Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:38

Quba məhbusu: ya cərimə, ya da şərti cəza


Quba məhkəməsi
Quba məhkəməsi
-
«4 gündür aclıq edir, bu müddətdə təkcə təcridxananın rəisi bir dəfə yanında olub, vəziyyəti ilə maraqlanıb. Vəssalam. Elə dövlət qurumu qalmayıb ki, qayınanam teleqram vurmasın. Elə bil bütün idarələrə daş atıblar, hamı susub, cavab yoxdur».

«CƏZANI YA CƏRİMƏ, YA DA ŞƏRTİ CƏZA İLƏ ƏVƏZ ETSİNLƏR»

1 mart Quba hadisələrinə görə məhkum olunmuş 38 yaşlı Habil Əliyevin həyat yoldaşı Aynurə Əliyeva AzadlıqRadiosuna bildirib ki, məhbus saxlandığı Şüvəlan təcridxanasında mayın 19-dan ölüm aclığına başlayıb. Məhbus ailəsini narahat edən odur ki, 4 gün keçib, amma hələ də onun vəziyyəti və tələbi ilə maraqlanan olmayıb:

«Habilin əlilliyini, himayəsindəki qoca anasını, azyaşlı uşaqlarını, ailənin yeganə qazanc gətirəni olmasını, ilkin məhkumluğunu nəzərə almadan ona ağır cəza kəsiblər. İndi tələbi də burdur ki, cəzasını ya cərimə, ya da şərti cəza ilə əvəz etsinlər».

ƏDALƏTƏ İNANMIR

Ailə üzvünün dediyinə görə, onlar Quba rayon Məhkəməsinin Habil Əliyev barədə çıxarılmış hökmündən məhbusun verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində ədalətli baxılacağına inanmırlar:

«Çünki Sumqayıt Apellyasiya Məhkəməsində bir dəfə ilkin məhkəmə iclası oldu. Qərar çıxarıldı ki, Habilin apellyasiya şikayətinə onun iştirakı olmadan baxılsın. Habil də bununla razılaşmayıb Ali Məhkəməyə kasasiya şikayəti verdi. Ancaq heç nəyə nail ola bilmədi. Ali Məhkəmə qərarı qüvvəsində saxladı. Bu yaxınlarda Sumqayıt Apellyasiya Məhkəməsində Habilin iştirakı olmadan və məhkəmə istintaqı aparılmadan onun apellyasiya şikayətinə baxılacaq. Bu o deməkdir ki, məhkəmə Habilin şikayətini dərindən araşdırmaq həvəsində deyil».

«GÖZÜMÜZÜ HABİLİN TƏQAÜD KARTINA DİKMİŞİK. AMMA...»

Aynurə Əliyeva deyir ki, ailə başçısının həbsdə saxlanması ailəni müflis vəziyyətə salıb:

«İki azyaşlı uşaq, bir qoca, bir də mənəm. İşləyən, qazanc gətirən yox. Uşaqlardan biri 4, kiçiyi 3 yaşındadır, ikisi də anadangəlmə təzyiqdən əziyyət çəkirlər. Bir qardaşı Qarabağ şəhididir. Gözümüzü Habilin təqaüd kartına dikmişik. Ayda bir dəfə o kartdan çıxarılan pul da ay ərzində ona həbsxanaya apardığımız ərzaqlara görə yığılan borclara gedir».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məhbusun aclıq aksiyası keçirməsi barədə deyilənləri doğru saymadıqlarını və Habil Əliyevin aclığa başlaması ilə bağlı saxlandığı təcridxananın rəhbərliyinə müraciət etmədiyi bildirilib.

3-cü qrup Qarabağ əlili Habil Əliyev ötən il iyunun 15-də həbs olunaraq Quba hadisələrində iştiraka görə Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilib. O, dekabrın 12-də hakim Füzuli Pənahovun çıxardığı hökmlə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG