Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

İki ölkədən imdad diləyən ahıl qadın


Gövhər Qəribovanın sənədləri
Gövhər Qəribovanın sənədləri
-

Gürcüstanın Qardabani rayonundan olan 79 yaşlı Gövhər Qəribova 6 ildir İmişlidə qaranlıq otaqda yataq xəstəsinə çevrilib. Uzun illər yaşadığı ölkədə süpürgəçi işləyən ahıl qadının indi heç yan-yörəsini yığışdırmağa halı qalmayıb. Ayaqları şişdiyindən yatağından qalxıb gəzə bilmir. Onun harada yaşadığını, sağ olub-olmadığını yalnız qızının ailə üzvləri bilir.

«NƏ O ÖLKƏDƏN PENSİYA ALIR, NƏ DƏ BURADAN»

Gövhər nənənin bir övladı olub, o da 1988-ci ildə İmişli şəhərinə köçüb. 2007-ci ildə vəziyyəti pisləşəndə, qızı onu öz yanına gətirib. Elə o vaxtdan Gövhər nənə İmişli şəhərində yaşayan qızıgildə qalır.

Qızı Qəndab Həsənova deyir ki, anası savadsız olduğundan, sənədləşmədən baş açmadığından, vaxtında sənədlərini verib, özünə pensiya düzəltdirə bilməyib:

«İndi nə o ölkədən pensiya alır, nə də buradan».

«İCRA HAKİMİYYƏTİNDƏN HƏLƏ GƏLİB ÇIXAN YOXDU»

Qəndab Həsənova
Qəndab Həsənova
Qəndab xanım üzləşdikləri problemlə bağlı yerli icra orqanlarına müraciət etdiyini, amma onun səsinə səs verilmədiyini deyir:

«İmişlinin polis idarəsinə getmişdim, «pasportstol»da işləyən dedi ki, evinizdən bir kişi xeylağı yolla, onunla danışım. Gəldim evə, oğlumu göndərdim. Oğlum getdi, gələndə dedi ki, mənim imkanım yoxdur onların tələbini ödəməyə. İcra Hakimiyyətinə də getmişəm, orada işləyənlərdən biri kağızda ünvanımızı, adımızı qeyd eləyib, dedi adam yollayacam. Hələ gəlib çıxan yoxdur. Neçə dəfə o adamın qəbuluna getmişəm, qapı bağlı olub, tapa bilməyib, qayıtmışam».
Qəndab xanıma son vaxtlar daha çox əzab verən anasını əvvəlki vaxtlarda olduğu kimi həkimə göstərə bilməməsidir:

«115 manat pensiya alıram. Oğlum işləmir, yetkinlik yaşa çatmayan üç uşağı var. Pensiyası olsaydı, öz pulu ilə anamın dava-dərmanını alardım. İndiyədək baxmışam, daha halım yoxdur, xəstəyəm, ödümdən yarılmışam...».

«BU MƏSƏLƏ İLƏ DÖVLƏT MİQRASİYA XİDMƏTİ MƏŞĞUL OLUR»

Gövhər Qəribova
Gövhər Qəribova
İmişli polisinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Habil Ağayev Qəndab Həsənovanın ona birbaşa müraciət etmədiyini bildirir, həm də əlavə edir ki, müraciət olunsaydı, o, yardımını əsirgəməzdi:

«Belə bir qadın mənim yanıma gəlməyib. Gəlsəydi, ona kömək edərdim. Əcnəbilərin qeydiyyatı əvvəllər bizdə aparılıb, indi bu məsələ ilə Dövlət Miqrasiya Xidməti məşğul olur. Bu orqanın Şirvan şəhərində bölgə idarəsi var. Elə günü sabah gəlsin yanıma, ona başa salım hansı sənədlər toplamalıdır, kimə müraciət etməlidir».
Dövlət Miqrasiya Xidmətindənsə telefonla suallara cavab vermədilər, rəsmi qaydada sorğu göndərməyimizi istədilər.

QANUNA GÖRƏ...

Gürcüstanın Salsk dövlət arxivindən arayış
Gürcüstanın Salsk dövlət arxivindən arayış
Azərbaycan qanunlarına görə, viza tələb olunmayan qaydada ölkəyə gələn əcnəbi ölkədə 90 gündən artıq qala bilməz. Bu müddət sonradan uzadılmazsa əcnəbi ölkə ərazisini tərk etməlidir.

Qeydiyyatla bağlı qanunvericiliyə görə, Azərbaycana 3 gündən artıq müddətə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunda bunun Azərbaycanda yaşayan şəxslərin uçota alınması, sosial müdafiə, pensiya təminatı və s. məsələlər üçün zəruri şərait yaratmaq məqsədi daşıdığı qeyd olunur.

«QURTARIN MƏNİ BU ƏZABDAN!»

Qanunu bilmədiyindən Qəndab Həsənova yataq xəstəsi olan anasını yaşadığı ünvanda qeydiyyata salmayıb. Amma o, gec də olsa, buna cəhd edib. Hətta Gürcüstanın Salsk dövlət arxivindən arayış da əldə edib. Ancaq ötən 6 ildə Gövhər nənəni nə vətəndaşı olduğu ölkə arayıb-axtarıb, nə də qeydiyyatsız yaşadığı Azərbaycanda onunla maraqlanıblar. 79 yaşlı ahıl «qurtarın məni bu əzabdan» deyə yalvarır...
XS
SM
MD
LG