Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:04

ABŞ Green-card lotereyasını dayandırır?


Belarus - Green Card
Belarus - Green Card
LOTEREYADA QƏRAR ANI YAXINLAŞIR

Hər il bu vaxtlar bütün dünyada Amerikaya mühacirət etmək arzusuyla yaşayanlar gərgin intizar içində olurlar. Çünki may ayının əvvəlində ABŞ Dövlət Departamenti məşhur Green card lotereyasına qatılanlar arasında ilkin mərhələni keçənlərin siyahısını açıqlayır. Onların təxminən yarısı – 55 mini yekunda ABŞ-da daimi yaşayış izni verən viza- green cardlar alırlar və vətəndaş olmaq şansı qazanırlar.

Hər il olduğu kimi, bu ildə Amerikaya mühacirətlə bağlı forumlarda müzakirələr də qızışır: Məsələn, rusdulli “Qovorim pro Ameriku” saytında. Çünki hər il green card üçün baş vuranlar arasında post-sovet ölkələrindən olanların sayı elə 10 milyonu keçir.

Forumda bəziləri ilkin mərhələni keçmələrinə sevinir, bəziləri bu il alınmasa da, gələn l təkrar baş vuracağını deyir, bəziləri isə ümidsizdir. Onları narahat edən gələn il bu lotereyanın keçirilməməsi qorxusudur.



LOTEREYA LƏĞV EDİLƏ BİLƏR

Rəsmi adı Müxtəliflik Visa Proqramı olan Green-card lotereyası 1995-ci ildən hər il keçirilir.
Amma bu il ABŞ-a mühacirət siyasətinə münasibətdə Amerikadakı 2 partiya- Demokratlar və Respublikaçılar arasındakı fikir ayrılığı kəskinləşib. Bir qrup Demokrat senator mühacirət qanunvericiliyini təzədən yazıb və müzakirə üçün Konqresə təqdim edib. Nyu-Yorkdan olan Senator Charles Schummer deyir ki, planın tərkib hissəsi kimi, onlar bu lotereyanın dayandırılmasını istəyirlər:

“Bu lotereyanın müəllifi mən olmuşam deyə, laqeyd ola bilmərəm. Respublikaçı senatorlar və Nümayəndələr Palatasında da bununla bağlı ciddi problemlər var. Bu proqram Afrika və Avropadan insanları Amerikaya gətirmək məqsədiylə yaradılmışdı, amma indi görürük ki, ən çox müraciət edənlər Orta Asiyadan olur. Bunu və Respublikaçıların da istəyini nəzərə alanda, lotereyanı dayandırmaq ağlabatan görünür”.



LOTEREYANIN PROBLEMLƏRİ

Green-card lotereyasında insanlar püşkatma ilə qalib elan edilsələr də, daha əvvəldən proqramın əsas məqsədi Afrika, İrlandiya və Şərqi Avropa ölkələri idi. Afrikalılar hələ də ən çox müraciət edənlərdən olsalar da, ikinci yerdə artıq Orta Asiyalılar gəlir. Banqladeş və İran kimi ölkələrdən müraciət edənlərin də sayı kəskin artır.

Green-card lotereyası ilə bağlı bir problem də fırıldaqçılıqdır. Bütün dünyada minlərlə fırıldaqçı şirkət müxtəlif yollarla Amerikaya mühacirət etmək istəyənləri axtarıb-tapır, onları aldadır, pullarını alır və yekunda heç nə vermirlər. Üstəlik, ötən il Amerika hökuməti əsl green-card lotereyasının qaliblərini seçən kompüter proqramına da kənardan müdaxilə aşkarlamışdı. Bundan sonra ilkin nəticələr ləğv edilib, yeni püşkatma keçirilmişdi.

Həm bunu, həm də heç bir özəlliyi olmayan kadrların təsadüfi seçmə yoluyla ölkəyə gəlməsinə qarşı çıxan Respublikaçılar ötən ilin dekabrında proqramın ləngiməsinə nail olmuşdular. Ancaq Demokratların çoxluqda olduğu senat proqramı davam etdirə bildi.



DEMOKRATLAR VƏ RESPUBLİKAÇILARIN PLANI

İndi isə, Vaşinqtondakı Beynəlxalq Əlaqələr Şurasından Edward Alden deyir ki, demokratları yola gətirə biliblər:

“İndi əlimizdə çox geniş, əhatəli layihə var. Orda demokratların istədiyi bir sıra müddəalar yer alıb, o cümlədən onların istədiyi kimi, Amerikada statussuz yaşayan 11 milyon adamın leqallaşdırılması. Demokratlar da böyük islahat üçün, green card proqramından vaz keçməyə razılaşıblar”.

Sözügedən qanun layihəsinə görə, artıq Amerikaya mühacirət üçün şəxsin təhsili və ixtisaslı kadr olması əsas götürüləcək.

Bir çox şərhçilərin fikrincə, ilk dəfədir ki, Demokrat və Respublikaçılar bu vacib məsələdə sazişə çox yaxındırlar. Prezident Barack Obama ikinci müddətə seçiləndə verdiyi əsas vəd məhz immiqrantların leqallaşdırılması idi. Ona görə də, ispandillilər arasında çoxlu səs almışdı. İndi Respublikaçılar da həmin elektorata yarınmaq istəyirlər deyə, bu qanunda maraqlıdırlar.

Senatın Ədliyyə Komitəsi bu həftədən layihəyə əlavə və dəyişikliklər təkliflərini nəzərdən keçirməyə başlayıb. Amma ABŞ siyasətində green card lotereyasının açıq dəstəkləyən yoxdur deyə, iyun ayındakı səsvermədə bu proqramın dayandırlması ehtimalı çoxalır.


LOTEREYANI KİMLƏR İSTƏYİR?

Bu lotereyanın qalmasını istəyənlər təbii ki, ya nəxtsa proqramdan yararlanıb Amerikaya gələnlər, ya da gələcəkdə gəlmək istəyənlərdir.

Azərbaycandan olan İsmayıl Şaxtaxtinski 1999-cu ildə lotereyada qalib olub. Hazırda ABŞ-da əsasən mühacirət hüququ üzrə vəkil çalışan İsmayıl green card lotereyasının dayandırılmasına qarşıdır.

“Məncə bu Amerikanı daha özünə qapanıq edəcək. dünyadan ayıracaq. Lotereya Amerikadan dünyaya yaxşı mesaj idi ki, “hər kəsi qəbul edə bilmədiyimizə görə, lotereya yolu ilə də olsa, kim istəyir azad ölkəyə gələ bilər, burada öz Amerika arzusunu gerçəkləşdirə bilər. Amma indi yeni qanunu qəbul etsələr, bu daha mümkün olmayacaq”

Qazaxıstanda doğulan rus Anna Demidchik isə Nyu-Yorkda hüquq məktəbində oxuyur və bir neçə il proqrama baş vurub. 2011-ci ildə hətta qalib də elan olunub, amma sonra nəticələr ləğv edilib. O indi ümid edir ki, əgər yeni qanun daha mükəmməl olacaqsa, o zaman lotereyanın ləğv edilməsinin ona təsiri olmaz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG