Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinə Ukraynadan qatılan oğlan (Müsahibə)


Məmməd Əbülfəzoğlu

Məmməd Əbülfəzoğlu

-

"Münsiflər kiminsə adamıdır, ya da kimisə tapşırıblar suallarını əbəs hesab edirəm, çünki mən bunun canlı nümünəsiyəm".

"Kimisə zəif hesab etmə haqqını görmürəm özümdə".


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir.

Cavid Zeynallının müsahibi bu dəfə Ukraynada yaşayan Məmməd Əbülfəzoğludur (onluğa düşən şeirləri burda)



- 1981 Şəkidə anadan olmuşam. Orta məktəbi Şəkidə bitirmişəm. Ali Təhsilimi Turkiyə Egey Universitetində almışam. Bir müddət Moskvada yaşamışam, 7 ildir Ukraynada yaşayıram. Niyə Bakıda yaşamıram, bunun səbəbini izah edə bilmirəm. Bu, anamın demək olar, hər gün verdiyi sualdır: Niyə Bakıda yaşamırsan? Azərbaycanın ədəbi mühitini internetdən izləyirəm. Zahid Sarıtorpağı, Səlim Babullaoğlunu, Salam Sarvanı şeirimizi irəliyə aparacaq gənclərə yol göstərməyi bacaran şairlər hesab edirəm.

- Ukraynada kitab bazarı necə formalaşıb?

- Ukrayna kitab bazarı haqqında heç bir məlumatım yoxdur. Şair və yazıçılardan heç kimi tanımıram. Əlaqəm olduğu gənclər daha çox kino sənətinə könül vermiş insanlardır. Oxumaq üçün hələ də Turkiyədən kitab alıram.

- Kimləri oxuyursan?

- İndi Sergey Dovlatovu oxuyuram. Tom Robbins Paul Auster, İhsan Oktay Anar, Hasan Ali Toptaş sevdiyim yazıçılardır. Şeirə gəlincə, Edip Canseverin adını çəkə bilərəm.

- Bu yazarlar haqqında bir qədər danışmağını istərdim. Niyə məhz bu imzalar?

- Müasirlərdən Tom Robbinsi çox bəyənirəm. Oxuyanlar bilir, romanları çox əyləncəlidir və demək olar, hər cümləsi oyun dadında canlı, dərin və öyrədicidir. Paul Auster birnəfəsə oxuduğum, yeni kitabının çıxmasını səbirsizliklə gözlədiyim bir başqa yazardır. Türk romançılardan Hasan Ali Toptaş və İhsan Oktay Anar yazarlığı ilə bərabər, başqa işləri olan, az görünən, şöhrətdən uzaq yazıçılardır ki,
çıxardıqları romanlar dildən-dilə dolaşaraq bügünkü şöhrətlərini tapmışdır. Hətta Hasan Ali Toptaşın belə desək, heç yazara bənzəməyən halı var. Əvvəllər süni şəkildə belə davrandığını deyənlər oldu, sonra illər keçdikcə, bütün daşlar yerinə oturdu və indi Türk romançılar arasında haqq elədiyi yerdə durur. İhsan Oktay Anar fəlsəfə üzərinə dərs deyən müəllimdir. Köhnə türkçəylə yarı tarix, yarı fantastika romanlar yazardır. Şeirə gəlincə səbəbini bilmirəm, amma Edip Canseveri çox bəyənirəm. “Mendilimde kan sesleri” şeiri əzbərlə desələr, əzbərdən deyə biləcəyim tək şeirdir ki, mənə görə yazılacaq və yazılmış bütün şeirləri içində tapmaq mümkündür.

- Müsabiqəyə qatılmağından danışmağını istərdim…

- Keçən il “Ədəbi Azadlıq” şeir müsabiqəsinə qatılmışdım. Bal alsam da, ilk 20-yə düşə bilmədim. Normaldır. Bu ildə düşə bilməsəydim, heç bir etirazim olmazdi. Mən düşmədim deyə, zəif seçim oldu, zəif şeirlər var demək, cılızlıqdır. Sadəcə, illər əvvəl Türkiyədə “Varlıq” dərgisinə sadəcə çap olunmaq ücün gondərmişəm şeirlərimi. Bir də, Azərbaycanda elan olunub, daha sonra hansısa səbəblərə görə keçirilməyən bir müsabiqəyə qatılmışdım.

- Onluq siyahı haqqında fikirlərin necədir?

- Münsiflər kiminsə adamıdır, ya da kimisə tapşırıblar suallarını əbəs hesab edirəm, çünki mən bunun canlı nümünəsiyəm. Heç kimi tanımıram, heç yerdə çap olunmamışam, heç kim də məni tanımır. Şair olmasam da, bildiyim bir şey var: yaxşı şair şeirin, pis şair şöhrətin dalınca qaçar.

- Qalib siyahısında kimləri görürsən?

Kim qalib olacaqsa, kim ilk üçlükdə olacaqsa, mənə şaşırdıcı olmayacaq. Kimisə zəif hesab etmə haqqını görmürəm özümdə. Mənə görə şeir yazmaq ayıq qalmaqdır. Nə qədər rahatlıq içində olsan da, başqasının acısına, kədərinə şərik olmaqdır. Bu qədər vurdumduymaz dünyada şeir yazmaq özü böyük uğurdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG