Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:26

Sara Selcan: "Ətrafımda olan adamların çoxu şeir yazdığımı bilmir"


Cavid Zeynallı və Sara Selcan
Cavid Zeynallı və Sara Selcan
-

Əvvəllər yoldaşım zarafatla deyirdi, işin-gücün yoxdur, şeir yazırsan. Sonra vərdiş elədi.

10-luqda Xatirə Nurgülün, Aytənin, Balayar Sadiqin şeirlərini daha çox xoşladım.


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir.

Cavid Zeynallının müsahibi bu dəfə Sara Selcandır (onluğa düşən şeirləri burda)



- Hacıqabul rayonunda ibtidai sinif müəlliməsi işləyirəm. Bakıya on günlük təlim kursuna gəlmişəm. Yazıçılar Birliyinin üzvüyəm, bir kitabın çıxıb. “Ulduz” və “Azərbaycan” jurnallarında şeirlərim çap olunub. Fikrət Qoca şeirlərimi oxuyub haqqımda “Ədəbiyyat qəzeti”ndə yazmışdı. Sonra Fikrət müəllimlə görüşəndə, dedi, sənin şeirlər kitabını da çap etdirəcəyik. Rəsul Rza Fondunun maliyyə dəstəyi ilə “Yovşanlı düzlərdə üzü küləyə” adlı şeirlər kitabım işıq üzü gördü. Kitabdakı şeirlərim yeni deyil. Təxminən iyirmi beş yaşına qədər yazdıqlarımdır. İstəyirəm, bu yaxınlarda yeni şeirlərimdən ibarət kitab çap etdirim. Rayonda yaşadığıma görə ədəbi mühitlə demək olar əlaqəm yoxdur. Təzəlikcə “Gənc ədiblər məktəbi”nin üzvü olmuşam. Yol uzaqdır deyə, hər dəfə gəlib-gedə bilmirəm. Saytlar, bəzən jurnallar vasitəsilə ədəbi prosesi izləyirəm.

Bəzən yazmağım yaşamağıma mane olur

- Ətrafımda olan adamların çoxu şeir yazdığımı bilmir. Ailə üzvlərim və bir neçə ziyalıdan başqa istəmirəm kimsə şairliyimdən xəbər tutsun. Rayondakı ədəbi birliklərə, kitab tədbirlərinə qatılmıram. Rayonda kitabımı oxuyub başa düşəcək heç beş adam yoxdur. Əjdər Ol anamın şagirdi olub, Əjdər müəllimin yubileyində Rəşad Məcid məni şair kimi təqdim etdi, söz verdi, çıxış etdim. Adamlar təəccübləndilər ki, şeir yazmaq hara, mən hara? Elə o çıxışla da rayonda az-çox tanınmağa başladım. Əvvəllər yoldaşım zarafatla deyirdi, işin-gücün yoxdur, şeir yazırsan. Sonra vərdiş elədi. (Gülür) Təzə ailə quranda iki il yaza bilmədim. Sonra gördüm yox, yazmasam alınmır. Şeir yazmaq üçün çox şey mənə təsir edir. Təkcə hisslərə söykənən şeirlər yazmıram. İstəyirəm yazdıqlarımda həm də ağıl olsun. Son vaxtlar yazdıqlarım daha çox xoşuma gəlir. Yazmasaydım, yaşamaq çətin olardı. Bəzən, yazmağım yaşamağıma mane olur. Rayonda adamların təəccübləndiyi şeylər mənə adi gəlir. Bəzən mənim can atdığım şeylər də onlara qəribə gəlir. Mən daha çox oxumaq, yazmaq istəyirəm, onlar isə serialları müzakirə edirlər, şou-biznes proqramlarına baxırlar.
Sara Selcan
Sara Selcan

Kasad kitab mağazası

- Orta məktəbdə ədəbiyyatla maraqlanan, mütaliə edən uşaqlar çoxdur. Məktəbin kitabxanasından daha çox Mark Tvenin, Cek Londonun əsərələrini götürüb oxuyurlar. Çağdaş Azərbaycan ədəbiyyatından xəbərləri yoxdur. Hacıqabuldakı kitab mağazası kasaddır, hər kitabı tapmaq olmur, xüsusən təzə çıxan kitabları. Qulu Ağsəsi, Aqşin Yeniseyi, Vaqif Bayatlını, Qisməti, Səhəri oxuyuram. Nasirlərdən İlqar Fəhminin, Elçin Hüseynbəylinin, Qan Turalının, Mirmehdi Ağaoğlunun yaradıcılığı ilə tanışam. Dünya ədəbiyyatından Albert Kamyunun əsərlərini sevirəm.

Bizə sırınan şairlər kimlərdir?

- “Ədəbi Azadlıq” müsabiqəsinə ötən il də qatılmışdım. Şeirlərim zəif idi deyə, 20-lik siyahıya da düşə bilmədim. Builki müsabiqəyə göndərdiyim şeirlər isə, məni qane edən şeirlərdir, ona görə göndərdim. İyirmiliyə düşəcəyini bilirdim. Hərdən öz-özümə fikirləşirdim ki, müsabiqə obyektiv keçəcərsə, münsiflər düzgün seçim edərlərsə, deməli, onluğa da düşə bilərəm. Belə də oldu! İndiki şeirlər mənə daha çox qurama, süni təsir bağışlayır. Həmin şairlərin kim olduğunu demək istəmirəm, xətirlərinə dəyər. Amma o adamları saytlar daha çox reklam edib, bizə sırıyırlar. O qədər şair var ki... Nə bilim, bəlkə belə yaxşıdır, vaxt keçdikcə ələnəcək, yaxşılar qalacaq. Amma zəif şairləri təbliğ edirlər, adamlar o adamları artıq güclü şair kimi qəbul edirlər.

Mənim qalib siyahım

- Onluq siyahıdakı şeirlərin bəziləri zəifdir. Məsələn, Ramil Əhməd müsabiqədən kənarlaşdırılmasaydı, onluqda olacaqdı. Xuraman Hüseynzadənin şeirlərinin siyahıya düşməməyinə təəssüfləndim. 10-luqda Xatirə Nurgülün, Aytənin, Balayar Sadiqin şeirlərini daha çox xoşladım. Fərid Hüseynin İstanbula yazdığı şeiri o qədər də xoşlamadım. Fəridin “Yatağa ithaf” şeiri daha güclüdür. Könül Həsənqulunun əvvəlki şeirləri daha yaxşıydı, nəinki onluq siyahıdakı. Nigarın, Aygülün şeirləri haqqında xoş sözlər deyə bilməyəcəm. Məsələn, mənə çatmır ki, vətən anlayışı olmayan adam necə şeir yaza bilər? Mənə qalsa, ilk üçlükdə Xatirəni, özümü və Balayar Sadiqi görürəm.
XS
SM
MD
LG