Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

6 milyon manatı necə xərcləməli? - [Video]


-
Rejissoru da, operatoru da, işıqçısı da xaricdən olan milli serial necə olur? Bu və buna bənzər onlarla sual səsləndirildi – milli televiziya və radio şurasının prodakşnlarla görüşündə. Fikir mübadiləsi milli telefilm və teleserial çəkilişinin dəstəklənməsi ətrafında gedirdi.
“Yaxşı operatorlar var, yaxşı rejissorlar var, öz potensialımız var, sadəcə bunları işlətmək lazımdır”, prodakşnlardan belə deyən də oldu.
6 MİLYONA KREDİT ÖDƏYƏN KİM, İŞ GÖRƏN KİM...
Apreldən bu yana 6 milyon manatın necə və kimlərə ayrılması müzakirələri səngimək bilmir. Söhbət İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla Milli Televiziya və Radio Şurasına ayrılan 6 milyon manat vəsaitdən gedir. Kanallar bir tərəfdən, yerli prodakşnlar da o biri tərəfdən bu vəsaitdən pay almaq istəyir. Odur ki, Şura prodakşnları başına yığıb onların təkliflərini dinləyir.
Film qurucuları da bir-birinin ardınca fikirlərini bölüşür:
- Biz oturub gözləyə bilərdik ki, pul ayrılsın, sonra çəkərik. Amma dedik, yox. Nəyə görə? Qoy başlayaq, insanlar görsün. Hər şeyi dövlətin boynuna atmaq da olmaz.
- Təbii ki, dövlətin də dəstəyi ilk növbədə buna görədir ki, biz texniki bazanı düzəldək. Əgər bu baza düzələrsə, artıq 20 bölüm yox, mən sizi əmin edirəm ki, 60 bölüm verə bilərik.
MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli də onları cavabsız qoymur:
“İşləməyən, heç nə çəkməyən gəlir ki, mənə ver. Hətta bəziləri deyir ki, biz filan yerdə bu işi görmüşük, kredit almışıq, çəkmişik bunu ödəməliyik”.
“SERİALI ÇƏKDİK, KANAL ONU GÖSTƏRƏCƏKMİ?”
MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli

MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli

Pulu almaq bir dərd, onun arxasında dayanmaq da bir dərd olub film qurucuları üçün. MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyir ki, ayrılan pul təyinatı üzrə xərclənməzsə, o zaman prodakşn məhkəmə ilə üzləşəcək. Amma bu, görüş zamanı sadalanan problemlərdən biridir. Film mütəxəssislərini düşündürən başqa sual da var - serialı çəkdik, kanal onu göstərəcəkmi?
- Hər hansı bir televiziya kompaniyası ilə daha dəqiq danışmaq lazımdır ki, hansında göstəriləcək. Onlar da bu məsuliyyəti üzərilərinə götürməlidir.
- Gəlin risk edək, 50 faizini prodakşn olaraq mən öz üzərimə götürürəm. Reytinq verməsə, MTRŞ desin ki, 50 faizini mən bağışlayıram, 50 faiz də mənim ziyanımdır, mən qaytarıram o pulu.
Renessans elm və mədəniyyət prodakşnın rəhbəri, “Tək olanda, qorxma” serialının rejissoru Nadir Diridağlı bu problemi aradan qaldırmaq üçün təklif edir:
“Televiziyanın müxtəlif nümayəndələri ilə, yayım şurasının əməkdaşlarının iştirakı ilə bədii şura yaradılmalıdır - həm ssenarilərin qəbulunda, həm də çəkilən filmlərin nəticəsində. Bunsuz mümkün deyil. Mən çəkə bilərəm, gələrəm televiziyaya, televiziya deyəcək ki, sənin çəkdiyin film mənim konsepsiyama uyğun deyil. Bu səbəbdən də TV-də göstərilməyi lazım olan və pul ayrılan film öz nəticəsini tapmaya bilər”.
PULU KİM QAZANACAQ?
Prodakşnlar öz şanslarını necə qiymətləndirir?
Nadir Diridağlı deyirki, “mən öz işimin fəhləsiyəm, heç nə deyə bilmərəm”.
“Premier” prodakşnın baş prodüseri Orxan Mərdan şanslarını ikiyə bölür: 50-50-yə.
Natiq Axund “İnşallah, hər halda şansımız var, ümid edirik”, dedi.
Bəs bu pulu qazanmaq üçün bir prodakşna nə lazımdır. Elə film mütəxəssisləri özləri sadalayırlar - imic, kifayət qədər səlahiyyət, bu sahədə az-çox tanınmaq, xaricdə təhsil almaq, təcrübə qazanmaq, inandırmaq, doğrultmaq, zəhmət çəkmək, mövzu axtarmaq, yaxşı aktyor seçmək lazımdır. Əgər bunları bacarırsızsa, müraciət edə bilərsiz. MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyir ki, prodakşnların işinə baxılacaq və bütün təkliflər nəzərə alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG