Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17

AXCP: Qərargah yoxsa, müşavirəni həyətdə keçirməyə məcburuq


Sabirabadda polis AXCP-nin toplantısını dağıdır - 20 aprel 2013

Sabirabadda polis AXCP-nin toplantısını dağıdır - 20 aprel 2013

-
Mayın 19-da Ağdaşda baş verənlərə aydınlıq gətirmək üçün öncə bir sualın cavabına ehtiyac var: Axı rayon cəbhəçiləri niyə müşavirəni partiya fəalının şəxsi həyətində keçirmək istəyiblər? AXCP Ağdaş rayon təşkilatının sədri Həmid Azəri həmin sualın cavabında bildirir ki, illərdir qərargahsız qalıblar və onlara yer ayrılmadığından toplantılarını ayrı-ayrı fəalların evlərində, həyətlərində keçirməyə məcburdurlar.

«ELƏ STULLARIMIZI QOYMUŞDUQ Kİ...»

Mayın 19-da da yerli təşkilatın genişləndirilmiş müşavirəsi olacaqmış:

«Fəallardan birinin həyətində stullarımızı düzmüşdük. Toplantını günorta başlamaq istəyirdik. Şəxsən mən düşünürdüm ki, imkan verməsəydilər də, partiyadaxili nizamnaməmizi, Konstitusiyanı göstərərik ki, bəs bizim bu hüquqlarımız var. Ancaq səhər tezdən polis evlərə girib adamları tutdu».

«DEYİRDİLƏR Kİ, BURDA DÖVLƏT ÇEVRİLİŞİ ETMƏK İSTƏYİRSİNİZ»

Ağdaşdakı toplantıya qatılmağa paytaxt Bakıdan da gələnlər varmış. Onlardan biri, AXCP sədrinin müşaviri Zemfira Məhəddinova deyir ki, onu qonaq qaldığı evdən polisə səhər saat 7-də aparıblar:

«Bizi səhər saat 7-dən 16:30-dək Ağdaş rayon polis şöbəsində dindirdilər. Polis Ağdaşa gəlişimizin, müşavirə keçirmək istəyimizin qanunsuz olduğunu bildirib, hədə-qorxu gəlirdi. Deyirdi ki, burda dövlət çevrilişi etmək istəyirsiniz. Bizi saxladıqları müddətdə içməyə su da vermədilər».

Həmid Azərinin dediyinə görə, o gün polisə 30-a yaxın fəal aparılıb. Toplantı baş tutmadığından paytaxtdan gələnlər polis şöbəsindən çıxıb Bakıya, yerli fəallar isə axşama yaxın evlərinə üz tutublar.

Ağdaş rayon polis şöbəsindən belə bir hadisə olmadığını söylədilər:

«Yox, yox, yalan söhbətdir, heç kim saxlanmayıb».

Foto: Arxiv

Foto: Arxiv

Həmid Azəri deyir ki, 1993-cü ildən bəri bu cür çətinliklərlə üzləşirlər. Yerli hakimiyyət orqanları onlara hər addımda təzyiq göstərir:

«Az qala hər cəbhəçinin arxasınca bir adam salırlar. Sanki biz antikonstitusion bir iş görürük. Ancaq Konstitusiyaya zidd hərəkətləri icra hakimiyyəti edir, bizi polislə qarşıdurmaya çəkir».

AĞDAŞ İCRA HAKİMİYYƏTİ: «BİZİM HUMANİST BAŞÇIMIZ VAR»

Ağdaş rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Qalib Həsənov icra hakimiyyətinin şəxsi həyətlərdə keçirilən tədbirlərə müdaxilə etmədiyini deyir:

«Bizdə elə problemli məsələ ola bilməz. Mitinq-zad olmayıb. Tutulan da yoxdur. Bizim humanist başçımız var».

AXCP Yardımlı rayon təşkilatı da Ağdaşdakı partiyadaşları kimi toplantılarının pozulmasından narazıdır. Mayın 18-də yerli icra orqanları onlara da müşavirə keçirməyə icazə verməyib.



«GÜRCÜSTANDA BİZƏ GÜLÜRDÜLƏR»

Eyni durumla üzləşdiyini bildirən AXCP Ağstafa rayon təşkilatı çıxış yolunu toplantılarını Qarayazıda – Gürcüstanın Qardabani rayonunda keçirməkdə görüb. Mayın 7-də Gürcüstanda gerçəkləşən müşavirənin təşkilatçılarından AXCP Ağstafa rayon təşkilatının sədri Maarif Salahov deyir ki, qonşu ölkədə onların toplantı keçirmək üçün Gürcüstana gəldiklərini biləndə, həm təəccüblənib, həm də gülüblər:

«İki aydan çox idi ki, evimizdə belə toplantı keçirməyə imkan vermirdilər, polisi tökürdülər. Bununla bağlı icra başçısı Məhərrəm Quliyevlə iki dəfə görüşmüşəm, vəd verir, amma imkan vermirdi. Biz də məcbur olub 60 nəfərin iştirakı ilə iclasımızı Qardabanidə keçirdik. Orada maraqlananlar eşidəndə gülürdülər ki, belə şey necə ola bilər?».

Mayın 5-də Şəkidə polis AXCP rəhbərliyinin yerli fəallarla görüşünə mane olmuşdu. AXCP Şəki rayon təşkilatının rəhbəri Əli Abdullayevin evinin həyətində keçirilən görüş zamanı polislər həyətə girib toplaşanları dağıtmışdı.



«QANUNSUZ HƏRƏKƏTLƏRİN QARŞISI ALINACAQ»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyir ki, həyətlərdə keçirilən toplantılar da razılaşdırılmalıdır. Razılaşdırılmayıbsa, polis bunun qarşını almalıdır:
Hafiz Həsənov

Hafiz Həsənov

«Toplaşmaq azadlığı haqqında qanun var. O qanunda da birmənalı şəkildə göstərilir ki, hər hansı bir toplantı, hər hansı bir tədbir keçirilməzdən öncə yerli icra hakimiyyəti orqanları ilə bu tədbiri razılaşdırmaq lazımdır. Əks təqdirdə razılaşdırılmamış hər hansı bir toplantı, kütləvi tədbir qanunsuz hesab olunur. Qanunsuz hərəkətin də qarşısı polis tərəfindən alınır. Fərqi yoxdur haradır. Rayon yerində adam var ki, böyük bir həyətyanı ərazisi var. Orada böyük bir mitinq də keçirmək olar. Onda belə çıxır ki, gedib o kişinin qapısında mitinq keçirəcəklər?».

Hüquqşünas Hafiz Həsənovun fikrincə, qanunda mitinq və yürüşlərin keçirilməsi üçün xəbərdarlıq nəzərdə tutulur. Qalan hallarda kiçik toplantılar xəbərdarlıqsız da keçirilə bilər:

«Hüquq baxımından bu cür toplantılara müdaxilə qanunsuz sayılmalıdır. O ki qaldı Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyinə, hesab edirəm ki, ümumiyyətlə bunun hüquqi əsası yoxdur. Polis əməkdaşlarının bu tipli toplantılara müdaxilə eləməsi, əslində, elə o təməl azadlıqlara dövlətin müdaxiləsi deməkdir».

Daha öncə polis Sabirabadda və Qəbələ rayonunun Nic kəndində AXCP rəhbərliyinin qatıldığı müşavirələrin keçirilməsinə imkan verməmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG