Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:54

Naxçıvanda sabiq hərbçilər zorla evindən çıxarılır


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda bir qrup keçmiş hərbçi zorla evlərindən çıxarılır.

Bu haqda AzadlıqRadiosuna keçmiş hərbçilərin özləri məlumat veriblər.

Həmin hərbçilər Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Birləşməsinin «N» saylı hərbi şəhərciyinin sakinləridir.

Hələ, ötən ilin əvvəllərindən 68 fərdi evi olan şəhərciyin sakinlərini öz mənzillərindən çıxarmağa başlayıblar. Həmin vaxt 9 ailə dirəniş göstərərək evlərini boşaltmaqdan imtina edib. Ötən ilin avqustunda hərbi hissə onları məhkəməyə verib.

Naxçıvan şəhər Məhkəməsi hərbi hissənin iddiasını təmin edəndən sonra hərbçilər Naxçıvan Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət ediblər.

«İŞIĞIMIZI, QAZIMIZI, SUYUMUZU KƏSİBLƏR Kİ, MƏCBUR OLUB ÇIXAQ»

Keçmiş hərbçi Abdulla Orucov deyir ki, Naxçıvan şəhər İcra Hakimiyyətinin əməkdaşları Ali Məhkəmənin qərarını gözləmədən onların qapısını kəsdirib, evi boşaltmalarını tələb edirlər:

«İki gün əvvəl gəldilər, dedilər sizə iki gün vaxt veririk, boşaldın evləri. Biz dedik ki, hələ Ali Məhkəmənin qərarı gəlməyib. Həm də bizi hərbi hissə məhkəməyə verib, bu işə niyə icra hakimiyyəti qarışmalıdır? Onlarla razılaşmadıq. İki gün sonra icra başçısının müavini polis əməkdaşları ilə birgə gəldi. Bizi bir-bir evdən çağırdılar, maşına otuzdurub apardılar şöbəyə. Dedilər ki, evi boşaltmasanız zor tətbiq edib polisin əli ilə atacağıq bayıra. Şöbənin rəis müavini deyir ki, bizi də yuxarıdan məcbur edirlər. Dedilər ki, evlərinizi ekskavatorla uçuracağıq başınıza. Sonra buraxdılar bizi. İndi işığımızı, qazımızı, suyumuzu kəsiblər ki, məcbur olub çıxaq».

«İCRA HAKİMİYYƏTİNİN BU İŞƏ QARIŞMASI ONU SÜBUT EDİR Kİ…»

Abdulla Orucovun dediyinə görə, onların evlərindən çıxarılması şəhərin mərkəzində olan qiymətli ərazinin bir qrup məmurun ələ keçirmək istəyi ilə bağlıdır:

«Bizi məhkəməyə verən hərbi hissə qalıb qıraqda, icra hakimiyyəti qarışır bu işə. İcra hakimiyyəti Ali Məhkəməyə məktub göndərmişdi ki, biz hər ailə üçün 10 min manat pul, şəhərin bahalı yerində 6 sot torpaq verməyə hazırıq. İndi onu da vermirlər. Bizə Araz çayının qırağında dəyərsiz torpaq, bir də 2 min manat pul təklif edirlər. Bizim evlərin hər birinin qiyməti azı 150 min manat dəyərindədir. İcra hakimiyyətinin bu işə qarışması onu sübut edir ki, bu işlərin arxasında elə onların özləri durur».

«ƏMƏKDAŞLARI GÖNDƏRMİŞƏM GEDİB ONLARI ÇIXARSINLAR»
Xalid Bağırov
Xalid Bağırov

Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Sərdar Əliyev iddialara cavab vermək istəmədi.

Naxçıvan şəhər Polis İdarəsinin rəis əvəzi Zahid Gözəlov isə hərbçilərin polis vasitəsilə evdən çıxarılmalarını təsdiqlədi:

«Əməkdaşları bu gün də göndərmişəm gedib onların çıxarsınlar».

«BİRİNCİ DƏFƏDİR GÖRÜRƏM Kİ…»

Hərbçilərin vəkili Xalid Bağırov isə bildirir ki, məhkəmə qərarının icrasını yalnız icraçılar yerinə yetirə bilər:

«Məhkəmənin qərarı təqdim olunmalıdır ki, həmin qərar qüvvəyə minsin. Bundan sonra yalnız məhkəmə icraçıları bu işlə məşğul ola bilərlər. Mən birinci dəfədir görürəm ki, icra hakimiyyəti məhkəmə qərarlarını icra edir. Məhkəmələrin yanaşmalarını da çox ədalətsiz və qanunsuz sayıram. Məhkəmələr birbaşa qanunu pozurlar. Qanun deyir ki, müharibə veteranları, 10 ildən çox xidmət edənlər başqa mənzillə təmin olunmadan çıxarıla bilməzlər. Xidməti ev kimi həmin mənzillər onlara hələ Sovet ordusu dövründə verilib. Həmin hərbçilər 10 il Sovet ordusunda, sonra uzun müddət Milli Orduda xidmət ediblər. Üstəgəl, bu şəxslərin bəzilərinin əlilliyi də var».
XS
SM
MD
LG