Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:18
-

- Hə, daş düşəydi o tələbəliyimə. Sənin problemin budur da: həmişə elə bilmisən ki, 50 qəpiyə cənnət həzzi almaq olur...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. A.Mahmudovun "Yutub" hekayəsi ötən ilki müsabiqəmizdə üçüncü mükafata layiq görülmüşdü.



Anar Mahmudov


SKANVORD


- Rusiyada şəhər. 11 hərfdir, başdan 4 hərfini tapmışam: “Ə”, “ü”, “h”...

- Dördüncüsü də “ö”. Hə?

- Yox. “Ö” niyə? Sən məni lap savadsız yerinə qoymusan e.

- Yaxşı, bağışla, Gülü. Bəs nədir dördüncü?

- “Ğ”

- Bir dəqiqə. Zəng gəlir. Hə, Nəmiş... Qızım, Vüqara demişəm, Natiq müəllimin əlyazmasının surətini çıxardıb sənə versin. Onu Fuada çatdır. Yoldadır, gəlir... Qəzetləri gətiriblər? Bugünkü nömrəmizdən birini də verərsən Fuada. Elşən müəllimə de, planlaşdırmanı mənsiz keçirsin, təsisçinin qəbuluna gedirəm... Sağ ol... Əzizim, bir az gözləyə bilərsən? Məni təsisçi yanına çağırıb. İndi ora gedirəm. Deyəsən narazılıq eləyir, qəzetimiz satılmır.

- Sənin buraxdığın qəzet satılmaz da. Bu nə skanvorddur qoymusan? Heç biri düz gəlmir. Bir dənə də maraqlı yazı yoxdur.

- Bir dəqiqə. Zəng gəlir. Alo? Hə, Funtik. Nəmiş dediyimi çatdırdı?.. Dünən başa saldım da səni... Ünvan stolumun üstündədir... Ordan bir qələm də götür, onu da verərsən. Bir dəfə getmisən, yadında qalmış olar... Ay sağ ol...

- Tez ol görüm!

- Sən bir 10 dəqiqə gözləyə bilərsən?

- Yox. Əcəb adamsan e. Kimdən soruşmalıyam? “Feysbuk”a yazmalıyam?

- Mən indi yoldayam axı. Nəysə, poz o dörd hərfi.

- Hamısı düz gəlir axı. Niyə pozmalıyam?

- Qulaq as...

- Heç nəyi pozmayacam.

- Axı səhv yazmısan. O şəhər ya Vladivostok olacaq, ya da Vladiqafqaz. De görüm, birinci hərf, o “ə” hansı sözün “ə”sidir?

- Yazılıb: “müğənni İslam”. Xatirə İslam deyil?

- Yox, İslam Rzayevdir o. Poz, “Rzayev” yaz. “V”sı da Vladivostoka, ya Vladiqafqaza uyğun gəlir.

- Yaxşı. Sizin qəzetin krosvordunu kim hazırlayır e? Başqa qəzetlərin krosvordunu beş dəqiqəyə doldururam.

- Bir dəqiqə. Təsisçinin katibəsi “Cin”imə zəng eləyir.

- Uff!

- Alo? Hə, Aydan xanım, gəlirəm. Yoldayam. Siz Camal müəllimi bir az sakitləşdirin, indi özümü çatdıracam... İkinci hərfi, o “ü”nü də poz, “l” yaz.

- Niyə? Qara salmaq istəmirəm. “Yalan” nə olar? “Böyük” deyil?

- Nə “böyük”?

- “Böyük yalan” da. Serial.

- Yox, “Yalan”, yəqin ki, “hiylə” olar.

- Qapqara oldu e krosvordum. Bir düz-əməlli qəzet də buraxa bilmirsən.

- Üçüncü hərfi də poz. “H” hərfini.

- O biri sözlə düz gəlir axı.

- Hansı sözlə?

- “Maestro”. Ceyhun deyil? Maestro Ceyhun.

- Yox, Niyazidir.

- O kimdir?

- O da yaxşı musiqiçi olub.

- Neçəyə gedirdi?

- Hara?

- Toya da. Dəhşətsən e.

- Yaxşı, dördüncü hərf nə idi?

- “Ğ”

- Nəyin “ğ”sıdır o “ğ”?

- “Qardağalı”nın.

- “Qardağalı” yox, “qarğıdalı”. Düzəlt. Bir dəqiqə. Zəng gəlir. Alo, Elşən, sən həmsədrlərin bəyanatlarını izlə, ola bilər, manşetə onu çıxaraq... Sağ ol... Hə, harda qalmışdıq? “Ğ”nı da düzəltdin?

- Düzəltdim. Bir də axırdan ikinci hərfini tapmışam.

- Aha. Hansı hərfdir?

- “Ə”

- ...

- “Qədir” yazıblar. “Qızılsəs” olar da.

- Rüstəmovdur. Qədir Rüstəmov. Onu da düzəlt. O şəhərin adını tam yaz, qurtaraq onunla: “Vla-di-vos-tok”.

- “Vla-di-vas-dok”.

- “Vla-di-vos-tok”.

- “Vos-tok”.

- Gülü, sən 5-10 dəqiqə gözlə, hər şeyi həll eləyəcəm.

- Əcəb adamsan e. Nəyi gözləməliyəm mən? Tez ol, kömək elə, qurtaraq bunu. Bir də sizin qəzeti almayacam mən. Bu nə krosvorddur? Qapqara oldu... Qulaq as. Şokolad nə olar? “B” ilə başlayır. 6 hərf.

- Pahoo. Yadına sal da. Tələbəlikdə sənə nə alardım?

- “Baqquş”?

- “Baunti”!

- Hə, daş düşəydi o tələbəliyimə. Sənin problemin budur da: həmişə elə bilmisən ki, 50 qəpiyə cənnət həzzi almaq olur. Nəysə. “Baunti”. Bəs “Əcəmi” nədir? 5 hərf. “Metro” olar da.

- Yox, “memar”.

- Uff. Qapqara oldu.

- Sən 5 dəqiqə döz, sürpriz eləyəcəm.

- Olmaz sənin sürprizlərindən. Yenə 1 manatlıq nərgizlərdən alıb gələrsən üstümə.

- Bir dəqiqə qulaq as...

- Nəyə qulaq asım e? Mən bu krosvorddur-skanvorddur-nədir, bunu doldurmalıyam bu dəqiqə. “Səyyad” nədir? 4 hərf. “Əlizadə” düz gəlmir.

- “Səyyad” – “ovçu”. Bir dəqiqə, Gülnar. Zəng gəlir. Hə, Elşən... Mənim kompyuterimdə, “De” diskində, bu nömrəmizin qovluğunda. Parol? Ci, yu, el, en, ey, ar. Bir də, Elşən, xahiş eləyirəm, ordan qonorar siyahısına düzəliş elə, mənim qonorarımdan 20 manat çıx, Funtikə mükafat yaz. Çox qovuram uşağı. Sağ ol.

- Dəhşətsən e sən. Funtik kimdir?

- Kuryer.

- O ərik qurusu? Maaş almır?

- Yetim uşaqdır.

- Sənsə yesir. Özün acından günorta durursan. “Pərvanə” kimdir? 7 hərf.

- “Kəpənək”

- Tağıyev olub mənimçün. Dayan görüm. Nə qələm? Get hələlik karandaşla yaz, bunu qurtarım, sonra pozub ruçkayla yazarsan. Alim olub e qırılmışın hamısı.... Az donquldan orda. Əcəb eləyirəm, biriylə saçımı yığıram, o biriylə də krosvord doldururam. Atan o gün 10 dənəsini almışdı. Hanı? Get hələlik kompyuterdə oyna, sonra zəhləmi tökürsən. “Odnoklasniki”ni bağlama.

- Qulaq as, saxla da o krosvordu. Qələmi ver, uşaq dərsini yazsın. Mən də avtobusda ayaq üstəyəm, iki telefonla danışıram, kitab-dəftərim qoltuğumdan düşür.

- Eybi yoxdur, əsas odur, şalvarın düşməsin. Natiq kimdir? Ox-zad qoymayıblar.

- Skanvordu hazırlayan müəllifin adıdır, bəzən elə xanalara yazırlar.

- Daş düşsün təpəsinə. Ay qız, karsan? Qapını döyürlər. Dur, aç da... Rusiyada çay – 3 hərf. “Nil”?

- Yox. “Oka”.

- “Oka”. Boks meydanı – 4 hərf.

- “Rinq”.

- Dayan görüm. Kim idi, ay qız? Nə gətirib? Nə qəzet?

- Krosvorddur, gülüm. Həmin krosvorddur, təzə qəzetdə. O biri kağızdakı da cavablarıdır – müəllifin əlyazması. Bax, köçür bir-bir. Qara salma. Demişdim axı – sürpriz eləyəcəm. Kəmhövsələm mənim.

- Sağ ol e. Ruçka da göndərmisən. Bir dənəsən də. Bircə bığlarını da qırxsan, sənə çatan olmayacaq. Ay qız, gəl götür ruçkanı.

- Sağ ol, Gülnar. Öpürəm. Alo, hə, Fuad. Hə, bilirəm. Ora idi, narahat olma. Bu şəhərdə taxta qapılı bircə mənzil qalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG