Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:06

İlyas İsmayılov: Ya rektorluq, ya da deputatlıq


İlyas İsmayılov
İlyas İsmayılov
-
Deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan prezidentinə məktub yazıb. Məktubda Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və məhkəmə qurumlarında çalışan şəxslərin Milli Məclisə deputat seçilməsinin mümkünsüzlüyü İlham Əliyevə xatırladılıb. Təbii ki, elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti göstərənlər istisna olmaqla.

«REKTOR ƏVƏZÇİLİKLƏ TƏYİN OLUNA BİLMƏZ»

Açıq səhmdar cəmiyyətlərin, dövlət və özəl təşkilatları rəhbərlərinin, eləcə də rektorların Milli Məclisə qanunazidd üzvlükləri dövlət başçısının diqqətinə yetirilib. Millət vəkilliyindən başqa nəinki bir, hətta iki və daha çox yerlərdə çalışanlardan söz açılıb. Xatırladılıb ki, Konstitusiyanın 85-ci maddəsinə görə, deputat mandatı alanlar tutduqları vəzifədən azad olunmaları ilə bağlı Mərkəzi Seçki Komissiyasına ərizə təqdim etməlidirlər.

İlyas İsmayılov özəlliklə həm deputat, həm də rektor çalışmağın yolverilməzliyini vurğulayıb. Ali təhsil ocaqları üçün Nazirlər Kabinetinin Nümunəvi Nizamnaməsinə istinad edən məktub müəllifi diqqəti oradakı «Rektor əvəzçiliklə təyin oluna bilməz» normasına yönəldir. Başqa sözlə, ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarında hər hansı digər fəaliyyətlə məşğul ola bilməz. Eynən millət vəkili kimi.

Bu arada xatırlatmaq yerinə düşər ki, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, BDU-nun rektoru Abel Məhərrəmov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev, Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər Universitetinin (AMU) rektoru Aqiyə Naxçıvanlı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov həm də deputatdırlar. AzadlıqRadiosu İlyas İsmayılovun prezidentə yazdığı məktuba münasibətlərini öyrənmək üçün
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev
gün boyunca bu deputatlardan bir neçəsi ilə telefon əlaqəsi yaratsaq da, zənglərə cavab verən olmayıb.

REKTORLUQLA DEPUTATLIQ BİR-BİRİNİ TAMAMLAYIR?

Amma çap mediasında İlyas İsmayılovun prezidentə məktubuna reaksiyalar olub. Məsələn, Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı «Yeni Müsavat» qəzetinə müsahibəsində rektorların deputat mandatı daşımasını qanun pozuntusu saymadığını bildirib. Əks halda, 10 rektor birdən millət vəkili olmazdı. Aqiyə Naxçıvanlı müsahibəsində rektorluğun şəxsən onun işinə mane olmadığını, əksinə, rektorluqla deputatlığın bir-birini tamamladığını vurğulayıb.

«İNSANLAR QANUNLA YAŞAMAQ İSTƏYİRLƏR, YOXSA ÖZ ZORAKILIQLARI İLƏ?»

Prezidentə məktub müəllifinin özü – İlyas İsmayılov AzadlıqRadiosunun bir neçə sualını qısaca cavablandırıb. Deputat dövlət başçısına bu məktubu niyə ünvanlamasını belə izah edib:

- Bizim ən başlıca qanunumuz qanuna hörmət qanunu olmalıdır. Kim qanunu pozursa, bunun qarşısı alınmalıdır. Mən özüm də hüquqşünasam. Bu peşəyə ayrıca hörmətim var. Mən istəyirəm ki, qanunsuzluğa son qoyulsun. Heç kəsə şəxsi qərəzim yoxdur.

– Prezidentin bu məktuba cavabı, reaksiyası haqda nə düşünürsünüz?

Milli Məclis
Milli Məclis
– Mən məktubu yazdım, öz borcumdan çıxdım. Bu sualları mənə yox, başqalarına verin. Mən məktubu yazıb, öz mövqeyimi qoymuşam ortaya.

– Toxunduğunuz məsələ bundan əvvəl də Milli Məclisin uyğun komitəsində müzakirəyə çıxarılıb qəbul olunmamışdı. Söhbət qanunsuzluğuna əmin olduğunuz bir məsələdən gedirsə, bunu Milli Məclisdə dilə gətirirsinizsə, amma məsələ həllini tapmırsa, bir millət vəkilinin bacarmadığı işi kim bacara bilər?

– Hər kəs öz səlahiyyəti, öz imkanı çərçivəsində hərəkət edir. Mən öz vicdanımla hərəkət etmişəm. Gerisi mənlik deyil.

– Prezidentə yazdığınız məktubdan gözləntiləriniz nədir?

– Mən qanun pozuntuları ilə bağlı məktub yazıb, öz borcumu yerinə yetirmişəm. Bununla da öz mövqeyimi ortaya qoymuşam. Gələcəkdə nə olacaq, nə olmayacaq, deyə bilmərəm. Bu sualı mənə yox, başqalarına versinlər. Mən məsələni qaldırmışam. Bu, cəmiyyətinin problemidir, vəzifəli şəxslərin problemidir. Görək, bu insanlar qanunla yaşamaq istəyirlər, yoxsa öz zorakılıqları ilə...

İlyas İsmayılov sözügedən məktubunun sonunda prezidentdən kobud qanun pozuntusunun aradan qaldırılması barədə müvafiq göstəriş verməyini xahiş edib.
XS
SM
MD
LG