Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Qeyri-adi yerdə qeyri-adi aclıq aksiyası - [Video]



Göyçay rayon sakini Elnur Rəhimli mayın 24-dən rayonun şəhidlər xiyabanında qardaşının məzarı üstündə aclıq aksiyasına başlayıb.
Onun belə bir aksiyaya əl atmasına səbəb mayın 25-də Göyçay rayonuna sakinlərlə görüşə gələn Daxili İşlər naziri Ramil Usubovun qəbul siyahısına alınmamasıdır.
Elnur Rəhimlinin AzadlıqRadiosuna dediyinə görə, nazirin Göyçaya gələcəyi gün bəlli olandan indiyə qədər qəbula düşmək üçün hazırlanan siyahıya heç cür düşə bilmir:
“Qardaşım Qorxmaz Rəhimov 1993-cü ildə Ağdam yolunda gedən döyüşlərdə şəhid olub. Kəşfiyyat komandiri olub. 1991-ci ildən şəhid olanacan vuruşub. İstəyirik onun adına əbədiləşdirlisin, heç olmasa rayondakı küçələrdən birinə onun adı verilsin. Eşitmişəm Daxili İşlər naziri Göyçaya gəlir. Eşitdiyim gündən gəlib-gedirəm qəbula yazıla bilmirəm. Bu gün də getmişəm, polisə deyirlər ki, artıq qəbula yazılma başa çatıb. Mənə dedilər nə məktubun varsa verin, ya şikayətinizi deyin, biz nazirə özümüz çatdırarıq. Mən də buna razı olmadım gəldim aclığa başladım”.
Rayonun polis əməkdaşları hadisə yerində olsalar da Elnur Rəhimlinin qəbula yazılmamasının səbəbləri ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər.

Nazir Ramil Usubovun Göyçay rayonunda vətəndaşlarla görüşü davam edir.

Görüş qapalı keçirilir.

DİN-DƏN AÇIQLAMA

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna göndərdiyi məktubda yayılmış məlumatları həqiqətdənuzaq saydığını bildirir və 2011-ci ili iyulun 9-da Göyçay rayonunda vətəndaşların qəbulunu keçirən Ramil Usubovun şəhid polis əməkdaşı Qorxmaz Rəhimovun həyat yoldaşı Qiyafət Rəhimovanı qəbul etdiyini və bu görüşdən sonra şəhid əməkdaşın xatirəsinin əbədiləşdirilməsi, onun ailəsinə və anasına maddi və mənəvi yardımın göstərilməsi yönündə bir sıra işlər görüldüyünü diqqətə yetirir. Qorxmaz Rəhimovun ötən il peşə bayramı ərəfəsində "İgidliyə görə" medalı ilə təltif edildiyi, şəhid polisin yaşadığı ünvanda onun adına xatirə bulağının istifadəyə verildiyi, ailəsinin və anasının yaşadığı evlərdə təmir-tikinti işləri aparıldığı da bildirilir.

Orxan Mansurzadə daha sonra yazır: “Göyçay RPŞ-nin rəisi tərəfindən də qəbul edilən Elnur Rəhimliyə etdiyi müraciətə əsasən, adının bir gün sonra daxili işlər naziri tərəfindən qəbul ediləcək şəxslərin siyahısına salındığı bildirilmiş, mayın 25-də səhər Şöbəyə gəlməsi xahiş olunsa da o, sözügedən tədbirdə iştirakdan imtina etməklə əslində özünün əsl niyyətini və mahiyyətini ortaya qoymuş, rayonda sabitliyin, əmin-amanlığın pozulmasında maraqlı olan, polisin cəmiyyət arasında yüksək imicinə və nüfuzuna kölgə salmaq istəyən bəzi maraqlı qüvvələrin, siyasət dəllallarının əlində alət olduğunu təsdiqləmişdir”.

Məktubda AzadlıqRadiosu müxbirinin bu olayla bağlı suallarının Göyçay PRŞ-də niyə cavablandırılmamasına, əksinə, müxbirə sözlü basqılara yol verilməsinə münasibət bildirilməyib.
XS
SM
MD
LG