Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

"Səhəri gün şeirlərimi "Oxu zalı"nda görəndə əvvəlki həvəsim yenidən qayıtdı"


Cavid Zeynallı və Xatirə Nurgül

Cavid Zeynallı və Xatirə Nurgül

-

Seçim qarşısında qalsaydım, şairliyi yox, xoşbəxtliyi seçərdim.

Bir dəfə “Ulduz” jurnalına şeirlərimi verdim, çap etmədilər, mən də incidim. O bu, çap olunmağın daşını atdım.

Məmməd Əbülfəzoğlunun şeirlərini çox xoşladım, məncə ilk üçlüyə layiqdir. Sara Selcanda qadın ruhu, qadın hissləri duydum, bəyəndim...


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir.

Cavid Zeynallının müsahibi bu dəfə Xatirə Nurgüldür (onluğa düşən şeirləri burda)


- Tez-tez şeir yazmaq aclığı hiss edirəm. Bəzən hər gün yazıram, bəzən bir neçə ay bir cümlə də alınmır. Gündəlik yazanda hiss edirəm, özümü təkrarlayıram. Hansı günlər kədərli oluramsa, daha çox onda yazıram. Özümü xoşbəxt hiss edəndə, şeir alınmır, daha doğrusu, yazmıram. Bir şəkildən, ac uşaq görəndə, dilənçi ilə rastlaşanda təsirlənirəm və bu bəsdir ki, şeir yazım, hisslərimi kağıza köçürüm. Mənim üçün şeir nakamlığın başqa adıdır. Şeir yazmaq istəyəndə, o havaya düşəndə çalışıram, heç kimi oxumayım, təsrilənməyim deyə kitablardan uzaq düşüm.

- Kimi daha çox oxuyursunuz?

- Nazim Hikməti oxumaqdan doymuram. Ustad deyəndə ilk ağlıma gələn Nazim Hikmət olur. Elə bilirəm, onun yazdıqları bir xalqın ədəbiyyatına bərabərdir. Ramiz Rövşən, Vaqif Bayatlı, Aqşin Yenisey sevdiyim şairlərdir.

- Kitabınız dərc olunub?

- 2003-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzində Elçin İsgəndərzadənin redaktorluğu ilə “Göyərçin yuxusu” adlı bir kitabım çıxıb. Şeirlərim “Körpü”, “Azərbaycan”, “Ulduz” jurnallarında çıxıb. Şeirlər kitabım normal qarşılandı, haqqında Türkiyədə də yazıldı. Şeirlərim haqqında Vaqif Yusifli, İradə Musayeva müsbət fikirlər bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bir müddət ədəbiyyatdan uzaq düşdüm. Özümü ədəbi mühitə heç vaxt aid etməmişəm, heç kimə qaynayıb-qarışmamışam. 2012-ci ildə çap olunmaq həvəsim yenidən yarandı. “Oxu zalı”na şeirlərimi göndərdim və düşündüm ki, bir-iki ay gözləməli olacam. Səhəri gün şeirlərimi saytda görəndə əvvəlki həvəsim yenidən qayıtdı, çap olunmaq istəyim gün-gündən çoxaldı. Ötən il də müsabiqəyə qatılmışdım. Şeirlərim zəif olduğundan yer qazana bilmədim. Səhv etmirəmsə münsiflər 31 bal vermişdilər. Bu il iyirmiliyə düşəndə hədsiz sevindim. Müsabiqə mənə çox stimul verdi.
Xatirə Nurgül

Xatirə Nurgül


- Çağdaş Azərbaycan nasirlərindən kimi oxuyursunuz?

- Etiraf edim ki, heç kimi. Daha çox dünya ədəbiyyatını oxuyuram. Nabokov, Bulqakov, Dostoyevski sevdiyim yazıçılardır.

- Onluq siyahı necədir?

- Normaldır. Deyim ki, öz şeirlərim də daxil olmaqla orda şedevr şeirlər görmədim. Məsələn, Əli Şirin Şükürlünün şeirlərinin siyahıya düşməməyi məni təəccübləndirdi. Əli Şirinin yaxşı şeirləri var, harda görsəm oxuyuram. Kürçaylı Məmmədovun onluq siyahıya düşməyini istərdim. Məmməd Əbülfəzoğlunun şeirlərini çox xoşladım, məncə ilk üçlüyə layiqdir. Sara Selcanda qadın ruhu, qadın hissləri duydum, bəyəndim. Balayar Sadiq təcrübəli, köhnə şairdir, müsabiqəyə göndərdiyi şeirlər yaxşıdır.

- İmzanızı çox adam tanıyır?

- Yox, düşünmürəm ki, imzamı çox adam tanısın. Bəzən mənə deyirlər, sən çoxdanın Xatirəsisən, jurnallarda sənin şeirlərini çox oxumuşuq. Çap olunmadım deyə, yaddan çıxdım. Bir dəfə “Ulduz” jurnalına şeirlərimi verdim, çap etmədilər, mən də incidim. O bu, çap olunmağın daşını atdım. Görünür, burda tənbəlliyin də rolu var. Ümumiyyətlə, tanınmaq, tez-tez çap olunmaq iddiam yoxdur. Məsələn, xoşbəxtliklə şairlik arasında seçim qarşısında qalsam, şairliyə əlvida deyərdim.

- İkinci kitabı çap etdirmək fikriniz var?

- İstəyirəm, amma çətin, aldığım əmək haqqı ilə bu mümkün deyil. İstəyərdim kitabım çıxsın, şeirlərim it-bat olmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG