Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:36

Atilay


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən


Günel Eyvazlı


Atilay



Xoruz banı, şəhəri çoxdan yatmış bir yuxudan ayıltdı. Elə bil, günəş, onun diktəsi ilə göy üzündə görünüb. Elə ucadan banlayırdi ki...

Qadın doğuş sancıları çəkirdi. Dünyaya bir-birinin ardından gəlmiş övladları il tamam olmamış bu dünyanı tərk edirdilər. Az deyil səkkiz övlad dünyaya gətirəsən. Səkkizi də qalmaya...

İndi qaranlıq otaqda günəş doğacaqdı. Qaranlığı işığa qərq edəcəkdi. Dünyaya işıq gələcəkdi.

O doğulanda hamı kimi ağlamadı. Anasının bətnini yarıb çıxdı. Ulu babası Teymur kimi, ovcunda bir laxta qan ilə bu dünyaya giriş etdi. Gözüaçıq doğuldu, məğrur doğuldu. Yalnız çökmüş bir sükutdan sonra öz adını dilinə aldı. Mən Atilayam dedi.
Kənarda durmuş tibb bacıları məsələnin nə yerdə olduğunu anladılar. Bu xəbər şəhərə işıq sürəti ilə yayıldı.

Dünyaya Atilay gəlib.

Körpə, var gücü ilə bu dünyanın havasını ciyərlərinə çəkdi. İti baxışları ilə hamını sezdi.

Anası bu doğuşdan salamat çıxmadı. Son dəfə balasının alnından öpdü. Tellərini oxşadı. Son dəfə lay-lay dedi ona. Sakit uyumaqdan ötrü. Övladını köksünə basan ana, körpəsinin qulağına nə isə pıçıldadı. Nə isə dedi. Bu pıçıltını heç kim duymadı. Bir nəfər eşıtdi. Atilay.

Dünyada nə qalmışdı ki. Heç nə. Ara-sıra müxtəlif yerə səpələnmiş insan yığınları görünürdü. Kimisi mağaraya, kimisi dağların arxasına çəkilmişdi. Hər şey yuxu kimi elə nizamını itirmişdi ki. Sanki,indi yaşananlar kiminsə kabus dolu röyası idi. Qarışıq yuxu, qarışıq hadisələr, qarışıq ifadələr...

Qəhrəmanlar tez böyüyür. Tez boy atır. Tez yeriyir.

Budur, Atilay. Güclü, qüvvətli qolları ilə qılıncını çəkir düşmənin üzərinə.
Budur, Atilay. Qara hörükləri dəbilqəsinin altından ilan kimi burulub çıyinlərinə tökülüb.

Atillanın qanı axır damarlarında. Cəngavərlik şirəsi bədəninə hopub.

YUXU

Mən onu yuxuda görmüşdüm. Bir cüt qara gözü, kaman qaşları diqqətimi çəkmişdi. Niyə həmişə qurşaqdan yuxarı görürdüm. Niyə susardı? Danışmazdı? Niyə pəncərə önünə qoyulmuş kitaba yaxınlaşmağı işarə edirdi mənə? Mən kitaba doğru gedərdim və yuxudan ayılardım. Niyə?

Nə miskin yuxu. Sona qədər yaxınlaşa bilməmək. Hər dəfə qaranlıq otaqda, şam işığında yalnız gözlərinin parıltısını görmək. Bir də başı ilə mənə etdiyi işarəni...

Atilay, nə olar yuxuma tamlıqla gəl. Qamətini, yerişini, duruşunu görmək istəyirəm. Sən mənim qəhrəmanımsan.

Onların söhbəti:

- Dəqiq bilmirəm.
- Nəyi?
- Döyüşə nə zaman fərman veriləcəyini.
- O hələ fikirləşir. Qələbənin astanasındayıq.
- Bəlkə döyüş istəmir. Nə qədər cəsur olsa belə qadındır. Anadır. Hər döyüşdən sonra ağladığını görmüsənmi ?
- Yanına adam göndərin. Bilək niyə sükuta dalıb. Dərdi nədir?

YUXU

Yenə at belindədir. Güclü qollarını görürəm. Qılıncını qınından sıyırır. Günəş şüası tutacaqdan, üzü yuxarı gəzişir. Sancılmağa köks axtarır. Kəsməyə baş axtarır.
Yenə yarımçıq görürəm. Yenə qurşaqdan yuxarı. Atının yalnız başı görünür, kişnəyir, alov püskürür. Qəflətən çevrilir Atilay. Qoşa hörükləri qamçı kimi atın arxasına çırpılır. İldırım kimi çapmağa hazırlaşan atın üzəngisini çəkir. Yenə üzümə baxır. Kitaba işarə edir. Yaxınlaş deyir.

Yarımçıq yuxu. Pəncərəyə yaxınlaşıram. Ayılıram.

Dəhlizdə söhbət:

- Bu qədər qəmgin olmağına səbəb nədir, şahım? Sənin bu halın bütün cəngavərləri qorxudub. Anlamırlar sükutunun səbəbini.

- Bilirsən, mən ad çıxarmışam, baş kəsmişəm, torpaq istila etmişəm. Burnumun ucu göynəyir qədim torpaqlarımız üçün. Əsrlərdi hamı bu qələbəni gözləyir. İndi mənim xilas etdiyim torpağa yalnız atımınmı qədəmi dəyəcək? Mən öz ayaqlarımla üzərində yerimək istəyirəm.

Allahın ən dəhşətli sınağını yaşayıram. Parçalanmış vəziyyətdəyəm. Şikəstəm. Anlayırsan şikəst.

Anlayırsan, yarımçıq olmaq necə dəhşətlidir? Nə qaça bilmirsən, nə qova bilmirsən. Sadəcə ölümü gözləyirsən. Mən gücümü əllərimə verdim. Bax bu əllərlə zəfər qazandım. Amma, bu yürüşə ayaqlarım olmadan gedə bilmərəm. Bacarmıram. Bacarmıram.

- Sən çarəsiz bir şey haqqında düşünürsən.

- Çarəsiz ? Dünyada çarəsiz heç nə yoxdur. Sadəcə arzulamaq və inanmaq lazımdır. İnamının getdiyi yerə qədər çarəni tapacaqsan. O inam ki, sənə ağılın getdiyi məhdud yoldan da o tərəfə aparacaq. Hüdudsuz sonsuzluğa. Mənim arzularım, mənim istəklərim artıq məsələnin çoxunu çözüb. İndi isə inanmaq qalıb. Təbibi çağır yanıma.

(Təbib, qüdrətin qarşısında ikiqat əyilir. Gəlişinin səbəbini bilirdi. Çoxdan bilirdi. Qibləgahın günlərlə otaq dustağı olmasının səbəbini çox gözəl anlayırdı)

- Üzülmə, Şahım. Qoy bu boynuma borc olsun. Məni gözlə. Yerin altını, üstünə çevirəcəyəm, amma, o ayaqları sənin üçün mütləq gətirəcəyəm. Döyüşə tələsmə.

Günlər bir-birinin ardından güllə kimi keçirdi. Hə, güllə kimi. Bəlkə plemyot kimi. Yoxsa yaratdığınız tanklar, atom bombaları kimi. O tanklar ki, neçə yurdu viran qoydu. O bombalar ki, dinc əhalinin başına yağdı. O güllələrki, neçə övladı atasız, neçə qadını ərsiz, neçə ananı övladsız, neçə kiçini papaqsız qoydu...


Axtarış...

Təbib çox gəzdi. Getmək istədiyi yeri bilirdi. Ürəyi köksündən bayıra çıxmaq istəyirdi. Tələsirdi. Çox tələsirdi.

Onlar az olsalar da. Var idilər. Haradasa. Uzaqlarda. Ordularının sayı Atilayın ordusu qədər olmazdı. Amma, var idi.

Cadar-cadar olmuş torpaq məhsul vermirdi. Susamışdı. Yalnız tikan yetişirdi üzərində. Lap uzaqda dəvə sürüləri diqqətini çəkdi təbibin.

O, buranın sakinləri haqqında az-çox məlumatlı idi. Onların xarici görünüşlərini belə təxəyyülündə canlandırmışdı. İndi isə, gözlərinin önündə əyani şəkildə görürdü onları. Hə, lap yaxından. Əl vurub hiss edəcək qədər təbii.

Qala çox möhtəşəm görünürdü. Səkkiz bürcü və ətrafı boyu dərin xəndəkləri var idi. Qalanın sağ tərəfində şəffaf körpü var idi. Yalnız bu yerlərə bələd insan, qorxmadan üzərindən addımlaya bilərdi. Bu haqda eşitmişdi, amma, bu qədər möhtəşəm olduğu ağlına belə gəlməzdi.

Qala qapısı yanında 4 keşikçi dayanmışdı. İkisi irəlidə, ikisi isə bir az aralı. Simmetrik duruş ona güzgünün özünü və əksini xatırladırdı.

Keşikçilər təsəvvüründə canlandırdığından da nəhəng və əzəmətli görünürdülər. Bəli, çox nəhəng ayaqları var idi onların. 8 dəvə dərisi ilə topuğa qədər bükülmüş çəkmə geyinmişdilər.

Təbib danışır.

Hündür idilər. Sizə təsəvvür edə bilməyəcəyim qədər hündür. Saçları, qaşları qırxılmış vəziyyətdə idi. Saqqalları sinələrinə qədər uzanmışdı və qəribə bir toxunuşla hörülmüşdü. Çox qısa əlləri var idi onların. Bir insanı qucaqlaya bilməyəcək dərəcədə qısa. Ağızlarına qəribə alət taxmışdılar. Səsini çox sonra eşitdim, demə bu alət vasitəsilə ünsiyyət saxlayırlar. Onlar axı danışmaqdan məhrum idilər.

Nə üçün gəldiyimi nəql etdim. Əlavə söz soruşmadan içəriyə götürdülər.

Uzun dəhlizlə addımladım. Həm sağ, həm də sol tərəfimdə büllur şamdanlar gördüm. Ətraf onlarla işıqlanırdı.

Geniş dəhlizə keçdikdə isə gözlərimə inanmadım. Sanki, Atilayın sarayının əksi idi.
Dörd istiqamətdə pəncərə, pəncərə önündə zərif ağ pərdələr. Dəhliz boyu döşənmiş xalçalar, döşəməyə düzülmüş mütəkkələr və mərkəzdə dairəvi masa. Otağın havası o qədər təmiz idi ki, elə bil çöldə gördüyüm səhra mənzərəsi içəridə yaşanmırdı. Haradan gəldiyimi, nə üçün gəldiyimi izah etdim.

Şərəfimə məclis quruldu. Qarşıma qoyulan boşqabın içində heç nə yox idi. Elə hamının boşqabı boş idi. Əsgərlər uzun dəstəkli qaşıqlarla boş boşqabdan nə isə götürürdülər. Mən sadəcə susdum və onlar kimi etdim. Bütün yemək boyu niyə belə olduğunu anlamadım. Sadəcə, boş qaşığı ağzıma qoydum.

Onların başçısı Ruhal düz gözlərimin içinə baxırdı, içimdən qəribə bir üşütmə keçdi və mən tez nəzərlərimi onun gözlərindən qaçırdım. Boşqabıma baxanda onu dolu gördüm. Nə baş verdiyini anlamadım. Bilmədim bu nədir. Yedim və doydum.

Uzun zamandır döyüşmürdülər. Əlləri belə taqətdən düşmüşdü. Gözləri qadın gözəlliyindən məhrum idi. Dilləri kəsik. Sükut içində dolanırdılar. Onları saxlayan nəhəng ayaqlar idi. O ayaqlar ki, indi Atilaya lazım idi. İnamla yaşayırdılar. Nə zamansa günəşin həyatlarında doğacaqlarına çox inanırdılar.

Əhvəlat hökmdara olduğu kimi ərz olunmuşdu. Sonra hamı bir otağa çəkildi. Otaqdan musiqi səsi gəlirdi. Bu elə bir musiqi idi ki, insanın ətini ürpəşdirirdi. İlahi, bu nə musiqidir ? İlahi, bu nə səsdir?

Mən dözə bilməyib qapıya yaxınlaşdım.

YUXU.

Mən də qapıya yaxınlaşdım. Təbib orada idi. Əlləri arxasında çarpazlaşmışdı. Heyranlıqla içəriyə baxırdı. Mən onu itələdim və içəriyə nəzər saldım. Gördüklərimi bilmirəm necə izah edim. Sadəcə eşidilən musiqini Sizə çatdırmaq istəyərdim. Anlatmağa çalışardım. Sən heç özünü qatar olub, uzun, qaranlıq tuneldə getdiyini hiss etdinmi ? Bu hərəkət zamanı daxilindəki səslə heç əzan oxudunmu? O səsin içərisində təkcə özünün deyil, başqalarının da dualarını eşitdinmi? O dualar bəşəriyyətin xilası üçün oxunurdu. Eyni anda kilsədə, məsciddə. Şam yandıran keşiş, səcdədə olan dindar eyni anda dua edirdi. Axı necə eşidəsən ki, sən heç daxilinə boylanmadın. Sən özünü tanımırsan. Daxilinə daxil ol, o musiqini eşitməyə çalış. Elə indi, bu dəqiqə. Gözünü yum və dinlə. Bax o musiqi idi içəridə eşidilən. Onu mən də eşitdim, təbib də eşitdi, sən də eşidəcəksən.

Ağızlarına birləşdirilmiş kiçik alətlər vasitəsilə bu insanlar bir-biri ilə əlaqə saxlayırdılar. Dilsizdə yaşamaq olar, İlahi. Təki amal olsun. İnam olsun. Məqsəd olsun.

Ruhal cərrah masasının üzərində uzanmışdı. Ayaqları kəsik vəziyyətdə. Musiqili səslər çıxarırdı. Ətrafında olanlar bu səslərə qırıq ifadələrlə cavab verirdilər.
Təbib, əlindən gələn köməkliyi ona göstərdi. Təşəkkürünü bildirib, yola düzəldi.

Üzərində iki əmanət var idi. Nəhəng ayaqlar və kitab.

Təbib, uzun yol getdi. Bu yolu hamı gedir. Gedilən yol məqsədə aparırmı? Sonda işıq varmı? Onun yolunun sonunda işıq var idi.

Təbib saraya çatdı. Atilaya müjdə verdi. Dünyanın dörd bir yanından həkimlər gəlmişdi. Göylərdən böyük inam enmişdi yerə. Bu gün iki bədən birləşəcəkdi. Nəhəng kişi ayaqları üzərində, cəngavər qadın bədəni ucalacaqdı.

Dörd gün , dörd gecə çəkdi bu əməliyyat. Atilay gözlərini açdı, bədənində qanı qaynadı. Əlləri ilə ayaqlarına toxundu. Onları hiss etdi. Ayaqlarını sığalladı, ağladı. Dizlərini köksünə basdı, öpdü, qoxladı.

Bu qüvvənin qarşısında indi kim dura bilər? Əlbəttə heç kim.

Budur.

Atilay nəhəng ayaqları üzərində dayanıb. Əynində zireh. Əlində qılınc. Ordu başında. Arxasında xalq.

Budur, vətən azad olunur.

Budur, Atilay atın üzərindən yerə enir.

Budur, onun ayaqları yerə toxunur. Ayaqqabısını çıxarıb, torpağın üzərində qaçır. Dərindən nəfəs alır. Hə, o nəfəs ki, ana bətnindən doğularkən azad, rahat nəfəs almışdı. Doğma havanı xatırladı. Ciyərlərinə çəkdi. Uddu.

Ayaqları doğma torpaq üçün qəribsəmişdi.

Atilay diz çökür uca dağların qarşısında. Ağlayır. Dodaqları cadar-cadar olmuş torpaq, onun göz yaşlarını acgözcəsinə canına hopdurur. Torpaq göz yaşlarıyla mayalanır.

Həmin anda üzünü mənə çevirir və eyni işarəni verir. Oxu deyir. Unudulmuş kəlməni.

Pəncərəyə yaxınlaşıb, Ruhalın verdiyi qırmızı üzlü kitabı götürürəm.

Kitabın üzərində böyük hərflərlə yazılmış sözü oxuyuram...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG