Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:29

Aytən Nəsibbəyli: "Kommersiya ruhu ilə ədəbiyyata necə gəlmək olar?"


Cavid Zeynallı və Aytən Nəsibbəyli

Cavid Zeynallı və Aytən Nəsibbəyli

-

"Kitab çıxarsam, metroda kitablarını satan şairin vəziyyətinə düşərəm".

"Təxminən üç il çap olunmağa maraq göstərmədim".

"Kürçaylı Məmmədov, Səxavət Sahil, Elçin Aslangil onluqda olmalıydılar".



"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir.

Cavid Zeynallının müsahibi bu dəfə Aytən Nəsibbəylidir (onluğa düşən şeirləri burda)



Aytən Nəsibbəyli 1986-cı ildə anadan olub. Bakı Slavyan Universitetinin filologiya fakültəsinin məzunudur.

- Özümü ədəbi cameədən uzaq hiss etmirəm. Aygül Qurbanova, Nilufər Muğantürk, Elçin Aslangil, Günel Şamilqızı yaxın dostlarımdır. 2007-ci ildən ilk şeirlərim mətbuatda çap olunmağa başlayıb. Sonra təxminən üç il çap olunmağa maraq göstərmədim. 2010-cu ildə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinə qəbul olunandan sonra yazmaq, görünmək həvəsim yenidən yarandı. Şeirlərimin sayı o qədər də çox deyil. Üst-üstə 50-60 şeirim olar. “Azərbaycan”, “Ulduz” “Alatoran” jurnallarında, “525-ci qəzet”də çap olunmuşam.

- Kitabın çap olunub?

- Yox, kitabım yoxdur. İstəmirəm ki, bəzi gənc yazarlarımız kimi kitablarımı əldən paylayım, kiməsə hədiyyə edim. İmzamın tanındığını düşünmürəm. Kitab çıxarsam, metroda kitablarını satan şairin vəziyyətinə düşərəm. Ona görə də, hələlik istəmirəm. Nə vaxt imzamı tanıda bilsəm, kitab çıxaracam. İndiki vəziyyətdə kitab çıxarıb dosta-tanışa paylamağın mənası yoxdur. Yəni dost-tanış onsuz da oxuyur. Balayar Sadiq, Qəşəm Nəcəfzadə, Faiq Balabəyli, Tərlan Əbilov şeirlərim haqqında fikir bildiriblər.
Aytən Nəsibbəyli

Aytən Nəsibbəyli


- Kimləri oxuyursan?

- Salam Sarvan, Mətləb Ağa, Tərlan Əbilovun yaradıcılığını həmişə izləyirəm. Mənə şəxsən yaxın olan yazarlardan Günel Şamilqızı, Səxavət Sahil, Məhbus Münzəvi, Aygül Qurbanova, Elçin Aslangilin yazdıqlarını oxuyuram. Adlarını çəkdiyim şəxslər sevdiyim şairlərdir. Məsələn, təkrar-təkrar şeir oxumaq ehtiyacı hiss edəndə Salam Sarvan və Ramiz Rövşəni oxuyuram. Nəsrlə heç vaxt məşğul olmamışam, amma nasirlərdən Nərmin Kamalın yazılarını bəyənirəm. Sahilə İbrahimovanın da hekayələrini oxumuşam.

- Onluğa düşən yazarlardan bəzilər şeir yazdığını hətta gizlədirlər. Sən necə, şair kimi tanınmaqdan ehtiyat etmirsən?

- Şeir yazmağımı ailədə pis qarşılamırlar. 2007-ci ildə çap olunandan sonra bir müddət mətbuatdan uzaq düşdüm. Evdəkilər deyirdilər ki, bu işin ardınca düş. Məni kitab adamı görmək onların arzusudur. Əslində mən bu işə kommersiya məqsədilə baxmıram. Və şeir yazmaqla pul qazanacağımı da düşünmürəm. Ailəm “bu işin arxasıyca düş” deyəndə, bunu nəzərdə tutmur. Ailəm məni oxudub, sənət sahibi olmuşam. Kommersiya ruhu ilə ədəbiyyata necə gəlmək olar? Amma şeirlərin jurnalda çıxırsa, buna görə niyə də qonorar almayasan? Bir dəfə “Azərbaycan” jurnalından qonorar almışam.

- Ətrafında olan adamların kitaba münasibəti necədir?

- Rəfiqələrim kitab oxusalar da, təəssüf ki, nə oxuduqlarını bilmirlər. Hiss edirəm, son zamanlar adamlarda kitaba qarşı sevgi, maraq yaranıb. Əvvəllər avtobusda, metroda kitab oxuyan az olurdu, indi isə əksinə əlində kitab olan gənclərə tez-tez rast gəlirəm.

- Dünya ədəbiyyatından kimləri oxuyursan?

- Dostoyevski, Mopassan, Çexov, Viktor Hüqo sevdiyim yazıçılardır. Çağdaş dünya yazıçılarını təəssüf ki, oxumamışam.

- Müsabiqəyə qatılmağından danışmağını istəyirəm...

- “Ədəbi azadlıq” müsabiqəsinə birinci dəfədir qatılıram. Keçən il “Nəsimi” ədəbiyyat müsabiqəsinə iştirak etmişdim. “Ədəbi Azadlıq”da 20-lik siyahıya düşəcəyimi gözləyirdim. Qısa siyahıya düşəndə isə çox sevindim. 20-likdə olan bir neçə imzanın kənarda qalmağı məni təəccübləndirdi. Məncə, məsələn, Kürçaylı Məmmədov, Səxavət Sahil, Elçin Aslangil onluqda olmalıydılar. Məmməd Əbülfəzoğlunun, Yaşar Bünyadın yerinə bu imzalar ola bilərdilər. Üçlükdə özümü, Balayar Sadiqi, Aygül Qurbanovanı görürəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG