Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

«Hakimiyyət vətəndaşın Allahla münasibətlərinə qarışmır»


Sabirabad - 6 aprel 2012
Sabirabad - 6 aprel 2012
-
«İbadətimizi yerinə yetiririk. Hələ ki, bunda bir problem yoxdur, amma məscid bağlıdır. Açılsaydı, daha yaxşı olardı...».

Fikrət Camaloğlu artıq 6 ildir ki, əvvəllər ibadət qıldığı məscidə gedə bilmir. Bir vaxtlar getdiyi Əbu-Bəkr məscidi 2007-ci ildə qapadıldığından indi yolunu uzadıb başqa məscidə üz tutur. Ancaq o, ölkəyə icazəsiz gətirilən dini ədəbiyyatın araşdırılmasını istəyənlərdəndir:

«Bəzi nəşrlərdən dövlətə qarşı təxribatlarda istifadə oluna bilər. Ona görə də dövlət ehtiyatını tutur. Hər halda bunun dövlət üçün təhlükə yaradıb-yaratmadığını aydınlaşdırırlar. Ancaq o ədəbiyyat ki insanları inkişafa, mərhəmətli olmağa çağırır, bunun yayılmasında problem olmamalıdır...».

DİNİ İCMALAR QEYDƏ ALINMIR, DİNİ ƏDƏBİYYATIN GƏTİRİLMƏSİ MƏHDUDLAŞDIRIB

«Azərbaycan Konstitusiyası din azadlığını elan etsə də, başqa qanun və siyasətlər bu azadlığı real həyatda məhdudlaşdıra bilir. Bütün dini qrupların icbari qaydada hökumət qeydiyyatından keçməsi tələbi bəzi dini icmaları qeydiyyatsız qoyur. Hökumət dini ədəbiyyatın ölkəyə gətirilməsini də xeyli məhdudlaşdırıb». – ABŞ Dövlət Departamentinin «Beynəlxalq Din Azadlığı Hesabatı»nın Azərbaycana aid bölümündə belə deyilir. Həmin hesabatda dünyada din azadlığının 2012-ci ildəki durumu dəyərləndirilib.

Sənəddə bildirilir ki, ölkədə dini ədəbiyyatın icazəsiz nəşri, gətirilməsi və yayılması qadağandır. Qaydanı pozanlar 5 min manatdan 7 min manatadək cərimələnə və 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər. Əksər ictimai yerlərdə baş örtüyü daşımaq qadağan olunmasa da, rəsmi fotoların baş örtüyü ilə çəkilməsinə icazə verilmir. Təhsil Nazirliyinin sərəncamına uyğun olaraq,
Təhsil Nazirliyi qarşısında etiraz aksiyası, 5 oktyabr 2012
Təhsil Nazirliyi qarşısında etiraz aksiyası, 5 oktyabr 2012
hicab və ya baş örtüyünün ibtidai və orta məktəblərdə yasaqlanması, amma bu qadağanın fəal şəkildə həyata keçirilməməsi də hesabatda əksini tapıb.

HİCAB TƏRƏFDARLARI VƏ POLİS ZORAKILIĞI

Mayın 20-də Nərimanov rayon Məhkəməsində hicab qadağasına qarşı keçirilən etiraz aksiyasının 10 iştirakçısına hökm oxunub. Onlara 18 aydan 2 ilədək həbs cəzası kəsilib.

İttiham olunanlar ötən il oktyabrın 15-də Təhsil Nazirliyinin binası önündə etirazlarını dilə gətirmişdilər. Bu ilin aprelində məhkəmə həmin hadisə ilə bağlı 8 nəfəri 5-6 il müddətinə azadlıqdan məhrum etmişdi. Sözügedən aksiyaya görə bütövlükdə 31 nəfərə həbs kəsilib. Bəzilərinin işi üzrə istintaq hələ də davam edir. 5 oktyabr aksiyasında 2 minə yaxın dindar məktəblərdə hicab qadağasının ləğvi tələbilə etiraz aksiyası keçirmiş və bu zaman polislə etirazçılar arasında qarşıdurma yaşanmışdı.

ABŞ Dövlət Departamentinin din azadlığına dair hesabatında buna da yer ayrılıb. Hesabatda deyilir ki, Təhsil Nazirliyinin məktəblərdə hicaba qeyri-rəsmi qadağasına etirazını bildirən dindarları polis zorakılıqla dağıdıb.

«VƏZİYYƏT PİSDİR»

Dini ekspert, professor Altay Göyüşovun fikrincə, əvvəlki illərlə müqayisədə bu hesabatda elə bir dəyişiklik yoxdur:
Altay Göyüşov
Altay Göyüşov

«Vəziyyətin, əslində, dəyişmədiyi görünür. Demək olar, bütün problemlər hesabatda əksini tapıb. Əksini tapmayan, ən azı, xatırladılmayan problem yoxdur. Ancaq hesabatdan hiss olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təyin olunan sədrdən müsbətə doğru dəyişiklik gözlənilir. Bu ümid var, amma hələ doğrulmur. Hələ ki, 2013-cü ilin əvvəlindən bu günədək baş verənlər vəziyyətin daha da kəskinləşdiyini göstərir».

Hesabatda dini təhsil məsələlərinə də toxunulub. Bildirilir ki, fərdi qaydada maliyyələşdirilən ibtidai və orta məktəblərdə din dərsləri tədris planına daxil edilmir, ancaq ali məktəblərdə din kursları keçilə bilər. Xaricdə dövlət dəstəyi ilə dini təhsil almaq istəyənlərin dövlət komitəsinin və ya Təhsil Nazirliyinin qeydiyyatından keçməsi və öz təşəbbüsləri ilə xaricdə dini təhsil almağı arzulayanların rəsmi icazə almadan istəyini gerçəkləşdirə bilməsi də hesabatda vurğulanır.

Sənəddə bir sıra «qeyri-ənənəvi» sayılan dini icmaların Avropa İnsan Haqları Məhkəməsinə şikayətləri və 13 belə şikayətin qeydə alınması barədə də məlumat verilir.

Hesabatda vurğulanır ki, hökumət dini qurumların təkrar qeydiyyata alınması qaydasından onlara qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bir sıra dini icma və qurumların qeydiyyatından imtina edilib. Bəzi təşkilatların qeydiyyatı məsələsinə baxılmaqdadır.

Zahid Oruc
Zahid Oruc
Şəhidlər Xiyabanındakı və Gəncədəki məscidlərin (sünni məscidinin) bağlı qalması, Bakının Suraxanı rayonunda Fatimeyi-Zəhra şiə məscidinin tikintisinə icazə verilməməsi də hesabatda qeyd edilir. Eyni zamanda, ötən il 7 yeni məscidin açıldığı, bəzi açılışlara prezident İlham Əliyevin də qatıldığı bildirilir.

«DİN ÜZƏRİNDƏN MÜXTƏLİF SİYASƏTLƏRİN YÜRÜDÜLMƏSİ İMKANLARI QALIR»

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Orucun fikrincə, ölkədə dini etiqadla bağlı hər hansı problem yoxdur:

«Biz dini tolerantlıqdan danışanda, bunu rəsmi bir etiket kimi dövlət təbliğatına yamamırıq. Bu, həqiqətən də belədir. Amma məsələnin başqa bir tərəfi də var. Din hazır bir ideologiya olduğundan, onun üzərindən müxtəlif siyasətlərin yürüdülməsi imkanları qalır. Mənə elə gəlir ki, bu hakimiyyət vətəndaşın Allahla münasibətlərinə qarışmır. Amma etiqad adı altında hansısa bir ölkəyə sitayiş edəndə, onun ideoloji hopdurmalarına məruz qalanda, dini cərəyanların istilasına münasibətdə Azərbaycanın atdığı addımları dərhal hakimiyyətin dözümsüzlüyü, dini azadlıqların məhdudlaşdırılması, onu çərçivəyə alma cəhdləri kimi qiymətləndirirlər».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən ABŞ-ın sözügedən hesabatı ilə tanış olduqlarını, amma buna münasibətlərini daha sonra açıqlayacaqlarını bildirdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG