Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:10
-
«Hər ikimiz türkman elindənik, indiyə qədər nə ədavət olubsa, onu bir yana qoymalıyıq».

Qaraqoyunlu Qara Yusifin Ağqoyunlu Qara Osmana dediyi bu tarixi sözləri AzadlıqRadiosunun «İz» proqramına tarixçi-alim, yenicə çapdan çıxmış «Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri» kitabının müəllifi Tofiq Nəcəfli dilə gətirdi.

QAYNAQLAR NƏ DEYİR?

Onun dediyinə görə, Tehraninin «Diyarbəkiriyyə» əsərində bu qarşılaşma təsvir olunub:

«1405-ci ildə Qara Yusif Dəməşqdəki zindandan azad olub ana vətəni Azərbaycana dönəndə yolda Ağqoyunlu Qara Osmanla qarşılaşdı. Qaraqoyunlu Qara Yusif ona dedi ki, hər ikimiz türkman elindənik, indiyə qədər nə ədavət olubsa, onu bir yana qoymalıyıq. Vuruşmayaq, dil tapaq, sən öz rəqiblərinlə mübarizə apar, mən isə Teymurilərlə savaşım».

Tofiq Nəcəflinin fikrincə, hər iki dövlətin münasibətləri ən kəskin halına XV əsrin ikinci yarısında gəlir:

«Burada da, artıq hakimiyyət uğrunda mübarizə öz işini görmüşdü».

ONLAR NİYƏ SAVAŞDILAR?

Tofiq Nəcəfli orta əsr ənənəsində iki yaylaq-qışlaq həyatı keçirən hakim tayfadan söhbət getdiyini vurğuladı:

«12-dən artıq tayfanın Qaraqoyunlu tayfa ittifaqında iştirak etdiyini görürük--əksəriyyəti türklərdir. Eyni zamanda 20-dən artıq tayfanın gələcəkdə Ağqoyunlulara birləşdiyini görürük. Bu maldar tayfaların yaylaq-qışlaq uğrunda mübarizəsi özünü XIV əsrin ikinci yarısında daha qabarıq büruzə verdi. Eyni zamanda Elxanilər dövlətinin süqutundan sonra Cəlairilərlə həmin bölgədə yaşayan Ustayoğlular arasındakı rəqabətdə Ağqoyunlular Ustayoğlularla birləşdi, Qaraqoyunlular Cəlairilərlə... Bu mübarizə onlar arasındakı ədavətin daha da qızışmasına gətirib çıxardı».

UZUN HƏSƏN CAHAN ŞAHA NECƏ HÜCUM ÇƏKDİ?

Tofiq Nəcəfli bu iki dövlət arasındakı döyüşün 1467-ci ildə başladığını dedi:

«Həmin il noyabrın 10-dan 11-nə keçən gecə Muş düzündəki Səncək adlanan yerdə döyüş baş tutdu. Əslində, mən ona döyüş də deməzdim. Nəzərə alsaq ki, may ayında Cahan şah Uzun Həsənə qarşı döyüşə getmişdi. Yay paltarında getmişdilər. Qış yaxınlaşanda bütün ordunu göndərdi qışlağa, özü yaxın ətrafı ilə Səncəkdə gecələdi. Uzun Həsənin göndərdiyi casus öyrəndi ki, Cahan şah az qüvvə ilə Səncəkdədir. Uzun Həsən 6 minlik qoşunla hücum çəkdi. Cahan şah öldürüldü. Bundan sonra Azərbaycandakı hökmranlığın Uzun Həsənin əlinə keçməsi üçün şərait yarandı. 1468-ci ildə Cahan şahın oğlu Həsənəli üzərindəki qələbədən sonra Ağqoyunlular hakimiyyətə tam yiyələndi. Bir sülaləni başqası əvəz elədi. Amma dövlətçilik ənənəsinin saxlandığını görürük. Uzun Həsənin dövründə mərkəzləşmiş dövlətin yaradılması üçün ilk mühüm addımlar atıldı. Qanunnamə qəbul edildi, sosial-iqtisadi sahə ilə bağlı ən mühüm fərmanlar verildi. Beynəlxalq ticarət genişləndi. Avropa dövlətləri ilə əlaqələr artdı. Və Avropa dövlətləri Osmanlıya qarşı apardığı mübarizədə Uzun Həsəndən istifadə etdi...».

AVROPA AĞQOYUNLULARLA ƏLAQƏ YARADIR

«Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri» kitabı

«Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri» kitabı

Tofiq Nəcəfli Bizansın süqutuyla Şərq-Qərb ticarət yollarının II Mehmetin nəzarətinə keçdiyini dedi:
«Hələ XIII əsrdən bəri ticarət vasitəçiliyi Venesiyanın əllində idi. Bizansın süqutuyla bu ticarətə bir zərbə dəydi. Bu rəqabət Venesiya-Osmanlı müharibəsinə (1463-1479) gətirib çıxardı. Venesiya bölgədə müttəfiq tapmaq üçün Gürcüstana və Azərbaycana nümayəndə heyəti göndərdi. Bu elçilər o dövrdə Qaramanla əlaqə yaratdı. Gürcüstandan dönəndə, Ağqoyunlularla görüşdü. Uzun Həsənin bu ittifaqa qoşulmaq cəhdi 1463-cü ildə Venesiya senatında Ağqoyunlularla əlaqə yaratmaq üçün xüsusi qərar imzalanmasına gətirib çıxardı... Xristian dünyasında türkü-türkə qarşı qaldırmaq və onun əliylə vurmaq siyasəti gələcəkdə də davam etdi. Avropa Osmanlıları iki cəbhədə müharibəyə yönəltmək üçün bu addımı atdı. Bu illərdə Ağqoyunlu sarayına Venesiya elçilərinin dalbadal gəlişini görürük. Qaynaqlarda bütün bunlar öz əksini tapıb».

«HAZIR OL! ORDUYLA GƏLİRƏM!»

Araşdırıcı 1472-ci ildə bu dövlətlərin ikitərəfli ittifaq bağladıqlarını dedi:

«Bildirdilər ki, ikitərəfli müharibə aparacaqlar. May ayında müharibə başladı. Ağqoyunlu ordusu Yusif Mirzənin rəhbərliyi altında Toqatı ələ keçirdi. Maraqlıdır ki, II Mehmetin atdığı ən mühüm addımlardan biri Azərbaycandan gedən ticarət karvanlarına nəinki Bursada, həm də Toqatda vergi haqqı qoydurması idi. Uzun Həsənin II Mehmetə məktubu var. Yazır ki, bu, müsəlmana qarşı bidətdir. Bundan əl çək! Verginin götürülməməsi 1472-ci ildə Toqatın alınmasıyla nəticələndi. Şübhəsiz ki, Avropanın Ağqoyunlu sarayında apardığı diplomatiya da onu bu müharibəyə sürüklədi. Osmanlının şərqə doğru genişlənmə planı da bu müharibədə rol oynadı. II Mehmetin də Uzun Həsənə bir məktubu var. Yazır ki, hazır ol, üstünə orduyla gəlirəm...».

QAZANAN AVROPA OLDU!

Tofiq Nəcəfli bu müharibədə qazananın Avropa olduğunu vurğuladı:

«Avropa öz işini gördü. Regionda güc mərkəzinə çevrilə bilən Azərbaycan Ağqoyunlu dövləti ilə Osmanlıları qarşı-qarşıya gətirə bildi. Və nəticədə, qazanan Avropa oldu. Biz bu ənənənin gələcəkdə də davam etdiyini görürük. Azərbaycan Səfəvilər dövlətinin yaranmasıyla bu əlaqələr daha da genişlənəcəkdi...».

OSMANLI-AĞQOYUNLU MÜNASİBƏTLƏRİ SAVAŞLA BİTDİ

Araşdırıcı Türkiyə tarixşünaslığında Uzun Həsənin Əmir Teymurla müqayisə olunduğunu bildirdi:

«Hətta ondan daha güclü— regionda təsir gücü olan mühüm sultanlarından biri kimi göstərilir. 1473-cü ildə Malatya döyüşündə Ağqoyunlu ordusu pusquya salaraq Osmanlıların 12 minlik zərbə qüvvəsini məhv elədi. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti - 1453 - 1478

Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti - 1453 - 1478

Ancelolo yazır ki, II Mehmet növbəti döyüşə girmədən geri dönmək fikrində idi. Ağqoyunlular onları təqib edərək gətirib Otluqbeliyə çıxdılar. Bu dərənin 3 ağzı var. Bir tərəfi Ərzincana, bir tərəfi Ərzurum aşırımına, digər tərəfi Tərcana çıxır. Bu döyüşə tarixdə Tərcan, ya da Otluqbeli döyüşü deyilir. Dərənin içərisində gedir döyüş. Dərənin təpəsini Ağqoyunlular tutur. II Mehmet çıxılmaz vəziyyətdə qalıb döyüşə girir. Osmanlı ordusu odlu silahla, Ağqoyunlular mütəşəkkil süvari ordusuna malik idi. Qaynaqlar göstərir ki, Uzun Həsənin sözünü dinləməyən oğlu Zeynalın dəstəsi döyüş mövqeyinə atıldı. Osmanlılar o mövqeyi məhv etməklə düzənə çıxa bildilər və topları yerləşdilər. Döyüşün taleyi həll olundu... Osmanlı qaynaqları yazır ki, barışıq imzalandı. Ağqoyunlular demək olar ki, ərazi itirmədilər. II Mehmet təqibdən də çəkindi. Qaynaqlar yazır ki, Uzun Həsənin göndərdiyi elçi danışıqlar apararaq sülh bağladı».

UZUN HƏSƏNİN VƏSİYYƏTİ...

Tofiq Nəcəfli bir maraqlı nüansa da diqqət çəkdi:

«Osmanlı qaynağının yazdığına görə, Uzun Həsən oğlanlarına vəsiyyət etdi ki, gələcəkdə Osmanlılara qarşı heç bir addım atmayın!».

Araşdırıcının dediyinə görə, Uzun Həsənin ölümündən sonra varisləri onun bu vəsiyyətinə əməl edib:

«Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Osmanlı münasibətlərinin dost məcrasında davam etdiyini görürük. Hətta 80-ci illərin əvvəllərində Venesiya elçiləri ardıcıl olaraq saraya gəlsə də, onun varislərini müharibəyə təhrik edə bilmədilər... Məsələn, Venesiya elçisi Barbaro yazır ki, vaxtilə Venesiya söz verdi ki, iki cəbhədə Osmanlıya qarşı müharibə edəcək və yerinə yetirmədi. Uzun Həsəni tək qoydu. Və həm də göndərilən odlu silahlar Qaramana yetişmədi. Odur ki, döyüş Osmanlıların qələbəsiylə başa çatdı...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG