Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:17

Mal-qarası örüşsüz qalan kənd


Xanlıqoba kəndi
Xanlıqoba kəndi
-

«Mal-qara örüşümüz yoxdur. Hər ailənin ən azı iki-üç baş malı var, ancaq məcburuq ki, hörükdə saxlayaq. Çünki bizə məxsus olan örüşlərin hamısını satıblar. Bilmirik kimlərə satılıb, onu bilirik ki, o örüşlərdən heç vaxt istifadə etməmiş adamlara satılıb. Mən o vaxtlar kolxozda ömrümü qoymuşam, kombaynçı, traktorçu işləmişəm. İndi də traktorçuyam. Ancaq o torpaqdan mənə mal otarmaq üçün bir qarış da verilməyib. Bu boyda kənddə 5 sot yer tapmırıq, hər yer satılıb».

Xaçmazın Xanlıqoba kəndinin sakinləri mal-qara otarmağa bir qarış yer tapmırlar. Fikrət Şahbazov başda olmaqla, kənd sakinləri örüş sahəsi üçün dəfələrlə kənd bələdiyyəsinə, rayon icra hakimiyyətinə yazıblar. Ancaq onlara örüş üçün azı 50 metr hündürlüyü olan bir qayanın başını məsləhət görüblər.

İNƏKLƏR QAYADAN DÜŞÜB ÖLÜRLƏR...

Məmmədağa Rüstəmov
Məmmədağa Rüstəmov
Kəndin başqa sakini Məmmədağa Rüstəmov:

«İldə neçə dəfə camaatın malı o qayadan düşüb ölür, kolbasaya gedir. Camaat necə dolasın, bilmir. İş yeri yox, kəndlinin gözü təkcə bu 3-4 mala dikilib, o da qayadan düşüb ölür».

Cəbrayıl Qurbanov:

«İslahat komissiyası mal-qaramız üçün 135 hektardan çox örüş sahəsi ayırıb. Bundan başqa, kənd qəbiristanlığı üçün yer ayrılıb. Hamısını bələdiyyə satıb. İndi orda yonca əkiblər».

SUYU TORPAQLARA BURAXIB MƏHV EDİRLƏR

Kənd sakinləri eroziyaya uğramış torpaqlara görə də narahatdırlar. Cəbrayıl Qurbanov deyir ki, hektarlarla torpaq sahələri var ki, bələdiyyə suyu buraxıb, həmin torpaqları məhv edib:

«Bu kənddə hər il ən azı 7-8 hektar torpaq eroziyaya uğrayır. Bir tərəfdən torpaqları məhv edirlər, o biri tərəfdən də mal-qara üçün örüş yeri saxlamırlar. Kəndlilər bilmirlər dərdlərini kimə desinlər».

BƏLƏDİYYƏ SƏDRİNİN MƏSLƏHƏTİ

Nəsib Mahmudov
Nəsib Mahmudov
Xanlıqoba kəndi Çarxı İnzibati Ərazi Vahidliyinə daxildir. Çarxı bələdiyyəsinin sədri Nəsib Mahmudov deyir ki, kənd sakinlərinin iddia etdikləri örüş sahələri hələ 11 il əvvəl bir fermerə icarəyə verilib. İndi kəndlilər gözləməlidirlər ki, icarə müqaviləsinin müddəti bitsin. Bəlkə ondan sonra örüş sahələrinə onların da mal-qarasının ayağı dəyə:

«Xanlıqobada kəndin hər bir sakininə özəlləşmə vaxtı adambaşı 77 sot torpaq sahəsi verilib. Örüş sahələri isə bələdiyyənin fondunda aid olan ehtiyat torpaqları hesab olunur. Həmin torpaqlar 2002-ci ildə iri fermer fəaliyyəti ilə məşğul olan bir nəfərə uzunmüddətli icarəyə verilib. Təəssüf ki həmin icarənin müddəti başa çatmayıb».

Xanlıqoba sakinlərinin isə hələ ki qaya başında mal-heyvan otarmaqdan başqa çarəsi yoxdur.
XS
SM
MD
LG