Keçid linkləri

Təcili xəbərlər

Qanun əvəzində siyasət


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-

Əgər ölkədə fövqəladə vəziyyətə bənzər bir şey olsaydı bəlkə də bəzi məsələləri başa düşmək asanlaşardı. Başa düşmək olardı ki, hansı səbəbə görə insanlara istədikləri yerdə etiraz aksiyası keçirməyə imkan verilmir. Başa düşmək olardı ki, nədən qeydiyyatdan keçmiş qanuni siyasi partiyalar bölgələrdə öz tədbirlərini - iclaslarını və müşavirələrini keçirə bilmirlər.

Bəli, çox sualın cavabı aydın olardı. Ona görə də adam «Xoşbəxtlikdən ölkədə fövqəladə vəziyyət yoxdur!» deyə bilmir, çünki rəsmən belə bir şey olsaydı, bəlkə də daha yaxşı olardı. Hamı öz işini bilərdi və hakimiyyət də azacıq əziyyət çəkib, ölkədə hansı səbəblərdən fövqəladə vəziyyətin tətbiq edilməsini əsaslandırmağa çalışardı.

BÖLGƏLƏRDƏ İCLAS KEÇİRMƏK QANUNA ZİDDİRMİ?

Partiyaların bölgələrdə tədbirlərinin baş tutmaması haqda düşünəndə ilk ağlıma gələn bu oldu ki, bunun hüquqi tərəfləri haqda fikirləşim. Amma nə qədər istəyirsən fikirləş, fəqət, qadağaları, yasaqları zəruri edən qanuni əsaslar tapa bilməzsən.

Əvvəla, tədbir keçirən partiyaların hamısının rəsmi qeydiyyatı var, onlar qanuni siyasi institutlardır. İkincisi, söhbət bölgələrdə etiraz aksiyalarının deyil, partiya müşavirələrinin keçirilməsindən gedir. Bəlkə də söhbət etiraz aksiyalarından getsəydi bunu hansısa formada qanunazidd bir hərəkət kimi yozmaq olardı. Amma bir daha qeyd edirik ki, söhbət etiraz aksiyalarından deyil, sadəcə partiya üzvlərinin iştirak etdiyi iclaslardan gedir.

İclaslar, müşavirələr partiyaların gündəlik işidir. Ona görə də bu məsələdən belə bir nəticə çıxarmaq olar ki, hakimiyyət siyasi partiyalara öz qanuni fəaliyyətlərini həyata keçirməyə imkan vermir.

Amma maraqlıdır ki, müxalifət partiyaları da məsələnin bu tərəfinə diqqət yetirmirlər. Onlar tam qanuni əsaslarla iclasların keçirilməsinə maneçilik törədən yerli hakimiyyət strukturlarından məhkəməyə şikayət edə bilərdilər. Təbii ki, ölkə məhkəmələrinin vəziyyəti, onların özlərinin yerli icra strukturlarından asılılığı hamıya məlumdur. Amma məhkəməyə müraciət etməklə, ən azı bir hüquqi presedent yaratmaq olardı.

QƏRARLAR SİYASİ YOLLA QƏBUL EDİLİR?

Məsələnin siyasi aspektinə toxunanda isə hər şey dərhal aydınlaşır. Əgər bu yalnız bu il, prezident seçkisi ərəfəsində baş versəydi onu belə yozmaq olardı ki, hakimiyyət öz rəqiblərini qeyri-qanuni yollarla sıxışdırır.

Amma belə hallar hər il təkrar olunur. Tək bu il deyil, elə ötən il də, ondan əvvəl də belə idi, necə deyərlər, məsələ sistematik hal alıb.

Yadıma gəlir ki, təxminən 20 il bundan əvvəl, daha mürəkkəb 93-94-cü illərdə o vaxtkı AXC-nin fəalları bütün rayonlarda iclaslarını keçirdilər, iyun hadisələri zamanı iflic olmuş bəzi rayon şöbələrinin fəaliyyətini bərpa edə bildilər.

İndi isə 2013-cü ildir. Nə baş verir? Ölkə irəli gedir, yoxsa əksinə, geriləyir? Düşünürük ki, bu sualın da üzərində baş sındırmağa dəyməz, o, özü özünün cavabıdır. Ümumiyyətlə, bu ölkədə sualların cavabı onların özündə olur, heç kim bundan artığını etməyə, suala cavab verməyə cəhd etmir, buna görə özünə əziyyət vermir.

Ən əsası isə budur ki, ölkə demokratiya yolu ilə addımlayır – idarə edənlər bu xüsusda bəyanat verməyi çox sevirlər. Bəli, bu da yoldur. Amma onun demokratiya yolu olması getdikcə daha çox adamda şübhə doğurur. Daha yaxşı olardı ki, buna Özbəkistan, Türkmənistan yolu desinlər. Amma min təəssüf ki, demokratiya yolu deyirlər…

HAKİMİYYƏT PREZİDENT SEÇKİSİNƏ NECƏ HAZIRLAŞIR?

Kimdən soruşsan deyəcək ki, onlar hələ bu haqda danışmırlar. Düzdür, çox az danışırlar, amma öz işlərini görürlər. Çox qəribədir ki, nikbin müxalifət də sanki onların gördüyü işi hiss etmir. Bu il hakimiyyət üç istiqamətdə öz sərt siyasətini gerçəkləşdirməyə çalışdı.

Birincisi, icazəsiz aksiyalara görə inzibati cəzalar sərtləşdirildi.

İkincisi, məşhur 147-48-ci maddələrin təsirini internetə də şamil etməyə təşəbbüs göstərildi.

Üçüncüsü, rəsmi Bakı ATƏT-in Bakı missiyasının səlahiyyətlərini azaldıb, onu adi bir koordinasiya şurası ilə əvəz etməyə cəhd edir. Artıq bu istiqamət üzrə iş gedir. Belə olan halda seçkilər faktiki olaraq ATƏT-in missiyasının nəzarətindən çıxacaq, onun seçki ilə bağlı hazırlayacağı hesabat isə formal xarakter daşıyacaq.

Bütün bunları düşünəndə görürsən ki, hakimiyyət seçki mühitinin demokratik ab-havasını hiss olunacaq dərəcədə azaltmaq üçün çox sistemli və ardıcıl iş aparır.

Adam sadəcə bir məsələyə təəccüb edir: daha bir neçə il vəzifədə qalmaq üçün bu qədər çalışmağa, ölkəni dözülməz bir hala gətirməyə dəyərdimi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG