Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Əli Hüseynli: «Avropa təsisatları da gərək öz fəaliyyətlərində müəyyən korrektələr etsin»


Əli Hüseynli

Əli Hüseynli

-

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Əli Hüseynli yap.org.az-a müsahibə verib. Qarşıdan gələn prezident seçkiləri, Avropa institutlarının Azərbaycanla bağlı qiymətləndirməsi və başqa məsələlərə münasibətini bildirib. Müsahibəni ixtisarla təqdim edirik.

- Əli müəllim, hazırkı dövrdə Azərbaycanın Avropa məkanına inteqrasiya prosesi maraq doğurur. Bəzi Avropa təsisatları Azərbaycandakı inkişaf prosesini müsbət qiymətləndirsələr də, qeyri-obyektiv qərarlar da qəbul olunur, haqsız tənqidlərə də rast gəlirik. Bütün bu proseslərin fonunda Azərbaycanın Avropaya inteqrasiya prosesini necə dəyərləndirmək olar?

- 1995-ci ildə müstəqil dövlətimizin Konstitusiyası qəbul olunduqdan sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı irəli sürdüyü vacib tezislərdən biri də avrointeqrasiya idi. Həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıq baxımından Avropa təsisatları ilə uzun illər səmərəli işlər görülüb və hesab edirəm ki, müsbət nəticələr əldə etmişik.

Eyni zamanda, bu prosesdən Avropa da geniş mənada bəhrələndi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə başladı, Şərq-müsəlman və Qafqaz respublikası kimi başqalarından fərqli sivil bir dövlət quruculuğu modelini Avropaya çatdırdı. Avropa gördü ki, Azərbaycan yeganə ölkədir ki, üç komponenti birləşdirsə də, (Qafqaz, Şərq və müsəlman) dəyərlər baxımından Avropadır...

- Bəs sonrakı illərdə hansı məqamlar müşahidə olundu?

- Son dövrlər müşahidələrimiz ondan ibarətdir ki, Avropa təsisatları çox zaman insan hüquqları və demokratiya məsələlərini daha çox şişirdilmiş, təhrif olunmuş şəkildə səsləndirirlər, müxtəlif bəyanatlar verirlər, qərarlar qəbul edirlər. Avropa Parlamentinin bəzi qərarları, Avropa Şurasında «siyasi məhbus» məsələsi ilə bağlı cəhdlər və s. buna sübutdur. Bu cür yanaşma bizim münasibətlərimizə xələl gətirməsə də, konstruktiv əməkdaşlığa mane olur. Biz müşahidə edirik ki, bəzi digər ölkələrdə insan hüquqları və demokratiya məsələlərində vəziyyət qat-qat problemlidir. Məsələn, buraya Ermənistanı, vaxtilə Gürcüstanda, Ukraynada, Şərqi Avropa ölkələrində baş verən hadisələri daxil etmək olar. Elə Avropanın mərkəzi ölkələrində də bu sahədə ciddi problemlər yaşanır. Amma həmin ölkələrdəki vəziyyətə beynəlxalq qurumlar tərəfindən reaksiyalar bizdəki qədər deyil. Xüsusilə, onların Ermənistanla bağlı «dost» münasibətləri bizi narahat edir. Yəni burada ikili standartları biz açıq-aşkar müşahidə edirik.

Bilirsiniz ki, Avropanın mərkəzi dövlətləri 1950-ci illərdən başlayaraq insan hüquqları və demokratiya sahəsində nailiyyətlər əldə etməyə başladılar. Bu o zaman baş verirdi ki, Avropada iqtisadi sabitlik var idi. Son illərin iqtisadi böhranı isə sosial gərginləyə gətirib çıxardı. Biz bunu müşahidə edirik ki, Avropa Birliyi ölkələrində dini-milli dözümsüzlüklə bağlı qanun qəbul olunur, mitinqlərdəki zorakılıq baş verir, Fransa, İtaliya, Almaniya kimi Qərbi Avropanın dayağı olan ölkələrdə bu proseslərlə bağlı, müvafiq konvensiyalardakı bütün öhdəliklər pozulmağa başlayıb. Hansı ki, onlar bu konvensiyalara qoşulmaqla yanaşı onu fəal şəkildə dünyada təbliğ edirdilər. Həmin ölkələrdəki vəzifəli şəxslərin korrupsiyaya qurşandığını müşahidə edirik, seçki prosesləri zamanı çirkli pullardan istifadə olunması ilə bağlı bəyanatlar eşidirik. Bütün bunlar Avropada ciddi problemlərin olduğunu göstərir.

Belə bir şəraitdə onların da Azərbaycanla bağlı bəyanatlarının təsiri artıq əvvəlki kimi deyil. Baxmayaraq ki, bizim əlaqələrimiz yaxşıdır, amma Avropa təsisatları da gərək öz fəaliyyətlərində müəyyən korrektələr etsinlər. Bu, hər iki tərəfin xeyrinə olmuş olar.

- Məlumdur ki, Avropaya inteqrasiya çərçivəsində bir sıra proqramlar, layihələr həyata keçirilir. Bu mənada hazırda Şərq Tərəfdaşlığı prosesi hansı vəziyyətdədir?

- Azərbaycanın Avropaya inteqrasiyasının marağının nəticəsidir ki, Şərq Tərəfdaşlığı prosesinə fəal qoşulmuşuq. Prezident İlham Əliyev də hər zaman bu məsələyə xüsusi önəm verirdi. Biz artıq Avropa ilə bütün sahələr üzrə əməkdaşlıq etməyə başlamışıq. Parlament ölçüsündə biz AVRONEST PA-da təmsil olunuruq, onun bir sessiyası Bakıda yüksək səviyyədə keçirildi. Eləcə də, iqtisadi münasibətlərə, enerji təhlükəsizliyinə töhfələr verməkdə davam edirik. Biz qanunvericiliyimizi Avropa İttifaqı standartlarına uyğunlaşdırırıq. Həm də ona görə ki, Avropanın iş adamları burada və bizim sahibkarlar da Avropada eyni hüquqi müstəvidə çalışsınlar. Eyni zamanda, Avropa ilə vətəndaş cəmiyyəti dialoqu mövcuddur, mədəni əlaqələrimiz də genişlənir. Yəni bütün bu proseslərdə bizim çox sağlam niyyətlərimiz mövcud olub. Amma bunun fonunda biz yenə də zaman-zaman Avropa Parlamentində ölkəmiz haqda insan hüquqları, demokratiya məsələləri ilə bağlı tələsik, araşdırılmamış, emosional, faktlara söykənməyən bəyanatlar və qərarların verildiyini görürük. Biz avropalı həmkarlarımızın diqqətinə çatdırmışıq ki, bu cür yanaşma ilə onlar yalnız özlərini hörmətdən sala bilərlər. Çünki bu mövqe ilə onlar burada ciddi qəbul olunmurlar. Yəni belə problemlər də, mövcuddur, amma yenə də biz əməkdaşlığımızı davam etdiririk.

- Əli müəllim, məlum olduğu kimi bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Artıq müəyyən beynəlxalq qurumlardan seçki qanunvericiliyi, insan hüquqları və demokratiya məsələləri ilə fikirlər, təkliflər, hətta əsassız tənqidlər də səslənir. Necə hesab edirsiniz, mövcud Seçki Məcəlləsinə dəyişiklik edilməsinə zərurət varmı?

- Beynəlxalq təşkilatlar, o cümlədən, bizim tərəfdaşlar bilməlidirlər ki, artıq Azərbaycan keçid mərhələsini yaşayan ölkə deyil. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına qatılmaq niyyətini ifadə edib. Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir. Azərbaycan keçmiş SSRİ respublikaları ilə də müqayisəolunmaz səviyyədədir. Biz iqtisadi, siyasi baxımdan ən sabit, ən inkişaf edən ölkəyik.

Ona görə də, gərək Avropa təsisatları da Azərbaycanla bağlı baxışlarını dəyişməlidirlər. Mənim mövqeyim belədir ki, seçki prosesi ilə bağlı maddi-texniki, təşkilati və bir sözlə, bütün məsələləri Azərbaycan yüksək səviyyədə təşkil edib. Mövcud olan problemlərin araşdırılması mexanizmləri var.

Hazırda Seçki Məcəlləsinə yeniliklərin gətirilməsi müzakirə predmeti deyil və olmayacaq da. Seçki prosesi açıqdır, şəffafdır və hesab edirəm ki, biz yenə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyik ki, onlar bu prosesi müşahidə etsinlər. Amma mən bir subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda vətəndaş cəmiyyətinin, ictimai şüurun, demokratiyanın və demokratik təsisatların inkişafı artıq elə səviyyədədir ki, bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur. Amma əlbəttə ki, biz həm də əldə etdiyimiz nailiyyətləri göstərmək niyyətindəyik. Bu baxımdan, belə bir əməkdaşlıq faydalı ola bilər. Amma yenə də deyirəm ki, hamı anlamalıdır ki, Azərbaycan artıq nə postsovet ölkəsi deyil, nə də keçid dövrünü yaşayan ölkə deyil. Azərbaycanın standartları artıq kifayət qədər yüksəkdir və tam milli-daxili mexanizmlər var ki, istənilən proses şəffaf həyata keçirilsin, ictimai nəzarət olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG