Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

Miqrasiya məcəlləsinə dəyişikliklər edilib


Milli Məclis
Milli Məclis
-
Mayın 24-də Milli Məclisin növbəti iclası keçirilib. AzadlıqRadiosunun müxbiri Milli Məclisdən xəbər verir:

Müzakirələrdə miqrasiya məcəlləsinə dəyişikliklər də müzakirə olunub.

Təklif olunan dəyişikliklərə görə, əcnəbi Azərbaycan iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda, azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan banklarında həmin məbləğində pul vəsaiti olduqda ona müvəqqəti yaşamaq hüququ verilir.

Bundan başqa iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssislərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda həmin əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq hüququ verilir.

Müzakirəsi zamanı bəzi deputatlar əcnəbi sözünün ölkədən kənarda yaşayan azərbaycanlılara aid edilməsinə, xüsusən də Gürcüstanda yaşayan azərbaycanlılara şamil olunmasına etirazlarını bildirdilər.

Deputat Çingiz Qənizadə bildirib ki, bu dəyişiklik Miqrasiya Xidmətinin fəaliyyətinə yaxşı təsir göstərsə də bəzi problemlər var:

“Qanunun 3-cü maddəsində vətəndaşlığı olmayanların statusu məsələsində bizim məcəllə beynəlxalq konvensiya və normalarla uyğun gəlmir və bunu biz uyğunlaşdırmalıyıq. 11-ci maddənin adının dəyişdirlməsini təklif edirəm. Yetkinlik yaşına çatmayanların ölkədən getməsinə, həm də ölkəyə gəlmə məsələdi də əlavə olunmalıdır. Bundan başqa 18-ci maddə də beynəalxalq konvensiyalarla uzlaşmır. 21-ci maddədə 3 gün ərzində qeydiyyat məsələsi. Bu hər yerdə mümkün deyil. Kəndlərədə internet elə də inkişaf etməyib. Kimsə xaricdən yas mərasiminə gəlibsə 3 gün çox azdır. Heç olmasa Rusiyada olduğu kimi 7 gün olmalıdır”.

Siyavuş Novruzov
Siyavuş Novruzov
Siyavuş Novruzov isə bildirib ki, bu dəyişikliyə görə, əcnəbilərin qorunması qanunvericiliklə təmin olunacaq:

“Hər şey əziz ola bilər, amma ölkənin müstəqilliyi, dövlətçilik ən əzizdir. Əvvəlcə dövlətimizin təhlükəsizlik məsələdir. Bu dünya azərbaycanlılarının Həmrəyli ilə bağlı hazırlanan sənəd deyil, bu məcəllədir”.

ADİL ƏLİYEV: 500 MİN MANAT YATIRIB MÜVƏQQƏTİ YAŞAMA ÜÇÜN ADEKVAT DEYIL

Deputat Adil Əliyev isə qanun layihəsindəki dəyişikliklərə daha çox iradlarını bildirdi. O bildirib ki, 500 min manata əcnəbiyə müvəqqəti yaşamaq hüququ verilməsi düzgün deyil. Bir çox ölkələrdə bu məbləğə daimi vətəndaşlıq verilir”.

Dəyişikliklər ikinci oxunuşda qəbul olnub.
«Ölən və sağ qalan milli qəhrəmanların statusları eyniləşdirlsin»
Bu təklifi deputat Musa Quliyev dilə gətirdi:
«Azərbaycanın 211 milli qəhrəmanı olub. Onlardan 17 nəfəri həyatdadır və yaşayan milli qəhrəmanlarla şəhid qəhrəmanların statusunda fərq var. Hesab edirəm ki, milli qəhrəmanlar haqda, kiçik də olsa, qanun qəbul etməliyik. Burda milli qəhrəmanların statusu, sosial təminatı və s. məsələlər öz əksini tapmalıdır… Dövlət onların qayğısına qalmalıdır».
KEÇMİŞ DEPUTATLARA PENSİYA VERİLSİN
Qüdrət Həsənquliyev öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 95 il ötdüyünü xatırlatdı və daha sonra ona və digər həmkarlarına üz tutaraq pensiya ala bilmədiklərini söyləyən sabiq deputatlardan söz açdı:
«Biz bu məsələyə diqqət yetirməliyik. Onların Azərbaycan dövlətçiliyinin inkişafında rolu olub. Bir daha istəyirəm ki, sabiq millət vəkillərinin pensiya məsələsinə baxasınız. Keçmiş kommunistlər və hakimlər pensiya alırlar, amma sabiq deputatlar yox».
«BUNU MİLLİ MƏCLİSİN TRİBUNASINDAN DEMƏYƏ EHTİYAC YOXDUR»
Zahid Oruc
Zahid Oruc
Millət vəkili Zahid Oruc yeni təhsil nazirindən danışdı:
«Bu dəyişiklikdən sonra Azərbaycan təhsilində və müəllimlərin sosial vəziyyətində də dəyişiklik gözləyirik. Ölkənin iqtisadi inkişafı Azərbaycan müəlliminin yaxşı yaşamasına imkan verir. TQDK ilə Təhsil Nazirliyinin birgə fəaliyyəti sayəsində müəyyən işlər görülməsinə də ümid yaradır. Ölkənin kifayət qədər elmi potensialı var. Gələcəkdə elm və təhsil sahəsində ciddi addımlar atmalıyıq».
İQBAL AĞAZADƏ: «BƏLKƏ SSRİ BƏRPA OLUNUR, BİZİM XƏBƏRİMİZ YOXDUR»
İqbal Ağazadə xaricdə təhsil məsələsinə toxundu. O, xaricdə təhsil kvotasının azaldılmasının anlaşılan olmadığını bildirdi:
«Amerikanın 3 universitetinə yer verildiyi halda Ukrayna və Rusiyanın 50 universitetinə yer verilir. Bəlkə SSRİ bərpa olunur, bizim xəbərimiz yoxdur».
İQBAL AĞAZADƏ: VƏKİLLƏR KOLLEGİYASI LƏĞV EDİLSİN
İqbal Ağazadə daha sonra Vəkillər Kolleqiyasının ləğv edilməsi haqda danışdı:
«Mən Vəkillər Kollegiyasının ləğvini tələb edirəm. Əvvəl bunu xahiş etmişdim, indi tələb edirəm. Həmin kollegiya cəza aparatına çevirilib. Hansı vəkili istəmirlərsə, onu oradan çıxarırlar. Vəkil Aslan İsmayılovu bu yaxınlarda kollegiyadan çıxarıblar. Hesab edirəm ki, Vəkillər Kollegiyası ləğv olunmalıdır».
İqbal Ağazadə
İqbal Ağazadə
Daha sonra o, qəzet köşklərinin hər yerdən götürüldüyünü vurğuladı:
«Bundan nə məqsəd güdülür? Rayonlara, ümumiyyətlə, qəzet getmir. Bakıda bir-iki yerdə köşk var. Təklif edirəm bu məsləyə parlament münasibətini bildirsin».
İqbal Ağazadənin çıxışından sonra spiker Oqtay Əsədov keçmiş təhsil naziri barədə səslənən fikirlərə münasibətini açıqladı:
«Gəlin qurtaraq kiminsə dalınca danışmağı, yığışdıraq bunu. Qurtarın bu söhbətləri. Misir müəllim 14 ilə yaxın nazir çalışıb. İndi təzə nazir gəlib, qoyun o, bir işləsin də. Bir də ölkənin başçısı var. Məncə, belə söhbətlərini yığışdırmaq lazımdır».
ELDAR İBRAHIMOV: ÇIXIŞLARIMIZDA QONŞULARIMIZI NƏZƏRƏ ALMALIYIQ

Eldar İbrahimov İrana səfərlərindən danışdı.
Ali Khamnei, bizə hörmət əlaməti olaraq, Azərbaycan dilində danışdı. Dedi, gərək münasibətlərimzin korlanmasına imkan verməyək və çalışaq ki, aramıza heç kim girməsin. Biz İranın təhlükəsilik şurasının sədri ilə görüşdük. Orda da bu məsələləri müzakirə etdik. İran, Rusiya və digər qonşularla yaxşı münasibətlər qurmalıyıq. Qonşularla bağlı danışanda ehtiyatlı davranmalıyıq”.
HEÇ OLMASA, GƏNCƏDƏ....
Fazil Mustafa Xalq Cümhuriyyətinin 95 illik yubleyinin Gəncədə keçirilməsini təklif etdi. O vurğuladı ki, Xalq Cümhuriyyətinin ilk fəaliyyət göstərdiyi yer Gəncə olub:
“Heç olmasa, bu yubleyi orada qeyd edək”.
Deputat seçkilər ərəfəsində qanunların sərtləşdirilməsi məsələsinə də toxundu və ölkənin beynəlxalq imicinə bunun ziyan vura biləcəyini söylədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG