrində öpüşdüm, orasını-burasını əllədim, onuncu sinifdə “Muğan” mehmanxanasında xalaşkanın hesabına oğlanlığıma “əlvida” dedim, burda Moskvada “obşaqada” (yataqxana) elə sentyabr ayında təzə tanış olduğu Ksyuşanı o söz və sairə və sairə”.

* * *

Yağış çiləyirdi. Yaxşı ki, çiləyirdi, yoxsa Farizin saç düzümü pozulardı. Hər ehtimala qarşı evdən götürdüyü çətiri başının üstündə saxlamışdı. Marinanın yaşadığı evin blokunun qabağında var-gəl edirdi. “Eybi yox, indilərdə lap Ximkidən də çıxsa, gözləyəcəm. Sevgi əziyyət tələb edir”. Hardasa qırx dəqiqə orada gəzişə-gəzişə gözlədi.

“Dəli şeytan deyir, beşinci mərtəbəyə qədər qalx, bir-bir qapıları döy, qapını açsalar, ya arxadan “Sizə kim lazımdı?” soruşsalar, “Bağışlıyın, Marina Oleqovnanı olar?” - de... Qapını əri açsa, demək olar ki, mən Marinananın iş yoldaşıyam, Feliks Serqeyiç. Qələt eliyir Kənan, Aronoviç nədi. Əri antisemit olar, “Жидов нам еще не хватало” (Bircə cuhudumuz əksik idi) deyib qapıdan qovar məni. Marina da məni görsə, uzağı, çaşacaq, amma adımı eşidəndə yadına düşəcək, sonra yəqin ki, ərinə qoy içəri keçsin deyəcək”.

Blokun yaxınlığındakı kafeyə girdi. Çay, şokoladlı tort götürüb elə bir yerdə oturdu ki, pəncərədən Marinanın qaldığı evin bloku, blokun girişinə gedən yolu görə bilsin. Iki saat keçdi, - Ximkidən çıxsa belə gəlib çatardı. Marina görünmədi ki, görünmədi.
Acığa düşüb səhərisi yenə həmin blokun qabağına gəldi. Bu dəfə havaya dediyi “sukadan” “suçyaraya” , “suçyaradan” “blyada” keçdi.

* * *
- Ну, расскажи, Феликс Аронович, на какой стадии сейчас твои сексуальные подвиги? (Hə, danış görək, indi seks sahəsindəki qəhrəmanlıqların hansı mərhələdədi?)
- “Podviqi” deyəndə, sən demişkən, все идет естественным путем. (Hər şey öz təbii axarıyla gedir.)
- То есть? (Yəni?)
Heç istəmirdi cavab versin, üzünə sakit ifadə versə də, dişlərini dişlərinə sıxmağı hiss olunurdu. Əvvəlcədən yalanlar demişdi deyə Fariz məcburuydu yenə nəsə uydursun.
- O gün yenə Qolden Dollsdaydıq.
- Aha, yaman dadanmısız ora, danış görək, - çəngəllə yarpaq dolmasından birini götürüb ağzına aparıb maraqla Farizə baxdı.
Yeri gəlmişkən, dostlar “Bakı” restoranında Kənanın MDU-ya keçməyini qeyd edirdilər.
- Yenə rəqs elədik.
- Yəqin bu dəfə...
- Hə, qucaqladım, sıxdım özümə.
- İtələmədi səni.
- Yox.
“Sənin nəslini, ay Marina, gör məni nə günlərə qoydun!”
- Nə içdiz?
- Martini.
- Olar, ikinci dəfə üçün pis variant deyil. “Tak”, əsas məsələ, öpüşdüz?
- Öpüşdüm deyəndə, əvvəlcə boynundan başladım, sonra da yavaş-yavaş dodaqlarına keçdim. Öpüşmək demək olar buna.
- Əla. Abbas Səhhət necə deyib?
- Abbas Səhhət yox, Cəfər Cabbarlı. Əmdim ləblərin bal kimi ağzım dada gəldi.
- Ay sağ ol. Ləblərə qədər gəlib çıxmısansa, deməli, işin yarısını görmüsən, qalıb ləblərdən sonrakı işlər, - Kənan Borjomi dolu stəkanı başına çəkdi, salfetlə ağzını sildi. - Bilirəm, xoşun gəlmir, ona görə demiyəcəm ki, belə işlərdə tələsmək olmaz, amma yenə də, - Kənan dostuna göz vurub dişlərini ağartdı.
- Yaxşı, tələsmərəm, - bayaqdan bəri ilk dəfə olaraq Fariz zorla gülümsədi.
- Mən demirəm, mütləq bu bazar günü həll elə məsələni. Ama bil, iki həftəyə bu işə nöqtə vura bilməsən, səni dostluq siyahımdan siləcəm. Bu da açarımın dublikatı, - cibindən bir dəstə açar çıxarıb içindən birini seçib ayırdı. - Bazar günü ev sənin ixtiyarında. Alınmasa, gələn bazar da açarı verəcəm.
- Hə, sağ ol, - Fariz könülsüz ondan açarı aldı.

* * *
Bazar gününə iki gün qalırdı. Yadına düşdü ki, üç dəfə nəticəsiz olsa da zəng edib, blokun ətrafında isə iki dəfə xeyli sülənib. “Atalar üçdən deyib, bəlkə bu dəfə alındı”. Bu dəfə axşam yox, səhər saat səkkizdən blokun on beş-iyirmi metrliyində, uzun ağ plaşda, gözündə qara rəngli gözlük, əlləri cibində nanəli saqqız çeynəyə-çeynəyə dayanmışdı.

Saat 9:00-da kafeyə girib gözünü bloka zilləyə-zilləyə iki eklerlə çay içdi. Blokdan isə qoca, uşaq, cavan adamlar çıxırdı, - Marina onların arasında yox idi.

Ertəsi gün iş günü olsa da, o tərəflərə getmək fikri yox idi. “Elə yaxşı oldu alınmadı, əri bilsə, tapıb məni öldürərdi. Heç nə, biabırçılıq! Bütün Azərbaycan biləcəkdi, bu cəhənnəm, meyidimi Bakıya aparmaq beş-altı min dollar tutardı, ən azı”.
Bircə qalırdı bazar gününü yola vermək. İxtiyarında bir otaq, həmişə belə fürsət ələ düşmür. “Bəlkə yataqxanadakı Lenanı ora dəvət eləyim, məsələn, yaxşı bir kinoya baxmaq bəhanəsiylə. Prokatdan bir kaset götürmək olar”...

Lena iki dəfə “öhö-öhö” edib, öskürməyini bəhanə edib “Как-нибудь другой раз.” (Başqa bir vaxt.) dedi.

* * *
Nəhayət, bazar günü məcbur olub dilxor halda tək dostugilə yollandı. Qurduğu plana uyğun yolda “Beşinci element” filmini bir günlüyə kirayə görürüb supermarketdən bir şüşə “Kindzmarauli” şərabı, ikilitrlik “Sandora” alma şirəsi, qara zeytun turşusu, iki yüz qram hisə verilmiş kolbasa, hazır paketlənmiş “Olivye” və “Mimoza” salatları, üç yüz qram çərəz, - qoz, fındıq, badam ləpəsi, qara kişmiş aldı.

Dostunun mənzilinə çatdı, mətbəxə keçib əlindəkiləri masanın üstünə qoydu. Oturub bir az dincini alandan sonra, əvvəlcə çərəzi dayaz bir qaba tökdü. Qədəhlərin birini yarıya, o birini isə yarıdan da az aldığı gürcü şərabıyla doldurdu, bir-birinə vurdu: “Ну что, Марина, выпьем это за твое нездоворье”. (“Hə, Marina buna içək ki, xəstə olasan ”). Yarı yolda qıza yazığı gəldi, qədəhi saxladı: “Нет, просто выпью за свое здоровье, ради того чтоб я тебя скоро забыл”. (Yox, sadəcə öz sağlığıma içim, içim ki, səni tezliklə unudum.) - qədəhi başına çəkib yenidən yarıya qədər doldurdu.
Sonra mətbəxdə dolabları eşələyib kartof, soğan, soyuducudan ət, kərə yağı, yumurta çıxartdı, tavada kartof-soğanla ət qızardıb üstünə iki yumurta vurdu.

Soyuducudan çıxartdığı pendiri, aldığı kolbasanı dilimləyib bir qaba düzdü, üstünə dörd-beş dənə qara zeytun atdı. Dayaz nimçələrin hərəsinə üç-dörd qaşıq qızartdığı ətli-yumurtalı kartofdan qoydu, hər ikisindən yeməyə başladı. Birini tam boşaltdı, o birini də guya Marina axıra qədər yemək istəmədi deyə yarısınacan yedi. Lap axırda ayrı-ayrı stəkanlara alma şirəsi töküb, hərəsindən üç-dörd qurtum içdi.

Böyük otağa keçib divanda uzanıb “Beşinci elementə” baxmağa başladı... Plana uyğun divanı açdı. Ikinəfərlik yekə bir mələfə tapıb sərdi, divanın başına iki balınc qoydu. Güzgünün qabağında ətirlərə baxdı, ucuz bildiyi bir kişi, bir qadın ətiri götürüb hər ikisindən sərdiyi mələfənin, balıncın üstünə fısıldatdı. Sonra uzanıb o tərəf, bu tərəfə çevrilib bədənini, başını mələfəyə, balınclara bərk-bərk sürtüb onları əzdi ki, Kənan gələndə görsün ki, dostu divanda yaxşı işləyib.
Elə o anlarda son olaraq ağlına bir ideya gəldi: mətbəxdən çərəz dolu qabı, iki qədəh şərabı gətirib divana bitişdirdiyi jurnal masasının üstünə qoydu, - guya arada fasilə edib qoz-fındıq, şərabdan da təam ediblər. Sonra kresloda oturub televizora baxa-baxa yuxuya getdi.

Gecə on birin yarısı qapının bərk-bərk döyülməsiylə yerindən dik qalxmağı bir oldu. Açarı arxa tərəfdə kiliddə qoymuşdu deyə dostu çöldən qapını aça bilmirdi.
- Dayan, səbrin olsun, açıram.
- Tez ol, aç, - o tərəfdən Kənanın səsi gəldi.
Fariz qapını açdı. Kənan, əlində iki ərzaq, içkilər dolu zənbil, yanında kare saçlı, dolu bədənli qız, - bir əlində qırmızı qızılgül, o birində “Lanvin” yazılmış içində ətir olan qutu içəri girdilər. “Pis deyil, amma mənim Marinama çatmaz... Mənim Marinama ha,” - ani olaraq Fariz fikirləşdi.
- Gəlin sizi tanış edim, Fariz… Nastya, - Kənan onları tanış etdi.
Yalandan gülümsəyib dilucu bir-birilərinə “Oчень приятно” (“Çox şadam”) dedilər. Nastyayla Kənan mətbəxə keçdilər. Aldıqlarını mətbəxdə yerbəyer edən Kənan tezcə otağa qayıtdı:
- Düzünü de, necə qızdı?
- Pis deyil, - Fariz dedi.
- Pis deyil, yox yaxşıdı. Adam paxıl olmaz. Bilirəm, nə soruşassan. İki saat qabaq metroda tanış olmuşam. Hansısa idman universitetində oxuyur, valeybalistkadır. Keçək sənə, Aronoviç, nə oldu, gətirdin qızı? Neynədiz? - Kənan sınayıcı baxışla Farizdən soruşdu.
- Gətirdim... Sən demişkən, nöqtəni qoydum, - yalançı əminliklə cavab verdi.
- Afərin. Təbrik edirəm. Həə, - divanın üstündəki əzilmiş, bir ucu döşəməyə dəyən mələfəyə, balınclara diqqətlə baxıb, - görürəm. - başıyla jurnal masasını göstərib, - oo, enercayzer də (fındıq-qoza işarə vuraraq) var ki, burda... Üstəlik, bizə də saxlamısız. Deməli, sən elə də paxıl deyilmişsən.
- Siz gəlməmişdən bir az qabaq yola saldım, getdi. Mən də yavaş-yavaş gedim.
- Nə olub, hara tələsirsən? - Kənan qol saatına baxdı. - Metro saat yarımdan sonra bağlanır. Göbələk, yaşıl lobya almışam, qız bişirsin, bir yerdə yeyərik, çay içərik, sonra gedərsən.
- Yox, sağ ol, bir az qabaq elə Marinayla bir yerdə yemişəm. Hə, yeri gəlmişkən, tavada ət-kartof qızartması qalıb, istəsəz, isidib yeyə bilərsiz. Gedim mən, gecdi, - Fariz ayağa durdu.
- Özün bilərsən.

Fariz videokaseti götürüb Nastya ilə sağollaşmadan otaqdan çıxdı.
Dostu otaqdan çıxan kimi Kənan mətbəxə girdi, yüz ilin tanışları kimi Nastyanı arxadan qucaqlayanda qız: ”Ну, что ты,” (“Neyniyirsən?”) - deyib Kənanın onun bədəninə sarılmış qollarını araladı. “Başa düşdüm, yəni tələsmək olmaz. Camaata ağıl öyrədirəm, amma özüm...” - Kənan fikirləşdi.

Mətbəxdə oturub Nastyanın bişirdiyi göbələk, yaşıl lobya, isitdiyi kartof-ət qızartmasından yedilər. Bir-birinə cürbəcür standart tostlar deyə-deyə Kənanın aldığı bir litrlik fransızların məşhur “Müskadel” şərabından gürcülərin Kindzmaraulisinə keçənə yaxın gözləri axan Nastya “Lujkovun, şəhərimizin merinin sağlığına içməyi təklif edirəm, amma xahiş edirəm yox sözü olmasın,” - deyəndə Kənan əmin oldu ki, hər şey istədiyi kimi olacaq. “Əlbəttə, mən də Lujkova çox hörmət edirəm, Moskva üçün çox işlər görüb, ona görə içək onun sağlığına”, - ciddi-ciddi tosta öz əlavəsini edib Kənan qədəhi başına çəkdi.

Kindzmarauli şüşəsini götürüb otağa keçdilər, Kənan işıqları söndürüb, şam yandıranda Nastya “Niyə?” soruşdu. – “Bu gün televizorda dedilər ki, qaldığımız bu rayonun işıqlarını indilərdə kəsəcəklər. Sonra bildiyin kimi, qaranlıqda şam, kibrit tapmaq çətin olur”. Nastya heç nə demədi, təəccüblə çiyinlərini çəkdi, - bir növ anlamadım düz deyirsən, yoxsa romantika-filan eşqindəsən.
Hərəsinə bir qədəh də otaqda vurdular. Kənan pultu götürüb, çarpayıda uzandı. Uzanan kimi sifətinə qəzəb çökdü, “Blyaa, sən neynəmisən?” - ürəyində Farizi söydü. Qarışıq kəskin parfüm iysi idi onu əsəbiləşdirən, - amma heç nə olmamış kimi qızı ehtiraslandıracaq bir film tapmaq ümidiylə kanallara bir-bir çevirməyə başladı. Hələ ki, istədiyini tapammırdı...

Nastyanın gözü ekranda Kənan yavaşca yan üstə çevrilib hər iki balınıcı qaldırıb divanın üstünü iylədi, - fikirləşirdi ki, bəlkə divanın üstündə qoxu qalmaz, balıncları götürüb atar yerə, qıza isə zarafatyana deyər ki, Nastyuxa, gəl düz yerdə uzan, belin həmişə düz olsun. Amma divanın yuxarı başından da o qarışıq qoxu gəlirdi. Nırç edib ürəyində dostunu yenə bir partiya söydü. Sonra kanalları gəzə-gəzə RTR-də bir öpüş səhnəsi olan filmin üstünə çıxdı. “Yox, tələsmə Kənan. Hürkütmək olmaz... Özün camaata ağıl öyrədirsən axı”. Nastya da gözünü televizora zilləmişdi. “Yaman maraqla baxır... Bir xeyri olacaqmı?” Az sonra filmdəki sevgililər öpüşüb qurtardılar, aralarında dialoq başladı.

- Gəl, uzan yanımda, - Kənan qıza tərəf baxmadan əliylə yanındakı yeri göstərib ərkyana təklif elədi.
- Heç nə etməzsən, söz verirsən?
- Söz verirəm.
“Yalançının atasına lənət,” - ağlına gələn bu fikirdən özünü güclə gülməkdən saxladı Kənan. Qızın çəkələklərini çıxarıb divanda uzanmağıyla dik atılmağı bir oldu.
- Nə olub ki? - Kənan guya heç nə başa düşməmiş kimi soruşdu.
- Bura bax, sən kəskin ətir iyi hiss etmirsən ki?
- Hiss edirəm, amma elə də kəskin deyil.
- Aydındı, burda sənin dostun qızla keyf eliyib. - Nastya burnunu balınca yaxınlaşdırıb üzünü turşutdu. - Bu qədər də ətirlənmək olar? Yox, burda mən uzana bilmərəm, - deyib ayağa qalxdı.
- Yaxşı, onlar bu cür iydə burda kef eliyiblərsə (rusca: кайфовали тут ), sən niyə elə-belə uzanmırsan yanımda? Sən axı idmançısan.
- İdmanın bura dəxli yoxdu, məndə bu cür ətirlərə alergiya var.

Hirsindən cilov gəmirən Kənan (“Fariz, gör, sənin başına nə oyun açacam!”) heç nə demədi, televizora baxmağa davam etdi. Beş dəqiqə keçmişdi ki, kəskin iyə tab gətirməyən Kənan yavaşca yerindən durdu, gərnəşdi, tualetə getdi, qayıdıb qəfil ağlına gələn plana uyğun Nastyadan xahiş etdi ki, iki dəqiqəliyə oturduğu kreslodan dursun. Az əvvəl Nastya “Здесь душно” (“Otaqda bürkü var”) - deyib pəncərəni açmışdı deyə içəri dolan mehdən sərxoşluğu bir az keçmişdi. Təəccüblə oturduğu yerdən durdu. Kənan kreslonun qollarından tutub ciddi-ciddi o biri kresloya tərəf itələdi, - onları birləşdirib divanfason bir şey düzəltmək istəyirdi, hərçənd ki, ora uzanan ortaboylu cütlük rahat yerləşə bilməzdi. Gərək hər ikisi ya ayaqlarını qatlayaydılar, ya da kreslonun başına qaldırıb aşağı sallayaydılar. Kənan bunları bilsə də, tərsliyi tutmuşdu, necə olursa olsun, istədiyinə çatmaq niyyətindəydi.
İstək-plan öz yerində, kreslonun qırılmış qabaq təkəri xalçanın qırağına ilişəndə Kənan dodaqaltı dostunun var-yoxunu söydü.

- Qrişa, sən neyniyirsən? - gözləri kəlləsinə çıxan Nastya axır ki, dilləndi, deyəsən, onu bura gətirənin heç cürə öz istəyindən əl çəkməyəcəyini başa düşmüşdü.
“Qrişa” suala cavab verməyib bir də kresloya güc verdi. (Kənan tanış olandan sonra qıza demişdi ki, əgər adını tələffüz etmək çətindirsə, Qrişa da deyə bilər ona.) Kreslo yenə yerindən tərpənməyəndə, dalına bir təpik vurdu. Az sonra maneəni görən Kənan kreslonun başından basıb nəhayət ki, onu o biri kresloya qovuşdurmağa nail oldu. İndi qalırdı Nastyayla qovuşmaq. Kənan düzəltdiyi “divana” uzanıb ayaqlarını yığdı. Az sonra yanı üstə çevrildi. Nastya da yan üstə uzanıb ayağını qatlasaydı, bir təhər “cütləşmiş” kreslolara yerləşərdilər, Kənanın da istədiyi bu idi, - yan üstə uzanıb Nastyanı arxadan qucaqlamaq. Əmin idi ki, qız buna razı olsaydı, davamı da öz-özünə gələcəkdi.

- Gəl, uzan burda, yer var, - gözü ekranda, Nastya tərəfə baxmadan, guya etinasızlıqla əliylə yanındakı boş yeri göstərdi.
- Ha. Məzələnirsən mənimlə? Sağ ol, mənə elə burda da rahatdı. Bir də mən sənə yolda demişdim, aramızda heç bir intim-filan olmayacaq. Üstəlik, özün mənə söz vermişdin ki, sən deyən kimi olacaq. Elə deyil?
- Düzdü, söz vermişdim, amma niyə fikirləşirsən ki, sən uzanan kimi mütləq aramızda intim olacaq. Sən uzan, söz verirəm ki, barmağımın ucuyla da sənə toxunmayacam.
- Guya bilmirsən ki, mən o dar yerdə uzansam, istəməsən belə, tək barmağın yox, bütün bədəninlə mənə toxunacaqsan?
- Toxunmaq hələ o demək de...
- Yox dostum, mən yaxşısı budu elə divanda oturum, - bayaqdan ayaq üstə dayanıb Kənanın “cütləşmiş” kreslolarında uzanmağa yox deyən Nastya divanda oturdu. - Dediyim kimi, bura rahatdı, qətiyyən narahat olma mənə görə.
- Axı özün bayaq dedin ki, allergiya var səndə o ətirə qarşı. Necə rahat ola bilər sənə orda?
- Mən uzanmıram ki, iy hiss edəm. Gördüyün kimi, sadəcə oturmuşam. Qriş, gəl başqa şeylərdən danışaq. Sən axı metroda mənə Bakı haqqında maraqlı şeylər danışırdın, gülməli anekdotlar danışırdın.
- Anekdot yenə danışaram, amma sən yanımda olmayanda elə bilirəm, sən məlliməsən, mən şagird, qorxuram səndən, dilim tutulur, danışa bilmirəm.
- Dilin tutulur? – şaqqanaq çəkib güldü Nastya. - Sən dayanmadan danışırsan, qorxmaq nədi.
- Yaxşı qorxmuram, çəkinirəm.
- Sən ha... Anekdot danış, elə ordan, çəkinməyin gedəcək. Mən özümü şagird kimi aparacam ki, sən məndən utanmayasan.
Heç nə demədi Kənan, başını buladı. “Dədeyin kəlləsini. Buna söz çatdırmaq olmur ki. Elə bil, mən bunu anekdot danışmaq üçün evimə gətirmişəm”.
Az sonra Kənan başqa taktikaya keçdi:
- Sən voleybolçu yox, şahmatçı olmalıydın, əzizim.
- Niyə? - Nastya işvəli təbəssümlə soruşdu.
- Çünki hansı gediş eliyirəm, sən o dəyqə vəziri qabağa verirsən, mənim gözəl kraliçam.
- Sən məni mat eləmək istiyirsən ki?
- Fərq eləməz, razıyam, sən məni, yəni öz şahını mat edəsən. Öz taxt-tacımdan sənə görə imtina edirəm, kraliçam. Gəl mənim yanıma, təkrarolunmaz gözəllik ilahəsi…Necəydi adı?... Hə, Afrodita. (Иди ко мне, неповторимая богиня красоты… Как ее звали?… а Афродита.)
- Ha-ha-ha, kralım, - bu dəfə Nastya lağla gülüb, - Nə vaxt taxtın-tacın olar, onda da gələrəm, böyük məmnuniyyətlə. Ona görə məni gərək bağışlayasan. Bir azdan RTR-də yaxşı bir film...
- Pultu bura ver.

Qəfil səs tonunu dəyişən Kənanın “əmrindən” çaşan Nastya pultu tez ona verdi. Kənansa qızın acığına kanallara demək olar, baxmadan gah dala, gah da qabağa verməyə başladı. “Belələri elə mənim bəxtimə düşər. Gərək sənin “vinona” (şərabına), elə özümünkünə də viaqra ataydım. Kreslo nədi, özün kuxnidəki köhnə taxta stulları birləşdirib divan eliyib üstümə çıxardın”.

НТВ-də saxladı kanalı, gözünü hansısa şou verilişə zilləyib bir dəfə də olsun qız tərəfə baxmadı, - ümidini tam üzmüşdü Nastyadan. Saat ikini keçmişdi.

- Qrişa, çay istəmirsən, gedim dəmləyim? - Nastya sakit səslə sükutu pozdu.

- Yox, - Kənan soyuq tonda cavab verdi. - Bir də mənə Qrişa demə, öz adımı de.

- Sən özün axı...

Davamını gətirmədi, başa düşdü ki, Kənan ona əslində “Sən artıq cəhənnəm olub gedə bilərsən,” - deyir. Bunu hiss edən Nastya: “Mən gedirəm,” - deyib yerindən durdu, mətbəxə keçdi. Kənanın ona aldığı “Lanvin” ətirini, bir ədəd qırmızı qızılgülü götürüb otağa girdi, yavaşca soruşdu: “Ötürmürsən məni?” - taksi pulu umurdu, bunu deməyə cəsarəti çatmırdı. Kənan da qızın ondan yol pulu qopartmaq istədiyini hiss edirdi, cavab vermək bir yana, yerindən tərpənmədi. “Mən gedirəm, başa düşmürsən?” - Nastya son cəhdini etdi. Gözünü ekrandan çəkməyən Kənan çiyinlərini tərpətdi. “Yetmiş dollarlıq Lanvin haramın olsun,” - ürəyində qızı söydü. Az sonra dəhlizə açılan qapı bərk çırpıldı.

* * *
- ...Aferist, sən o gün qız gətirməmisən, - Kənan birbaşa əsas məsələyə keçdi. - Тоже мне инсценировщик. Ну, должен сказать, что ты у меня неудачный инсценировщик. (Pah, mənə səhnə qurluşçusu olub. Amma deməliyəm ki, uğursuz yaratmısan səhnəni.)

- Başa düşmədim, - qaşlarını düyünləsə də, sifətində bir əzələ belə dəyişmədi Farizin. “Görən, necə bilib?”

- Yaxşı başa düşdün. Özünü tülkülüyə qoyma. Bir-bir sənə başa salacam. Kuxnidən başlıyaq, birincisi, bakalların heç birində nə pomada izi varıydı, nə də...

- Qız pomada çəkməmişdi.

- Yaxşı, sən deyən olsun, bəs “duxi” iysinə nə deyirsən? Nə vino bakallarından, nə də “sok” (şirə) tökdüyün stəkanların birindən “duxi” iysi gəlmirdi. Elə şey ola bilər, qonaq gələn qız yeməkdə duxisiz, pastelə girəndə isə duxulansın?

- Nə pedant adamsan sən, mənə komissar Meqre olub bu. Durub “avçarka” kimi bakalları bir-bir iyləmisən?

- İyləməyə ehtiyac yoxuydu. Kişi, arvad, fərqi yoxdu, parfyum vurursa, bakal, ya çay stəkanında az da olsa iy qalır, əgər onları feyriylə yumursansa. Üstəlik, evdə ən lazımsız, mənasız duxini fısıldatmısan “prostınyaya”, “paduşkalara” (mələfə, balınclara). O “duxi” bir “xanıqanınıydı,” görməmiş vaxtlarımda qaldığım o evə gətirmişdim, yadından çıxıb evdə qoymuşdu... Səhərə qədər qızla yatammamışıq. Biləsən, ürəyimdə səni nə qədər söymüşəm. Jurnalni stolun üstünə qoz-kişmiş, vino qoymağa ağlın çatır, amma adi, elementar şeylərdə tormozsan.
Farizin dili qurumuşdu “komissar Meqrenin” qabağında.

- ...Birincisi, ümumiyyətlə, “duxi” tökmək lazım deyildi, mən “pasteli” iyliyib fikirləşmiyəcəydim ki, görən, bunun gətirdiyi qız niyə parfyumdan istifadə eləmir. İkincisi, fantaziyan çatmayıb ki, gedib parfyumeriyadan babat iyi olan “duxi”, odekalon alıb ora tökəsən. Fantaziyan cəhənnəm, həmin o güzgünün qabağında “Milaya jenşina” varıydı. Koruydun? Heç olmasa onu tökəydin divana... Amma sənə deyim ki, ora sən ən bahalı parfyum töksəydin belə, yenə kələyini başa düşəcəydim.

- Necə? - nəhayət, bayaqdan pat vəziyyətinə düşmüş Fariz qımışdı, eyni açıldı.

- Ay Fariz, ay onuncu sinifdə Muğana xalaşka yanına gedən. Getmisənsə əgər. - Kənan göz vurdu, yəni bunu da bildim. - Axı sən bilməlisən ki, tək oğlanla qızın vurduqları parfyumun iysi yox, hər ikisinin bədəninin, saçlarının, əsas da qızın “priyatnı” (“xoş”) aromatı qalır “paduşkada”. Fizika, diffuziya qanunu! Bir də, ucuz, blya, ya bahalı, axı, nəyə lazımdı bütün flakonu əndərmək “pastelə”. İkicə dəfə başından basırsan, pıs-pıs - barmağıyla ətir qabının başından basmağı yamsılayır, - vəssalam. Hələ qayıdıb “vstreçni” (“qarşılıqlı”) suallar verirsən, öz məssəbinnən məni çaşdırmaq istiyirsən.

Dilxor halda döşəməyə baxan Fariz axır ki, təslim oldu:

- Yaxşı, mən yarıtmadım, sən özün heç olmasa bir şey eliyə bildin?

- Əlbəttə, elədim. Amma it zülmünnən. Yarıxoş-yarızor. Bir o qədər xərc çəkmişdim, qıza yetmiş dollara Lanvin, ondan da bahalı Fransız vinosu almışdım, gəl hələ bir şey eləmiyəydim də.

- Day sən istədiyinə çatmısan, indi nə istiyirsən məndən, ay “suka”? - Fariz sakit tonda soruşdu.

- İstədiyimə çatmışam, amma istədiyim kayfı ala bilməmişəm, başa düşdün?

- Ay elementar ağlı olan adam, divandan iy gəlirdi, üstündəkiləri götürüb yerə ataydın. Heç nə olmazdı, purjinli dəmir kravat deyil ki, yumşaq divandı da.

- Sənin o təpən haqqı. Ucuz duxidən o qədər tökmüşdün ki, yumşaq dediyin divanın canına hopmuşdu o mundar iy... Bir təhər, zülümnən o ağır kresloları birləşdirib balaca divan-fason bir şey düzəltmişəm, o da dediyim kimi, yarıxoş-yarızor...

- Əri var o Nastyanın? - Fariz söhbəti divandakı ətir məsələsindən uzaqlaşdırmaq istəyirdi.

- ...Yox! Mən sənin kimi oğraş deyiləm. Yekə kişisən, adam ərli arvada girişməz.
Fariz dərindən köks ötürüb heç nə demədi, bildi ki, dostu divandakı ətir məsələsinə görə ondan çox yanıqlıdı, əsəbidi, - “oğraş” deməklə onu, sancmaq istəyir ki, heç olmasa bir az əsəbləri sakitləşsin, halbuki ikicə həftə əvvəl pedaqoqlar kimi həlim səslə tez-tez: “Ay dost, belə məsələlərdə tələsmək olmaz” - məsləhəti verirdi.
Fariz fikrə getdi, təsəvvürünə gətirmək istədi ki, ancaq oturmağa yararlı olan kreslolaları birləşdirəndə belə, onlar orda necə uzana bilərdilər, necə yerləşərdilər ora, axı seks elementar rahatlıq tələb eliyən şeydi... Fərz elədi ki, o dar yerdə tam kayf almaq üçün Kamasutra texnikası-filan köməklərinə çatıb, əgər bunlar doğrudan, səhərə qədər yatmayıblarsa... “Səhərə qədər kamasutra? Yox əşi, səhərə qədər yatmıyıb, it zülmünnən kayf alıb köpəyoğlu. Bu da hirslənməyindən istifadə eliyib mənə gəlir”.

Son


Hekayə çap ediləndən sonra Alpay Azər "Oxu zalı"na müraciət edərək onun bu qeydinin yayınlanmasını istəyib:

"Müəllifdən münsiflərin diqqətinə

Hörmətli münsiflər,
Bu müsabiqədə nə finalçılar, nə də 10-luq və 20-lik siyahısına düşməyə, səmimi deyirəm, xüsusi iddiam olmayıb. Düşsəm sevinərdim, düşməsəm, kədərlənməzdim. Amma bu hekayəmə ümumiyyətlə, bal verilməməsi düzü, məni təəccübləndirdi və məyus etdi. Demirəm, müsabiqəyə qeyri-adi mətn göndərmişəm , amma bu, ən pis halda orta, ən yaxşı halda yaxşı hekayədir axı. Düşünürəm, bəlkə hekayəm nəzərinizdən qaçıb, oxumamısız. Hörmətli münsiflər, müsabiqənin finalçıları məlum olandan sonra sizlərlə yazışmada hekayəmlə bağlı fikirlərinizi bilsəm, çox məmnun olardım. 10-luq siyahıdakı şair və yazıçılara isə uğurlar arzu edir, "Oxu zalı"na və onun redaktoru Rövşən bəyə isə neçə ildir davam edən bu müsabiqəyə görə təşəkkür edirəm.
Hörmətlə Alpay Azər.
P.S. Münsifləri əsla qərəzkarlıqda-filanda qınamıram, zatən bu, mümkün deyil, çünki onlar mətni müəllifin adını bilmədən oxuyublar".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG