Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24
-
Bakı şəhər Baş Polis İdarəsi mayın 15-də gecə saatlarında keçirdiyi əməliyyat nəticəsində 45 qadın və onlarla birgə 8 kişini saxlayıb.

Məlumatda onların əxlaqsızlıqla məşğul olduğu deyilir. Kişilərin hamısı Azərbaycan vətəndaşıdır. Qadınlarınsa çoxu Özbəkistan vətəndaşıdır.

Əməliyyat Bakıda «Nizami» kinoteatrına yaxın ərazidə yerləşən «Infiniti» gecə barında və Xətai rayonundakı «Dalğa» saunasında aparılıb.

Polis hazırda əməliyyat-axtarış işlərini davam etdirir.

AZƏRBAYCAN: MƏNBƏ, TRANZİT VƏ TƏYİNAT ÖLKƏSİ

ABŞ Dövlət Departamenti ötənilki hesabatında Azərbaycanı insan alverinə qarşı mübarizədə 2-ci qrupa aid edib. Azərbaycan artıq beşinci ildir ki, ard-arda 2-ci sırada – Xüsusi Nəzarət Qrupunda yer tutur.

Ötənilki hesabatda deyilir ki, məcburi əməyə cəlb edilmiş kişi, qadın və uşaqlar, eləcə də seksual istismara məruz qalmış qadın və uşaqlar üçün Azərbaycan mənbə, tranzit və təyinat ölkə rolunu oynayır.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün müəyyən edilmiş minimum standart tələblərə tam cavab vermir. İl ərzində hökumət əvvəlki illərlə müqayisədə insan alveri ilə əlaqədar şübhəli bilinən daha az sayda işi məhkəmələrdə araşdırıb. İnsan alveri ilə məşğul olan şəxslər barədə məhkəmə hökmlərinin də sayı azalıb.

Bəs ABŞ Dövlət Departamentinin builki hesabatı necə olacaq? Mediada yayılan məlumatlar optimizmə əsas vermir. Builki hesabatda Azərbaycanın 3-cü – daha aşağı qrupa aid ediləcəyinə dair fikirlər də yer alır.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev çatışmazlıqlarla razılaşır, amma əvvəlki illərlə müqayisədə inkişaf olduğunu da vurğulayır:

«2012-2013-cü illər Azərbaycanın insan alverinə qarşı ən yaxşı mübarizə apardığı illərdir. İlk dəfə olaraq mütəşəkkil qruplar zərərsizləşdirilib. Azərbaycandan İrana aparılmış böyük bir qrup – insan alveri qurbanları üzə çıxarılıb. Müqəssirlər cinayət məsuliyyətinə cəlb edilib. 20 nəfərdən çox Azərbaycan vətəndaşını Rusiyaya aparan cinayətkar qrup da zərərsizləşdirilib».

Ekspertin fikrincə, Azərbaycan Orta Asiya ölkələri üçün tranzit ölkə rolunu oynayır. Özbəkistan, Türkmənistan və Tacikistan vətəndaşları Azərbaycan ərazisindən Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyə və İrana daşınır. Eyni zamanda Baltikyanı, Orta Asiya ölkələri, Gürcüstan və hətta Əfqanıstan üçün Azərbaycan qəbuledici ölkə – son ünvan da sayıla bilər.

Əlövsət Əliyev

Əlövsət Əliyev

NİYƏ VƏZİFƏLİ ŞƏXSLƏR TUTULMURLAR?

İnsan alveri problemindən söz düşərkən, Azərbaycana ünvanlanan bir tənqid də cinayətə və ya səhlənkarlığa yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməməsidir. Axı qurbanlar sərhəd və gömrük məntəqələrindən keçir və ölkədə qanunsuz miqrantlar kimi yaşayırsa, o şəxslər niyə buna göz yumurlar?

ABŞ Dövlət Departamentinin ötənilki hesabatında Azərbaycanın niyə daha pis sayılan 3-cü qrup ölkəsi sayılmadığı belə əsaslandırılmışdı:

«Çünki hökumətin qəbul etdiyi yazılı plan mövcuddur. Bu plan həyata keçirildiyi halda insan alverinin aradan qaldırılması üçün müəyyən edilmiş minimum standartların tələblərinə əməl olunmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir. Hökumət bu planın icrasına kifayət qədər resurs ayırıb».

Ötənilki hesabatın tövsiyələr bölməsində həm cinsi istismar, həm də insanları zorla işlətməklə bağlı cinayətlərdə əlbir çalışan dövlət məmurlarının istintaqa çəkilməsi, cəzalandırılması istiqamətində Azərbaycan hökumətinin fəaliyyətinin açıqlanması da əksini tapmışdı.

Əlövsət Əliyevin fikrincə, Azərbaycan tək-tək ölkələrdəndir ki, insan alverçiləri arasında tutulanların heç biri nə məmur, nə də dövlət qulluqçusudur:

«Halbuki, başqa ölkələrin təcrübəsinə görə, mütəşəkkil cinayətkar qruplar, insan alverçiləri, əsasən, vəzifəli şəxslər, sərhəd-buraxılış məntəqələrinin əməkdaşlarıdır. Yəni, onlar gömrük əməkdaşları da ola bilər, polis də. İnsan alveri vəzifəli şəxslərin himayəyə götürdüyü cinayətlər kateqoriyasına aid olduğuna görə, beynəlxalq təşkilatlar narahatdır və soruşurlar: nə üçün Azərbaycanda ayrı-ayrı vəzifəli şəxslər tutulub cinayət məsuliyyətinə cəlb edilmirlər? İnsan bir ildə iki dəfə ayrı-ayrı ad və soyadla xaricə aparılıb-gətirilirsə, bunu sərhəddə görmürlər?».

Mehriban Zeynalova

Mehriban Zeynalova

«Təmiz Dünya» Təşkilatının rəhbəri Mehriban Zeynalova son vaxtlar insan alveri qurbanlarının azaldığını düşünür:

«Əvvəlki illərə nisbətən daşınmalar azalıb. Daşınmalar əvvəlki marşrutlar üzrədir. Yeni təyinat ölkələri qeydə alınmayıb. Əvvəllər Pakistan, Hindistan da mövcud idi, indi bu ölkələrlə bağlı daşınmalar yoxdur. İrana da az miqdarda daşınır. Əvvəllər olmasa da, sonra aşkarlandı ki, Rusiyaya da daşınmalar mövcuddur. Ən çox daşınma Türkiyəyədir. Türkiyə ilə yaxın əməkdaşlığa böyük ehtiyac var».

VİLAYƏT EYVAZOV DEYİB Kİ...

Mayın 13-14-də Nyu-Yorkda BMT-nin insan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının icrası ilə bağlı görüş keçirilib. Azərbaycanı daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təmsil edib. DİN mətbuat xidmətinin məlumatında deyilir ki, Vilayət Eyvazov öz çıxışında dövlət qurumlarının sözügedən problemlə kompleks şəkildə məşğul olduğunu bildirib. Milli koordinatorun fikrincə, əməliyyat tədbirlərinin səmərəsini artırmaq Azərbaycanda başlıca vəzifədir. Bu yolla saxta pasport, viza və başqa sənəd hazırlayanların ifşa etmək olar.

Azərbaycan insan alveri ilə 2005-ci ildən mübarizə aparır.

Şərhləri göstər

XS
SM
MD
LG