Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:26

«Ernst&Young»un olar və olmazları


Xəzərdə «Neft daşları»
Xəzərdə «Neft daşları»
-
«Xəzər regionu: Neft və qaz sahəsində çətinliklər və tendensiyalar». Bu mövzu haqqında daha ətraflı məlumat yazmaq olardı, amma təəssüf. Bakıda 2 gün sürən eyniadlı konfransdan bir tədbir təşkilatçılarının və bəzi iştirakçıların adı, bir də müzakirəyə çıxarılacaq mövzular bəlli idi.

Gündəlikdə olan məsələlərin ölkə və sadə vətəndaş üçün önəmli olub-olmaması haqqında az sonra. Əvvəlcə bu konfransın necə təşkil edilməsinə nəzər salaq.

«SİZİ KONFRANSDA GÖRMƏYƏ ŞAD OLARDIQ!»

Konfransın hər bir media qurumuna göndərilən dəvətnaməsi bu cür sonlanır. Amma tədbir «qollarını» jurnalistlərin üzünə belə şadlıqla açmır.

Mayın 8-də media əhlinə göndərilən 1-ci e-maildə tədbirin açıqlığı elan edilsə də, bir həftə sonra bu dəvətnamə 2-ci e-maillə ləğv edilir. E-mail-də yazılır:

«Hörmətli cənablar və xanımlar. Nəzərinizə çatdırırıq ki, iştirakçıların sayı çox olduğuna və yer sıxlığına görə «Ernst&Young» Neft və Qaz Konfransı (17 may, «Four Seasons» Oteli) kütləvi informasiya vasitələri üçün bağlı keçiriləcək».

YER YOXDUR? YOXSA, İNFORMASİYA ALMAĞA QADAĞA VAR?

Yer yoxdur? Media nə zaman tədbirə oturmaq üçün gəlib ki? Jurnalistlər dərhal çıxış yolu tapdılar:

– O zaman fasilədə iştirakçılara suallarımızı ünvanlarıq...

Tədbirin koordinatoru dərhal ağla gələn «çıxış yolu»nu elə dərhal da qapatdı:

- Onların müsahibə verməsi üçün də vaxt ayrılmayıb.

AzadlıqRadiosunun və digər media orqanlarının müxbirləri konfrans qapısında gözləmək qərarına gəlir. Konfrans otağının qarşısındakı zalda artıq «cofe-break» (fasilə) üçün hazırlıqlar görülüb.
«Four Seasons» Oteli
«Four Seasons» Oteli
Gözləyə-gözləyə gündəlikdəki məsələləri də müzakirə edirik. Amma... İşin tərsliyinə bax, iştirakçılar kofe-çay içməyə gəlməkdənsə, kofe və çay onların yanına gedir. Üstündən 10-15 dəqiqə keçmiş, zaldakı şirniyyatların, boşqabların digər qapalı otağa daşındığını görürük. Bir qədər sonra da jurnalistləri oteldən «daşıyacaq»dılar. Bu haqda bir az sonra...

AÇIQ ŞİRKƏTİN QAPALI QAPILARI

18 ildir Bakıda çalışan «Ernst&Young» şirkəti audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal lider sayılır. Mediadan məlumdur ki, bu qurum müxtəlif yönlü tədbirlər də keçirir. Məsələn, ««Ernst&Young» Azərbaycan strateji əməkdaşlığa və işəgötürmə prosesinə dair təqdimat keçirdi», ««Ernst&Young» Azərbaycanda Bakıda səhər yeməyini təqdim etməklə seminar keçirdi», ««Ernst&Young və Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu üzrə aralıq kursun yeddinci ilinə başladılar» və sair.

Şirkətin son tədbirlərindən biri də «Xəzər regionu: Neft və qaz sahəsində çətinliklər və tendensiyalar» adlı konfransdır – işıqlandırmaq istədiyimiz konfrans. Tədbir «Four Seasons» Otelində düzənlənib. Konfransın gündəliyinə boylananda görürük ki, müzakirə mövzuları ictimai maraqlardan heç də uzaq deyil. «Qlobal neft və qaz bazarında Xəzər regionu» başlığı altında danışılacaq məsələləri burada daha geniş anlaya bilərsiniz.

İqtisadçı-ekspert İlham Şaban da mövzuların ictimai önəm daşıdığına və açıq olması zərurətinə diqqət çəkir.

«BUNLAR GİZLƏDİLƏSİ MÖVZULAR DEYİL...»

İlham Şaban
İlham Şaban
««Yer yoxdur», tamamilə yalan bir səbəbdir. Ən azından monitor vasitəsilə yayımlana bilərdi». Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban vurğulayır ki, bu qapalılıqda tamamilə başqa maraqlar olub:

- Çünki bu mövzular 2 həftə sonra, onsuz da, «Caspian Oil and Gas» sərgisində açıqlanacaq – daha dərin, daha yaxşı formada. Məhz bu tədbirdə mətbuat üçün «şok» sayılacaq hansısa gizli bir informasiya verə biləcəklərinə inanmıram. «Total», BP, «Statoil»un, hətta 2025-ci ilədək keçiriləcək layihə və planları bizə məlumdur. Burda gizlədiləcək bir şey yoxdur, axı.

– Bəs niyə qapalıdır?

– Bu həmin şirkətdən soruşulmalı və cavab vermirlərsə, onların vicdanına yazılmalıdır.

«YƏQİN BİLİRSİNİZ, BU OTEL KİMİNDİR...»

Otelin zalında sakitcə oturmuşduq ki, bir nəzarətçi yaxınlaşıb deyir:

– Xahiş edirik, oteli tərk edəsiniz.
– Niyə?
– Otel rəhbərliyi tapşırıb.
– Biz müsahibə almaq üçün gözləmək istəyirik.
– Müsahibə verilməyəcək.
– Kim dedi?
– Tədbir təşkilatçılarının və otel rəhbərliyinin göstərişidir. Yəqin bilirsiz, bu otel kimindir...
XS
SM
MD
LG