Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21
-
Mayın 23-də Milli Azərbaycan Tarixi Muzeyində XX əsr görkəmli Azərbaycan siyasi və ictimai xadimi, diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçirilib.
Xəbəri Muzeyin saytı yayıb.
Seminarda Azərbaycan xalqının müstəqillyi uğrunda mübarizə aparmış Ə.Topçubaşovun Rusiya imperiyası türk və müsəlman xalqlarının faktiki lideri olaraq gördüyü işlərdən, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyətindən, ilk Azərbaycan parlamentinin yaradılması sahəsində səylərindən danışılıb.
Seminarda vurğulanıb ki, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Ə.Topçubaşovun Azərbaycan Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınması istiqamətindəki gördüyü işlər Azərbaycan dövlətçiliyi və Azərbaycan diplomatiyası tarixinə yazılıb.
Seminarda dövlət xadiminin bu sahədə gördüyü işlər, həmçinin 1920-ci ildən sonrakı dövrdə mühacirətdə apardığı mübarizədən söz açılıb.
Seminarda Əlimərdan bəy Topçubaşov haqqında yenicə çapdan çıxmış “Tarixi şəxsiyyətin tarixi” kitabının müəllifi tarixçi-alim Cəmil Həsənli də iştirak edib.
İlk dəfə üzə çıxarılan arxiv materialları əsasında yazılmış bu kitabda Topçubaşovlar nəslinin, Əlimərdan bəyin Azərbaycan milli ideyasının yaranmasında, ümmətdən-millətə keçid prosesində, Cümhuriyyətin təşkilindəki rolunun, eləcə də 14 illik mühacirət həyatının geniş mənzərəsi yaradılıb.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün prezident sərəncamı imzalanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG