Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:25

Məhbusları Dostoyevski və Tolstoyla düz yola çəkirlər


-

Amerikadakı “uşaq kolonlar”ının birində baş verənləri “qəribə”, “qeyri-adi” də adlandırmaq olar.

“Washington Post” yazır ki, Beaumont-dakı “kolon”da rus klassiklərinin əsərlərinin tədrisi yeniyetmələrin davranışında nəzərəçarpacaq müsbət dəyişikliklərə səbəb olub.

Məsələn, bu yaxınlarda məhbuslardan biri - Justice Green ona “ilişən” başqa bir məhbusu vurmayıb. Bunun əvəzində, həmin vaxt mütaliə etdiyi və 19-cu əsr rus ədəbiyyatına aid hekayəni verib ki, “get oxu, bir həftədən sonra gəl, danışarıq”.

Məsələ burasındadır ki, “kolon”da rus ədəbiyyatı kursu açılıb və Virciniya Universitetinin mühazirəçisi

Andy Kaufman orada yeniyetmələrə Tolstoyun, Dostoyevskinin, başqa klassiklərin əsərlərini anladır

Kursa yazılmaq istəyənlər yetərincədir, amma “kolon” rəhbərliyi bundan nümunəvi davranışa görə mükafat kimi istifadə edir.

Hətta “Hərb və sülh” kimi “kərpic” kitablara da girişənlər var. Sinifdənxaric oxu kimi mütaliə edirlər.

Yuxarıda adı çəkilən 18 yaşlı Green “kolon”a maşın oğurluğuna görə salınıb. Deyir, kursda iştirak etməyə başlayandan həyatını dəyişə biləcəyinə inanır.

Yeniyetmələrə rus klassikləri haqda dərs keçmək ideyası əvvəl-əvvəl bəzilərinə gülünc gəlmişdi. Onların fikrincə, belələrinə sadəcə, nizam-intizam və yeni peşə vərdişləri öyrətmək lazımdır ki, azadlığa çıxanda yenidən “əyri yola” düşməsinlər.

Amma məsələ burasındadır ki, Virciniya ştatı “uşaq kolon”larına hər il 80 milyon dollar xərcləsə də, ordan çıxan yeniyetmələrin üçdə biri 1 il ərzində yenidən cinayət törədir.

Turgenev və Dostoyevski
Turgenev və Dostoyevski
Heç kim residivizm probleminin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmir. Amma digər tərəfdən, onsuz da Beaumont-dakı “kolon”dakı kursa statin büdcəsindən pul xərclənmir.

Bu, 50 min dollarlıq qrant layihəsidir

“Kolon” rəhbərliyi yeniyetmələrin davranışında, xüsusən qərar qəbulunda, təhsillə bağlı hədəflərində, ümumi mənafeyə xidmət edən işlərin görülməsində müsbət dəyişikliklər müşahidə etdiyini deyir.

Kursun təsirini araşdıran qrup azadlığa çıxan yeniyetmələrlə də fərdi söhbətlər edib. Məsələn, Jonis Romero adlı yeniyetmə deyib ki, kursda iştirak etməyə başlayandan “həyatımı necə yaşayım” deyə düşünməkdədir. O, dərhal işə düzəlib (maşın yuyur) və indi “George Mason” Universitetinə daxil olmağı arzulayır.

18 yaşlı Alex Espinoza isə bildirib ki, kurs ona gözütox olmağı öyrədib

Bir məhbus isə araşdırma aparan qrupa deyib ki, 90 dəqiqəlik dərs zamanı “o özünü insan kimi hiss edib”.

Tolstoyun yaradıcılığı üzrə mütəxəssis olan Kaufman deyir ki, ilk mühazirə üçün “İvan iliçin ölümü” haqda qeydlər edib, amma dərs başlayan kimi anlayıb ki, universitetdəki qaydaları həbsxanada tətbiq etmək müşkül iş olacaq. Yeniyetmələr akademik mühazirə istəmirlər.

Və o qeydlərini bir kənara qoyaraq onlardan soruşub ki, “bu əsəri oxumaq sizin üçün niyə vacibdir?” Bundan sonra tələbələr öz həyatlarını danışmağa, adam öldürmələrindən, gözləri önündə adam öldürülməsindən, səhvlərindən danışmağa başlayıblar.

Kaufman deyir ki, rus ədəbiyyatı bu məsələdə tələbələrin çox karına gəlir. Çünki 19-cu əsr rus yazıçılarının əsərlərində qəhrəmanlar “Mən kiməm? Niyə burdayam? Dünyanın son ucu ölümdürsə, mən necə yaşamalıyam?” tipli suallar üzərində baş sındırırlar.

Əvvəllər söhbətlərində əxlaqi məsələlərə az toxunan məhbuslar indi bir yerə yığışanda bu barədə çox müzakirələr aparır, mübahisələr edirlər.

Məsələn, cinayətkarın, oğrunun yaxşısı, pisi olurmu?

Bir ildir “kolon”da dərs deyən Kaufman deyir ki, bu müddət ərzində uşaq zorlayandan tutmuş qatiləcən ən müxtəlif yeniyetmələrlə ünsiyyətdə olub və onun fikrincə, “Dostoyevski bu yerdə deyərdi ki, bəli, hər bir kəsin içində şərə meyl var, amma bizim həm də xeyirlə şər arasında seçim etmək qabiliyyətimiz var”.
XS
SM
MD
LG