Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Şahnaz Kamalovanın 20-liyə düşməyən hekayəsi: "Güldar"


Şahnaz Kamalova
Şahnaz Kamalova
-

- Güldar !

Qeyri-ixtiyari qışqırdım. Hər kəs dayanacağa toplaşan adamlar da, sahildəki polislər də, hətta qatil də çevrilib mənə baxdı. Səndələdim. Kimsə qolumdan tutdu...



Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Şahnaz Kamalova


GÜLDAR


Universitetin balaca yeməkxanasında nahar edirdim. Burada bişirilən kotletin bir ayrı dadı olur. Çox ləzzətli idi. Ruslar kotleti gözəl bişirirlər.

Universitetin adı, nüfuzu Rusiyada məşhur olsa da, yerləşdiyi bina çox köhnədir.

Düzdür, bina tarixi əhəmiyyətli, qədim binadır, ancaq belə nüfuzlu universitetin təmirsiz, yeriyəndə döşəməsi cırıldayan binada yerləşdirilməsinə xeyli təəccüblənmişdim. Bir dəfə fikrimi müəllimimə də bildirdim:

- Bu boyda Peterburqda universitet üçün normal bina yoxdur?

- Onların başı idmana və musiqiyə qarışıb, elmə qayğı göstərməyə vaxtları yoxdur!
Nikolay Nikolayeviçin yarasının qaysağını qopartdığımı hiss etdim.

Yeməkxanada qədimliyi görkəmindəncə hiss olunan beş dairəvi, ağır stol, hər stolun ətrafında üç, ya dörd hündür söykənəcəkli stul var. Gözü qıyıq özbək qızından düyü, kotlet və kompotumu alıb küncdəki boş stulda əyləşdim. Başımı aşağı salıb sevdiyim yeməyin ləzzətini çıxara-çıxara yeyirdim ki, önümdə bir səs eşitdim:

- Oturmaq olar?

- Təbii, buyurun.

Bu, ortaboylu, incəbelli, qara saçlı , fındıqburun (burnu doğrudan fındığa oxşayırdı), görkəmindən rusa heç bənzəməyən bir qız idi. Üzündə məni cəlb edən çox qəribə , gözəl cizgilər vardı. Əmin oldum ki, rəssam olsaydım, mütləq bu qızın portretini yaradardım.

Qız mənə fikir vermirdi, öz aləmində idi. Deyəsən, heç ona baxdığımı da hiss etmirdi. Sanki, belə baxışlara öyrəncəli idi. Mənsə mümkün qədər sezdirməməyə çalışaraq, onu izləyirdim. Düyü və kotlet yadımdan çıxmışdı.

Çantasından nəm salfet çıxarıb əlini sildi. Sonra məcməyidəki salat dolu kasanı qarşısına çəkib iştahla yeməyə başladı.

Qızın əynində yaşıl rəngli yüngül yay köynəyi vardı. Köynəyin yaxası çox açıq idi deyə, yumru döşlərinin az qala yarıdan çoxu görünürdü. Paltar ona o qədər yaraşırdı ki, mənə elə gəldi, o, bu köynəkdə doğulub.

Gözüm qızın sağ qolunda yuxarıdan aşağı yazılmış yazıya sataşdı.

- Manstar ğırza! - sözlər dilimdən qeyri-ixtiyarı çıxdı.

Qız, elə bil məni indi gördü. Ömründə ilk dəfə heyrətlənmiş kimi baxdı və soruşdu:

- Siz uyğurca oxuya bilirsiniz?

- Bəli, türkoloqam.

- Nə yaxşı. Mən də türkologiyada oxuyuram.

Əlini mənə uzatdı:

- Güldar.

- Sevinc.

İkimiz də bir anda gülümsündük.

- Haradansız?

- Azərbaycandan.

- Mən də Başqırdıstandan.

Yenə də gülümsündük.

- Günahınız çoxdur? "Manstar ğırza" qədimdə manixey dininə sitayiş edən uyğurların duasıdır, "mənim günahlarımı bağışla"- anlamını verir.

- Olmamış olmaz. - gülümsündü.

- İşinizi bəri başdan ehtiyatlı tutursunuz.

- Elədir.

Gülümsəməsi də qeyri-adi, sərbəst idi.

Salatını yeyib durdu:

- Dərsim var, getməliyəm. Tanış olduğumuza şad oldum.

- Mən də. Sağlıqla qalın, görüşmək ümidi ilə.

- İstəsəniz, mənə yazın. İnternetdə, Kontaktda.

- Yazaram.

- Sağ olun.

Yerişi çox yüngül idi. Elə bil uçurdu. Bütün jestləri ilə "mən yaşamağı sevirəm, istədiyim, bildiyim kimi yaşayacaq, xoşbəxtliyimi quracağam" - deyirdi.

Onun dalınca heyranlıqla baxdığımı hiss edib utandım. Üzr istəyirmiş kimi gözümü ətrafa gəzdirdim. Məndən başqa da onun ardınca baxanların olduğunu görüb, bir qədər dikəldim; gözələ baxarlar də!

Evə gələn kimi Kontaktda Güldarı aradım və tapdım.

İnanmaya bilərsiniz, bu sizin haqqınızdır. Ancaq mən yalan danışmağı sevmirəm. Bunun üçün, gərək mənə inanasınız. Həm də, ona görə inanasınız ki, sizlərdən Güldarı heç kim görməyib. Əlacsızlıqdan yox, eləcə, içdən gələn bir inamla mənim yazdıqlarımı həqiqət hesab edin: o, gözəldir, çox gözəldir. Onun haqqında bu hekayəni yazanda da Güldarın müxtəlif pozalarda, geyimlərdə, əhval-ruhiyyələrdə çəkdirdiyi şəkillərə baxıram.

Güldar haqqında yazmaq çətindir. Nə yazsam, necə yazsam, cılız görünür. Qorxuram, onu olduğu kimi təsvir edə bilməyim. Hərdən mənə elə gəlir ki, hardasa kompleksli olmağım Güldarın obrazını bütün dolğunluğu ilə yaratmağıma mane olur. Bilmirəm indiyə qədər kimsə, hansısa bir yazar öz obrazı qarşısında belə aciz qalıbmı?

O qız Eranın mahnılarına bənzəyir. Necə? Eranı dinləyin. Lap istəsəniz, hekayəni Eranı dinləyə-dinləyə oxuyun. Elə mən də Eraya qulaq asa-asa yazmışam. Bu, Güldarı hiss etməyə, duymağa kömək edir.

Növbəti dəfə onunla Universitetin Sultan Dəhlizi deyilən hissəsində rastlaşdıq. Köhnə tanışlar kimi salamlaşdıq.

- Kontaktda şəkillərinizə baxdım.

- Bəyəndinizmi?

- Həm də çox.

- Oradakı şəkilləri peşəkar fotoqraflar çəkib. Ona görə keyfiyyətli alınıb.

- Siz özünüz də qəşəng və cazibədarsınız. Xoşum gəlir sizdən, çox komplekssizsiniz. Düzdür, sizinlə yaxından tanış deyiləm, ancaq, məncə, ünsiyyət qurmaqda probleminiz yoxdur.

- Qətiyyən. Mənim üçün yalnız insan var, onları cinslərə ayırmıram.

- Fotolarınızdan mən də bu qənaətə gəlmişdim...

- Şərqlisiniz, ancaq mənim qadınlar və kişilərlə çəkdirdiyim şəkillərə təbii baxırsınız?

- Kiminsə şəxsi işinə qarışmağı düzgün hesab etmirəm.

- Anam da belə deyir.

- Ananız? O sizin şəkillərinizi görüb?

- Təbii ki, görüb. Özüm göstərdim. Əvvəlcə yarıçılpaq şəkillərimə baxanda "sən bunu gözəllik hesab edirsən ki?"- deyə soruşmuşdu. Mən də ona "diqqətlə bax" - dedim. Baxdı, baxdı və - Doğrudan gözəldir - söylədi. Həm də, axı mən şəkillərdə tamamilə çılpaq deyiləm.

- Hə, baxmışam. Valideynlərinizlə heç bir probleminiz olmur, yəqin ki...

- Yox. Heç vaxt da olmayıb. Mən çox yaxşı, problemsiz uşaq olmuşam. Yeniyetmə vaxtımda da intihara cəhd , evdən qaçmaq kimi axmaqlıqlar etməmişəm. İstədiyimi demişəm və etmişəm. Valideynlərim də əmin olublar ki, mən pis bir iş görmərəm. O istək ki, mənim daxilimdən gəlir, onu həyata keçirməyi bütün varlığımla istəyirəm, deməli, o hiss də, əməl də gözəldir. Axı, insan gözəldir, doğuşdan saf doğulub deyə, nə qədər korlansa da, içində o saflıqdan əlamət qalır. İçində qalan saflıq isə arzu, istək şəklində özünü büruzə verir. İnsan daxildən gələn istəyini boğduqca eybəcərləşir. Onda nifrət yaranır. Dünyaya, həyata, insanlara, özünə – hər şeyə nifrət edir. Yaşaya bilmir, əzab çəkir. Əzab çəkir və ölür. Mən istəklərini öldürərək daxilini arzular qəbiristanlığına döndərmiş insanların namuslu insan adlandırılmasının əleyhinəyəm. Namuslu insan özünə xəyanət etməməli, arzusunun qatili olmamalıdır. Bir insan ki, özü-özünə yalan deyə, özünü, hərəkətlərini həmişə təqib edə, daxilindəki saflıqdan qorxa, o, başqalarını gerçəkdən sevə bilərmi?
Susduğumu görüb davam etdi.

- Baxın, əksəriyyət, cəmiyyətimiz o insanları tərbiyəli, əxlaqlı hesab edirlər ki , söyüş söyməsin, mənfi emosiyasını üzə vurmasın, həmişə özünü çərçivədə saxlasın, cinsi istəklərini kiminlə, harada və necə təmin edəcəyini dəfələrlə ölçüb biçsin. Elədirmi? Ancaq unuduruq ki, insanın söyə bilmədiyi söyüşlər dilinin ucunda qalır, qayıdıb daxilinə tökülür. Emosiyasını həddindən artıq cilovlayanda psixologiyasında problemlər yaranır. Mən demirəm ki, insan harda gəldi söyüş söyməlidir. Ancaq məni haqsız olaraq imtahandan kəsən professora "köpək oğlu" demişəm, bunu deməsəydim, imtahana hazır olan və kəsilən yoldaşlarıma, ən əsası isə özümə xəyanət etməli olacaqdım. Düzdür, o məni kəsdi, hətta Universitetdən qovmağa çalışdı, ancaq alınmadı. O, elə söyüləsi köpək oğlu idi.

Yaxud, demirəm ki, günün günorta çağı küçədə sevdiyin insanla yüz hoqqadan çıx. Sadəcə sevdiyin insanın yanında bütün istəklərini büruzə ver. Əks halda, əsəbi, qaramat basmış, nifrət tuluğuna çevriləcəksiniz. Hər şey də beləcə...

- Qəribə məntiqiniz var. Həyata baxışınız maraqlıdır.

- Mən həyata baxmıram, onu yaşayıram.

Susduq.

Kelebek kadar ömrümüz var
Sevmek lazım, hemen başlayalım
Kaybedecek daha neyimiz var
Aşk için ne gerekiyorsa hepsi bende var
Nefes bile almadan seviyorum seni
Sarmaşıklar gibi sardın kalbimi
Değiştirdin kanımı koydun zehrini
Örümcek gibi ördün zihnimi
Düşündükçe daha çok isterim seni
Nefes bile almadan seviyorum seni
İçimde dolaşan alkol gibi
Sana gitgide sarhoş oluyorum
Ruhumu kaybetmiş gibi
Sadece senin için yaşıyorum
Nefes bile almadan seviyorum seni.

Gözəl şeirdir, deyilmi? – sükutu o pozdu

- Gözəldir. Çox gözəl də oxudunuz.

- Çünki yaşayaraq oxudum. Yaşanaraq görülən hər bir iş gözəl olur.

Söhbətimizi bitirməli idik, dərslərimiz başlayırdı.

Sağollaşıb ayrıldıq.

Peterburqa çoxdan gözlədiyimiz yay gəlmişdi. Sevdiyim bəyaz gecələr insanda yaşamaq eşqini artırırdı. Yayı, masmavi səmanı , bəyaz gecələri oktyabr ayından üzübəri özləyirdik və gəlişi sanki üzlərə təbəssüm də gətirmişdi.

Həmin günü hava daha aydın, gözəl və günəşli idi. Adama elə gəlirdi ki, belə havada yalnız yaxşı hadisələr baş verə bilər.

Universitetdən çıxıb evə qayıtmaq üçün avtobus dayanacağına gəldim. Dayanacaqda həmişəkindən də çox adam vardı. Adətən, hava belə gözəl olanda çoxları ən yaxın metro stansiyasına qədər olan yolu piyada gedərdilər. Ona görə də dayanacaqda bu qədər adamın olmasına şaşırdım. Dayanacağa yaxınlaşanda bu qədər insanın nə səbəbdən toplaşdığı mənə aydın oldu. İnsanların çoxu üzü Nevaya tərəf durub, nəyəsə və yaxud da kiməsə baxırdılar. Qızların əli ilə ağızlarını tutmasından bildim ki, ya çox təəccüblü, ya da kədərli hadisə baş verib.

Səkidən Nevanın sahilinə düşmək üçün 10-12 pillədən ibarət pilləkan vardı. Həmişə bu pilləkanlarda ya tənha qızları, ya da sevişən cütlükləri görmək olurdu. İndi o pilləkanın üstü də, çayın lap yaxınlığındakı meydança da polis və mülkü geyimli şəxslərlə dolu idi. Nevada bir neçə motorlu polis qayığı da görünürdü.

Yaxınlaşıb nə baş verdiyini soruşdum.

- Kimisə öldürüb çaya atıblar. İndi meyidini çıxardırlar.- sarışın rus qızı cavab verdi və zəndlə üzümə baxdı. Duruxdu.

- Skinhedlər öldürüb. Zorlayıb, sonra da boğub, körpüdən çaya atıblar - qız başı ilə hər iki yanında polis dayanmış, başı təmiz qırxılmış, ayağında uzunboğaz əsgər çəkməsi, əynində qara, qısa gödəkçə və qara dəri şalvar olan oğlana işarə etdi. Oğlanın əli qandallı idi.

Adamları yara-yara bir az da irəli getdim. Buradan hər şey daha aydın görünürdü. Hətta Rusiyada "skinhed " adlandırılan ifrat millətçi qruplaşmanın üzvü olan gəncin nifrətdən qıcaşan üz ifadəsini də aydınca görə bilirdim.

Polislər və qayıqdakı digər adamlar çaydan böyük bir toru yavaş-yavaş çəkməyə başladılar. Sahildə toplaşmış insanların arasında bir canlanma, uğultu yarandı.

Tor suyun üzünə qalxdıqca, bu uğultu daha da güclənirdi. Lap öndə durmuş qızlar üzünü əlləri ilə tutub arxaya keçdikcə, mən daha da irəliləyirdim. İçimdə bir sızıltı, nigarançılıq vardı və bu nigarançılıq məni irəli itələyirdi.

Yavaş-yavaş cəsəd suyun üzünə çıxmağa başladı. Onun qara saçları suda dalğalanırdı. Yaşıl koftası və güllü yubkası da suda ləngər vururdu.

Onu çıxardıb daş səkinin üstünə qoyulmuş xərəyə uzatdılar.

Aramızda 5-6 metrlik bir məsafə vardı. Mən cəsədin şişmiş bədənini, tanınmaz hala düşmüş sifətini görürdüm. O , nə qədər tanınmaz hala düşsə də, mən onu tanıdım:

- Güldar !

Qeyri-ixtiyari qışqırdım. Hər kəs dayanacağa toplaşan adamlar da, sahildəki polislər də, hətta qatil də çevrilib mənə baxdı.

Səndələdim. Kimsə qolumdan tutdu. Aşağıdan bir polis pilləkanları iki-iki çıxaraq yanıma gəldi.

- Siz onu tanıyırsınız?

- Hə.

- Hansı əlaməti ilə?

- Koftası... paltarı.

- Hər kəsdə belə kofta ola bilər. Cəsəd suda qalıb, şişib, tanınmaz olub. Fikirləşin.

- Sol qolunda, dirsəkdən aşağı döymə var. Uyğurca yazılıb.

Polis aşağıya doğru qışqırdı:

- Sol qoluna baxın. Dirsəkdən aşağı uyğurca yazılmış döymə olmalıdır.

Cəsədin yanındakı polis əyilib Güldarın şişib tanınmaz hala düşmüş qolunu qaldırdı.

- Döymə var, ancaq nə dilindədi, bilmirəm.

- Odur.

Taqətsizcəsinə ilk pillənin üzərinə çökdüm.

Dumanlı şəkildə xatırlayıram ki, polis məndən nəsə soruşdu, mən də ona nəsə dedim. Sonra yaxınlıqda duran "Təcili yardım" maşınından düşən bir qadın mənə həb verdi. Qadın üzünü çevirən kimi, həbi kənara tüpürdüm.

Mən başımı pilləkanların kənarındakı daş hasara qoyub uzun müddət oturdum. Hamı getdi. Neva yenə olanlardan xəbərsiz kimi, sakit-sakit dalğalanırdı.

Kimsə əlini çiynimə toxundurdu.

- Sizə kömək edə bilərəm?

Sürəkli ona baxdım, amma görmədim.

-Yox.

O da getdi.

Bir müddətdən sonra özümə gəldim. Çantamı açıb üz-gözümü silmək üçün kağız dəsmalı arayanda, əlimə bir fiqur keçdi. Bu, Azadlıq heykəlinin balaca fiquru idi. Bu fiquru 8 Martda Güldar mənə hədiyyə vermişdi.

- Statue of Liberty - bunu sizin üçün almışam. Özümdə də var. Çox sevdiyim bir
heykəlcikdir.

Bunları xatırlayarkən, Güldarın danışanda azacıq yuxarı qalxan nazik qaşları, dodağının ətrafında yaranan təbəssümü gözlərim önündə canlandı.

Heykəlciyi bərk-bərk ovcumda sıxıb ayağa qalxdım.

Nevski prospektində qarşıdan gələn qız qolumdan tutdu:

- Əlinizdən qan axır!

Əlimə baxdım, barmaqlarımın arasından qan damcılayırdı. Ovcumu açdım. Digər adı "Azad qadın" olan heykəlcik qana boyanmışdı...

Hönkür- hönkür ağlamağa başladım.
XS
SM
MD
LG