Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:20

Amerika yazıçısı: "Mənim əsas düşmənim televiziyadır"


Jerzy Kosinski, 1985
Jerzy Kosinski, 1985
-

"Televiziyaya baxmaq savad tələb eləmir".


Tanınmış Amerika yazıçısı Jerzy Kosinski-nin "Paris review" jurnalına müsahibəsindən.


...KOSINSKI

- Kütləvi zövqə hesablanmış vizuallıq bu gün insanları soraraq öz içinə alıb. Televiziyaya baxmaq savad tələb eləmir. Yaş məhdudiyyəti də yoxdur. Siz izlədiyiniz proqrama yetkinlik yaşına çatmayan övladınız da baxa bilər. Baxın, qocalar evlərində, sağalmaz xəstələr üçün evlərdə də televiziyanın öz rolu var. Televiziya hər yerdədir. Ona birbaşalıq xasdır. O birbaşalıq ki, dilin ifadə vasitələrinə xas deyil. Dil müəyyən daxili, intellektual mexanizm tələb edir. Televiziyanın buna ehtiyacı yoxdur. Vizual təsvir hamı üçün anlaşılandır, yəni çox cəlbedicidir. Və məncə, çox ölümcül bir şeydir, çünki tamaşaçını sadəcə. kənar müşahidəçiyə çevirir. Əlbəttə, belə baxanda, bu bizim həmişə arzusunda olduğumuz bir vəziyyətdir... dinin də ən böyük ümidi bizləri travmaların təsirindən xilas etmək olub. Əslində, televiziya elə bunu edir. O da "təsdiqləyir" ki, siz olsa-olsa daim başqalarının faicəsinə şahid olan kənar müşahidəçisiz. Günlərin birində sizin özünüzün də canlı yayımda öləcəyiniz gerçəyi bu məqamda yersiz görünür - bunu heç sizin yadınıza salmırlar da. Necə ki, TV-dəki hava proqnozundan kənar mövcud olan gerçək hava şəraitini yadınıza salmırlar. Sizə demirlər ki, pəncərəni açıb çölə baxın: televiziya bunu heç vaxt deməyəcək. Bunun əvəzində deyirlər ki, "Bu gün hava... " və s. və i. Hava proqnozunu çatdıran heç zaman demir ki, "Əgər mənə inanmırsınızsa, gedin özünüz yoxlayın." Qədim zamanlardan bəri bizi daim təlaşlı varlıqlar kimi ən çox düşündürən o olub ki, mövcudiyyətimizin narahatlıqlarından necə can qurtaraq, əsas da qəzaya, ölümə tuş gəlmək, eybəcər hala düşməyin mümkünlüyündən, həyatda vidalaşmaq gerçəyindən necə qurtulaq? Bütün bunları nəzərə alanda, rahatlıq tapmağın ən gözəl yolu elə televiziyaya baxmaqdır: sən həmişə kənar müşahidəçi olursan, narahat həyat isə daim başqalarına aid məsələ olaraq qalır (hətta başqalarına aid olmasını da demək olmaz, çünki bir proqramı bircə anda başqa bir proqram əvəzləyərək bir növ qüvvədən salmış olur). Ədəbiyyatın bu cür rahatlatma qabiliyyəti yoxdur. Sənin için tərpənməlidir və bu tərpənişlə sən özün öz daxili halını formalaşdırmalısan. Yəni ölən adam haqqında oxuyanda sənin də yarın onunla birlikdə ölür, çünki sən onun ölməyini beynində, təxəyyülündə canlandırırsan.

JURNALİST

Təsvir vizual olanda bu baş vermir?

KOSİNSKİ

Yox, çünki o sənin qarşında - ekranda ölür və sən hər an televizoru söndürə, yaxud kanalı çevirə bilərsən. Sənin gözün necəsə, onu vizual obyekt kimi qəbul edir, beləcə, onun başqa birisi olması faktı adamın içini tərpətməyə imkan vermir. Buna görə də, mənim əsas düşmənim, əlbəttə ki, televiziyadır və bu, mütaliə vərdişlərini, o cümlədən "Paris Review"nun mütaliəsini insan təcrübəsinin lap kənarına sıxışdıracaq. Son nəticədə bu, adi olmayan nəsnələr, hiss-duyğu axtarışında olanların, deyək ki, mazoxistlərin məşğuliyyətinə çevriləcək. Ümid edirəm ki, onların hamısı "Boyalı quş"u oxuyacaq.

JURNALİST

"Boyalı quş"a film çəkilsəydi, sizcə, mazoxistlər ona baxıb böyük zövq almazdılarmı?

KOSINSKI

Yox. Ən yaxşı halda onlar passiv müşahidəçi olardılar. Bu da insan təcrübəsinin aşağı səviyyəsidir. Yox. Bunun ekranda baş verməsi faktının özü tamaşaçıya iki məqamı anlatmış olur, əvvəla, bunun ona aidiyyatı yoxdur, ikincisi də, bu, real deyil. Hər şey quramadır, sünidir, özü də başqa birisinə aiddir.

JURNALİST

Özünü Gary Cooper, yaxud John Wayne*-in yaratdığı obrazların da yerinə qoymaz?

KOSINSKI

Çox ötəri qoyar. O mənada ki, "bu, John Wayne-nin oynadığı filan roldur" deyərək sadəcə, simvola dəyər verər. Ən yaxşı halda vizuallığın hədəfi - passiv müşahidəçinin ekranda gördüklərinin kodunu açması anı ola bilər. Ən maraqlısı isə odur ki, filmin keyfiyyəti nə qədər yüksəkdirsə, müşahidəçiyə yalnızca bir müşahidəçi olduğunu bir o qədər çox xatırladır. Ekrandakı ən dəhşətli anlarda onun reaksiyası belə olur: "Əşi, boş ver, döz, kinodu da". Romanınsa səni içindən tərpətməməsi mümkün deyil, çünki ekran sənin öz içindədir və bu, çox real və ağrılı bir prosesdir. Amma mən heç zaman ədəbiyyatı, məsələn, ictimai magistral yolu qədər mühüm bir şey saymamışam. Romanı məhdud bir dairə oxuya bilir; o, korları və içi tərpənməyə qadir olanları hədəfləyir. Amma bu gün çoxluğun buna ehtiyacı yoxdur. Onların hamısının televizoru var. Mən düşünmürəm ki ədəbiyyat kinoteatr, yaxud televiziya ilə rəqabətə girməlidir. Hərçənd o, əlbəttə ki, yüksək sənət növü olaraq mühüm funksiya yerinə yetirir... insana özü haqqında gerçəyi anlatmağa çalışır. Bu, qədimi, Aristoteldən qalma bir ideyadır: sən ona sadəcə, emosiyaları nümayiş etdirmə, onu öz emosiyaları ilə paklaşdır.

JURNALİST

Deyirsiz ki, ədəbiyyat vizual mediaya nisbətən oxucudan daha çox səy, qatılım tələb edir. Son iki romanınızın belə nazik olması bununla bağlıdır?

KOSINSKI

Bəli, mən oxucuya çox etibar edirəm. Düşünürəm ki, o, əsərdəki boşluqları doldurmağa, qəsdən çıxardıqlarımı tapıb yerinə qoymağa qadirdir. "Pillələr" oxucunu aydın və diqqətçəkən süjet xəttinin olmaması ilə cəlb etməyə çalışır. Kitabın ilk cümləsindən başlayaraq ("Mən cənub istiqamətində səyahətimə davam etməkdəydim") oxucu səhifənin aşağılarına doğru hərəkət edir. amma ona heç nə vəd edilmir, çünki onu şirniklənidərəcək aydın süjet xətti yoxdur. O mənim qəhrəmanımla eyni qərarlar verməlidir: Yoluna davam etsinmi? Onun növbəti hadisənin şahidi olmağa marağı varmı?

JURNALİST

Onda belə çıxır ki, sizin niyyətiniz diversiyadır. Siz oxucunu onun öz əliylə, öz təxəyyülü vasitəsilə hekayətə cəlb etmək, onun bir parçasına çevirmək istəyirsiz.

KOSINSKI

Məncə, buna nail ola bilirəm. Əgər o, hekayətin bir parçasına çevrilirsə, onda bu işin ortağı olur, onu nəyəsə təhrik etmək, cəlb etmək və daxilən təmizləmək mümkün olur. Bu səbədən də mənim romanlarımda oxucuya hazır mənəviyyat qaydaları təklif edilmir. (Bəyəm həyat belə qaydalar təklif edirmi?) Oxucu özü-özündən soruşmalıdır ki, onun üçün mənim əsərlərimdəki obrazların yaxşı cəhəti nədir, pis cəhəti nə? Onu hekayətin ortasınacan gətirib çıxaran yalnızca marağıdırmı? Bu onun hekayətin iştirakçısına çevrilməsinin təsdiqidirmi? Məndən ötrü, ədəbiyyatın başlıca məqsədi yazıçının buna nail olmasıdır.

___________
* Gary Cooper və John Wayne - məşhur Amerika aktyorları


ardı var
İngiliscədən R.Qəmbərov çevirib.
Müsahibədən daha bir parça burda

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG