Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:47

Müalicə və istirahət: Qatar taqqıldayır, pul cingildəmir


35 ildir qatarda bələdçi işləyən Ənvər Sadıqov

35 ildir qatarda bələdçi işləyən Ənvər Sadıqov

-
Həmkarlar ittifaqına 35 ildir üzvlük haqqı ödəyən qatar bələdçisi istirahət evlərinə pulsuz yollayış həsrəti çəkir.
Saçlarını relslərin üzərində ağartdığını deyir. Kim deyir? – 35 ildir qatarda bələdçi işləyən Ənvər Sadıqov. Sonra da əlavə edir ki, yol gedərkən qatar taq-tıkını eşitməyəndə «acır». Di gəl, ruhunu doyuran bu səs, qarnını doyurmağa yetmir:
«Cədvəllə işləyirik. Aya 5 dəfə düşür. Hər iş günü 19 saat çalışmaq deməkdir. Amma ayın axırında maaş çatır 100-120 manata. Ona görə, gedə bilmirəm. 35 ildir həmkarlar ittifaqının üzvüyəm. 35 ildir onlara pul ödəyirəm. Yenə mən pul verməliyəm? Bu məvacibə görə, imkanım yoxdur».
Ənvər Sadıqov «imkanım yoxdur» deyərkən, həmkarlar ittifaqına «yollayış» üçün ödəyəcəyi məbləği- 125 manatı nəzərdə tutur. O pulu ödəmək imkanı olsa və həmkarlar ittifaqına müraciət etsə, bələdçi 10 günlük müalicə və istirahətə yollayış ala bilər.
«ON NƏFƏRDƏN BİRİ PULSUZ GÖNDƏRİŞ ALA BİLƏR»
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovun sözlərinə görə, dəmiryolçu ödədiyi 125 manatla 10 gün ərzində sanatoriyada gündə 3 dəfə yemək, müalicə olunmaq, dincəlmək imkanı qazanır. Pulsuz göndəriş yoxdur, mütləq xərc çəkməlisən.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə şöbəsi müdirinin müavini Elşən Süleymanov işçilərdən göndəriş üçün pul alınmasının komitələrdən asılı olduğunu deyir. Elə komitə var ki, büdcəsi imkan verir və işçiləri xaricə yollayır, eləsi də var, yollayış dəyərinin 15 faizini işçidən tutmalı olur. Yalnız on nəfərdən biri pulsuz gedə bilər.
«Hər bir təşkilatın özünün rəyasət heyəti, həmkarlar ittifaqı komitəsi var. Onlar qərar verir ki, işçilərin istirahətinin təşkilinə, yollayışın filan məbləğinin ödənib-ödənməməsinə onlar qərar verirlər».
YOLLAYIŞLARA TƏXMİNƏN 14 MİLYON MANAT AYRILIB
Arxiv foto

Arxiv foto

Azərbaycanda işçilərin sanatoriyalarda dincəlməsi üçün pulu Dövlət Sosial Müdafiə Fondu, göndərişləri Həmkarlar İttifaqları Konfederasiyası verir. Budget.az saytındakı rəqəmlər göstərir ki, 2013-cü ilin büdcəsindən işçilərə sanatoriya-kurort müalicəsi və istirahət yollayışlarının alınması üçün Həmkarlar İttifaqları Konfederasiyasına 13 milyon 846 min manat ayrılıb. 2012-ci ildə bu rəqəm 12 milyon 400 min, 2011-ci ildə 10 milyon 980 min, 2010-cu ildə isə bundan 700 min manat az – 10 milyon 280 min manat olub. Dövlət büdcəsindən ayrılan pulun məbləği dəqiqləşdiriləndən sonra vəsait sahələrə uyğun olaraq komitələr üzrə bölünür. Büdcədən ayırmalardan başqa hər komitənin üzvlük haqları hesabına yaradılan daxili büdcəsi də olur.
22 ildir müəllim işləyən Elçin Əliyev həmkarlar komitəsinin verdiyi yollayışların daimi istifadəçisinə çevrilib. Deyir, həmkarlar komitəsinin hesabına olduğu üçün məbləğin 15 faizini ödəyir və hər il alınmasa da, çalışır ki, ilaşırı müalicə və ya istirahətə yollansın:
«İlaşırı gedirəm istirahətə, ya da sanatoriyaya. Günəşli sanatoriyasında, Qəbələdə, Şəki, İsmayıllı və Qubada olmuşam. Bir günlük, 5 günlük, 8 günlük, 10 günlük getmişik, istirahət edib qayıtmışıq».
«TEZ-TEZ MÜRACİƏT ETMƏK LAZIMDIR»
Elşən Süleymanov deyir ki, ilboyu çalışıb, yalnız yayda istirahət etmək imkanları olduğundan yollayışlardan daha çox müəllimlərin yararlanmasına çalışırlar. Bundan ötrü Elçin Əliyev kimi fəallıq göstərmək, tez-tez müraciət etmək lazımdır. Maliyyə şöbəsi müdirinin müavini müraciət qaydalarını belə anladır:
«Misal üçün götürək, Nərimanov rayonun hansısa məktəbini. Nərimanov rayonu təhsil işçiləri həmkarlar ittifaqının Nərimanov rayon komitəsi var. Müəllimlər ərizə ilə ora müraciət edirlər və həmkarlar təşkilatı onları növbəyə götürür. Əgər sanatoriya müalicəsi lazımdırsa, tibbi arayış da təqdim olunmalıdır. Həmin tələbata uyğun olaraq da onlar yollayışla təmin edilirlər».
15% ONA ÇOX GÖRÜNÜR
Hər ay maaşından həmkarlar komitəsinə üzvlük haqqı tutulsa da, texnologiya müəllimi Məryəm Abbasova heç vaxt komitəyə müraciət etmədiyini deyir. Müraciət etsə də, ödəməli olduğu 15 faiz ona çox görünür:
«Deyirlər pulladır. Heç müraciət etməmişəm. Vallah, məktəbdə yardım verəndə, ən az maaş alan, şəhid ailəsi olan mənəm, amma mənə heç nə yazmırlar. Kimlər gedib alır, mən bilmirəm. Bir dəfə getdim özüm ərizə yazdım, verdilər. İndi gedib yollayışa görə də müraciət edərəm, görüm, nə deyirlər».
Büdcədən həmkarlar təşkilatlarının üzvlərinə sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayış alınmasına bu il ötən illə müqayisədə bir milyon 446 min manat çox pul ayrılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından verilən məlumata görə, bu il də təxminən 20 min işçi dövlət büdcəsi hesabına sanatoriya və istirahət evlərinə göndəriləcək. Amma ümumi götürəndə, İttifaq ötən il 40 mindən çox işçini, sanatoriya və istirahət mərkəzlərinə yollayıb. Bu il həmin rəqəm 50 mini aşacaq.

Konfederasiyanın maliyyə şöbəsi müdirinin müavini Elşən Süleymanovun sözlərinə görə, bu il 30 mindən çox işçi komitələrin daxili büdcəsi hesabına istirahət və müalicəyə göndəriləcək.
XS
SM
MD
LG